Tütün limanı
(hekayə)
Samsun hava limanının çıxış qapısından yeddi-səkkiz addım aralanmışdım ki, arxadan kimsə adımı çağırdı. Zərif qadın səsi idi. Dayanıb geri döndüm.
– Yaşar müəllim deyilsiniz? – Səsin yiyəsi dilləndi və qarşı-qarşıya dayandıq. Başımla “hə” deyib onu tanımağa çalışdım.
– Deyəsən, məni tanımadınız? Mən sizi üç saat qabaq İstanbul hava alanında gendən gördüm. Ancaq yaxınlaşmağa ürək eləmədim. Bilməzdim ki, yol yoldaşıyıq, eyni yerə gəlirmişik.
Qadının üz cizgiləri ala-tala yadıma düşürdü. Ancaq yaddaşımın hansısa künc-bucağında qalaqlanmış tanış cizgilər arasından bu qadına aid olanları hələ tam yığıb yığışdıra bilmirdim. Onu xəyalımda tam bərpa etməyə sanki xırdaca bir təkan lazımdı. Cavab vermək əvəzinə gülümsəyirdim.
– Yadınızda qalmaram. Həyatda cəmi bircə dəfə üz-üzə gəlmişik. İki-üç kəlmə danışmışıq. O da... – Ani fikrə getdi – on dörd il əvvəl. Heç sizi unutmuram.
Deyəsən, qadın məni ovsuna salmaq istəyirdi. Gümanım o qədər uzağa getməmişdi. İndi gəl tap görüm on dörd il əvvəl kiminlə və harada iki-üç kəlmə kəsmisən.
Amma qadın üzdən mənə çox yapışıqlı görünürdü. Belə məsum və hər ilməsi titrəyən hissiyatlı üz addımbaşı adama rast gəlmir.
O, nazlandı, gözləri süzüldü:
– Cox başınızı sındırmayın. Deyim kiməm?
Tapança kimi açıldım:
– Nəzrin xanımsınız! “Teleteatr”da, televiziya verilişinin çəkilişində görüşmüşdük.
O, güldü, düz tapmışdım.
Ürəkləndim.
– On dörd il yox, dəqiq deyim, bu gün oktyabrın iyirmi ikisidirsə, onda düz on beş il altı ay bundan qabaq üz-üzə gəlmişik.
– Nə dəqiq danışırsınız?
– O gün səhər
mənim qızım anadan olmuşdu. Xəstəxanadan birbaşa
“Teleteatr”a çəkilişə gəlmişdim. Ona
görə də tarixçə dəqiq yadımdadır.
– Onda mən ilk elmi məqalələrimi yazırdım.
– Mən də.
– İllər nə tez ötüb keçdi?!
– Deməyin...
– Çəkilişdən qabaq səhnədə
gözlənilmədən mənə
yaxınlaşdınız.
Gülümsəyə-gülümsəyə “Gəlin
– Hələ də incikliyiniz davam edir?
– Hə, – qadın kövrək səslə dedi – onda
gözləyirdim ki, çəkilişdən sonra
könlümü alacaqsınız. Amma bunu
etmədiniz. Axı, mənə söz tez
dəyir.
Çiyinlərimi çəkdim:
– Vallah, mən heç bunun fərqində
olmamışam. – Yarızarafat əlavə etdim. – On beş il altı ay sonra üzr istəsəm,
yerinə düşərmi?
Qadın gülümsündü:
– Üzr istəməyə tələsməyin.
Ani pauza verib soruşdum:
– Sizi qarşılayan olacaq?
– Yox, qarşılanmağı sevmirəm. Özüm taksiyə minib gedəcəyəm.
– Hansı otelə düşəcəksiniz?
– “Böyük otel”ə.
– Mən də “Böyük otel”də qalacağam.
– Yolumuz birdir ki...
Biz taksiyə minib arxa
oturacaqda əyləşdik. Gözüm
yan-yörədə qalmışdı.
