General ömrünün şərəfli salnaməsi

75 YAŞLI GENERAL DADAŞ RZAYEV: “ƏGƏR KİŞİSƏNSƏ, XALQINI, DÖVLƏTİNİ, ORDUNU SEVİRSƏNSƏ, ÖMRÜNÜN AXIRINA KİMİ ZABİT ADINI ŞƏRƏFLƏ DAŞIMALISAN”

 

Görkəmli hərb xadimi, general-mayor, sabiq müdafiə naziri Dadaş Rzayevin dekabrın dekabrın 22-də 75 yaşı tamam olub. Bununla bağlı Lent.az-a verdiyi müsahibədə general Dadaş Rzayev keçdiyi ömür və vətənə xidmət yolundan danışıb...

– Mənim uşaqlıqdan əsas arzum təyyarəçi olmaq idi. Çünki kəndimizin yaxınlığında İkinci Dünya Müharibəsindən qalmış bir aerodrom vardı. O aerodromdan rus təyyarəçiləri çox uçurdular. Biz o vaxt 6-7-ci sinifdə oxuyurduq, o aerodroma tez-tez gedirdik. O vaxt mənimlə oxuyan oğlanların hamısı təyyarəçi olmaq istəyirdi. Ancaq 1953-cü ildə Politexnik İnstitutuna daxil olub, 1 il oxuyandan sonra 1954-cü ildə orduya çağırıldım. Heç yadımdan çıxmaz, Biləcəridə bir neçə çağırışçı ilə Vernixov familiyalı kapitana yaxınlaşdıq ki, bizi hərbi aviasiya hissəsinə aparsınlar. Dərhal ad-familiyamızı dəftərçəsinə qeyd etdi. Bir gündən sonra bizi eşalonla Belarusun Vitebsk şəhərinə göndərdilər. Yola düşəndə həmin kapitan da bizimlə idi. Sevinirdim ki, təyyarəçi olacam. Lakin hərbi hissəyə çatanda gördük ki, əsgərlərin hamısı desant formasındadırlar. Əlbəttə, bir az məyus oldum...

Vitebsk şəhərində 3 ay karantin keçmişəm. Heç bir ay xidmət etməmişdim ki, məni çavuş məktəbinə göndərdilər. Bir il təhsil aldıqdan sonra çavuş rütbəsi ilə qayıdıb manqa komandiri kimi xidmətimi davam etdirdim. Hərbi qulluq o vaxt 3 il idi. Hərbi qulluğu başa vurmağa 6 ay qalmış 2500 nəfərin içərisində 3 nəfəri seçdilər. Onlardan biri rus, biri ukraynalı, bir də mən idim. Bizi nə üçün seçdiklərini bilmirdik. Bizi polkun qərargahına çağırdılar. Kadrlar şöbəsinin rəisi dedi ki, sizi diviziya komandirinin birinci müavininin yanına çağırırlar. Əsgər nə edə bilər, əmr əmrdir! 2,5 il yarım qulluq edəndən sonra mən artıq rus dilini ruslardan pis bilmirdim. Çavuş rütbəsi vermişdilər, manqa komandiri idim, tabeliyimdə 8 əsgər vardı. Mən qulluq etdiyim polkda 1 nəfər olsun belə azərbaycanlı yox idi. Diviziya komandirinin müavini polkovnik Dranişevin yanına gəldik. O bildirdi ki, diviziya komandirinin əmri ilə siz Alma-Ataya hərbi məktəbə oxumağa gedirsiniz, gələcəkdə zabit olacaqsınız. 3-dən biri, mənim ən yaxın dostum olan sibirli İvan Berezin istəmədiyini söylədi. Polkovnik qayıtdı ki, istəmirəm nə deməkdir, əmri yerinə yetirməmək olmaz, gedin hazırlaşın. Açığı, mən də getmək istəmədiyimi söyləmək istəyirdim. Gördüm ki, mənası yoxdur. Həm də manqa komandiri bunu söyləyə bilməz, çünki əmr əmrdir.

Hazırlaşdıq. Bizə 10 gün məzuniyyət verdilər. Yol, yemək pulu verildi. Belarusdan Alma-Ataya 10 günə gəlib çatdıq. Bizi heç kim müşayiət etmirdi, manqa komandiri olduğum üçün onlara rəhbərliyi mənə tapşırmışdılar. Onu da deyim ki, indi ata-ana, bacı-qardaş yığılır ki, 1 nəfəri əsgərliyə yola salırlar. Bu, gülməlidir. Nə isə...

