Azər Turanın “Cavidnamə”si

 

Qarşımda bir kitab var, Azər Turanın “Cavidnamə” kitabı. Bu kitabın dünyaya gəlməsini, işıq üzü görməsini neçə illərdi mən çox böyük ümidlə və həsrətlə gözləyirdim. Azər Turanla ruh qohumluğumuz, könül dostluğumuz, fikir doğmalığımız, gündəlik söhbətlərimiz, ardıcıl və fasiləsiz ünsiyyətimiz mənə imkan verir ki, Türk-Turan dünyasının böyük şairi Cavid Əfəndiyə həsr olunmuş bu kitab haqqında ürək sözlərimi sevimli oxuculara çatdırım. Uzun illərin müşahidəsi kimi məndə belə bir fikir formalaşıb ki, Azər Turan Cavid Əfəndinin ömür-gün yoluna ayna tutmaq, böyük şairin faciəli taleyini, çoxşaxəli və uzunömürlü yaradıcılığını, fikir və məfkurə dünyasını bütün çalarları və rəngləri, bütün istiqamətləri və yönləri ilə açmaq, təhlil və vəsf etmək, sevmək və yenidən sevdirmək üçün bu dünyaya gəlib.

Azəri tanıdığım ilk gündən bu günə qədər elə bir görüşümüz, söhbətimiz, məclisimiz, səfərimiz olmayıb ki, Azərin asta və usta, təmkinli və ağayanıq danışıqlarında Cavid Əfəndinin taleyi ilə bağlı ən maraqlı, ən acı, ən şirin duyğulara toxunulmasın. Tarixi və ədəbi təcrübə göstərir ki, yazılan əsər, kitab o zaman milyonların sevgisinə çevrilir, o zaman hamının diqqətini çəkir ki, müəllif özünün yaratdığı baş obraza, əsərin qəhrəmanına bütün varlığı ilə vurulur, saçından-dırnağına qədər ona bağlanır, gecəsini, gündüzünü, bir günün 24 saatını gecələr yuxuda, gündüzlər həyatda ona həsr edir, ona bağlanır. Yediyi çörək də, içdiyi su da, udduğu hava da, yeridiyi torpaq da, baxdığı göy də onun üçün yazdığı əsərin mayasına çevrilir. Azər Turanın bəxti onda gətirib ki, yer göyə, bulaq çaya, çay dənizə can atan kimi o da Cavid Əfəndiyə qovuşmağa, Caviddə əriməyə, Caviddə itməyə can atıb ki, bu itkidə özünün böyük həqiqətini – Cavidini tapa bilsin. Bəli, Azər Turan yazdığı, yaratdığı “Cavidnamə”də öz həqiqətini tapıb. Yazdığı, yaratdığı dedim. İstənilən şair haqqında istənilən kitab yazmaq olar. Bu o qədər də böyük hünər deyil. Ancaq yaddaşların sərvətinə çevrilən bir kitab dünyaya gəlibsə, demək o kitabı yaradan müəllifdə böyük bir yanğı, güclü bir təfəkkür, coşqun bir ilham, sağlam bir əqidə, sonsuz bir sevgi və həvəs var.

Azər Turan “Cavidnamə” kitabını Cavidin adına, şöhrətinə, türbəsinə, ruhuna layiq bir səviyyədə yaradıb. Əgər Azər bu vaxta qədər heç bir kitabı nəşr etdirməsəydi, “Cavidnamə”dən sonra bir sətir yazı yazmasaydı belə, təkcə bu əsərlə əbədi yaşamaq hüququ qazanardı.

“Cavidnamə” Cavid haqqında Azərin tək əsəri deyil. Bundan əvvəl böyük şair haqqında “Hüsnü-xuda şairi Hüseyn Cavid”, “Əbədi Turan”, İrfan çobanı”, “Cavid Əfəndi”, “Tahir Rasizadə”, “Turan Cavidin son söhbəti, son yaşantıları, son günü”, “Hüseyn Cavid” kimi kitabları işıq üzü görüb, oxucuların rəğbətini qazanmış, Azər Turana bir müəllif kimi böyük hörmət gətirmişdir. Adını çəkdiyim əsərlərin hamısı “Cavidnamə” adlı bir düşüncələr dənizinin çayları, gölləri, bulaqları, o dənizi daim hərəkətdə saxlayan, qalxan, enən, qabaran, çəkilən dalğaları, ləpələridir.