Qadın soruşdu:
– Burada birinci dəfənizdir?
– Hə – dedim, – Sabahdan başlanacaq iqtisadi forumda
iştirak edəcəyəm, hələ üç gün
buradayam. – Və ona baxdım. – Bilmirəm soruşmaq
lazımdırmı, Siz...
– Mən – qadın dilləndi – 19 Mayıs
Universitetində üç gün
tələbələrə mühazirə oxuyacağam.
Biz otelə çatanda
gün günortadan əyilmişdi. Axşam saat altıya
otelin foyesində görüş təyin edib, buralarda deyildiyi
kimi, odalarımıza çəkildik.
Yuyunub dincəlmək
istədim. Səhərdən yolda idim. İki
reys dəyişməklə Bakıdan buraya gəlib
çatınca amanım kəsilmişdi. Suyun
altına girdim. Qadın fikrimdən
çıxmırdı. İllər uzunu
kiminsə düşüncələrində yaşayasan, amma
özünün xəbərin olmaya, qəribədir. Görəsən, niyə onun yadında belə
qalmışam? Xırda bir inciklikdən
ötrümü? Bu, ola bilməz. Bəlkə mənə vurulubmuş? Bəlkə “Teleteatr”da ona yaxınlaşanda
baxışımda, duruşumda, danışığımda
nəsə sezilibmiş?
Aha, yavaş-yavaş yadıma düşürdü,
mən onu gendən görəndə istilənmişdim. Onun nəcib hərəkətləri,
məlahətli görünüşü hisslərimi
oynatmışdı. Bəlkə də elə ona
görə
“Teleteatr”da
çəkiliş necə keçdi, bilmədim. Çəkilişdən
sonra xanım tez-tələsik çıxıb getdi. Özümdən asılı olmayaraq onun ardınca
qapıdan çıxdım. Çöldə
o, gözümə dəymədi. Qapıda
dayanıb Ağamiri gözlədim. Deyəsən,
məqsədim onunla gəzib-dolanmaq, çayxanaların
birində oturub çay içmək yox, Nəzrin haqqında
nəsə öyrənib bilməkdi.
Ağamir içimi qırdı:
– Gözəl qadındır. – dedi –
İyirmi beş yaşı var. Ala-babat yazır. Ərdədir. Əri ilə
redaksiyaya gəlmişdi, efirə çıxmaq istəyini
bildirdi. Sözünü yerə
salmadım, qoy ruhlansın. Hiss edirəm ki, əri
çox qısqancdır, bir an onu gözdən qoymur. İmkan versəydim, səhnədə də arvadının
yanında oturardı. Yəqin ki, sənin
ona yaxınlaşıb kəlmə kəsməyinin də
hesabını əri Nəzrindən soruşacaq. Əri salonda tamaşaçıların arasında
idi. Onun arvadının sağına-soluna
baxmağını görəydin.
Soruşdum:
– Bəs nə əcəb xanımının efirə
çıxmasına razı olur?
Ağamir dedi:
– Qısqanc kişi güclü
ər demək deyil, əksinə, bu əfəllik,
yaramazlıq əlamətidir.
Bir müddət Nəzrini
adda-budda efirdə gördüm. Sonralar o, yoxa
çıxdı. Ağamirdən də
onun haqqında bir şey soruşmadım.
Nəzrin haqqında bildiyim
bundan artıq deyildi.
Axşam saat altıda otelin
foyesində görüşüb şəhəri
gəzməyə çıxdıq.
– Mən bu şəhərdə bir neçə
dəfə olmuşam. Üç-dörd
baxılmalı yeri var. Mənim ən çox xoşuma
gələni Atatürkün başının
dəstəsilə Tütün iskələsindən, –
iskələ – limana deyirlər, qadın izah etdi –
çıxmasını təsvir edən
görüntüdür. İstiqlal
savaşçılarının mumdan düzəldilmiş
heykəlləri o qədər canlıdır ki, kənardan
baxanda elə bilirsən, doğrudan da bu dəqiqə onlar
“Bandırma” gəmisindən sahilə ayaq basıblar. Yəqin ki, bilirsiniz – deyə o, əlavə etdi –
Mustafa Kamal Atatürk İstiqlal savaşını Samsundan
başlayıb.
