“DAK-ın bizdən ayrılan qanadı ilə birləşmək üçün komissiya yaradılıb”
PAŞA QƏLBİNUR: “İLK İŞİMİZ ARAŞDIRMA APARIB, PROBLEMLƏRİ MÜƏYYƏN ETMƏK OLACAQ”
Dekabrın 11-12-də London şəhərində Dünya Azərbaycanlıları Konqresinin(DAK) 11-ci qurultayı keçirilib. Qurultayda müzakirə olunan məsələlər, qəbul edilən qərarlar barədə “525”ə müsahibəsində DAK-ın həmsədri, tanınmış oftolmoloq, ictimai xadim Paşa Qəlbinur məlumat verib.
– Paşa müəllim, DAK-ın növbəti qurultayı artıq başa çatıb. Siz qurultayın yekunlarını necə qiymətləndirirsiniz?
– Qurultayda əvvəlki illərdə olduğu kimi bir sıra vacib məsələlər, Dağlıq Qarabağ münaqişəsi, İranda öz tarixi torpaqlarında yaşayan soydaşlarımızın qarşılaşdıqları problemlər, diasporanın təşkili və digər məsələlər gündəmdə oldu. Eyni zamanda seçkili orqanlar səsvermə yolu ilə yenidən formalaşdı. Bilirsiniz ki, dünyanın hansı nöqtəsində, Cənubi Azərbaycanda, ABŞ-da, Avropada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının qayğı və problemləri həm də bizim qayğı və problemimizdir. Dünyanın fərqi yoxdur hansı nöqtəsində bir azərbaycanlı varsa, onun qədəm qoyduğu yer həm də bizim vətənimizdir. Bu məsələlər qurultayda bir daha vurğulandı. Bundan başqa, 19 nəfərdən ibarət İdarə Heyəti, 3 nəfərdən ibarət isə Nəzarət-Təftiş Komissiyası seçildi. İdarə Heyətinin tərkibinə Azərbaycandan 3 nəfər mən, professor Vaqif Sultanlı və qiraət ustası Ağalar Bayramov seçildi. DAK-ın Azərbaycan nümayəndəliyinin rəhbəri Nadir Orucov, həmsədrləri mən və Çikaqodan Gün Az TV-nin yaradıcısı Əhməd Obalı seçildi. DAK-ın iki həmsədr institutu saxlanıldı. Bilirsiniz ki, həmsədrlərin biri güney, digəri isə quzeydən olur. Bundan əlavə, DAK-ın birinci qurultaydan indiyə kimi 4 fəxri sədri olub. Bunlardan biri mərhum Məhəmməd Kəngərli artıq həyatda yoxdur. Qurultay iştirakçıları onun xatirəsini ehtiramla yad etdilər. Bu gün həyatda olan 3 fəxri sədrin- Qulamrza Səbri Təbrizinin, Məmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadənin və doktor Xeştinin fəaliyyətini qurultay iştirakçıları yüksək qiymətləndirdilər. Əmir Pəhlivan DAK-ın Strateji Araşdırmala üzrə rəhbəri, Ağalar Bayramov isə yenidən mədəniyyət bölümünün sədri seçildi. Qurultayda İsveç, İngiltərə, ABŞ, Norveç, Almaniyadan, ümumilikdə 20 ölkədən 200-dən artıq nümayəndə iştirak edirdi. Biz həmçinin sonda beynəlxalq qurumlara, insan haqları təşkilatlarına, o cümlədən BMT-yə, Avropa Şurası Parlament Assambleyasına müraciətlər qəbul etdik. Müraciətlərdə İran adlanan ölkədə 40 milyona yaxın soydaşımızın yaşadığı, ancaq onlara heç bir hüquq verilmədiyini, ana dilində məktəblərinin, universitetlərinin olmadığını qeyd etmişik. Dünya ictimaiyyətinə İran adlanan ölkədə çoxluq təşkil edən soydaşlarımızın adi elementar insan hüquqlarının tapdandığı və bu hüquqların qorunması, bərpası barədə müraciətlər oldu.
Yeri gəlmişkən, Londonda Bi-Bi-Si radiosunun önündə İrada yaşayan azərbaycanlıların hüquqlarının pozulması ilə bağlı icazəli etiraz aksiyaları oldu. İranda yaşayan ərəblər də aksiyaya qoşulmuşdular və onlar da öz hüquqlarını tələb edirdilər. Aksiya bir saat davam etdi və sonra biz etiraz aksiyasınını qətnaməsini BBS-yə təqdim etdik.
– Bəs, bu qurultayda hər hansı yeni təklif və ideyalar səsləndimi?