“Cavidnamə”də elm aləmində ilk dəfə olaraq Cavid bir şəxsiyyət və böyük yaradıcı kimi bütün istiqamətləri, cəhətləri, yönləri, xüsusiyyətləri ilə tam açılır, sərgilənir. Cavidin nəsil şəcərəsi, Naxçıvan, Bakı, Təbriz, Tiflis mühiti, ən geniş şəkildə İstanbul mühiti tam dəqiqliyi və genişliyi ilə açılır.

Azər Turanın Cavidin İstanbul mühitinə daha çox yer verməsi tamamilə təbiidir. Ona görə ki, böyük şairin Türk-Turan təfəkkürünə çox geniş şəkildə yiyələnməsi, məşhur türk alim və şairlərindən – Rza Tofiq, İsmayıl bəy Qaspıralı, Əlibəy Hüseynzadə, Yusif Akçurd, Ziya Göyalp, Bəkir Çobanzadə, Xaliq Ziya Uşaqlıgil, Cənab Şahabəddin, Əbdülhaq Hamidi, Məhməd Akif kimi şəxsiyyətlərin adı və taleyi ilə bağlı idi. Adını çəkdiyim ruhu hamımız üçün əziz olan bu tarixi şəxsiyyətlər, ədəbi simalar, təkcə Cavidin ədəbi taleyində deyil, ümumən Türk dünyasının taleyində, düşüncə tərzinin yeniləşməsində çox böyük rol oynamışlar. Şübhəsiz ki, bu qədər böyük təfəkkür sahibi olan şəxsiyyətlərin ictimai-siyasi, ədəbi-bədii, fəlsəfi-psixoloji təsir gücü Cavid kimi bir düşüncə sahibinin mənəvi varlığında izsiz-tozsuz, səssiz-səmirsiz ötüşə bilməzdi.

“Cavidnamə”ni çox böyük maraqla fasilə vermədən iki dəfə dərindən mütaliə edən, müşahidələr aparan bir qələm adamı kimi məndə belə bir qənaət yarandı ki, əgər Cavid İstanbul mühitində yetişməsəydi bu gün Azərbaycan ədəbiyyatının nə “İblis”i, nə “Şeyx Sənan”ı, nə “Peyğəmbər”i olmazdı. Əgər Hüseyn Cavid Osmanlı mühitində Əhməd Yəsəvinin, Mövlananın, Yunus İmrənin irfan nurunda işıqlanmasaydı, Fəridəddin Əttarın “Mantıkı-tayı” əsərini, Əlişir Nəvainin “Qisseyi Sənan” əsərini dərindən duymasaydı “Quran”ın cazibəsi onu əbədi olaraq irfan şairinə çevirməsəydi “Şex Sənan” kimi ölməz bir əsər yaranmazdı. Yazının bu yerində Cavidin Şeyx Sənanın türbəsi önündə dediyi ölümsüz və şahanə misraları xatırlayıram.

Ayıl, ey piri xoşdil,

ayıl bir xabi-rahətdən,

Qiyamətir, qiyamət, qalx,

oyan zövq al bu hikmətdən.

Ziyarətini gülbusələr

təzyin edir hər an,

Sən əhli-eşq üçün bir

Kəbə yapdırdın məhəbbətdən.

Bəli, Cavid Əfəndi Şeyx Sənanı yazmaqla, onu Türkün-Turanın sərvətinə çevirməklə Şeyx Sənana məhəbbətdən bir Kəbə yapdırıb.