Mızıldandım:
– Əlbəttə,
bilirəm.
Gülümsəyib dedi:
– Bu şəhərdə bir deyim var. Həmən
abidəyə ilk dəfə baxanlardan birinin
sözüdür, adamların dilinə düşüb.
Maraqla soruşdum:
– O nə deyimdir elə?
– Kim vəziyyətdən narazı olursa, deyir:
“Atatürkün Qara dənizdən Samsuna bir də
çıxması lazım.”
Qımışdım.
– Amma doğrudan da həyatda hər kəsin bir
Tütün limanına ehtiyacı var – bunu deyəndə
Nəzrin xanımın səsinə nisgil qonmuşdu.
Biz gəzə-gəzə
onun dediyi yerə gəldik.
– Lap xanım Tüssonun fiqurlarına oxşayırlar –
dedim.
Qadın dilləndi:
– Bu fiqurlar gendən daha qüsursuz
görünürlər.
– Deyirsiniz yaxına getməyək?
– Onsuz da Samsunda bütün
mədəni tədbirlərin proqramına buranın, bir
qədər aralıda, külək tutmayan yerdə sahilə
bərkidilmiş “Bandırma” gəmi-muzeyinin gəzintisini
salırlar. Sizə də sabah-birigün şəhəri
göstərəcəklər.
Hava xoş olduğuna
görə biz abidənin yaxınlığındakı yay
kafesində əyləşdik. O, meyvə şirəsi
içəsi oldu, mən çay.
Günorta olmuş söhbətimizi davam etdirmək
istədim:
– Sizdən üzr istəməyin vaxtı yetişibmi?
Qadın ah çəkdi:
– O bir xatirədir. Xatirəyə heç
nə əlavə etmək olmaz. Etsək
də, yamaq kimi görünər. Ancaq
bizim həmən ani görüşümüzün davamı
uzun çəkdi. Sizə rast gəldiyim
günə minnətdarlıq hissilə
yanaşdığım vaxtlar olub. Siz
mənim taleyimdə dönüş yaratdınız. Mən özüm sizi istinadgah seçdim.
Quruyub qalmışdım. Bu qadın
nə sayıqlayırdı?
– Mən sizi köməyə çağıra
bilərdim. Bəlkə də məni hansısa
çətinlikdən qurtara bilərdiniz.
– Bəs niyə çağırmadınız?
– Məsələni uzatmaq istəmədim.
– Çox üstüörtülü
danışırsınız.
O, nəfəsini dərdi və yumşaqca dedi:
– Hövsələniz olsun. Efirdə
“Xəbərlər” proqramına baxmırsınız. Mən öz taleyimdən danışıram.
Onu haqlı çıxartmağa
çalışdım:
– Hə, düz deyirsiniz. Ah-ufsuz,
pauzasız, göz yaşısız nə xatirə?
Bağışlayın!
– Sizdən incikliyim bitib. Özü də
çoxdan. Danışacaqlarımı hara
istəsəniz, yoza bilərsiniz
Mən susdum, deyəsən
yerinə düşəcək sözlər məndən
qaçaq düşmüşdü.
Qadın gözlərini bir
nöqtəyə zillədi. Elə bil həmən
nöqtədə o, baş vermiş hadisələri
təzədən görürdü.
– O gündən sonra – qadının səsi eşidildi –
günüm göy əskiyə büküldü. “Teleteatr”dan evə kor-peşman qayıtdım. Ərimin qısqanclığı fontan vurmuşdu.
