Anarın tanıdığı
Nazim Hikmət – “Kərəm kimi”...
Anar ədəbiyyata gəldiyi gündən hər əsəriylə yeni görünüb, hər yeni əsəriylə ədəbiyyatımıza yeni nəsə gətirib. Başqa sözlə desək, özü-özünü təkrarlamayıb, öz-özüylə “savaşında” həmişə qalib çıxıb – buna görədi ki, Anarın bütün yaradıcılığını küll halında götürsək, həm seçilən obrazların, həm də rəngarəng mənəvi iqlimlərin şahidi olarıq. Yazıçının uzun illər üzərində işlədiyi, ötən il bitirdiyi, Nazim Hikmətin həyatı və yaradıcılığı haqqında düşüncələr romanı olan “Kərəm kimi” əsəri də Anarın yaradıcılıq bioqrafiyasında (həm də ümumən Azərbaycan ədəbiyyatında) həm mövzu, həm üslub, həm də mövzuya baxış və onu ifadə cəhətinə görə fərqli və yeni keyfiyyət göstəricisi kimi ortaya çıxdı.
Əsərin sonunda müəllifin belə bir qeydi var:
“2000-2009. Yay ayları, Zuğulba”. Anlaşıldığına görə
yazıçı əsəri fasilələrlə 9 ilə
yazıb. Amma şəxsən mənə
elə gəlir bu əsəri Anar 2000-ci ildən də
əvvəl yazmağa başlayıb. Hələ
tələbə vaxtlarımdan – 80-ci illərdən
yubileydən-yubileyə də olsa, Anarın N.Hikmət
haqqında yazdığı məqalələri,
xatirələri oxumuşdum. Bəlkə o
vaxtlar yazdığı məqalələrin, N.Hikmət haqda
xatirə və düşüncələrin nə zamansa
romana çevriləcəyini Anarın özü də düşünmürdü.
Amma belə bir əsərin –romanın, məhz
romanın!-yazılmasına görünür çoxdan
ehtiyac varmış. Bunu 40-50 il bundan
əvvəlki dövrün, bəlkə ondan da bir xeyli
əvvəllərin ictimai-siyasi, həm də ədəbi
mənzərəsinə baxanda daha dərindən hiss edirik.
N.Hikmət, Anarın bu əsərindən də
anlaşıldığına görə, hələ lap
gəncliyindən hərəyə bir donda görünən,
haqqında kimlərdəsə yaranan
təəssüratları bir andaca bir kəlməsiylə
alt-üst edən adam olub. Çox zaman
inqilabçı ruhuyla püskürən, qatı marksist
–leninçi, əsl kommunist kimi tanınan şairin “qızmar
soba üstündə qaynayıb-daşmaqda olan südə
üfürərcəsinə” (ifadə gürcü
yazıçısı Nodar Dumbadzeyə aiddir)
üfürə-üfürə üfhaüflə
saxladığı ürəyini görən, duyan olmayıb,
ya da çox az olub.
Nazim Hikmət gənclik çağlarından dəli bir sevda, həsrət və ayrılıqlar şairi olub, onda “Məcnundan füzun aşiqlik istedadı” olub həmişə.
Anar N.Hikmət şəxsiyyətinin, xarakterinin bu tərəfini həm öz gözləriylə görüb şahidi olduğu, həm eşitdiyi, həm də şair haqqında yazılan çoxsaylı kitab və xatirələrdən oxuyub öyrəndiyi detallarla çox gözəl açır.
Əsərdə, şəxsən mənə görə, N.Hikmətin ömrünün çox hissəsini keçirdiyi həbsxana həyatı yenə də Anarın eşitdiklərindən, oxuduqlarından bir yazıçı kimi çıxardığı nəticələrin, gəldiyi qənaətlərin işığında təsirli və inandırıcı şəkildə təsvir olunub. Burda Anarın özünün də inandığı, N.Hikmətin özünə, xarakterinə çox yaraşan bir hadisəyə – N.Hikmətin guya siyasi aksiya kimi aclığa başlamasını əslində yeni sevgilisi Münəvvərə görə, ərindən boşanıb Nazimlə evlənmək istəmədiyinə görə belə bir addım atdığına inanmaqdan başqa oxucuda güman yeri qalmır. Bu, doğrudan da, Nazim Hikmət kimi bir şairin “yapa biləcəyi” könül işiydi. Elə yerindəcə Türkiyənin məşhur yazıçıları Kamal Tahir və Əziz Nesinin bu yozuma etirazlarına Anarın cavabı, daha doğrusu, yazıçı münasibəti olduqca səmimi təsir bağışlayır və onun haqlı olduğuna inanırsan. Tək bu ştrixlə əslində Nazim Hikmətin bir insan kimi xarakteri də, şair kimi bütün yaradıcılığının ana xətti də açıq-aşkar göz önündə canlanır. Onun lap inqilabi mövzuda yazdığı şeirlərə də başqa gözlə baxmalı, ayrı bir ruhla yanaşmalı olursan.