Əgər Hüseyn Cavidə Şeyx Sənanı yazdıran ulu, qüvvət daha çox irfan işığı ilə bağlıdırsa “İblis”i yaradan səbəb daha çox Cavidin siyasi təfəkkürü, Müqəddəs müharibə adıyla dünyaya böyük maddi-mənəvi dağıntılar qətirən qanla, qırğınla, savaşla, satılanlar və alılanlarla bağlıdır. Məkkə əmiri Şərif Hüseyn Paşanın ingilislərin qızılına və yağlı dilinə aldanıb Türk dünyasının kürəyinə endirilən bıçağın hələ də sağalmaz yaraları, inildəyən ağrıları ilə bağlıdır.

1918-ci ildə Bağdadın süqutu, Mosulun və Kərkükün ingilislər tərəfindən tutulması, Osmanlı imperatorluğunun Mondros müqaviləsi əsasında məğlub olma səbəbləri, Qərbin Şərqə ardıcıl basqıları, müharibələri, şərin xeyrə ardıcıl hücumları böyük Hüseyn Cavidə “İblis” kimi bəşəri və ölməz bir əsər yazdırmışdır.

Eyni zamanda Cavidə “İblis”i yazdıran təkcə müharibə adlı şeytan deyil, həm də insanın içindəki şeytandır. Cavid qələmində İblisin insana müraciətini xatırlayaq.

Siz nə qədər məndən uzaqlaşsanız,

Yer deyil, əflakə uçub qaçsanız,

Qarşılaşıb birləşiriz daima,

Ayrı deyil, çünki biriz daima.

Bu şahanə misralarda böyük şair iblisin insana, şərin xeyrə münasibətini çox gözəl açır, çox aydın təqdim edir.

Mənim üçün, yəqin oxucular üçün də Azərin bir yaradıcılıq hünəri də ondan ibarətdir ki, Cavidin “İblis”inin yaranmasında böyük Turançı Əlibəy Hüseynzadənin böyük alman şairi Hötenin “Faust”undan elədiyi tərcümələrin tarixi əhəmiyyətini də gözdən qaçırmır, bu mövzunun təhlilinə də geniş yer ayırır. “İblis”lə bağlı Azər çox doğru olaraq qeyd edir ki, “Azərbaycanın dünyaya qovuşmasının, milli mədəniyyətimizin Avropa mədəniyyətinə inteqrasiyasının təməli “Fyuzat” tərəfindən atılırdı. Milton, Höte, Şiller, Bayron, Neyne Əli bəyin ölkəsinə Əli bəyin evindən daxil olurdu”.

Cavidin “İblis”ini, Hötenin Faustu, Belmoutun “təbliğçi iblisi”, Kalderonun “Ecazkar sehrbaz”, Ren Consonun “Şeytan”, Bayronun “Qabil”, Lermantovun “Demon” əsrəi ilə gətirdiyi müqayisələr oxucunu düşündürür və Cavid təfəkkürünün genişliyi insanı heyrətə salır.

Azər Turanın “Cavidnamə”sində Cavidi “Peyğəmbər”ə gətirən yollar, izlər, şaxələr, səbəblər çox dəqiqliyi və aydınlığı ilə təqdim olunur.

Kitabın “Hz. Məhəmməd və Türklər” hissəsində çox maraqlı bir hadisə var. “Məhəbbət və millət” kitabında Əhməd Kabaqlı yazır: “Əbülqazi Bahadır xanın “Gəcəreyi-türk” kitabında xoş bir parça var. Peyğəmbərimizin Türk millətindən olduğunu və ona sevgisini anladır, çox dəyərlidir. “Peyğəmbərimiz Merac əsnasında Cəbraildən soruşdu:

– Yer üzündə bəyaz atlılar görürəm, bunlar hansı millətdəndir?

– Bunlar Allahın süvariləri olan Türklərdir.

O zaman daha türklər müsəlman deyildilər. peyğəmbərimizə belə bəhs etdirən iç duyğusu nə idi? Buxaranın yanında Qureyş kəndi və oymağı vardır. Tarixin çox qədim dövrlərində türk yurdundan ərəb yarımadasına da köçlər olmuşdu. O böyüklər böyüyü insan öz soyunu və qanını daşıyırdı”

Bu tarixi misalı xatırlamaq kifayətdir ki, Cavidin “Peyğəmbər”ə sevgisi, Tanrı inancından təkcə dini yox, həm də milli duyğularından qaynaqlanır.

