Yusifdən yazmaq
çətindi!
Acizlik hansı kateqoriyaya aiddi... Unutdum.
Acizlik Məhək Daşıdı... Bildim.
Gücsüzlüyün sonu həmişə qəddarlıq olmur... İnandım.
Onun haqqında, Ondan yazmaq məqamında...
Acizliyə şahid olanda.
Onun haqqında, Ondan yazmaq məqamında...
Gücsüzlüyün etirafını dinləyəndə.
Ədəbiyyatda otuz ildi külüng vuran insan da belə deyirdi. Niyəsini soruşmaq artıqdı; arada “Yusifdən tələsik, yazı xatirinə yazmaq – günahdı” qənaətim durmuşdu.
Həyatı dərk edəni və Ədəbiyyata yönələni, iki peşiman hissin ağırlığını gəzdirirəm. Tərs kimi, hər ikisi də hər şeyi sıfırdan başlamaq tələbindədi. Hər
şeyi sıfırdan başlamaq olsaydı... ömrümü Qurana bağlayardım, hərf – hərf, söz – söz içimə çəkərdim, HİKMƏTİNİ dərk etməyə çalışardım...
Ədəbiyyatdasa... hiss etmişəm: Yusifin Yaradıcılığına Ömür gərəkdi.
Bu yaradıcılığa enmək, onun mahiyyətini açmaq YADDAŞın fəlsəfəsini açmaq, Həyatın, Yaşamağın formulunu tapmaqdı. Klassik və ən yeni ədəbiyyatşünaslıq terminləri bu zövqü duydurmaq gücündə deyil. Yusifin Yaradıcılığını təkcə Ədəbiyyat Hadisəsi çərçivəsində təqdim etmək Yusif Səmədoğlu fenomenini təhrif etməkdi.
Yusif yazıçı olmaq üçün yazmadı, YAZIÇI olduğuyçun YAZDI. Yusif taleyin yazdıqlarının arxasınca getmədi, TALEyini yaza-yaza getdi. Yusif həm də yarıda qalmış bir Taleyin davamını yazmaqçün göndərilmişdi Yer üzünə. Bəlkə həm də bu Məsuliyyətin Zəhmindən və Şərəfindəndi Sözə Məsuliyyət Nümunəsi olan Yaradıcı Ömür yaşadı?! Onun yazdıqları sözün yüksək əyarından tökülmüşdü. Beləsinə deyərlər Söz Sərrafı. Amma heç yerdə, bircə dəfə də Yusif Sözün Məsuliyyətindən yazmadı.
Yusif Azadlığın şirinliyindən yazmadı, İnsan Azadlığı haqqında söz demədi, Azadlığın yolunu göstərmədi. Yusif Azadlığın Yolunu getdi, bu Yolu getmək istəyən insanların qabağına düşüb getdi.
GÖRƏN BU DÜNYADA ÇÖRƏYİ HALAL OLAN ADAMLARIN DİYARI HARDADI?
Buydu Yusif Səmədoğlunun Dövrana, Gərdişə, Zamana, Dünyaya, Yerə, Göyə... Sualı.
Buydu Sənətin və Sənətkarın əlində aciz qaldığı müəmma. Üzü Nizaminin İsgəndərindən bu yana, kamal sahiblərinin, piri-mürşidlərin ömür xərcləyib, can bağışladıqları müəmma. Qoyulmuş Nizama harda çat düşmüşdü ki, O da şirnikdi? KİMə güvəndi, NƏyə arxalandı girdi bu ağırlığın altına? KİM Ona demişdi ki:
“Haçansa gözləri açıq qalmış bir şairin əlyazmalarını uzaqlara, qan tökülməyən, baş kəsilməyən bir yerə aparıb, orda, çörəyi halal adamların diyarında... gün işığına çıxarmalıydı?”
Heç ola bilməzdi ki, SONu görməyə. Məgər bilmirdi ki, bu Yolun Sonu QƏTL GÜNÜndən o yana ola bilməzdi, dünyasında ola bilməzdi?!
“Hamı özünün A məntəqəsindən çıxıb B məntəqəsinə gedir və gedir ki, baxıb görsün nə var, doğrudan da bəlkə elə bir şey var ki, nəinki hesab kitablarında, heç dünyanın ən müdrik kitablarında da bunun izahını tapmazsan”.
A-dan B-yə, B-dən hara, fərq etməzdi, “Söz dəyirmandakıydı”. “Haçansa gözləri açıq qalmış bir şairin, haradasa gün işığına çıxmış əlyazmasından yarımçıq bir misrasını qara buludlar üzərində parıldaşan ulduzların gümüşü işığına qovuşdurdu:
əcəldən möhlət istədim,
möhlətini əsirgədi”.
... GÖZÜN TÖKÜLSÜN, FƏLƏK!
YUSİFDƏN YAZMAQ ÇƏTİNDİ!
Aciz qalanın Aciz qoyana ehtiramının dadını sükut verər.
Sükutun bircə yozumu var:
Təkcə görkəmi, davranışı, nəcabəti Ağayana deyildi.
ONUN YARADICILIĞI DA AĞAYANADI.
Əsrin sonunda nəcabət donunu müraciətə geydirmək dəbə dönəndə, bircə Ona yaraşmadı hərfinin biri bir qəpik edilən söz. Ona yaraşan, olsa-olsa, bu olardı: Yusif Ağa.