N.Hikmətin həm Türkiyədə, həm də canını götürüb gəldiyi, xəyallarının ölkəsi olan SSRİ-də çəkdiyi çilələr, daha çox da SSRİ-də uğradığı xəyal qırıqlığı, könül sınıqlığı, daddığı acılar yazıçının şəxsən şahidi olduğu konkret hadisələr və N.Hikmət haqqında yazılan xatirələrdən seçilən diqqətəlayiq faktlarla göz önünə sərilir. Bu yerdə adamın yadına ustad aşığımız Aşıq Ələsgərin “Dərd alıb, qəm satıb nəf eyləmişəm” misrası düşür.
Bütün əsər boyu Anar daha çox türkiyəli oxucularına, həmkar və həmsöhbətlərinə bir həqiqəti çatdırmaq istəyir ki, Nazim Hikmət keçmiş SSRİ-də yaşayan türkdilli xalqlar üçün Türkiyənin bir nişanəsi, rəmzi, ayrı düşdüyümüz Anadolu türkcəsinin içimizdə olan, bizimlə olan canlı səsiydi. Məncə, tam haqlı olduğu bu fikriylə Anar Nazim poeziyasının vurğunu olan, onu könüldən duyan və sevən bütün şair, yazıçı və ziyalıların –tatarından başqırdına, türkmənindən azərbaycanlısına, qazaxından qaqauzunacan hamının fikrini ifadə etmişdir. Ancaq təəssüflər olsun ki, bu gün kimi aydın həqiqəti indinin özündə belə Türkiyədə qəbul etməyənlər tapılır.
Şəxsən mən özüm dəfələrlə bu məsələdə türkiyəli dostlar, tanışlar, yol yoldaşlarımla uzun-uzadı mübahisələrə girişməli olmuşam. 1985-ci il, “perestroykanın” yeni-yeni bir termin kimi dünyanı başına götürdüyü bir vaxtda qatarla Tiflisdən Bakıya gəlirdim. Qonşu kupedə türkcə danışıq eşitdim. Ürəyim atlandı. Nə qədər utanıb-çəkinsəm də, özümü saxlaya bilmədim – Ərzurum Universitetindən Bakıya konfransa gələn yaşı 60-yaxın bir alimlə tanış oldum. (İndi adını unutmuşam). Ordan-burdan söhbət elədik. Nazim Hikmətdən söhbət saldım. Neçə şeirini dalbadal əzbər dedim – heç nə demədi. Bəlkə məni KQB ajanı–filan zənn etmişdi. Sonda Qorbaçovun milliyyətini soruşdu: Əcəba, Qorbaçov – “Çorbacı” deyilmi, türk deyilmi o?
Başqa bir yadımda qalan məqam isə 1988-ci ildən tanış olduğum, bu günə qədər dostluq etdiyim Seyfəddin Altaylı ilə 1988-dən başlayıb bu günə qədər davam edən Nazim Hikmətlə bağlı mübahisəmizlə bağlıdı. Hələ də o öz dediyini deyir, mən də öz dediyimi.
“Nazim Hikmət vatan hainliyinə davam ediyor hala...”
N.Hikmətin SSRİ-də yazdığı
şeirlərindən bir misradı bu... 2003-cü
ildə Strasburqda Anar müəllimin də iştirak etdiyi
Türk Dünyası Şeir Şölənində
toplantı açıq elan olunan kimi ilk sözü
Azərbaycan nümayəndəsi kimi mənə verdilər.
(Ramiz Rövşən çıxış eləməliydi,
təəssüf ki, tədbirə qatılmamışdı) Mövzu milli ənənə və
çağdaş poeziya ilə bağlıydı.
Çıxış edəcəyimi
gözləmədiyimdən hazırlıqsız-filansız
çağdaş Azərbaycan, ümumiyyətlə türklər
də daxil bütün sovet poeziyasına Nazim Hikmətin
təsirindən, türk kimliyimizin qədr-qiymətini
bilmək mənasında Nazim Hikmətin SSRİ-də bir
tək türkcə yazdığı şeirlərin
oynadığı roldan danışdım.
