20
yaşlı “Xəzər”
Müasir Azərbaycan mətbuatı tarixində son dövr milli mətbuatımızın təşəkkül tapmasında və formalaşmasında müstəsna xidmətləri olan “Xəzər” jurnalının 20 yaşı tamam olur. Öz dəsti-xətti ilə seçilən bu jurnal daim sıravi oxucuların və ziyalı elitasının diqqətində olub. “Xəzər” müəyyən maddi səbəblərə görə bu gün əsl qiyafəsində görünə bilməsə də oxucularıyla ünsiyyətini kəsmir. Belə ki, jurnal mütəmadi olaraq oxucularıyla öz internet versiyası vasitəsilə görüşür.
Yubileyi münasibətilə Azərbaycanın dəyərli ziyalılarının jurnalla bağlı fikirlərini təqdim edirik.
RAMİZ RÖVŞƏN,
şair
Mən çox istərdim ki, Afaq xanım başda olmaqla bu gün “Xəzər” jurnalının yükünü çəkən dostlarımın Azərbaycan oxucusuna olan ümidi, inamı tükənməsin. Çünki bu gün, qapılarımızın dünyaya taybatay açıldığı bir vaxtda, zahiri informasiya bolluğu altda dəhşətli bir nadanlaşma prosesi gedir. “Xəzər” jurnalının ən böyük missiyası məhz bu nadanlığa qarşı dayanmaqdı.
Zaman və məkan baxımından jurnalın əhatə dairəsi çox genişdir; dini ədəbiyyatdan, qədim filosofların əsərlərindən tutmuş ən müasir, hətta mübahisəli yazıçıların əsərlərinə qədər. Nobel mükafatı laureatlarının ardıcıl təqdimatı, məşhur yazıçılarla müsahibələr, təkcə bədii yox, həm də nəzəri yazıların çap olunması çox əhəmiyyətlidir. Bizdə tərcümə sahəsində çox böyük boşluqlar var. Söhbət təkcə, ana dilimizdə bir sətri də çevrilməyən dahilərdən getmir. Dünya ədəbiyyatının keçdiyi bir çox mərhələlərdən, cərəyanlardan, məktəblərdən nəinki oxucularımızın, heç yazıçılarımızın da xəbəri yoxdur. Ona görə də bəzi qələm sahibləri, xüsusən də cavanlar tər tökə-tökə təzədən velosiped icad etməklə məşğuldur. Amma mən hər şeydən əvvəl “Xəmsə”-nin ana dilimizə, dahi Nizamiyə layiq tərcüməsini görmək istərdim. Çünki butun dünyada məşhur olan bu gözəl poemaların bəlkə də ən zəif tərcüməsi öz ana dilimizdədir. Bu dahi şairin adıyla quru-quru öyünüb fəxr eləməkdənsə, bu beş poemadan hər birinin yüksək səviyyəli, dəqiq sətri və bədii tərcüməsini hazırlamaq Azərbaycan ədəbiyyatının dünyada tanıdılması işində əsaslı bir addım olardı. Bu poemalardakı bir çox ifadələrin, məqamların dini, fəlsəfi, tarixi izahını verən lüğətə də ehtiyac var.
Mərkəzin maddi vəziyyəti yaxşılaşsa, indikindən qat-qat böyük işlər görəcəyinə şübhəm yoxdur. Mənim arzum isə Tərcümə Mərkəzini həm də Tərcümə Məktəbi kimi görməkdir. Çünki buna indi çox böyük ehtiyac var. Bu arzumun gec-tez gerçəkləşəcəyinə inanıram.
Vaqif İbrahimoğlu, rejissor
İlk öncə vurğulamalıyam ki, bu jurnal, bu gün cəmiyyətimizin zövqünü, düşüncə səviyyəsini təyin edən poliqrafik makulaturanın zəhlətökən sayrışmasında, intellektual kübarlığı ilə itməkdə olan bir çox vacib dəyərləri bərpa etdi. Jurnalın elə ilk sayından bəlli oldu ki, “planka” çox yüksək səviyyədə müəyyənləşdirilib. Və nə yaxşı ki, bəyan edilmiş bu səviyyə qorunub saxlanılmağındadır.
Bu gün mən “Xəzər”in, cəmiyyətimizdə tüğyan edən abskurantizmə və total mənəvi naşılığa qarşı durmasını daha çox dəyərləndirirəm. Güman edirəm ki, bu dərginin maarifçi funksiyası hələ uzun müddət aparıcı və aktual olacaq. O ki qaldı, onun məzmununa, şəxsən məndən ötrü “Xəzər”in ali dəyərlərə oriyentasiyası çox önəmlidir və təbii ki, hər cür təqdirə layiqdir. Dünya ədəbiyyatının məhz bu seçimdə və bu səviyyədə təqdimini, onun humanist və ruhsal nümunələrinin azərbaycan dilində “səslənməsini” olduqca faydalı və hətta gələcəyi formalaşdırmağa qadir bir hadisə hesab edirəm.
