Cabir Abdullayev – 30 il
səhnədə
“XALQIN
RƏĞBƏTİ, SEVGİSİ MƏNİ BU
SƏNƏTƏ BAĞLADI” – DEYƏN ƏMƏKDAR ARTİST,
DƏYƏRLİ MUĞAM İFAÇISI CABİR
ABDULLAYEVİN FİKRİNCƏ, GÖZƏL,
MƏLAHƏTLİ SƏS BİR VERGİDİR, ALLAH ONU
HƏR BƏNDƏSİNƏ NƏSİB ELƏMİR
Azərbaycan muğam ifaçıları arasında özünəməxsus ifa tərzi və məlahətli səsi ilə seçilən əməkdar artist Cabir Abdullayevin dünyaya gəlişinin 44, səhnə fəaliyyətinin 30-cu ili tamam oldu. Bu əlamətdar hadisə ilə bağlı söhbətləşdiyimiz dəyərli xanəndəmiz ömrünün 3 onilini sənətdə, səhnədə keçirdiyini və bu vaxtın hədər getmədiyini bildirir. Kiçik yaşlarından oxumağa başlasa da, böyük səhnəyə ilk dəfə 1980-ci ildə çıxıb. Sonra xalq artisti, professor Arif Babayevin təşəbbüsü ilə Konservatoriyaya daxil olub, ustad sənətkarın sinfində təhsil alıb. “Bizim evdə qardaşlarımın hamısının səsi olub. Birinci olaraq, rəhmətlik qardaşım Vahid Abdullayev bu sənətə gəlib. Çox tanınan, sevilən bir xanəndə olub. Mən isə ilk dəfə səhnəyə 1980-ci ildə çıxmışam. Yaxşı yadımdadır, 30-cu Qurultayın yekunu ilə bağlı konsert idi. O zaman ümummilli liderimiz Heydər Əliyev də konsertə gəlmişdi. Konsertə bizi maestro Niyazi hazırlamışdı. Elə bir möhtəşəm konsert idi ki, hətta Moskva televiziyasında da yayımlanmışdı. Sonra hörmətli professorumuz, xalq artisti, mənim ustadım Arif Babayevin yardımı ilə Konservatoriyaya daxil oldum. Muğamın incəliklərini, sirlərini ustad Arif Babayevdən öyrəndim”.
Hazırda Dövlət Muğam Teatrının solisti olan əməkdar artist teatrda hazırlanan bir sıra tamaşaların, tədbirlərin fəal iştirakçısıdır. O, respublikada keçirilən bir çox yubileylərdə, dövlət tədbirlərində, xaricdəki Azərbaycan mədəniyyəti günlərində uğurla çıxış edib. Özünü xoşbəxt sənətçi hesab edən xanəndə deyir: “Mənim ilk böyük uğurum o oldu ki, ustadım xalq artisti Arif Babayev oldu. Mən bu sənətin sirrini, muğamın dərinliyini ondan öyrəndim. Bu gün az-çox tanınıram, sevilirəm, dinlənilirəm. Mənə elə gəlir ki, sənətkarın xalq tərəfindən sevilməsi onun ən böyük xoşbəxtliyidir. Bu baxımdan da mən özümü xoşbəxt sənətçi hesab edə bilərəm”.
C.Abdullayev hər yeni yaşın ona yeni bir həyat təcrübəsi qazandırdığını və həyatında yaxşılığa doğru dəyişikliklər etdiyini söyləyir: “Cavanlıqda insan həyatı hərtərəfli dərk edə bilmir, görürsən ki, müəyyən səhvlərə yol verir. Amma yaş artdıqca insan yaxşını pisdən daha tez seçə bilir. Ümumiyyətlə, hər yeni yaş insanın həyatında yaxşılığa doğru çox şeyləri dəyişir. Bəzi insanlar yaşının üstünə yaş gəldikcə qocalmaqdan qorxurlar. Amma mənim yaşımın üstünə yaş gəldikcə həyatımda müsbət dəyişiklilər olur. Demək olar ki, məndə yaşla bağlı komplekslər yoxdur. Hər yaşın öz gözəlliyi olduğuna inananlardanam mən”.
