Bura bizim şəhərdi...
Bura bizim şəhərdi. Gecələri gur işıqlı, aydın parlaq şəhərdi. Gəzdikcə, gördükcə insanın ruhu təzələnir. Könlü riqqətə gəlir. Geniş yaraşıqlı parklar, meydançalar, səliqəli səkilər nə qədər gözəl, əsrarəngizdir. Torpağı cənnət qoxulu, insanları gülər üz, mehriban, qonaqpərvərdi. Mən də o şəhərdə doğulub boya-başa çatmışam! Hər şeyin adı var, ağacların, bitkilərin, quşların, dağların, təpələrin yurd-yuvaların və insanların. Mənim üçün müqəddəs olan şəhərin adı Ağcabədidir. Bu doğma şəhərin adı tarixi mənbələrdə çox-çox ulu bir yaşayış, məskəni kimi möhürlənib. Əsl oğuz yurdudu. 24 türk boyunu təmsil edən tayfalardan əksəriyyəti üçün əbədi-əzəli məskənə çevrilib. Bayat, Əfşar, Qayı, Kəbirli, Muğanlı, Arazbar, Poladlı, Sarıhacılı, Qiyamədınlı, Qaravəlli, Qaradolaq, Köyük, Kəhrizli, Şərəfxanlı, Hindarx, Sarvanlar, Hacılar, Şahsevən, Taynaq, Xocavənd, Hüsülü, Şotlanlı və sairə. Bu xalis tayfa və yer adları Ağcabədinin tarixində min illik bir zamanla bağlıdır. Xəlfərədin – Qarakənd birliy Ağcabədi toponimini yaratmışdır. Qalan kənd və digər yaşayış məskənlərimiz Ağcabədi adlı parlaq ünvanımızın nəhəng qol-budaqlarıdı. Ağcabədinin adı elmi ədəbiyyatda, tarixdə Şah Abbas cənnətməkanın dövlət xəritəsində 559-cu ildən çəkilir. Həm də Ağcabədi zaman-zaman karvan yolunun üstündə olub. Şah Abbasın, Şah İsmayılın Topal Teymurun, Nadir şahın, Qacarın, Uzun Həsənin, Ağqoyunlu, Qaraqoyunlu hökmdarlarının hərbi düşərgə yerləri olub. Bu hökmdarlar həm də bütün qış fəslini Qarabağda Sultanbud və Köyük yaşayış məskənlərində keçiriblər. Ağcabədidə Qala təpə, Törə təpə, Üçtəpə, Qara kövər kimi möhkəm istehkamlı yaşayış məskənləri olub. Bəli, bütün bu xırda deyimlərdən sonra Ağcabədinin bu günü necədir? Tərəddüdsüz deyirəm ki, çox əla. Bu məmləkət yeni bir görkəm alıb: Bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, Yazıçılar Birliyinin birinci katibi Fikrət Qoca, sədrin müşaviri Rauf Aslanov və bu sətirlərin müəllifi Ağcabədidə olduq. Bir sıra görüşlər keçirdik. Ağcabədinin ab-havası, qeyri-adi görkəmi, şəhər və kəndlərin nə qədər abad və yaraşıqlı olması yaradıcı insan kimi bizdə böyük, unudulmaz təəssürat yaratdı. Heydər Əliyev prospekti ilə fərəhlə addımladıq. Bir-birindən yaraşıqlı şəxsi və dövlət evlərinə heyranlıqla baxdıq. Bölgədə analoqu olmayan parkda bir qədər dincəldik. İlk öncə ulu öndərimizin əzəmətli heykəlini ziyarət etdik, əklil qoyduq. H.Əliyev adına muzeydə olduq. Olduqca zəngin eksponatlarla dolu muzeydə ölməz rəhbərimizin Ağcabədi görüşlərini əks etdirən tarixi sənədlər bizi məmnun etdi. Muğam mərkəzində rayonun ziyalıları, yaradıcı gəncləri, muğam ustaları ilə unudulmaz görüş keçirdik. Müasir tipli muğam mərkəzinin tikilməsində, Qarabağ xanəndələrinin disklərinin buraxılmasında, ümumən milli, bənzərsiz muğam sənətimizin bir daha dünyəviləşdirilməsində əvəzsiz xidmətləri olan millət vəkili, YUNENSKO-nun və İSESKO-nun