Ədəbi və elmi-fəlsəfi sahəmizdə mövcud olan bir üzücü paradoks məni illərcə narahat edirdi. Bu bizim, bizə genetik doğma olan Ulu Şərqin mənəvi dəyərlərinə çıxışımızın yoxluğu idi. Sözsüz ki, Moskvadakı “Nauka” nəşriyyatının bu istiqamətdə misilsiz xidmətlərini danmaq olmaz, lakin, möhtəşəm İslam mədəniyyətinin, təsəvvüf kimi, olduqca əhəmiyyətli, mənəvi aktuallığını və idrak potensialını itirməyən “sirlər xəzinəsi”nin doğma dilimizdə mədəni-mənəvi “dövriyyəyə buraxılması”, ziyalılarımızın milli düşüncəyə ödənilməmiş borcu kimi qalmaqda idi. Nə yaxşı ki, “Xəzər” bu borcu hissə-hissə ödəməyə başladı və deyim ki, bu qəliz mətnlərin usta tərcüməsi, onları bizə bağışlaya bildi. İnşallah, düşünürəm ki, Afaq Məsud bu çətin və müqəddəs işi davam etdirəcək və biz, ortaq İslam mədəniyyətinin yaradıcı potensialından yetərincə faydalanacağıq.
Dərginin tərcümə nəşrlərindən olan Frans Kafka və Əbu Həmid Əl Qəzali. Bu iki hadisəni mən, Qərb və Şərq mədəniyyətlərinin konvergensiyasının ən parlaq sübutu kimi dəyərləndirirəm.
Dərginin digər qiymətli nəşrləri, dünya ədəbiyyatının bir çox aparıcı simalarının əsərlərini əhatə edir. Burda biz U.Folkner, C.Sellncer, T.Vulf, Q.Markes, A.Rünoske, M.Meterlinq, E.Po, A.Platonov, M.Bulqakov, L.Andreyev, H.Hesse, X.Rulfo, K.Oe, C.Steynbek, U.Uitmen, M.Svetayeva, A.Rembo, P.Neruda, S.Yesenin, A. Blok, V.Mayakovski, V.Vulf, U.Batler, S.Moem, A.Ginzberq, Dario Fo, A.Kamyu, E. Paund,Ş. Bodler, A.Tarkovski, R.Desnos, E.İonesko, F.Moriak, B.Pasternak, S.Bekket, H.Miller, V.Nabokov, M.V.Lyosa, C. Dos Passos, H.Böll, K.Hamsun, O.Xaksli, R.M.Rilke, U.Bleyk, T.Eliot, H.İbsen, C.Kutzee, M.Benedetti, C.Apdayk, V.Belov, İ.Bunin, X.Borxes, X. Kortasar (siyahını bir bu qədər də uzatmaq olar) yaradıcılıqlarına rast gələ bilərik.
Yeri gəlmişkən, Tərcümə Mərkəzinə tövsiyə edərdim ki, yalnız bədii tərcümə vəzifələriylə kifayətlənməsin.
Hesab edirəm ki, dilimizə mexaniki və volyuntarcasına adaptasiya olunan müxtəlif terminlər, müəssisə və təşkilat adları, abbreviaturalar və sairə SÖZLƏ ifadə olunan mətləblər məhz Tərcümə Mərkəzinin ekspertizasından keçəndən sonra istifadə hüququnu qazanmalıdır. Toxunduğum bu problem, bu günkü Azərbaycan mədəniyyətinin bir sıra fəaliyyət sahələri üçün də səciyyəvidir.
Vaqif Bayatlı Odər , şair
Şükür, Tanrım, Şükür, son əsərin olan bu dünyaya bizi də gətirdin, ruhlar aləmindən bizi də seçdin, bizi də insan etdin. Sənin varlığından neçə-neçə gözəl xəbəri, doyulmaz ruhi anlamı, bu dünyaya. Sənin ətəyinə və ürəyinə qədər uzanan Azərbaycan deyilən bu yurduna “Xəzər”lə çatdırdın. Hər şeydən doyulur, sən yaratdıqlarından və göndərdiklərindən heç vaxt doyulmur, İlahi.