Alma-Ataya çatdıq, hərbi məktəbə gedib məruzə etdik. Sənədlərimizi aldılar. Sən demə, biz Alma-Ataya gələnə qədər şəxsi işimizi rayon hərbi komissarlığından istəyiblər, attestatın surəti, bütün tərcümeyi-halımız hərbi məktəbdə vardı. Bizi imtahanlara hazırlaşdırmağa başladılar. Düzünü deyim, üçümüz də danışmışıq ki, imtahanları “2” qiymətlə verəcəyik ki, bizi hərbi məktəbə qəbul etməsinlər. Üçümüz də “2”, “3” alırıq. İmtahanları qurtardıq. General Xolodun rəhbərlik etdiyi komissiya bizi qəbul edirdi. Bizi bir-bir çağırırdılar. Orada “hə”, “yox” cavabı verilirdi. Birinci İvan Berezin girdi, gülə-gülə çıxdı. Dedi ki, mən oxumayacam. İkinci Yaşşinka girdi. Başı aşağı çıxdı ki, məni qəbul etdilər. Mən girib məruzə etdim. General qayıtdı ki, bu nədir, sizin attestatınız buradadır, qiymətlərin hamısı “4” və “5”dir, necə olur ki, riyaziyyatdan “2” alırsınız? General dedi ki, yaxşı, siz azərbaycanlısınız, desant ordusunda Azərbaycan xalqının oğlu yoxdur, biz səni qəbul edirik.

– Deməli, taleyin yazısından qaça bilmədiniz?

– Qaça bilmədim. Qəbul edəndən sonra o saat mənə manqa verdilər. Oxumağa başladım. 1 ay sonra artıq bütün gücümlə oxumağa başladım. Artıq birdəfəlik qarşıma məqsəd qoydum ki, bu yolla getməliyəm. Sona qədər getdim. Nə atamı, nə anamı, nə qohumlarımı, nə Azərbaycan xalqını başıaşağı etmədim, desant qüvvələrində layiqincə xidmət etdim. Çoxlu sayda mükafatlar, təşəkkürlər, orden və medallar aldım. Hərbi qulluqda olduğum dövrdə heç bir vaxt məndən soruşmadılar ki, səni hansı vəzifəyə təyin edək. Vəzifəyə təyinatla bağlı əmri verib, deyirdilər ki, get. Mən heç vaxt heç kimdən xahiş etməmişəm ki, mənə vəzifə verin, ya da məni burada saxlayın. Hərbi qulluq dövründə 18 dəfə yer dəyişmişəm. Çünki işimi görürdülər, vəzifəmi qaldırmaq üçün bu polkda yer olmayanda digər polka göndərirdilər. İnsanlar vardı ki, getmirdilər, elə eyni vəzifədə qalırdılar. O insanlar inkişaf etmir, elə o vəzifədən də pensiyaya gedirdilər. Amma mən qarşıma məqsəd qoymuşdum, hara göndərirdilər, gedirdim. 1970-ci ildə Moskvaya, Frunze adına Ali Hərbi Akademiyaya getdim, oxuyandan sonra birbaşa məni alay komandiri təyin etdilər, vaxtından əvvəl podpolkovnik rütbəsi aldım. Birbaşa alay komandiri təyinatı Akademiyanın tarixində olmamışdı. Akademiyanın tarixində ilk dəfə diplomu alandan sonra 350 nəfərdən 5 nəfəri alay komandiri təyin etdilər, biri də mən idim.

Həmin vaxt SSRİ-də 22 hərbi dairə vardı. 22 hərbi dairənin komandanları Hərbi Akademiyaya gəlib, özlərinə kadr seçirdilər. Birinci dəfə məni Uzaq Şərq Hərbi Dairəsinin komandanı, ordu generalı Losik seçib. Bunu bizim komandanımız Margelov eşidən kimi kadrlar şöbəsinin rəhbərini çağırıb, ona möhkəm töhmət verib. Deyib ki, necə olub ki, bizim kadr piyada qoşunlara gedib? 2 saatın içərisində məni çağırdılar. Margelov dedi ki, mən özüm Losiklə danışaram, sən heç hara getmirsən, öz ordunda qalırsan. 3 gün keçmədi, məni çağırdılar, sərəncam verib Pribaltika Hərbi Dairəsində alay komandiri təyin etdi. Kapsuka şəhərinə gəldim və işləməyə başladım. 1,5 il işləyəndən sonra alay diviziyada 5 alay içərisində birinci yerdə oldu.

– Milli Orduya gəlişiniz necə oldu?

