Analıq haqqı
UNUDULMAZ ÖMÜR-GÜN
YOLDAŞIM ZEMFİRA İSAQ QIZI BAĞIROVANIN ƏZİZ
XATİRƏSİNƏ
Biz Azərbaycan Tibb Universitetində bir qrupda oxuyarkən tanış olmuşduq. O vaxt tələbələr çox fəal idilər. Oxuduğumuz kitablar, romanlar, poemalar, şeirlər, baxdığımız teatr tamaşaları və kinolar haqda tez-tez müzakirələr, mübahisələr keçirərdik. Belə söhbətlər zamanı bizim fikirlərimiz çox vaxt uyğun gələr, bəzən üst-üstə düşərdi. Fikir və əqidə uyğunluğu tədricən bizi bir-birimizə yaxınlaşdırdı. III kursdan sonra yaxın dost olduq. Tələbəliyə, məqbullara və imtahanlara aid məsələlərdə məsləhətləşib birgə qərar verərdik, imtahanlara birlikdə hazırlaşardıq. Birlikdə oxuduğumuz 6 il ərzində bir-birimizin xasiyyətini daha yaxşı öyrənmək üçün müxtəlif yollara, fərqli üsullara və sınaqlara əl atdıq, hərtərəfli tanış olduq, münasibətlərimizi ölçüb-biçib, götür-qoy etdik. Beşinci-altıncı kurslarda tələbələr bizi ən yaxın dost kimi tanıyırdılar. Biz özlüyümüzdə bu qənaətə gəlmişdik ki, ayrılıqda yaşamaq hər ikimiz üçün çox çətin olar. Tibb Universitetini qurtardıqdan bir il sonra ailə həyatı qurduq.
Bütün çətinliklərə birlikdə qalib gəlib, özümüzə normal şərait yaratdıq. İmişli rayonunda həkim işləyirdik. Yaxşı maaş alırdıq, xəstələr də imkanları daxilində hörmət edirdilər. Hər il məzuniyyət vaxtı müxtəlif kurort yerlərində istirahət edib dincəlirdik. Yaşayışımız, dolanışığımız, mənzil şəraitimiz yaxşı idi. Bir-birinin ardınca üç oğlumuz oldu. Övlad şirinliyini, ailə xoşbəxtliyini yaşadıq.
Zemfira xanım Azərbaycan-türk qadınlarına xas olan bütün müsbət adət-ənənələrə ciddi əməl edirdi. Səhərlər hamıdan tez durar, ailənin bütün ağırlıqlarını öz çiyninə götürməyə çalışardı. Mən onun ucadan danışdığını, boş-bekar dayandığını, lazımsız söhbət, qeybət etdiyini görməmişdim. Ailədə, qohumda, dostda bir narahatlıq, çatışmazlıq olanda çox narahat olar, yardım etməyə can atar, məni də bu məsələyə cəlb edərdi.
Uşaqlarının qayğısına qalar, ilin fəsillərindən asılı olmayaraq, hər gün onları yuyundurar, çimizdirər, yeməklərinə xüsusi diqqət yetirərdi. Uşaqlarını əksər hallarda qeyri-adi və qeyri-ənənəvi geyindirər, onların paltarları həmişə tərtəmiz, ütülü və səliqəli olardı. Paltarını əzib, şaxdan salmamaq üçün uşağı qucağına almağa qıymazdın. Zemfira xanım öz istəyini qəlbində saxlayardı. Uşaqlarını nə qədər istəsə də, onlara qarşı çox tələbkar idi, yersiz söhbətdən, tərifdən xoşu gəlməzdi. Lazım gəldikdə sözü üzə deyərdi. Onun xislətini bir sözlə ifadə etsək, kişi qeyrətli qadın idi. Bu baxımdan o mənim təkcə həyat yoldaşım deyil, dostum, köməkçim, arxam, dayağım, qız qardaşım idi.