Tanınmış qazax
şairi Muxtar Şaxanov mənim dediklərimi nə
dərəcədə başa
düşmüşdü-deyə bilmərəm, ancaq
əlimi sıxıb təşəkkür elədi ki,
yaxşı çıxış elədin. Amma Türkiyədən olan
ustad şairlərin sifətindən, baxışlarından
Nazim Hikmətin həmin misralarını oxudum yenə: “Nazim
Hikmət vatan hainliyinə davam ediyor hala...” Hər halda Muxtar
Şaxanovun təşəkkürü də Nazim Hikmətin adına görəydi.
Bunları niyə deyirəm,
daha doğrusu deməkdən özünü niyə saxlaya
bilmirəm?
Anar kimi tanınmış bir yazıçının
başı nələr çəkib bu məsələdə
–yazdıqları, verdiyi müsahibələr bir yana – Türkiyədə olduğu vaxtlar, burda
görüşdüyü insanlar... Bunu təxmini də olsa
təsəvvür eləyirəm...
Əsər boyu Anarın
Nazim Hikmətin yaradıcılığı,
şəxsiyyəti, xarakteri barədə ən maraqlı,
Nazim haqqında yazılanların içindən onun
obrazını çəkə biləcək məqamları
üzə çıxarması oxucunu Nazim Hikmət
poeziyasına bir köynək daha yaxınlaşdırır. Bu mənada
“Kərəm kimi” Nazim Hikmətin həyatı və
yaradıcılığı haqqında həm də
maraqlı bir tədqiqat işi kimi dəyər qazanır.
Nazim Hikmətin böyük şairimiz Rəsul Rza
ilə dostluğu, onların səmimi ailəvi
münasibətləri və bu münasibətlər
çərçivəsində Anarın şəxsən
şahidi olduğu, yadında qalan hadisələr hər
şeydən öncə o böyük şair və
şəxsiyyətlər, onların iç
söhbətləri, yaratmaq, yazmaq eşqiylə dolu olan o
dövr üçün bir kövrəklik gətirir və
belə məqamlarda Anar daha çox ürəyiylə
düşündüklərini qələmə alır.
Nazim Hikmətin indi bəlkə də qəribəlik,
qeyri-adilik, daha kim bilir nə kimi
görünə biləcək çox addımı,
hərəkəti, işi ictimai-siyasi olaylar
içərisindən bir bütöv olaraq
keçirildiyindən Nazim Hikmətin bundan başqa Nazim
Hikmət ola bilməyəcəyinə adamda şübhə
yeri qoymur. Nazim Hikmət qara sevdaların,
ayrılıqların, dəli həsrətlərin
şairiydi. “Kaçıyorum,
ayrılık kovalıyor beni”-deyirdi. Bir
ayrılıqdan başqasına qoşmaqdaydı ömür
boyu. Ona görə də bu həsrət, bu
ayrılıq, bu qara sevda olan yolda nəyin üstündən
addadığının fərqində deyildi... Bu yerdə tanınmış
yazıçımız Əkrəm Əylislinin N.Hikmət
haqda bir xatirəsi yadıma düşür. “Əylisdən-Əylisəcən”
əsərində Ə.Əylisli yazır ki,
Türkmənistanda olduğum zaman Türkmən şairi
Məhtimqulunun yubileyi keçirilirdi. Nazim
Hikmət də gəlmişdi. Söz ona
verilir. N.Hikmət: “Mən Mahmudqulunu hələ
həbsdəykən oxuyurdum”. Sonra da qəfildən: “Biz
Türkiyədə də kolxozlar quracağız”-deyir. Sitatı yaddaşımdan gətirsəm də bu iki
cümlə dəqiqdir. Onu təzə
oxuyanda da, indi də N.Hikmətin bu sözləri məni
kədərləndirir. SSRİ-yə
sığınıb son ümidlərini də puça
çıxaran o boyda ürək yiyəsi böyük bir
şairin belə deməsi təbii ki, onun öz həyatı
fonunda da kədərlidi...
Bu kədərin də kökünü “Kərəm
kimi”ni oxuyandan sonra tapdım. Anarın yazdığına görə
tanınmış kommunist şairlər, yazıçılar
içində də N.Hikməti gözü
götürməyənlər, şeirlərini yazdığı
kimi çap eləməyə qorxanlar varmış.
Hətta Lenin mükafatını belə həyatını bu
yolda bada verən şairə çox
görüblərmiş...