Onsuz da o, mənə göz verib işıq
vermirdi. Ancaq həmən gün sizin
mənə yaxınlaşıb kəlmə kəsməyiniz,
əlimdən vərəqi alıb oxumağınız,
mənim gülümsəməyim ərimi cin atına
mindirmişdi. Yol boyu deyindi, evdə də
yatana qədər sakitləşmədi. Ertəsi
gün axşam efirdə görünəndən sonra – onu
deyim ki, operator məni tez-tez göstərirdi – bir
neçə telefon zəngi gəldi. Hər
dəfə dəstəyi ərim götürürdü.
Hamısı özümüzünkülər
idi, məni təbrik edirdilər. Ancaq
sonuncu zəng edən səsini çıxartmırdı.
Ərim nə qədər “Alo! Alo!” desə də, qarşı tərəf susurdu.
Gözləri hədəqəsindən
çıxan ərim dəstəyi telefonun üstünə
atdı. Anonim zəng bir neçə
dəfə təkrar olundu. Belə
vəziyyətdə manyakcasına qısqanc olan birisi
özünü necə aparar? Mənə dişinin
dibindən çıxanı dedi və axırda ilan kimi
sancdı:
– Hə, “Teleteatr”ın səhnəsində
səninlə xısınlaşan oğlandan elə
dünəndən şübhələnmişdim. Zəng edən odur, alçaq səsini
çıxartmır. Yəqin elə bilib
bu gün evdə yoxam. Daha bilmir ki,
səfərimi sənin televiziyadakı sarsaq
çıxışına görə təxirə
salmışam.
O, doğrudan da iki günlük Tiflisə getməli idi,
ancaq mənim ucbatımdan səfərini gələn
həftəyə saxlamışdı.
Mən özümü təmizə çıxarmaq
istədim:
– O zəng eləyən mən deyildim.
Qadın təmkinlə cavab verdi:
– Mən bilirdim zəng oğrusu kimdir. Bu,
qonşu binada yaşayan ağıldanseyrək bir yeniyetmə
oğlandı. Mənə vurulmuşdu.
Bir-iki dəfə həyətdə
qabağımı kəsmişdi. İnadından
dönmədiyini görüb onu acılayandan sonra anonim
zəngə keçmişdi. Baş
qoşmurdum. Fikirləşirdim ki,
tezliklə həvəsdən düşəcək. Ərim özündən uydururdu, yelbeyin onun hara
gedəcəyindən xəbər tuta bilməzdi.
– Bəs niyə bu sirri açmırdınız?
– Ərimin
maymaqlığını bilirdim. Səs-küy salıb
məni məhlədə biabır edərdi.
– Birdən ərin gəlib mənim yaxamdan
yapışaydı?
Sualım lap şit çıxdı. Özümdən
zəhləm getdi.
Qadın dik üzümə baxıb soruşdu:
– Qorxardın?
Qadın, bilmədim, ya
qəsdənmi, ya o illərə
qayıtdığındanmı birdən-birə “Sən”ə
keçmişdi. Bu anda o, necə də məsum
görünürdü.
Mən çiynimi çəkdim:
– İndi “Qorxmazdım”
deməyə nə var ki? Hər şey
olub-bitib. Amma o zaman özümü
necə aparırdım, deyə bilmərəm.
Deyəsən, cavabım onun
xoşuna gəldi.
Qadın dilləndi:
– Təsdiq və inkar etməsəm də, sevinirdim ki, o,
sənin adını çəkir. Mən
həmən vaxta qədər dayaq nöqtəmi tapa bilmirdim.
Ərim özü mənim üçün
əlyeri uydurmuşdu. Susmağım onu
öz qondardığına inandırmışdı. Evdə dığ-dığ üç ay
çəkdi.
– Telefon zəngləri yenə davam edirdi?
– Hə...
– Həmən yelbeyin oğlanın valideynləri ilə
danışıb bunun qabağını ala bilərdin.