– Mən bir sıra təkliflər irəli sürdüm və onlar razılıqla qarşılandı. Təkliflərdən biri bu oldu ki, biz nəinki dünyada olan türkdilli diaspor təşkilatarı ilə eyni zamanda başqa xalqlardan olan, amma müəyyən maraqları bizim maraqlarımızla üst-üstə düşən məsələn, yəhudi diasporası –onların təcrübəsi daha çoxdur- və digərləri ilə iş birliyi, əlaqələr qura bilərik. Onlarla bizim xeyli məqsəd və məramımız bir növ üst-üstə düşür və təcrübələrindən yararlana bilərik. Digər təklifim isə DAK-ın bizdən ayrılan qanadı ilə –orda sədr Sabir Rüstəmxanlı ilə Pərviz Niyazovdur- gələcəkdə birləşmək üçün bir komissiyanın yaradılmasından ibarət idi. Bunun üçün beş nəfər İdarə Heyəti üzvlərindən ibarət komissiya yaradıldı və o komissiyanın da rəhbəri mənəm. Biz danışıqlar aparıb, müəyyən ortaq nöqtələr tapmağa çalışacağıq ki, gələcəkdə birləşməyə nail ola bilək. Düşünürəm ki, bu, yalnız işin xeyrinə ola bilər. Hərçənd ayrı-ayrılıqda fəaliyyət göstərsək də məqsədimiz, hədəfimiz eynidir, eyni nöqtəyə vururuq, amma birləşmə daha yaxşı olar.
– Qarşı tərəfin sizə münasibətdə daha sərt yanaşdığı hiss olunur. Bu özünü digər DAK rəhbərlərinin mətbuata açıqlamalarında da göstərir. Deyirlər ki, DAK-ın möhürü və sənədləri onlardadır. Bu nə dərəcədə doğrudur?
– DAK 1997-ci ildə Los-Ancelsdə təsis olunub, ordakı sıxma möhür və o sənədlər bizdədir. Yəni birinci qurultayda təsis olunan və ABŞ-da qeydiyyatdan keçən DAK-ın sənədləri də, möhürü də bizdədir. Biz təkamüllə gələn və ABŞ-da yaradılan təşkilatın varisləriyik. Bununla belə mən onlara qarşı heç bir ittiham irəli sürmürəm və bütün üzvləri ilə normal münasibətlərim var. Çoxu ilə dostluq münasibətlərim bu gün də davam edir. Ümumiyyətlə, mənim insan problemim yoxdur. Mən həkiməm və insana Allahın möcüzəsi kimi baxıram. Dinindən, irqindən, doğmalığından, harda yaşamasından asılı olmayaraq, bütün insanlara eyni münasibət bəsləyirəm. Mənim insan problemim olmadığı kimi hər hansı bir təşkilatla da problemim yoxdur.
– Bayaq qeyd etdiyiniz komissiya fəaliyyətə başlayıbmı?
– Qurultay yeni başa çatıb, bir-iki günə komissiya fəaliyyətə başlayacaq. Biz münasibətləri tənzimləmək məqsədilə bu komissiyanı yaratmışıq. İlk işimiz araşdırmalar aparmaq olacaq. Müəyyən etməyə çalışacağıq ki, arada anlaşılmayan hansı məqamlar, problemlər var. Biz bunun üçün qarşı tərəflə də görüşməyi nəzərdə tutmuşuq. Bir çay süfrəsi arxasında, dəyirmi masa ətrafında söhbət edəcəyik. Çünki aramızda bölünməyən malımız yoxdur axı. Bayaq dediyim kimi hədəfimiz eynidir. Başlıca hədəfimiz də güneydə yaşayan soydaşlarımızın hüquqları, Qarabağ düyünümüzdür. Nizamnaməyə, sənədlərə baxsanız ikisi də eynidir. Ona görə də biz bir araya gəlib danışmalı, nə problem varsa, onu üzə çıxarmalıyıq.
– Qurultayın nəticələrindən razı qaldınızmı?
– Əlbəttə, çox razı qaldım. Qurultay qarşılıqlı anlaşma şəraitində keçdi. Heç bir uyğunsuzluq olmadan, gizli səsvermə yolu ilə rəhbərlik seçildi. Mən həmsədr kimi hesbat məruzəsi ilə çıxış etdim və iki ildə gördüyümüz işlərin xülasəsini çox qısa çatdırmağa çalışdım. Çünki DAK-ın fəaliyyəti təkcə Cənubi Azərbaycanla məhdudlaşmır. Güney məsələsi bizim fəaliyyət istiqamətlərimizdən biridir.
Biz Gürcüstan, Qazaxıstan, Rusiya, xüsusilə Dağıstan, Sankt-Peteburq və digər yerlərdə yaşayan soydaşlarımızın daim problemləri ilə maraqlanıb, onları həll etməyə çalışırıq.