N.Hikməti şəxsən tanıyan və onun haqqında kitablar yazan, söz sahibi olan (V.Nurəddindən tutmuş oğulluğu Məmətə, sonuncu eşqi Veraya qədər) çox insanlarla Anarın şəxsi tanışlığı, söhbətləri Nazimin şeirlərindəki səmimiyyət, açıqlıq, birbaşalıq qədər adamı özünə çəkir, əsər boyu bu cür görüş və söhbətlərdən doğan təəssüratların davamını gözləyirsən.
Həmişə olduğu kimi bu əsərində də Anar öz tərbiyəsi, ədəbi, yaradıcılıq meyarları və yazıçı vicdanı gərəyi könüldən gəlmə bir qədirşünaslıq nümayiş etdirir – N.Hikmətin yaradıcılığında, həyatında yeri olan, tanınan, tanınmayan çox insanın qiymətini verir, onları lazımınca dəyərləndirir. Bunlar içərisində haqqında o qədər də çox bilmədiyimiz, bu əsərdən öyrəndiyimə görə o qədər də xoş taleli adam olmayan Əkbər Babayev N.Hikmətə Moskvada hamıdan yaxın olan, Nazimin öz doğma dilində danışa bildiyi, dərdini bölüşdüyü tək-türk adamlardan biri kimi gözlərimiz önündə bütöv bir obraz kimi canlanır.
“Kərəm kimi” əsəriylə Anar “Dədə Qorqud”, “Uzun ömrün akkordları”, “Sizsiz”, “Qəm pəncərəsi”, “Cavid ömrü” kimi ədəbi-bədii və sənət əsərləri silsiləsinin gözəl örnəklərindən daha birini yaratdı. “Dədə Qorqud” bədii filmini çəkənə qədər Anar bu sanballı sənət abidəmiz haqda uzun araşdırmalar aparmış, bu barədə yazılan elmi əsər və araşdırmaların hamısını yazıçı fəhmi ilə saf-çürük etmiş və bunların nəticəsi kimi “Dədə Qorqud dünyası” adlı maraqlı əsər ortaya qoymuşdu. Bu əsərdə mənim doğma kəndim (indiki Ermənistanın uzaq dağ kəndi-Cücəkənd) haqqında da Anarın qeydləri var. O qeydləri oxuyandan sonra öz kəndimi yenidən tanımış kimi oldum. İçində olduğumuz, hər gün gördüyümüz, yaşadığımız nə varsa Anar onlara başqa yöndən, başqa nöqtədən baxa bildiyinə görə gördüklərimizi başqa biçimdə, yaşadıqlarımızı bir ayrı əhvalda görə, yaşaya biliriksə – bu yazıçının gücü, xalqına, yurduna, dilinə tükənməz sevgisiylə bağlıdı.
“Kərəm kimi” əsərində də Anar N.Hikmətə hamının baxdığı nöqtələrdən fərqli bir yerdən –könül pəncərəsindən, xatirələrin tül pərdəsi arxasından, bir az da “Beş mərtəbəli evin altıncı mərtəbəsi”ndən baxır.
Bu əsəri daha çox Anarın “Uzun ömrün akkordları”, bir də “Sizsiz”lə müqayisə edərdim. Hərəsində dahi bir insanın –vətəndaşın həyat romanı...
Anar N.Hikmət haqqında bu əsəriylə həm də yazıçı kimi vicdan borcundan çıxıb – N.Hikmət haqda onun bildiklərini, gördüklərini, təbii ki, indiyəcən çox az adam bilirdi.
N.Hikmət 19 yaşına şeirlər yazıb, özünü həmişə bu yaşda hiss edib. Bu mənada N.Hikmət hamımızın 19 yaşımızın şairidi, hamımızın keçib gəldiyi məktəbdi, həsrətlərimizi, ayrılıqlarımızı ölümsüz şeirləriylə bu gün də, sabah da –bütün ömrümüz boyu ovutda biləcəyimiz şairdi.
Bu mənada Anarın “Kərəm kimi” əsəri həm də sabahlara –gəncliyə məktub kimidi. Nazimi Nazim kimi anlamağın, qara sevda, ayrılıq, dəli həsrət yollarında, doğma yurd, ana vətən, nəfəsinin gedib-gəldiyi isti yuvası –sevgili şəhəri üçün Kərəm kimi, Nazimcə yanıb-kül olmağın nə demək olduğunu anladan məktub...
Əhməd OĞUZ
525-ci qəzet.- 2010.- 22 dekabr.-
S.7.