Afaq Məsudu mən dünyanın ən böyük yazıçılarından biri sayram. “Xəzər”lə isə o sübut elədi ki, o həm də yaxşı memardır, çünki jurnalı da o, çox cəsarətli və ağıllı memar kimi qurur. Həm də onun qurduğu bu bina o biriləri kimi yerdən başlayıb göyə doğru yox, göydən başlayıb yerə doğru uzanır. Bu binanın göydə olan özülü də çox möhkəm qoyulub.
Əlbəttə, göydən danışarkən, çevirmələriylə dünyanın ən gözəl uçuşlarını yapmış Natiqi – böyük göy və yer memarını xatırlamamaq mümkün deyil. O bu dünyada çox zaman uçurdu, mən indi onu çox zaman göy üzündən bizim çoxumuza görünməyən çəmənliklərində ayaqyalın yeriyən, qaçan görürəm. Onun çevirmələri də elə beləydi, İnsanın göy üzündə ayaqyalın yeriməsi kimi rahat və ləzzətli idi. Ona görə də o bu dünyada və həm də ədəbiyyatda yalana, saxtakarlığa və ...ayaqqabıya dözə bilmirdi.
“Xəzər”i mən həm jurnal, həm də kitab adlandırardım, daha doğrusu kitablar kitabı. Çünki “Xəzər”in hər sayında əslində, bir neçə kitab olur.
“Xəzər” bir günlük, bir aylıq, bir illik toplu deyil, o, balaca dünya kimidi. Bu dünyanı yaşadığın kimi, “Xəzər”də gedən yazıların əksəriyyətini də gərək bütün ömrün boyu oxuyasan. Daha doğrusu, o daim əlinin altında, ya da gözünün qabağında olmalıdı. Məsələn, mənə gəldikdə, düzünü deyim ki, “Xəzər”in sayları bizdə olmasaydı, evimdə yaxınım, doğmam olan nəyinsə, kiminsə çatışmadığını duyardım.
Fikir verdinizmi, mən “Xəzər”i və orda gedən əsərləri həm “nə”, həm də “kim” sualına cavab verən canlı kimi hallandırıram.
Hər şeydən əvvəl Afaq xanımın “İlahi keçid”ini və “Qədim filosof”larını. Bu tərcümələrin əsil səsi, yaxşı mənada sonradan çıxacaq. Bu “keçid”in nə qədər insanı ağır vəziyyətdən, ruhi gərginlikdən xilas etdiyini, nə qədər gəncin, istedadın keçid yoluna çevrildiyini də yaxşı bilirəm.
Afaq xanımın baş redaktor kimi digər üstünlüyü – dərgiyə neçə-neçə istedadlı adamı cəlb etməsi, yüksək peşəkar komandanı yığa bilməsidir. Zakir Fəxri, Yaşar, Tofiq Abdin, Saday Budaqlı kimi istedadlı yazarlardan bu qədər məhsulu – orijinal tərcümə materialını almaq böyük igidlikdir. Ülkər xanım da, böyük orkestrin gənc və talantlı skripkaçı kimi öz sözünü deyə bilir.
Yuxarıda Afaqı yaxşı memar adlandırmışdım, bu bənzətmələrdən sonra, onu həm də usta dirijor adlandırmağa məcburam.
Dərginin saylarında yazılarına rast gəldiyim usta tərcüməçi, gözəl ziyalımız Cavanşir Yusiflinin tərcümələri məni sevindirir. Səməd Qaraçöpün, Nəriman Qasımoğlunun, Tofiq Abdinin, Tehran Vəliyevin, Səfər Alışarlının çevirmələrinin də usta ürəklərdən keçdiyi duyulur. O. Budaqlının, A.Ərəbovanın, V.Əjdəroğlunun, N.Nihatın çevirmələri də diqqətə layiqdir. Maraqlı çevirmələrini oxuduğum Rövşən Ramizoğlu və Ramiz Rövşənin çevirmələri istənilən dərgiyə ancaq fəxarət gətirə bilər.
Tərcümə Mərkəzinin digər üstünlüyü – onun heç vaxt yadda qalmayan kitab çap etməməsidir. Ən çox yadımda qalan kitablar – böyük sənətkarlarımız Aydın Məmmədovun, Natiq Səfərovun və Afaq Məsudun iri həcmli tərcümə əsərləridir.
Tərcümə Mərkəzi Azərbaycan tarixində ilk dəfə olaraq, orijinalla Azərbaycan türkcəsinə çevirməni bir yerdə nəşr edib. Yeri gəlmişkən, qeyd edim, Azərbaycan tarixində ilk beynəlxalq ədəbi forumları – “Xəzər” Forumlarını da bir neçə il Mərkəz təşkil edib.
525-ci qəzet.- 2010.- 25 dekabr.-
S.21.