Rus Dram Teatrının 90 illik yubileyi keçirilib

 

Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının 90 illik yubileyi təntənəli şəkildə qeyd olunub. Mərasim teatrın yaradıcı kollektivinin şən mahnı sədaları altında şux rəqslərlə səhnəyə daxil olmaları ilə başlayıb. Teatrın baş rejissoru, xalq artisti Aleksandr Şarovski yubiley mərasimində çıxış edərək mədəniyyət ocağının tarixi bu günü haqqında ətraflı məlumat verərək bu mədəniyyət ocağının ölkəmizdə seçilən, özünəməxsus yerindən danışıb. Mədəniyyət turizm naziri Əbülfəs Qarayev teatrın kollektivinə ölkə başçısı İlham Əliyevin təbrik məktubunu oxuyub, Prezidentin Sərəncamı ilə fəxri adlara layiq görülən teatrın aktyorlarına mükafatları təqdim edib. Tədbirdə Rusiya Federasiyası Prezidenti Administrasiyasının adından da təbrik məktubu oxunub. Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin teatrın kollektivini şeirlə, Azərbaycanın Rusiyadakı səfiri, xalq artisti Polad Bülbüloğlu isə ifası ilə təbrik edib. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli yubiley iştirakçıları üçün royalda yaddaqalan kompozisiya ifa edib. Azərbaycanın digər teatr kollektivləri 90 yaşını təntənəli şəkildə qeyd edən qocaman mədəniyyət ocağını təbrik etmək üçün yubileydə iştirak ediblər. Sonda teatr kollektivi oynadıqları tamaşalardan səhnələr nümayiş etdiriblər.

 

HÜSNİYYƏ

525-ci qəzet.- 2010.- 23 dekabr.- S.7.