– Milli Ordunun yaradılması barədə qərar veriləndən sonra Valeh Bərşadlını nazir təyin etdilər. Valeh Bərşadlı məni çağırdı, dedi ki, müharibə təcrübən var, böyük yol keçmisən, mənim birinci müavinim, eyni zamanda özünü müdafiə qüvvələrinin komandanı ol. Razılaşdım və işləməyə başladım. Valeh Bərşadlını işləməyə qoymadılar. Valeh Bərşadlı çıxandan sonra başladılar müdafiə nazirini əlcək kimi dəyişməyə. Axırda bir mülki şəxsi müdafiə naziri təyin etdilər. O da gördü ki, işləyə bilmir, Valeh Bərşadlını çağırıb, qərargah rəisi təyin etdi. Məni isə işdən çıxardılar, hələ həbs də etdilər, 1 həftə Bakıda “KPZ”-də yatdım. Niyə, hələ indiyə qədər məlum deyil. Sonra günlərin bir günü Valeh Bərşadlı məni çağırdı. Dedi ki, sənin bir tərəfin də qazaxlıdır, Qazax əldən gedir. Get ora, korpus komandiri ol. Dedim ki, necə, məni vəzifədən də çıxarıblar, nazir müavinliyindən korpusa gedim?! Valeh Bərşadlı qayıtdı ki, artıq vəzifə məsələsi deyil, xalqı müdafiə etmək lazımdır. Razılaşdım. Qoltuğuma bir qovluq vurub, ora getdim. 1992-ci il mayın axırları idi. Qısa bir müddətdə 12 min nəfərlik bir korpus yaratdıq. Allah rəhmət etsin, Valeh Bərşadlı texnika, silah-sursatla çox kömək etdi. Qazax, Ağstafa, Tovuz rayonlarında ermənilər 12 kəndi təhlükə altına almışdılar. Biz camaatı evlərinə qaytardıq, təhlükəsizliklərini təmin etdik. Hər yerdə səngərlər qazmağa başladıq. Camaat gördü ki, müdafiə olunurlar. O kəndlərə işıq, qaz verdik. Camaat öz evlərində yaşamağa başladı. Avqust ayında Gədəbəy rayonunda çox gərgin vəziyyət yarandı. Gədəbəydə ermənilərin yaşadıqları Başkənd qəsəbəsi vardı. Ermənilər oranı “Kiçik Qarabağ” adlandırırdılar. Başkənd Gədəbəy rayonunu iki hissəyə bölmüşdü. 4 il 4 rayon mal-qarasını dağlara çıxara bilməmişdi, Başkənd qoymurdu. Başkənddən aşağıda Mutudərə adlı balaca bir kənd vardı. Ermənilər o kəndi yandırdı, orada 4 əsgərimiz həlak oldu. O kənd yandırılandan sonra Gədəbəydə camaatın arasında təşviş düşdü. Gördük ki, insanlar yüklərini yığıb, gethagetdirlər. Onları geri qaytardıq. Artıq hücum planı hazırlamışdım, heç kimə də demirdim. Bizim içimizdə də satqınlar olacağından qorxurdum. 1992-ci il avqustun 8-də saat 5-də hücuma başladıq, saat 8-də qurtardıq. 3 saat ərzində Başkəndi götürdük. Sərhədi bərpa etdim. Ermənilər 7 dəfə hücum etdilər ki, Başkəndi qaytarsınlar. Mən də heç kimə demirdim ki, Başkəndi götürmüşük. Çünki heç kim mənə Başkəndi götürməyə icazə vermirdi. Səbəb kimi də onu göstərirdilər ki, erməniləri qıcıqlandırmayın, onlar da Gədəbəyə hücum edə bilərlər. 3-4 gün keçdi, gördüm ki, daha erməni bizə girişə bilməz, Valeh Bərşadlıya zəng etdim ki, Başkəndi götürmüşəm. O da müdafiə nazirinə məruzə etdi. Nə sağ ol dedilər, nə bir mükafat verdilər.

Başkəndi götürəndən sonra Ermənistanın inzibati ərazisinə daxil olan bir kəndi də götürmüşdük. Sərhədi keçib, ermənilərin bir neçə kəndini də darmadağın etdik. Bununla kifayətlənməyib, Ermənistanın Krasnoselsk adlanan rayon mərkəzini “Qrad” və toplarla atəşə tutduq. Bu hadisədən sonra ermənilər 3 gün matəm elan etdilər. Təsəvvür edin ki, bütün Göyçə erməniləri küyə düşmüşdülər ki, türklər Göyçəni geri alırlar. Onlar kütləvi şəkildə İrəvana qaçırdılar. Biz isə Xocalının qisasını almış kimi bir az mənəvi rahatlıq tapdıq. O saat mənə zənglər gəldi. Dedilər ki, niyə Ermənistan ərazisinə girmisən, tez geri çəkil...