xoşməramlı səfiri və Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi qiymətləndirdik. Şairləri dinlədik, muğam ustalarının sehrli səsinə qulaq asdıq. Anar, Fikrət Qoca geniş çıxış etdi. Gördükləri, duyduqları gözəllikləri poetik şəkildə vəsf etdilər. Sonra şəhərin görkəmli yerləri ilə tanış olduq. Anar müəllim aldığı təəssüratları geniş işıqlandırdı. Ağcabədini kiçik Parisə bənzətdi. Böyük bir sənət adamının belə xoş sözü bir Ağcabədili kimi məni də məmnun etdi. Yerli şairlərdən Gündüz Sevindik, Yəhya Paşayev, Məhsəti, Tofiq Zeynal, İslam Kəbirli, Zahid Eloğlu, Vaqif Kəhrizli, Rasim Ləhcəli, Yusif Kamal, Şirxan Hüseyn, Nazim, Eldar qardaşları və başqaları iti qələm sahibləri var. Onlardan bəziləri çıxış etdi. Yeni ruhda şeirlər oxudular. Hamımız onları təqdir etdik. Biz görüş zamanı Ağcabədi üçün baş ucalığı olan dahi Üzeyir bəyi, təkrarsız xanəndə Zülfü bəyi, sehrli muğam ustası Mütəllim Mütəllimovu, mənsuriyyəsi və digər muğamları ilə bizi əflakə ucaldan Yaqub Məmmədovu, əsl sənət xiridarı Qəzənfər Abbasovu, operamızın ərəbzəngisi Sahibə xanım Abbasovanı, Dəsti-Şahnazın mahir ustası Yetim Paşanı, uzun müddət böyük səhnəmizin məcnunu olan, şaqraq səsli müğənnisi, ömrü vəfa etməyən Səfa Qəhrəmanovu, aramızdan vaxtsız köçən məlahətli səsli Sabir Novruzovu yada saldıq, xatırladıq, yaşayanlara cansağlığı, vəfat edənlərə rəhmət dilədik. Ağcabədi bir sıra görkəmli yazıçı, şair, alim yetişdirib. Onları da unutmadıq. İbrahim Kəbirli, Məmməd Aran, İsi Məlikzadə, Şamil Cəmşid, Nurəddin Qənbər, Əhməd Elbrus, Aqil Abbas, Rəşad Məcid, Əjdər Fərzəli, Şöhlət Əfşar, Əbülfət Misiroğlu, Tahir Rza, İnqilab Nadirli, Asif Rüstəmli kimi söz-sənət adamları dönə-dönə xatırlanmalıdır. Yaşayan yaratsın, dünyadan köçənlər cənnətin qoynunda uyuyub behişt yuxusuna batsın! Bütün əzəmətli işlər saysız-hesabsızdır. Ağcabədi sürətlə abadlaşır, böyüyür. Hər tərəf çil-çıraqbandır. Hər tərəf göz oxşayır, qürur hissimizi artırır. Ağcabədi rayonunun İcra başçısı, olduqca zəhmətsevər, ürəyi qurub-yaratmaq eşqiylə döyünən, torpaq, vətəncanlı insan olan Şahin Məmmədov son üç il ərzində rayonda yaradılan möhtəşəm quruculuqdan iftixarla danışır. Onun buna haqqı var: Şahin müəllimin dediklərindən: “Bütün bu gördükləriniz böyük işlərin təkanvericisi, hörmətli prezidentimiz cənab İlham Əliyevin xidmətləridir. Yaxşı bir atalar misalı var. Vur deyəndə vuran yarıdır. Mən istərdim ki, siz sənət adamları həmişə görüb, duyub yazasınız. İnsan əməyi hər bir sənət əsərinin poetik ifadəçisi olmalıdır. Bu gün həm Bakıda, həm də şəhər və qəsəbələrimizdə görünməmiş, quruculuq işləri, tikib-yaratmaq, yollar, çəkmək körpülər salmaq, əzəmətli göydələnlər ucaltmaq dünya səviyyəsindədir. Bununla fəxr etməliyik. Ağcabədidə bütün sahələrdə görünməmiş quruculuq işləri aparılır. Rayonun əhalisinin sosial-rifahı durmadan yaxşılaşır. Gəlin dəqiq faktlara istinad edək, Ağcabədidə insanların sosial həyat tərzinin yaxşılaşmasına yönəli xeyli iş görülüb. Belə ki, bu müddətdə 2017 iş yeri açılmışdır və bunun 840-ı daimi iş yeridir. Açılmış iş yerlərinin özəl sektorlarda payı 70 faizdir. Rayonun abadlaşdırılması istiqamətində son doqquz ayda 95 min ədəd ağac əkilmiş, küçə yollarında 5045 kv. metr ağ lay döşənib. 