Hz. Məhəmməd mövzusu türk yazılı ədəbiyyatında Balasaqunlu Yusifin “Qudatlu bilik”, Əhməd Yəsəvinin “Divani-hikmət”, Füzulinin “Həqiqətüs-süada”, Hacı Bayram Vəli müridi Yazıçıoğlu Məhəmməd Əfəndinin “Məhəmmədiyyə”, Cübran Xəlil Cübranın “Peyğəmbər” əsərləri ilə zənginləşmiş, Cavidin “Peyğəmbər”i ilə tamamlanmışdır.

Qərb ədəbiyyatında Hz. Məhəmməd mövzusu Dantenin İlahi komediyasında, Volterin “Məhəmməd faciəsi”ində, Hötenin “Şərq-Qərb” divanında mənfi və müsbət meyllərlə işlənmişdir. Müsbət fikirlər Höteyə aiddir. Cavid Əfəndinin “Peyğəmbər” əsərini yazması heç şübhəsiz ki, Peyğəmbərin türklər haqqında hədisləri ilə də çox bağlıdır. “Peyğəmbər Xəndək davasını oturduğu Türk çadırından idarə edirdi” fikri də çox maraqlıdır və Azər Turan da bu fikrə hörmətlə yanaşmış, elmi mənbəni də göstərmişdir. “Kütub-əl-Sittə”.

Hüseyn Cavid “Peyğəmbər”i yazsa da onun səhnəyə qoyulmasına icazə verməmiş, öz əl yazısı ilə onu qadağan etmişdir. Bu hadisənin özü Cavidin Peyğəmbərə uca və müqəddəs münasibəti ilə bağlıdır və Azər Turan öz kitabında bu məsələləri tam genişliyi ilə oxuculara çatdırır. Azərin “Peyğəmbər”i təhlilində Promefeyə, Zərdüştə münasibəti, peyğəmbərlə paralel cəhətləri də maraqlıdır və yenidir.

Azər Turan Topal Teymurla bağlı fikirlərini Yusif Akçuranın, Əlibəy Hüseynzadənin, Nihal Atsızın, İsmayıl bəy Qaspıralının mülahizələri, düşüncələri əsasında daha da dəqiqləşdirir, oxucuya Əmir Teymurun və Cavidin “Topal Teymur”unun tarixdə yerini, əhəmiyyətini bir daha elmi şəkildə genişliyi ilə təqdim edir. Əmir Teymurla əlaqədar Cavidin düşüncə tərzi Ziya Göyalpın siyasi dünya görüşü ilə üst-üstə düşürdü. Ziya Göyalp öydüyü türk qəhrəmanları – Oğuz xanın, Bilgə xaqanın, Sultan Mahmud Qəznəvinin, Alparslanın, Çingizin, Atillanın, Fatehin, Baburun, Nadirin adları ilə yanaşı Teymurun da adını qürur və iftixar hissi ilə çəkir. Bu elmi qənaətlər Azər Turan tərəfindən daha geniş şəkildə araşdırılır və maraqlı məntiqi nəticələr ortaya çıxır. Cavidin “Topal Teymur” əsərindəki İldırım-Teymur münasibətlərinə Azər Turanın çox doğru olaraq münasibəti belədir: “Siyasi oyun Səmərqəndlə Bursa arasında deyil, yəni Əmir Teymurla İldırım arasında yox, Moskva ilə Ankara arasında gedir”. Azər Topal Teymura ortaq mədəniyyətin və ortaq dilin əsəri kimi baxır. Oxucuya Cavidin əsəri tam aydınlığı ilə çatsın deyə Azər Turan o dövrün ictimai-siyasi hadisələrini, Moskva-Ankara, Rusiya-Türkiyə, İldırım-Teymur münasibətlərini çox geniş elmi təhlilə cəlb etmiş və son nəticədə Cavidin bir şair kimi böyüklüyünü, siyasi təfəkkürünün genişliyi tarixdən ədəbiyyata gələn bir mövzunun kamil şəkildə qələmə alındığını göstərmişdir.