Ötən müddət ərzində bizim Avropa Parlamentində üç görüşümüz olub. İki dəfə İsveçrə parlamentində, İspaniyadakı görüş keçirmişik. Görüşlər çox maraqlı olub. Hər görüşdə də güneydəki soydaşlarımızın problemlərinə, Qarabağ münaqişəsinə diqqəti yönəltmişik. Bəzən bizə elə gəlir ki, problemlərimizdən dünya xəbərdardır. Amma təmaslar, görüşlər zamanı aydın olur ki, heç də hamı hər şeyi bilmir. Ona görə biz hər birimiz çalışmalıyıq ki, harda olmağımıza baxmayaraq Azərbaycan həqiqətlərini təbliğ edək. Bunun üçün isə vacib olanı sənədlər, faktlardır. Biz bir müddət əvvəl Sankt-Peterburda Şederen adına kitabxanada çox nadir xəritələr tapdıq. Orda əsasən ermənilərin Qarabağa köçürülmələri əks olunurdu. Rus tarixçiləri yazırlar ki, ermənilər Qarabağa köçürüləndə Qarabağ ağsaqqalları deyiblər ki, bunlar başımıza iş açacaqlar. Biz bütün bu sənədləri əldə etdik. Almaniyanın ən böyük Mərkəzi Kitabxanasının rəhbərini Bakıya dəvət etdik və o sənədlər açıqlndı. Bir sözlə, fəaliyyət çox şaxəlidir. Güneydən olan tələbələrin məişət və tədris qayğıları da bizim çiynimizdədir. Bu gün Gürcüstanda yaşayan soydaşlarımızın xeyli problemləri var.
Bunlara misal kimi sərhəd, dərslik, məktəblərlə bağlı problemləri göstərmək olar. Vaxtilə Qazaxıstana sürgün edilmiş çoxlu sayda soydaşlarımız var ki, onlar da bu kimi problemlərlə qarşılaşırlar. Biz adəçəkilən respublikalara, həmçinin Rusiyanın Dərbənd vilayətində yaşayan soydaşlarımızın hər birinə 6 mindən çox dərslik, kompürterlər aparmışıq. Görüşlər zamanı onların problemləri, qayğıları ilə maraqlanmışıq. Hər an bacardığımız qədər bu problemlərin həllinə yardımçı olmağa çalışırıq. Qurultayın Nəzarət Təfiş Komissiyası hesabatımı təqdir etdi və təsdiqlədi. İşim məqbul qəbul olunduğundan yenidən DAK-ın həmsədri seçildim.
Onu da qeyd edim ki, qurultayda xarici KİV-lər də iştirak edirdi. İngiltərədə oxuyan, həmçinin təhsilini başa vuran gənc azərbaycanlı tələbələr, mütəxəssis və alimlər qurultaya qatılmışdılar. Sonda isə Araz Elsəs möhtəşəm konsert proqramı ilə çıxış etdi.
– Paşa müəllim, yeri gəlmişkən, DAK-ın digər qanadı mətbuata Təbrizi tərəfindən sizin həmsədrlikdən uzaqlaşdırıldığınızı bildirib...
– Xeyr, bu düzgün deyil. 11-ci qurultayda yenidən DAK-a həmsədr seçildim. Qulamrza bəy heç DAK-ın İdarə Heyətinin də üzvü deyil. O, məni necə həmsədrlikdən uzaqlaşdıra bilər? Digər tərəfdən rəhbərlik səsvermə yolu ilə seçilib. Mənim də işim təqdir olunduğundan yenidən qurultay etimad göstərdi.
– Sizin rəhbərliyə, İdarə Heyətinə və digər qurumlara seçilən şəxslərlə bağlı fikirləriniz necədir?
– Mən o insanların hamısını dəstəkləyirəm. Həmin insanlar mənim və onları tanıyan başqa yaxın adamların təqdimatı ilə müzakirə, ümumi səsvermə ilə seçilib. Bizdə təsadüfi insan yoxdur. Gördüyünüz kimi DAK-da təmsil olunanlar hamısı ziyalılar, ictimai xadimlərdir. Onların içində professorlar, elmlər doktorları var. Qurultayımız çox möhtəşəm, yaxşı əhval-ruhiyyədə keçdi. Bir maraqlı məqamı da deyim ki, qurultay Londonun mərkəzində, Viktoriya-Albert muzeyinin yanında keçirilirdi. Dünyanın ən böyük xalçası olan “Şeyx Səfi” xalçası orda saxlanılır. Həmin xalçaya əvvəl İran xalçası olduğu yazılmışdı. Amma bizim də çoxlu müraciətlərimiz oldu və bu dəfə gördük ki, Azərbaycan xalçası yazılıb. İnsan bundan çox böyük qürur duyur. Dünyanın hər yerindən bura çoxsaylı turistlər gəlir və Leonardo do Vinçinin “Cokonda”sı kimi gülləkeçirməyən şüşənin içində “Şeyx Səfi” nümayiş olunur. Düzdür, Azərbaycan kiçik ölkədir. Amma bizim tariximiz, mədəniyyətimiz həm çox qədim, həm də zəngindir. Bu qədimlik və zənginlik həmişə dünyanı heyran qoyub. Dünyanın hansı nöqtəsində də Azərbaycanın adı çəkilirsə, bu ad bizə böyük qürur verir.
P.SULTANOVA
525-ci qəzet.- 2010.- 18 dekabr.- S.14.