2300 kv.metrlik yeni səki salınıb. Hasar və binaların abadlaşdırılması Ağcabədinin ümumi simasına yeni bir həyat bəxş edib, mərkəzi küçə 18150 metr xüsusi işıqlanma sistemi ilə bəzədilmiş, şəhərin Heydər Əliyev prospekti və Nəsimi küçəsində divarlardan çiçək səbətləri asılmışdır. Bundan başqa Hindarx qəsəbə 3 saylı Aşağı Avşar kənd əsas və Pərioğullar kənd orta məktəbi əsaslı təmir edilmişdir. Əhalinin sosial həyat səviyyəsinin yüksəldilməsi yeni iş yerlərinin açılmasında Ağcabədi süd emalı zavodu, Ağcabədi süd məhsulları kombinatının fəaliyyətə başlaması böyük imkanlar yaradıb. M.Ə.Rəsulzadə prospektində daxili imkanlar hesabına Şahmat məktəbi və Gənclər yaradıcılıq mərkəzinin tikintisində son tamamlama işləri aparılır. Aşağı Avşar kəndi ərazisində sahibkarlar tərəfindən müasir tipli 600 yerlik şadlıq evinin tikintisi aparılır. Bütün bu işlər ölkə başçısının regionların inkişafına göstərdiyi diqqət və qayğı, qəbul etdiyi proqramlar çərçivəsində aparılır. Bölgənin abadlaşdırılması, müasir yaşayış standartlarına uyğun səviyyəyə gətirilməsi ucqar kəndlərdən şəhərə olan axının qarşısını alır, camaatın gələcəyə, dövlət siyasətinə olan inamını birə-beş artırır. Mədəniyyətin bütün sahələri iri miqyasda yerlərə ayaq açır, kənd və qəsəbələrimiz gözəlləşir. Bir zamanlar kinolarda gördüyümüz, kitablardan oxuduğumuz əfsanəvi yaşayış tərzi artıq günümüzün reallığına çevrilir. Bu, insanlarda böyük ruh yaradır, soydaşlarımızı mənən ucaldır. Ulu öndər Heydər Əliyevin “Azərbaycan dünyaya günəş kimi doğacaq” istəyi həyati reallığa dönür. Bu inkişaf bölgələrə, eləcə də qədim yaşayış məskəni olan Ağcabədiyə bütün möhtəşəmliyilə ayaq açır. Hesab edirəm ki, sayılıb-seçilən qələm adamlarımızın rayonda olub, bu deyilənlərə şahid olması işlərimizə yeni vüsət verəcək. Şəhərə axşam düşür. İnzibati binanın qarşısında, mərkəzi meydanda gəzişirik. İşıqlar şəhərin boynundan asılıb ətrafı nura qərq edir. Hava təmiz, sehrlidir. Asta-asta yağış damlaları düşür. Göylər əsrarəngizdir. Küçələr bayrağımız rəngdə olan işıqlarla bəzədilib. Bu süd kimi aydın, yaraşıqlı şəhərin səkiləri, çiçəkləri ilə gəzməkdən doymuruq. Fikrət Qoca yağış və çiçək qoxulu şeirlər pıçıldayır. Mən də daxili qürurla: bura bizim şəhərdi, gecələri işıqlı, aydın, parlaq səhərdi – deyirəm. Elə bil şəhər təbiətin gözündən düşüb. Səhərin ömrü artır, biz isə yavaş-yavaş, dünyanın əlindən sürüşə-sürüşə Bakıya üz tuturuq. Ümumi bir fikir beynimizdə dolaşır. Yaşamaq nə qədər gözəldi, Allah!
Ənvər ƏhmƏd
Azərbaycan
Yazıçılar Birliyinin
Qarabağ bölməsinin sədri,
şair
525-ci
qəzet.- 2010.-24 dekabr.- S.5.