– Özüm istəmirdim. Hətta,
axır-axırda o zənglər üçün
darıxırdım da.
– Niyə?
– Ərim elə bilirdi ki,
mənim ləyaqətimi təkcə o qoruyur. Bu, məni
əzirdi. İstəyirdim qısqanc kişi
daha çox şübhələnsin, məni gözdən
qoymasın, gecə-gündüz izləsin və öz
axmaqlığını daha tez anlasın. Ancaq
mən deyən olmadı. Qısqanclıq
ağır xəstəlik imiş. Bu
xəstəliyi yalnız ayrılıq sağalda
bilərmiş. Axırda duruş
gətirə bilmədim. Boşandıq.
– Üşümürsən?
O, üşəndi:
– Hava döndü. Əynim elə də
qalın deyil. Bəlkə bir az
gəzişək.
Ayağa durduq. Otelə
sarı xırda addımlar atmağa başladıq.
– Hə, yeri gəlmişkən soruşum – qadın
dilləndi. – Ağamir müəllimdən nə xəbər?
Bir vaxtlar o, mənim əlimdən tutub efirə
çıxardıb, ürək-dirək verib.
Mən astaca dedim:
– Üç ildir ölüb.
Qadın ah çəkdi:
– Üzünə üz tutduqlarımdan biri də getdi...
Keçmişimiz qəbristanlığa dönür...
Çətindir!
Yavaş-yavaş
qadının üzü sakit ifadə alırdı. Sanki o,
keçmişə aid düşüncələrinin
sonuncularını xatirə rəfinə qoyub bugünün
səthinə çıxırdı.
– Hə – Nəzrin xanım dilləndi – qayıdaq bu
günə. Həyat sonsuz bir
təfərrüatdır. Adam
həmişə hadisələrin içində olmaq
istəyir. Həyatın ən
qızğın və ən maraqlı yeri indidir.
Ani pauzadan sonra o, əlləri ilə nazik pencəyini
əyninə daha da kip oturdub pıçıldadı:
– Deyəsən, üşüyürəm. Xəstələnməsəm yaxşıdır.
Sinoptiklər bu günlərdə havanın isti
keçəcəyini bildirmişdi. Səfərə
özümlə plaş götürməmişəm.
– Gedək mağazada sənə plaş axtaraq!
Bilmirəm heç niyə qəfildən belə dedim.
O, uşaq kimi sevindi:
– Gedək görək yüngülvari bir şey
tapırıqmı?
Yola çıxıb taksi
saxlatdırdıq. Sürücü istəyimizi
öyrənib, bizi çarşıya apardı.
Çarşıda qadın
geyimləri bölməsindən Nəzrin xanım
açıqrəngli, nisbətən ucuz bir
gödəkçə seçdi. Bu paltar ona çox
yaraşdı.
Onu çox
çətinliklə razı salsam da,
gödəkçənin pulunu mən verdim.
O:
– Kiminsə mənim yerimə pul ödəməsini
çoxdan yadırğamışam – dedi və zarafatla
əlavə etdi: – Amma səndən bir nişanə qalsa
yaxşıdır. Axı, sən mənim on beş
il, altı aylıq tanışımsan. Həm də –
güldü – dayaq nöqtəm...
Axşam yeməyinin vaxtı
idi. Çarşıdan çıxıb azacıq
aralıdakı balıq restoranında üz-üzə
əyləşdik. Adama bir ləvrək
qızartması və “Koka-kola” sifariş verdik.
İçəridə
alaqaranlıq idi. Şam işığında
oturmuşduq. İndi qadının
üzünü bütöv görürdüm. Şamın titrəyən şölələri
onun alnında, yanaqlarında, çənəsinin ucunda
tül kimi yellənirdi. Bu yaşda
qadınlar şam işığında daha gözəl
görünürlər. Gözlərimin azacıq zəifliyi
onun füsunkarlığını bir az da
artırırdı.
Qadının
dodaqlarının tərpənməyi məni xəyaldan
ayırdı.
