Azərbaycan III Türk Dünyası Ədəbiyyat Dərgiləri
Konqresində fəal təmsil olunub
SƏLİM BABULLAOĞLU:
“TÜRK XALQLARI ƏDƏBİYYATININ DÜNYADA TANIDILMASI,
İLK NÖVBƏDƏ, BİZİM BU CÜR
TƏDBİRLƏR VASİTƏSİLƏ
ÖZ-ÖZÜMÜZÜ TANIMAĞIMIZLA BAŞLAYIR”
Dekabr ayının 14-dən 16-dək Ankarada III Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresi keçirilib. 19 ölkədən 26 dərginin baş redaktorlarının dəvətli olduğu konqresdə ölkəmizi “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, “Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəyli və “Dünya ədəbiyyatı” jurnalının baş redaktoru Səlim Babullaoğlu təmsil ediblər. Bizimlə söhbətində Səlim Babullaoğlu konqreslə bağlı təəssüratlarını bölüşdü: “Ümumən, bu sayaq görüş formatının əhəmiyyəti ilə bağlı bir məqamı qeyd etməyi lazım bilirəm. Kimsəyə sirr deyil ki, hər bir müəllif kitabı yalnız bir əsər və onu yazan haqqında bilgi verir, təəssürat yaradırsa, ədəbiyyat dərgiləri eyni vaxtda çoxlu müəllif, çoxlu ədəbiyyatlar haqqında məlumat verir. Yəni, hər bir oxucu bir dərgi, dərginin bir sayı vasitəsilə bəzən hətta bir xalqa, topluma aid olan konkret zaman kəsiyində yazılmış çoxsaylı bədii mətnləri oxuya bilərlər. Ona görə də “ədəbiyyat dərgiləri konqresi” formatı çox aktual və vacibdir, uğurludur. Bu böyük naşirlik, yazarlıq və tərcüməçilik imkanlarını və təcrübələrini bölüşmək, gələcəkdə yeni oxşar və çevik strategiyaları formalaşdırmaq deməkdi. Və əslində III Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresində bu baş verdi. Biz bir-birimizi yaxından tanıdıq, imkanları və təcrübələri bölüşdük”. S.Babullaoğlu deyib ki, tədbirdə gələcək üçün yeni planlar və layihələri birgə müzakirə edilib, qərarlar verilib və bütün bunlar konqreslə bağlı mətbuat üçün açıqlamada müfəssəl əksini tapıb: “Məsələn, mətnlərin mübadiləsində istinadın vacibliyi qorunmaqla mümkün ola bilən formal maneələr aradan qalxdı. Yaxud, növbəti konqressə dəvətlilərin coğrafiyasının böyüməsi, türk xalqları arasında xüsusi tarixi və çağdaş yeri olan Sibir türklərinin də mütləq dəvət olunması məsələsi. Türk xalqlarının ədəbi gündəmini, həyatını daim izləyəcək və çevik işıqlandıracaq ədəbi xəbər agentliyinin yaradılması. Konqresin işində bu qərarlarla yanaşı “Türk dövlətləri və topluluqlarının müstəqillik illərindəki ədəbi inkişafı”, yəni türk xalqlarının son 20 ildəki ədəbi səhnəsini göstərə bilən ümumi bir kitabın nəşr olunması qərarı, məncə, olduqca vacibdir. Şadam ki, həm agentliklə, həm də ədəbiyyatların son 20 ildəki vəziyyəti ilə bağlı qərarlar mənim təklifimlə müzakirə edildi və qəbul olundu. Kitabın redaksiya heyətinin rəhbərliyinə də məni təklif etdilər. Təsəvvür edin, kimsə tək bir kitab alır və bununla da Türkiyənin, Azərbaycanın, yaxud Kıbrısın və ya Qırğızıstanın son 20 ildəki ədəbi həyatının ən önəmli hadisələri ilə bağlı, qısa da olsa, məlumatlanır. Cəmi bir kitab belə bir mühüm nəticə verir. İnanıram ki, bu kitab yaxın gələcəkdə ədəbiyyatçıların, araşdırıcıların stolüstü kitabına çevriləcək. Konqresin təşkilatçılıq səviyyəsi isə, xüsusi bir məqamdır. Əvvəla, mən Avrasiya Yazarlar Birliyinə, başda birliyin başqanı hörmətli Yaqub Dəliöməroğluna, onun simasında zəhməti keçmiş birlik üzvlərinə, dəyərli həmkar və dostlarımıza – Əli Akbaşa, İmdat Avşara və Ömər Küçükməhmətoğluna dərin təşəkkürümü bildirirəm. “Türksoy”a, TİKA-ya, bu təşkilatların rəhbərliyinə minnətdarlıq edirəm. Onların mənəvi və maddi dəstəkləri təkcə sıradan yardım deyildi, həm də konqresin etimadını, mötəbərliyini təmin edirdi”. Konqresin işində ən yadda qalan məqamlardan biri tədbir iştirakçılarının Türkiyənin mədəniyyət naziri Ərtoğrul Günay tərəfindən qəbul edilməsi olub: “Çox səmimi və isti bir söhbət, maraqlı müzakirə ilə müşayiət olunan bu görüş bir tərəfdən Türkiyə dövləti və hökumətinin konqresə verdiyi böyük qiymətin, başqa tərəfdən, Avrasiya Yazarlar Birliyinin qazandığı nüfuzun təzahürü idi. Əlbəttə, həm də gələcək layihələr və ortaq iş birliyi üçün məsuliyyət və ümid mənbəyi sayıla bilər bu görüş. Yaxud “Türksoy”un başqan yardımçısı Fırat Püstaşın açılış mərasimindən başlayaraq, demək olar ki, konqresin bütün iş prosesində iştirakı, dəvətlilərlə fərdi ünsiyyəti də tədbirə yüksək münasibətdən xəbər verirdi. Olduqca dəqiq təşkilatçılıq proqramı və icra vardı. Mətbuat və televiziyanın diqqəti yetərincə idi. Xüsusən, TRT-nin fəaliyyətini qeyd etmək istərdim. “Sabah” qəzeti, “yalguzag.com” saytı, ümumiyyətlə, onlarla qəzet və agentlik konqresin işini lazımınca işıqlandırdı. Türk xalqları ədəbiyyatının beynəlxalq aləmdə tanıdılması, ilk növbədə, bizim bu cür tədbirlər vasitəsilə öz-özümüzü tanımağımızdan başlayır. İnanıram ki, vaxt gələcək, geriyə baxanda, bu görülən işlər birinci növbədə təşkilatçılar, sonra isə iştirakçılar üçün qürurverici xatirələr kimi anılacaq”.
GÜNEL
525-ci qəzet.-
2010.- 23 dekabr.- S.7.