Dostluğu hər zaman müqəddəs anlayış kimi dəyərləndirən sənətkar, istər həyatda, istərsə də sənətdə dostlarının hər zaman dəstəyini hiss etdiyini bildirir: “Mənim sənətdə uğur qazanmağımda dostlarımın dəstəyi mühüm rol oynayıb. Dostlarım tamamilə fərqli sahələrdə çalışan insanlardır. Onlar hər zaman mənim sənətimə hörmətlə yanaşıblar, maddi-mənəvi köməkliklər göstəriblər. Ətrafımdakı dostlarımın hər biri mənim üçün dəyərli insanlardır. Mən çalışıram ki, indiyə qədər qazandığım dostlarımı itirməyim. Çünki yaşımın elə vaxtıdır ki, yeni dostlar axtaran zamanım keçib. Həyatda həqiqi dost qazanmaq çox çətin işdir. Sınaqdan keçmiş dostları əldə etmək üçün də xeyli vaxt lazımdır”.
Cabir Abdullayev istedadlı və sevilən bir xanəndə olmaqla yanaşı, həm də gözəl pedaqoqdur. Hər zaman tələbələrinə təkcə müəllim kimi yox, həm də ata qayğısı ilə yanaşdığını deyir: “Həmişə çalışıram ki, tələbələrimlə aramda təkcə müəllim-tələbə yox , həm də ata-övlad münasibəti yarada bilim. Hər zaman onların qayğısına qalmağa çalışıram. Tələbələrimin hər biri mənim üçün əzizdir. Onlar arasında heç vaxt fərq qoymuram. Mən onları çox istədiyim kimi, onlardan da eyni sevgi və hörməti özümə qarşı görürəm. Ümumiyyətlə, istedadlı tələbələrim çoxdur. Aralarında gələcəyin çox gözəl xanəndəsi olacağına inandığım tələbələrim də var. Mən onların irəli getmələri, sənətdə daha da təkmilləşmələri üçün əlimdən gələni əsirgəmirəm. Çünki tələbə müəllimin güzgüsüdür. Mən bu gün yaxşı, sevilən bir xanəndə kimi tanınıramsa, buna görə ilk növbədə ustadım Arif Babayevə çox minnətdaram. Sabah mənim tələbələrimin bu sənətdəki uğuru mənim sevincim, fəxrim olacaq”. Həm xanəndəliyin, həm də müəllimliyin çətin olduğunu deyən əməkdar artist “hər iki sahədə peşəkarlıq vacibdir” deyir. Müəllimlikdə ilk növbədə səbr, yüksək tərbiyə və öyrənib-öyrətmək qabiliyyəti olmasının, xanəndəlikdə səhnə mədəniyyətinin, səsin hər zaman nizamda qalmasının vacibliyini önə çəkir: “Xanəndəlik çox mürəkkəb sənətdir. Xanəndə yalnız ifası ilə deyil, geyimi, səhnə mədəniyyəti, davranışı ilə də seçilməlidir. Mənə elə gəlir ki, əsl xanəndə hərtərəfli şəkildə inkişaf etməlidir. Hərdən görürsən ki, bəzi “xanəndələr” cins şalvarla tamaşaçı qarşısına çıxırlar. Bu, düzgün deyil. Əksinə, bununla xanəndəlik sənətinə xələl gətirirlər. Xanəndənin özü də, sözü də, geyimi də ciddi olmalıdır. Çünki xalq hamını, hər şeyi görür və qiymət verir. İnsan var ki, bir qədər şan-şöhrətə çatanda gözü ayağının altını görmür, insanları təbəqələrə bölür, onlara yuxarıdan aşağı baxmağa başlayır. Mənə elə gəlir insan çalışmalıdır ki, hər zaman sadə olsun və onun yeri yüksəklərdə görünsün. Müəllimlik ciddi məsuliyyət tələb edir. Gərək çox səbrli olasan ki, qarşındakı tələbəyə nə isə öyrədə biləsən. Müəllim gözləməməlidir ki, qarşısındakı tələbə onun dediyini o dəqiqə götürəcək. Ümumiyyətlə, muğam elə bir dünyadır ki, onu öyrənmək də, öyrətmək də uzun illər tələb edir”.