Duruxdum. Elə bil
fikirlərimi oxumuşdu, ona heyran olmağıma imkan vermək
istəmirdi. Dediyi sözlər bir an
sonra mənə çatdı:
– On birinci ildir Türkiyədə yaşayıram. İki universitetdə çalışmışam.
İndi Çanaqqaladayam. Buralara
öyrəşmişəm.
Xidmətçi sifariş
etdiklərimizi gətirdi. Sanki o, bugündə
olduğumuzu xatırlatmağa gəlmişdi. Deyəsən, keçmişə qayıtmaq
heç cür mümkün olmayacaqdı. Musiqi səsi, şam, çəngəl-bıçaq,
pərdələr keçmişin yolunu
bağlamışdı.
– Qara dənizin balıqları dadlı olur – qadın
qolaysız bir cümlə fırlatdı.
Lap söndüm. Fikrimdən
keçdi ki, söhbət balıqlardan başlandısa,
yönlü bir yerə gedib çıxmayacaq. Ancaq özümü sındıra bilməzdim.
O axşam ordan-burdan xeyli danışdıq. Samsunda dənizə tilov atmış
balıqçı heykəlindən tutmuş Uqo
Çavesə qədər.
Gecə saat on birə
işləmiş otelə döndük. Səhər
onu dərs, məni iclas gözləyirdi.
Sonrakı iki gündə
başım elə qarışdı ki, Nəzrin xanımla
cəmisi bircə dəfə telefonda hal-əhval tuta bildim. Onun da burada işi az deyilmiş.
Üçüncü
gün günorta iqtisadi forumun bağlanışı oldu. Otelə
qayıtdım. Qadının otaq telefonuna
zəng açdım, cavab gəlmədi. Çarpayıya
uzandım. Deyəsən, forum boyu iclaslar,
görüşlər, qəbullar, gəzintilər, restoranlar
məni üzmüşdü. Dincəlmək
ləzzət verirdi.
Bir də qadına zəng
etdim. Telefon susurdu.
Üç saat
ərzində mürgü vura-vura hər yarım saatdan bir onu
telefonla aramağım bir fayda vermədi.
Haçan yuxuya
getmişəm, xəbərim olmayıb. Telefonun
səsinə yerimdən dik atıldım. Nəzrin
xanımın səsi eşidildi:
– Salam!
Yuxulu olduğumu gizlətməyə
çalışaraq dilləndim:
– Salam!
– Telefonuma nə çox zəng etmisən?
– Nədən bildin?
– Zəng çalıb qışqırmaqdan telefonumun
səsi batıb, xır-xır xırıldayır.
– Sən zarafat edirsən, doğrudan səni çox
aramışam.
– Bu gecə saat birdə İstanbula uçuram.
– Mən isə sabah səhər. Hələ vaxtımız var.
– Hə, saatyarımdan sonra məni aşağıda
gözlə.
– Danışdıq.
Geyinib deyilən vaxtda otelin
girişində olmaq üçün qapıdan çıxmaq
istəyirdim ki, telefon zəng çaldı. Dəstəyi
götürdüm, yenə Nəzrin xanım idi. O,
zarıncı səslə dedi:
– Xahiş edirəm, mənim odama gəlin.
Onun öləzimiş
səsindən narahat oldum və tez otaqdan çıxdım.
Döyməyimlə
qapının açılmağı bir oldu. İçəri
keçdim.
– Birdən-birə özümü pis hiss etdim – dedi, –
ağrıyıram.
Ağrımağı onsuz
da aydın görünürdü.
– Nədən ola bilər? – soruşdum.
– Dəqiq bilmirəm, amma son aylarda bir-iki dəfə buna
oxşar küt ağrılarım olub. Fikir
verməmişəm. Ağrıkəsici
dərman içməklə sovuşdurmuşam.
Ayağa durdum:
– Onda mən qaçım dərman dalınca!