Allah-Təala Zemfira xanımın əlinə xüsusi dad qismət eləmişdi. Onun bişirdiyi xörəklərin dadı-tamı, ətri insanı valeh edirdi. Dostlar, qohumlar onun plovunu, dolmasını, dovğasını, döymə kababını tərifləməkdən yorulmazdılar.
Zemfira xanım həkim-akuşer-ginekoloq idi. Kimliyindən, nəçiliyindən asılı olmayaraq, xəstələrin müalicəsində əlindən gələni əsirgəmirdi, gözütox, nəfsinin qarşısını ala bilən insan idi. 50 illik həkimlik dövründə ondan inciyən, narazı qalan olmamışdı. Əsl ziyalı idi. İşi çox olsa da, mütləq qəzet, jurnal, kitab oxumağa hər gün vaxt ayırardı. Onunla birlikdə iki kitab yazıb nəşr etdirmişik. Onlarla elmi məqaləmiz Azərbaycanda, Moskvada, Petroqrada, Kiyevdə və başqa şəhərlərdə çap edilmişdi. Respublikamızda keçirilən ədəbi-bədii gecələrdə, yazıçı və şairlərlə görüşlərdə, teatrlarda, tamaşalarda iştirak etmişik. Bəxtiyar Vahabzadə, Məmməd Araz, Rüstəm Behrudi, Vahid Əziz, Əhməd Ənvər, Aqil Abbas, Rəşad Məcid və bir sıra başqaları ilə şəxsi tanışlığımız olub. Həyatın yolu tam hamar olmur, ağrılı-acılı, qəmli-kədərli günlər də yaşamışıq. Bütövlükdə götürəndə normal və xoşbəxt həyat sürmüşük. Allaha həmişə ürəkdən bağlı olmuşuq. 80 il ömür sürüb, demək olar ki, yaşamaqdan doymuşuq. Oğul-uşaq, nəvə sahibi olmuşuq, övladlarımızın həyatlarından razıyıq.
Bizim bir arzumuz var
idi. Üzümüzü qadir Allaha tutub
belə bir qeyri-adi xahiş edir, yalvarırdıq: Böyük Yaradan, sən hər şeyi görüb bilənsən, hətta insanların ürəklərindən
keçirdiklərindən xəbərdarsan.
Yəqin
bilirsən ki, bizə bir-birimizdən ayrı yaşamaq çox çətin, bəlkə də mümkünsüz olar.
Səndən bir ay, bir həftə, heç bir gün də
əlavə ömür
istəmirik. Çox şükürlər
olsun ki, kifayət qədər bizə ömür vermisən. Təvəqqemiz odur ki, ikimizin nə qədər ömrü qalıbsa, onları birləşdirib düz yarı böləsən.
Hər şeyə qadir olan Allahsan!
Bizim əcəlimizi bir günə sal ki, təklikdə
yaşamayaq!
Ağıllı, mərifətli insan ölümdən qorxmaz. Onsuz da bütün yarananların
sonu ölümdür.
Ölüm əslində Allaha qovuşmaqdır. Həyatımızda baş verən
iki hadisə Zemfira xanımı bərk sarsıtdı, ömrünü gödəltdi.
Bunlar çox ağır, çəkilməz dərd
olan övlad itkisi və Qarabağ dərdi idi. O, son illərdə
həmişə qəmli,
kədərli, nisgilli,
gözüyaşlı gəzərdi.
Biz tam və
qəti əmin idik ki, ayrılıqda
yaşaya bilmərik. Amma görünür,
insanın üzü çox bərk olur. O, hər cür çətinliyə,
ağır dərdə-ələmə,
təsəvvür etmədiyi
ayrılığa dözə,
öyrəşə, birtəhər
yaşaya, hətta xatirə də yaza bilərmiş.
Aqilə, müdrikə
– işgəncə dünya,
Nadana, əyyaşa – əyləncə
dünya.
Gözü nişangahda,
əli tətikdə...
Baxmaz nə qocaya, nə gəncə dünya.
Hacıbala
BƏDƏLLİ
525-ci
qəzet.- 2010.- 25 dekabr.- S.30.