Əməkdar artist gənc xanəndələr arasında gözəl səsə və səhnə mədəniyyətinə malik olan ifaçıların olduğunu desə də, onlarda tənbəllik və özündənrazılıq əlamətlərinə sıx-sıx rastlandığını vurğulayır: “Yenə deyirəm ki, xanəndəlik uzun müddət vaxt və təcrübə tələb edən bir sənətdir. İndiki gənc xanəndələr arasında həqiqətən də bəyəndiyim, istedadlı ifaçılar çoxdur. Hərəsinin özünəməxsus oxu tərzi var. Ancaq bir qədər tənbəllik, özündənrazılıq var onlarda. Həmişə bir məclisdə olanda da onlara şəxsi təcrübəmə əsaslanaraq məsləhətlər verirəm ki, öz üzərlərində çox çalışsınlar. Repertuarlarında daima yeniliklər etsinlər. Bugünkü gənc xanəndələr qəzəllərin deyilişində, qəzəl seçimində bir qədər diqqətsiz davranırlar. Mən gənc xanəndələrin xırda hesab edib üstündən keçdikləri bu mühüm cəhətə diqqət yetirmələrini istərdim”.
Sənət aləmindəki haqsızlıqlar, yersiz söz-söhbətlər Cabir Abdullayevi də bəzən bu sənətdən uzaqlaşmaq məqamına gətirib. “Müəyyən haqsızlıqları, bəzi sənətçilərin bir-birinin əleyhinə danışdığını görəndə bu sənətdən getmək istəmişəm. Ancaq elə vaxtlar da olub, fəxr eləmişəm ki, bu sənətdəyəm. Xalqın rəğbəti, sevgisi məni bu sənətə bağladı. Onu da qeyd edim ki, hər zaman durduğum səviyyəni qorumaq, xalq arasında hörmətimi saxlamaq üçün inanın ki, çox şeylərdən məhrum olmuşam. İstəməmişəm ki, kimsə mənim haqqımda nəsə pis bir şey fikirləşsin. Öz hərəkətimə, davranışıma həmişə fikir verməyə çalışmışam”.
Efirdə görünməsilə bağlı danışan sənətkar səviyyəli verilişlərə dəvət alanda məmnuniyyətlə iştirak etdiyini söyləyir: “Azərbaycan Televiziyasında müxtəlif verilişlərə, bayram konsertlərinə dəvət alıram, orada muğama, xanəndələrə çox böyük dəyər verilir, yüksək hörmət qoyulur. Ona görə də, başda sədr Arif Alışanov olmaqla, Azərbaycan Televiziyasının bütün əməkdaşlarına öz minnətdarlığımı bildirirəm. Amma bəzi, adlarını qeyd etmək istəmədiyim kanallar var ki, ora həqiqətən də özümün getməyə həvəsim olmur. Sırf efirə çıxmaq, gündəmdə qalmaq naminə sənətimə, xarakterimə uyğun olmayan verilişlərə çıxmaq istəmirəm. Bir-iki kanal da var ki, onlardan inciyirəm. Çünki hər şeyi olduğu kimi vermirlər. Bir də görürsən, dəvət edirlər, veriliş hazırlayırlar, ən lazımlı yerləri gərəksiz yerə montaj edib çıxarırlar, uyğunsuzluq yaranır. Bu məni çox məyus edir”.