Mənim Başkənd döyüşlərinədək xeyli uğurlu əməliyyatlarım olub. Qarabağda Xramord, Xanabad kəndini dəfələrlə ermənilərdən azad etmişik.

1993-cü ilin fevralından iyun ayına qədər müdafiə naziri vəzifəsində çalışmışam. Ondan sonra bir müddət, 2000-ci ilə kimi Təfəkkür Universitetində hərbi kafedranın müdiri kimi işlədim. Bunun ardınca da, Ehtiyatda olan Zabitlər Konfederasiyasının rəhbəri seçildim. Bu Konfederasiya 1997-ci ildən varmış, ancaq heç bir fəaliyyət göstərmirmiş. Ehtiyatda olan zabitlər yığıldılar və məni Konfederasiyanın sədri seçdilər, başladıq fəaliyyətə. 2002-ci ildən Konfederasiyanın sədriyəm...

– Hərbçilərin dostluğu necə olur?

– Əsl dostların sayı az olur. Mənim hərbçi dostlarım vardı. O dostlarımdan biri – Yevgeni Nikolayeviç Podkolnski idi, rəhmətə gedib. Onunla Alma-Atada bir yerdə oxuyurduq. Akademiyada da bir yerdə olduq. O da, mən də alay komandiri, o da briqada komandiri, mən də briqada komandiri, o da general, mən də general olduq. Uşaqlıq dostlarım var, orta məktəbdə bir yerdə oxumuşuq. Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyev uşaqlıq dostumdur. 25 il Naftalan sanatoriyasına rəhbərlik edən Fərrux İsmayılov da uşaqlıq dostumdur. Cümşüd Nuriyev də ailəvi dostluğumuz var. Keçmiş prokuror Cahangir Nəsirov da yaxın dostumdur. Emin Həsənli də həm dostumdur, həm də onu oğlum sayıram.

– İndiki dövrün zabitlərinə nə məsləhət görərdiniz?

– Məsləhət vermək asan deyil. Əgər sənin başında və ürəyində zabit olmaq istəyinlə bağlı əminliyin yoxdursa, yaxşısı budur ki, olma. Çoxları var ki, zabit olmaq istəyir, çətinlikləri görəndən sonra deyir ki, səhv etmişəm. Bu olmamalıdır. Əgər kişisənsə, xalqını, dövlətini, ordunu sevirsənsə, öz yolunu birdəfəlik seçməli, ömrünün axırına kimi zabit adını şərəflə daşımalısan. O vacib deyil ki, hərbi qulluqdasan, yaxud qulluqdan tərxis olundun, ehtiyatdasan, istefadasan. İnsan adını yüksək tutduğun kimi, zabit adını və şərəfini də uca tutmalısan. Əsgərə nümunə olmaq lazımdır. Əsgərə nümunə olmayan zabiti mən zabit saymıram. Zabit əsgərə atəş açmağı, Nizamnaməyə riayət etməyi, formaya, böyüyə, mülki insanlara, əsgərə hörmətlə yanaşmağı əməldə göstərməlidir. Əgər zabit bunları edirsə, əsgər mütləq ondan nümunə götürəcək. Əgər zabit bunlardan birini yerinə yetirmirsə, əsgər o saat bunu görür.

– Ailə bir hərbçinin həyatına necə təsir göstərir və sizin həyatınıza necə təsir göstərib?

– Ailə çox böyük rol oynayır. İnsanlar vardı ki, mayor rütbəsi alır, o vəzifədən də istefaya çıxırdılar, böyümürdülər. Əgər sən hərbi qulluqdasansa, yaxşı işləyirsənsə, səni dövlət, komandan qiymətləndirirsə, böyük vəzifə alacaqsansa, sən isə bunu istəmirsənsə, deməli, hərbi qulluğa havayı getmisən. Bunu ailə başa düşməlidir. Mənim yoldaşım bunu başa düşürdü. Bir dəfə də olsun deməmişdi ki, sən niyə gedirsən. Əksinə, sevinirdi ki, yoldaşım irəli gedir.

– Maraqlıdır, 27 ildən sonra yenidən paraşütlə atıldınız. Hansı hissləri keçirdiniz?

– Qapı açılanda mənim gözümün qarşısına cavanlığım gəldi ki, onda necə tullanırdım. Tullandım, paraşüt açılanda göydən ətrafa baxdım, çox sevindim ...

 

525-ci qəzet.- 2010.- 24 dekabr.- S.6.