Cavidin “Xəyyam” pyesinə də Azər Turanın özünəməxsus elmi yanaşma tərzi var. “Xəyyam” əsərinin yazılmasını da Azər Turan İstanbul mühiti ilə Rza Tofiqin Xəyyam araşdırıcısı olması ilə əlaqələndirir. Xəyyamla bağlı Əlibəy Hüseynzadənin, Əkrəm Cəfərin, İsgəndər Palanın fikirlərinə öz münasibətini açıqlayır. “Xəyyam” təkcə Cavid yaradıcılığında və Azərbaycan ədəbiyyatında deyil, ümumən dünya miqyasında ən maraqlı ədəbi “Xəyyam”lardan hesab olunmalıdır qənaətinə gəlir.

“Cavidnamə” əsərində Cavidlə bağlı elə bir sahə yoxdur ki, Azər Turan ona toxunmasın, ondan yan keçsin. Cavidin ittihad idealı, Turan ülküsü, Qızıl alma romantikası, dildə birlik ideyasına bağlılığı, Türkiyə Cavidşünaslığında Cavidin yeri, Cavidin yetişməsində İsmayıl bəy Qaspıralının rolu, Cavidin və Cavid ailəsinin başına gətirilən faciələr, taleyində 59 ədədi yeddi dəfə təkrar olunan ağrılı-acılı Cavid ömründəki qabarma-çəkilmələri, Cavid və Bağırov problemi, Nəriman Nərimanovla, Məhəmmədəmin Rəsulzadə ilə, Kazım Qarabəkir paşa ilə dostluğu, Mirmöhsün ağaya münasibəti, Ərtoğrul Cavidin faciəli ölümü, Mİsginaz xanımın dözümü, təmkini, yaşadığı ağrılar, Turan Cavidin xatirə işığında Cavid, istintaq, dindirmələr, sürgün, qarlı Sibir və şair taleyi, Turan Cavidin son yaşantıları, son günü hamısı tam genişliyi ilə oxucuya çatdırılır. Tarixi məlumat kimi yox, öz həyat ideyalarını Cavidlə bağlayan bir yazıçı-alimin – Azər Turanın yanan ürəyinin, göynərtili duyğularının əks-sədası kimi! Cavidin mənəvi övladlarından, sənət pərvanələrindən, irfan çobanı aşiqlərindən birinin ürəyinin qanı, gözünün yaşı, dilinin sızıltısı, kimi! Bütün elmini, biliyini, savadını, istedadını öz mürşidi-kamilinə bağlayan bir Cavid müridinin təmiz, saf, bakirə, müqəddəs duyğularının tərcümanı kimi! Azər Turan Cavidlə bağlı gündəlik söhbətlərində heç vaxt Hüseyn Cavid demir, həmişə Cavid Əfəndi kəlməsini işlədir. Əfəndi kəlməsi daha isti və daha səmimi səslənir. eyni zamanda Cavidin millət və ədəbiyyat qarşısındakı xidmətlərinə, ədəbiyyatda əfəndilik sənətini yerinə yetirdiyinə görə Azərin böyük şairə sevgisi əfəndi müraciətində daha gözəl, daha doğma səslənir.

Cavid Sibirə sürgün olunanda heç kəs onu yola salmamışdı. Çünki dövrün Stalin-Bağırov xofu var idi. Cavid Sibirdən Vətənə qayıdanda bütün Azərbaycan onun pişvazına, onu qarşılamağa çıxmışdı. Çünki müstəqil Azərbaycanın Heydər Əliyev kimi böyük oğlu və Cavidə tükənməz Heydər Əliyev məhəbbəti, xalq sevgisi var idi. Cavid Əfəndi Azərbaycana-Naxçıvana qayıdandan sonra dastanlaşdı, heykəlləşdi, türbələşdi. Heykəlinin ətrafı şeir-sənət meydanına, türbəsi əbədi ziyarətgaha döndü. Zamanın buzu sındı, haqqında çox qiymətli əsərlər yazıldı. Cavid haqqında ən möhtəşəm ədəbi-elmi-tarixi abidələrdən biri də Azər Turanın yazdığı, yaratdığı “Cavidnamə” kitabı oldu.