Səhnədə Məcnun obrazını yaratmağa özündə güclü meyl duymadığını bildirən C.Abdullayev hər oxumada Məcnunluqdan bir parçanı ifadə etməyin mümkünlüyünü düşünür: “İnanın ki, biz xanəndələrin hər birinin səhnədə ürəklə, canlı oxumağı elə Məcnun obrazında çıxış etmək kimidir. Açığı, əvvəllər məni bir neçə dəfə dəvət ediblər, amma müəyyən səbəblərə görə alınmayıb, ən çox da özümün meylim, həvəsim olmayıb. Mənim ustadım, xalq artisti Arif Babayev uzun illər Məcnun rolunun ən gözəl ifaçılarından olub. Bu obrazı onun kimi ifa etmək mümkün deyil. Məcnun obrazını yaratmağı o qədər də çətin iş saymıram. Səhnə plastikası, aktyorluq qabiliyyəti lazımdır, ancaq ən əsası şirin, cəlbedici, dinləyicinin ruhunu oxşayan səsdir, avazdır. İstənilən bir sənəti öyrənmək üçün bir müddət çalışsan, ona yiyələnə bilərsən. Amma gözəl, şirin səs elədir ki, ya var, ya da yoxdur, Allah necə yaradıbsa, elədir. Buna məşqlə, vərdişlə yiyələnmək mümkün deyil. Gözəl, məlahətli səs bir vergidir, onu Allah hər bəndəsinə nəsib eləmir”.
Ailə anlayışını hər zaman yüksək tutan xanəndə, yeri gəlsə, sənətini də ailəsinə qurban verə biləcəyini deyir: “İndiki zamanda sağlam, pak bir ailəyə sahib olmaq böyük xoşbəxtlikdir. Mürəkkəb zamanda yaşayırıq, bu indi hər adama nəsib olmur. Mən öz ailəmlə fəxr edirəm, qürur hissi keçirirəm ki, əsl azərbaycanlıya xas ailəm var. Ailəmi, iki övladımı həmişə zəmanənin xoşagəlməz təsirlərindən qorumuşam və qoruyuram. Ailəmi sənətimdən də üstün tuturam. Elə ola bilər ki, mən sabah heç oxumaram, səhnəyə çıxmaram, amma ailəmdən keçə bilmərəm. Əlbəttə, mən bu səviyyəyə gəlib çıxmağıma görə ilk növbədə, Allahın verdiyi səsimə, sənətimə borcluyam. Ancaq ailə daha müqəddəs bir anlayışdır. Düzünü deyək ki, bu sənətdə hər adam düzgün, təmiz, möhkəm ailə qura, normal ailə həyatı yaşaya bilmir. Mən özümü bu baxımdan da xoşbəxt sənət adamı sayıram”.
Muğamın təbliği, yeni nəslə və dünyaya çatdırılması yönündə görülən böyük işlərə görə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevaya minnətdarlıq ünvanlayan sənətkar son illər Mədəniyyət və Turizm Nazirliyinin də bu sahədə mühüm tədbirlər, layihələr həyata keçirdiyini bildirir: “Milli dəyərimiz olan muğamımıza qayğı göstərilməsində, muğamın hərtərəfli təbliğində Azərbaycan rəhbərliyinin, xüsusən də YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, hörmətli millət vəkilimiz Mehriban xanım Əliyevanın rolu və xidməti misilsizdir. Mən bu fürsətdən istifadə edib, qəzetiniz vasitəsilə, bütün sənət yoldaşlarım və muğamsevərlər adından Mehriban xanım Əliyevaya təşəkkürlərimi çatdırmaq istərdim. Mədəniyyət və Turizm Nazirliyi də bu sahədə çox maraqlı layihələr həyata keçirir. Bu yaxınlarda Mədəniyyət və Turizm Nazirliyinin xəttilə Ağcabədidə, Bərdədə, Tərtərdə, Ağdamda, Füzulidə silsilə konsertlər keçirildi. Mən də həmin konsertlərdə həvəslə iştirak etdim”.
Yaradıcılıq planlarından söz açan Cabir Abdullayev ilk növbədə səhnə fəaliyyətinin 30 illiyilə bağlı hesabat konserti vermək niyyətində olduğunu bildirir: “Başqa yeniliklər də olacaq. Sağlıq olsun, repertuarımdakı yeni muğamlarla, mahnı və təsniflərlə sənətsevərlərin görüşünə gələcəyəm”.
Günel CABİRQIZI
525-ci qəzet.- 2010.-23 dekabr.-
S.7.