– Hələ otur, – o, əlilə mənə oturmaq
işarəsi verdi, – bəlkə
ağrı özü keçdi. Ağrıyanda
tək qala bilmirəm. Hənir
istəyirəm.
Könülsüz
əyləşdim. Bilmirdim vəziyyəti necə
dəyişim. O da oturub kresloya qısıldı.
Dörd-beş dəqiqə
belə keçdi. Onun halının
ağırlaşdığı gün kimi aydın idi. Dişini dişinə sıxıb ağrıya
dözürdü.
Daxilən hövsələdən çıxdım:
– Məncə, təcili yardım çağırmaq
lazımdır.
– Yox! İstəmirəm! Zəhmət
olmasa, mənə bir ağrıkəsici dərman tapıb
gətir.
Yerimdən
sıçrayıb qapının dəstəyinə əl
atdım. Aşağı düşməyim, taksiyə
minməyim, aptekdən dərman almağım, geri
qayıtmağım iyirmi dəqiqədən çox
çəkməzdi.
Nəzrin xanımın
rəngi boğulmuşdu. Hiss olunurdu ki, ağrıları daha
da şiddətlənib. Su gətirib tez ona bir
dərman içirdim.
İndi biz dərmanın
təsirini gözləməliydik.
– Nə yaxşı sənə rast gəldim – o,
zarıdı.
– Narahat olma, keçib gedər. Bəlkə
çay gətirdim?
– Yox, heç nə istəmirəm.
– Ağrıkəsici neçə dəqiqəyə
təsir edə bilər?
– On beş – iyirmi dəqiqəyə.
– Çalışaq, dözək! – Mən onun
ağrılarına şərik çıxmaq istədim.
Sözümdən
qadının dodaqları azacıq qaçdı. Bu mənə təskinlik verdi, deməli, hələ onun canında
gülümsəməyə hey qalmışdı.
On beş-iyirmi
dəqiqəmiz hədər getdi. Qadının
ağrısı kəsmədi. Daha da narahat olmağa
başladım:
– Xahiş edirəm, razı ol, həkim
çağırım. Yersiz risk etməyək.
– Hə, sən deyən olsun, çağır.
Resepşinə zəng
açıb, təcili yardım
çağırmasını xahiş etdim.
– Heç istəməzdim ki, sən məni bu halda
görəsən. Qəribədir, xəyallarımızda
həmişə həyatın yaxşı tərəfini
düşünürük – o, kövrək-kövrək dedi.
– Amma qəzavü-qədər bizi tez-tez peşiman eləyir.
Ona təsəlli vermək istədim:
– Hesab eləyək ki, indi mən xəstələnmişəm, sən mənim yanımdasan.
Bu vaxt qapı döyüldü. Qapını açdım. Gələn təcili yardım həkimləri idi.
Qısa müayinədən sonra onlar Nəzrin xanımı xəstəxanaya aparmaq qərarına gəldilər.
Nəzrin xanım mənə baxdı:
– Mən bu gün mütləq uçub getməliyəm.
Zorla gülümsədim:
– Əlbəttə! Əlbəttə!
O, tibb bacısının təklif etdiyi diyircəkli xəstə kreslosuna oturmadı, canını dişinə tutub, öz ayağı ilə yanımızca gələrək ambulansa mindi. Mən də onun dalınca.
Yol boyu qolundan yapışmışdım.
Təcili yardım xəstəxanasında uca boylu cavan bir həkim onu müayinə etdi. Qan təzyiqini ölçdü, qanından analiz götürdü, ağrıkəsici iynə vurdu. Sonra mənə baxıb “Müsafirsiniz?” – deyə sordu. Mən “Bəli” əvəzinə “Əvət” dedim. O, gülümsündü və “Bəkləyin, eşinizin testinin cavabı çıkacak” – dedi:
Nəzrin xanım onun dediklərini eşitsə də, canının hayında idi. Mən də üstünü vurmadım. Xanımın mənim eşim – arvadım olmadığını həkimə anlatmağımın heç bir mənası yox idi.