Bu kitabın ən qiymətli cəhətlərindən biri də ondan ibarətdir ki, bütövlükdə Rasizadələr və Cavidlər ailəsinin taleyi onun səhifələrində çox geniş şəkildə öz əksini tapmışdır. “Cavidnamə”yə tərtibat xüsusiyyətləri”nə görə “kitab içində kitablar” adı da vermək olar. Şeyx Məhəmməd Rasizadənin kitabı, Misginaz xanımın kitabı, Tahir Rasizadənin kitabı, Turan Cavidin kitabı.

“Cavidnamə”nin ən uğurlu cəhəti bir də onunla bağlıdır ki, Azər Turan hansı yaradıcılıq yanğısı ilə Cavidə yanaşıbsa elə həmin sevgiylə də Ərtoğrul Cavidin həyatını və yaradıcılığını işıqlandırıb. Ərtoğrul Cavidin ortada olan yaradıcılıq məhsulları – şeiri, rəsmi, tərcüməsi, simfoniyası, bəstəsi, folklor yaradıcılığı və s. insanı heyrətə salır. O sanki atasının heyfini acı taleyin acığına öz coşqun və məhsuldar yaradıcılığı ilə almaq istəyib. 24 yaşlı bir gənc. Möcüzəli istedad. Şair, rəssam, musiqişünas, bəstəkar, folklorşünas, etnoqraf, dramaturq, ssenarist.

“Babab Hüseyn Cavid bir Günəş idi, yüksəldi, parladı, yarasaların gözünü kor etdi” – deyən Ərtoğrul bəy də bir Günəş kimi parlamaq gücünə sahib olub, ancaq zamanın qara pəncəsi, amansız işgəncələri onu da atası kimi yarı yolda, yarı mənzildə qoyub, bütün arzularını alt-üst edib. Ərtoğrul bəyin bütün yaradıcılıq məhsullarını bir kənara qoysaq, təkcə folklor araşdırıcısı kimi də ədəbiyyat tarixində qalmağa tam haqqı və hüququ olardı.

Azər Turanın Ərtoğrul bəyin yaradıcılığını tam genişliyi ilə təqdim etməsi bizə imkan verir deyək ki, Ərtoğrul bəyin vaxtsız ölümüylə Azərbaycan ədəbiyyatı ən böyük şairini, Azərbaycan musiqisi ən böyük bəstəkarını, Azərbaycan rəssamlığı ən böyük rəssamını, Azərbaycan kinosu ən böyük dramaturqunu, ssenaristini itirib. Təəssüflər olsun, bu ağır və əvəzsiz itkinin heç vaxt yeri dolmayacaq!  

Cavid Əfəndinin – Allah dostunun, peyğəmbər aşiqinin, “mənim Tanrım gözəllikdir, sevgidir, deyən Hüsnü-xuda şairinin Əhməd Yəsəvi, Mövlana, Hacı Bəktaş Vəli, Yunus İmrə dostunun, Türk-İslam əxlaqi bilicisinin, ulu Yaradana könül bağlayanın, haqqa doğru yol gedənin, Nəsimi taleli bir əqidə, qətiyyət və tale sahibinin, dünyada heç kəsə bənzəri olmayan bir acı tale yaşayanın, dünəni öldürüb bu günü dirildənin, uzun illərdən sonra cənazəsi də ruhu kimi Maqadandan Bakıya, Naxçıvana qədər göylərə qalxan səma sakininin, Məkkəylə Təvkəni, Quranla Turanı öz varlığında birləşdirənin – Hüseyn Cavidin haqqında bu qədər təsirli, bu qədər elmi və bədii, fəlsəfi və psixoloji məzmunlu, insanı-oxucunu haldan-hala salan, həm ağladan, həm ağlayan, bütün zamanlara görk olası bir kitabın “Cavidnamə”nin dünyaya gəlməsi Cavid Əfəndinin adına, taleyinə layiq olması bizə bircə cümlə deməyə imkan verir: “Sağ ol bu kitabı XX əsrin əvvəllərindən bütün çalarları ilə, qayğıları, göz yaşları, iztirabları, sevgiləri ilə XXI əsrə gətirən qeyrətli Vətən oğlu, qüdrətli qələm sahibi, Azər Turan!”

Yazının sonunda bir məsələni burda xatırlatmağı özümə vətəndaşlıq borcu bilirəm. Azər Turana Azər adını ədəbiyyatımızın ağsaqqalı, Azərin atası çox hörmətli İmamverdi müəllim verib. Biz onu gənclik illərindən Azər Əbilov kimi tanımışıq. Azər Əbilovu Azər Turana çevirən isə Cavidin “Nənəsim” dediyi yeganə qızı, ciyərparası Turan Cavid olub. Uzun illər Azərin Cavidə olan ilahi sevgisini, sonsuz məhəbbətini, tükənməz marağını, can yanğısını görən Turan xanım atası Hüseyn Cavidin ona verdiyi adı, müqəddəs əmanəti o da çox böyük həssaslıqla Azərə əmanət edib.

Səmədi Vurğun eləyən, İsfəniyarı Xan eləyən, Murtuzanı Bülbül eləyən yaradıcılıq və şöhrət taleyi Azəri də Turan elədi. Məşhur adlarla bağlı bu müqayisədən çəkinmirəm. Çünki mən Azərin gücünü bilir, gələcəyini görürəm. bu ad onun halalıdı. Çünki bu adı ona böyük Hüseyn Cavidin şərəfli qızı Turan Cavid verib. Turan Cavidin qələmindən çıxan, öz xətti ilə yazılan sətirləri oxuculara çox xoş ovqatla xatırladıram.

“...Azər Turan! Dəyərli dostum... Pak şəxsiyyətin, dərin düşüncən, qüvvətli qələmin Sənə Turan soyadını daşımağa tam haqq verir.

Tanrı Səni – Cavid ocağının ləyaqətli varisini bütün bəlalardan qorusun, Amin!”

Turan Cavid

16 sentyabr 2003   

Ulu Tanrının maraqlı işləri çoxdur. Mən bu yazını Bakıda yox, İstanbulda həkim müalicəsində olduğum günlərdə yazdım. O İstanbulda ki, Cavid kimi dahi bir şəxsiyyətin yetişməsində müstəsna və əvəzsiz rol oynamışdı. O İstanbulda ki, Cavidi böyük mənəvi dünyaya qovuşdurmuşdu. Nə bilim, bəlkə də bu məqaləni Cavidin müqəddəs ruhu yazdırdı. “İstanbula xoş gəlmisən, mənim oğlum, yaz-yarat! – dedi. Ancaq yazılan qalacaq!”

Cavid Əfəndinin qulağımda səslənən bu sözləri mənim yadıma mərhum və unudulmaz şairimiz Əli Kərimin

“Qoyub qabağına neçə dəftəri,

Birdən hamısında yazmaq istədi”

 misralarını saldı. Azər Turan da “Cavidnamə” kitabını yazanda ona ulu Tanrıdan elə bir güc gəlib ki, o gücdən heç özünün də xəbəri olmayıb. “Töküb qarşısına ağ varaqları, birdən hamısında yazmaq istəyib”, Cavid torpağını şumlaya-şumlaya əkdiyini əkib, səpdiyini səpib, becərdiyini becərib.

Ulu Cavidin pak ruhuna, Azər Turanın “Cavidnamə”sinə salam olsun!   

 

Zəlimxan YAQUB, Xalq şairi

525-ci qəzet.-2010.- 25 dekabr.- S.22.