Biz divanda yanaşı əyləşib gözləməyə başladıq.
Nəzrin xanım dedi:
–Bu qədər qayğıkeş olduğunu bilməzdim.
– Ağrın azalırmı? – Özümü söhbətin hədəfindən çıxarmaq istədim.
– Yaxşı ki, sən yanımdasan – o, kövrəlmişdi – son illər xəstələnəndə elə bilirəm dünyada heç kimim yoxdur. Bunu oğluma bildirmirəm. Oğlan uşağıdır, böyrümdə bitib qalmayacaq ki... İndi o, Amerikadadır. Yel universitetində oxuyur. Qoy özünə bir gün ağlasın.
Onun gözləri dolmuşdu, səsinin titrəyəcəyindən qorxub, bir anlıq susdu. Mən də danışmağa söz tapmırdım.
Sonra azacıq toxdayıb dedi:
– Həyatın qəribə işləri var. On beş il yarımdan sonra məni xilas etmək üçün uzaq, balaca bir şəhərdə peyda olmusan.
Tibb bacısı bizi həkimin yanına çağırdı. Testin cavabı çıxmışdı. Həkim əlindəki kağıza baxa-baxa dedi:
– Korkulu bir şey yok. Qıda borusunda
iltihab vardır. Şu kağıtta
yazdığım ilacları alın. İnşallah,
sağalırsınız.
Rahat nəfəs aldıq. Xəstəxanadan
çıxıb mindiyimiz taksini əczaxanaya
sürdürdük. Reseptdəki
dərmanları alıb otelə qayıtdıq. Nəzrin xanım tələsirdi. O,
dirilmişdi, elə bil bayaqkı xəstə deyildi.
Saatına baxdı:
– Uçağın yola düşməsinə bir saat on
beş dəqiqə qalır.
– Narahat olma, – dedim – oteldən hava alanına cəmisi iyirmi dəqiqəlik yoldur. Çatdırarıq.
O, yuxarı qalxdı. Mən onu aşağıda gözləyəcəkdim. Özü belə istədi.
Fikrimi məşğul edən onu aeroporta tez çatdırmaq idi. Gözüm liftin qapısında qalmışdı, dəqiqələr uzanırdı.
Nəhayət, Nəzrin xanımı liftdən çıxanların arasında gördüm. Xidmətçi onun çamadanını gətirirdi.
Mənim hesabımla hava alanına bərabər getməliydik. Ona görə xidmətçi qonağın yükünü taksiyə yerləşdirdikdən sonra miniyin arxa qapısını açıb, Nəzrin xanıma əyləşməyi təklif etdim.
O, sağ əlimi əllərinə alıb dedi:
– Gəl sağollaşaq! Əziyyətimi çəkdin. Halal elə.
– İstərdim səni hava alanına qədər ötürüm. – dedim.
– Neçə illərdir qarşılanmağı da, yola salınmağı da gündəlikdən çıxarmışam. Xahiş edirəm nəzərə al, mənə bu barədə daha heç nə demə. Artıq təkliyə öyrəşmişəm. Sağ ol! Çanaqqalaya yolun düşsə, məni ara. Ünvanım səndə var. Hələ ki Bakıya gəlmək fikrim yoxdur. Gəlsəm, mütləq görüşəcəyik. Bu görüş mənə hələ on beş il bəs eləyər.
Başqa söz tapmadım:
– Bəlkə on beş il altı ay
demək istəyirdin?
Gülüşdük.
O, gənc qız kimi pəncələri üstə
qalxıb üzümdən öpdü və iti addımlar
ataraq taksiyə mindi.
Mən sabah səhər reysi ilə
uçmalı idim. Sabaha hələ çox
vardı.
Əjdər
OL
525-ci qəzet.- 2010.- 25 dekabr.-
S.26-27.