Deyirlər, sözünün ağasıydı. Sözünə ağalıq edə bildiyindən, sözü də Ağayanadı. Yazdığı da yazılanların sətri davamı olmadı, Yeni Sətir oldu.
Azərbaycan ədəbiyyatı və mədəniyyətində 60-cılar səhifəsi ilə başlayan mərhələdə, yaradıcılığı bu mərhələ ilə bağlı olan bir kimsənin yaradıcılığına kölgə salmadan, dəyərini azaltmadan qətiyyətlə iki adı, iki insanın fəaliyyətini və Taleyini ayrıca müstəviyə keçirmək lazım gəlir.
YUSİF SƏMƏDOĞLU bu mərhələnin özündə Mərhələ ola bildi. 80-ci illərdə Azərbaycan nəsrində Böyük ədəbiyyatın, hələ ki, bənzərsiz nümunəsi olan “Qətl günü” nəinki “ədəbi dəyərləri və dühaları qiymətləndirə bilən Avropa”, daha geniş arenaya fəxrlə çıxarıla bilən Milli Sərvətimizdi. Hərçənd yerli “bilənlər” bu uğurun “diaqnozunu” başqa cür qoymağa cəhd etdilər və təbabəti “şparqalkadan” öyrəndiklərindən başqa mənzərəsindən bixəbər misallı “diaqnostiklər” bilmədilər ki, “Qətl günü” oxşar deyildi, “Qətl günü qədim, çox qədim mənəviyyatımıza güzgü tutan folklordan, mifdən, əsatirdən... üzü bəri gələn Yaddaşdı. Paralelləri də nə qədər istəsən; yunan yaddaşı, slavyan yaddaşı, türk yaddaşı, anqlo-sakson yaddaşı... Nə isə, belə cılız və xəbis niyyətli söhbətlər “Azərbaycan romançılığının zirvəsi” (Anar) olan şedevrin yanında nadanlıqdır.
Yusif Səmədoğlu “Qətl günü” romanı ilə Azərbaycan Ədəbiyyatının CANLI KLASSİKİ oldu və Yusif Səmədoğlu – 60-cıların bu parlaq nümayəndəsi, həm də yalnız Yazıçı doğulmamışdı, daha başqa Böyük İşlərçün Seçilmişdi. Elə həmin 60-cılardan bir də ANARIN adını çəkmək gərəkdir.
Yusif Səmədoğlu da, Anar da bu keşməkeşli zamanda sözün geniş mənasında ZİYALI MODELİ anlamını maddiləşdirmək taleyinin daşıyıcıları olmaq üçün doğulmuşdular.
60-cı illər ədəbiyyatında insanın azadlığı, onun cəmiyyətdə yeri, quruluşdan narazılıq, cəmiyyətin insanı vadar elədiyi eybəcərliklərə yuvarlanma motivləri və buna bənzər daha başqa nəsnələr barədə düşünəndə xatırladığım bir neçə mənzərə var ki, adamın amanını kəsən acı ağrıdan hələm-hələm qurtula bilmirəm.
“Əylə, başına dönüm, əylə. İncəli Çərkəz də hökumət adamıdır; kolxoz qurub, bandit tutub”. Bircə “Hökumət iynəsi” üçün yerdəki insanla (xalq!) göydəki vertolyot (hakimiyyət) arasındakı keçilməz yolun ümidsizliyində (ziddiyyətin kökü!) çabalayan Sayalı arvadın aldanışları, uzaqlaşan ümidin dalınca çırpınan yalvarışların vertolyot səsində batması... sinfi-sosial fərq və ziddiyyətin bu qədər kəskin, amansız reallığı və Yazıçı istedadı.
Yusifin hekayəsindəki raykom Salahov, “Qətl günü”ndəki Salahov Adil Qəmbəroviç... yazıçının təqdimində ayrı-ayrı obrazlar deyil, bütövlükdə zülmün, rəzalətin, özbaşınalığın obrazıdır, zaman ötür, dövran dönür, salahovlarsa yox olmur, cildini dəyişir, mahiyyətdə isə şairin boynunu vurduran hökmdarın varisi olaraq qalırlar...
GÖRƏSƏN, BU DÜNYADA ÇÖRƏYİ HALAL ADAMLARIN DİYARI HARDADIR?
Amma dəqiqdi ki, “... bir oğlan uşağının, qalın meşədə ağacların arasında arxası üstə uzanıb, qorxudan əsə-əsə, təlaşla baxdığı” göyün altında deyil. O göydə bir əlcə bulud vardı və “həmin o oğlan uşağının Allahdan diləyi bu idi ki, kaş o bulud yerə enib, onu, ağacların arasında ürəyinin çabalamasından əsim-əsim əsən bu oğlan uşağını qalın yorğan kimi örtüb görünməz eləyəydi, at ayaqlarından və siyrilmiş qılınclardan qoruyaydı. Kaş bir də onun qulaqları “jidovskoe otrodye” sözlərini eşitməyəydi. Çünki bu sözlərdən sonra həmişə onun uşaq burnuna laxtalanmış qan iyi dolurdu... Zaman yavaş-yavaş hər şeyi Mark Georgiyeviçə unutdurmuşdu, amma görünür, yalnız o bulud parçasından savayı...”
Sənətin və sözün bədii ümumiləşdirmə gücü və sənətkarlıq deyir ki, YADDAŞ DİRİ QALIR. Zamanın bircə onun – Diri Yaddaşın qabağında aciz qalmasına göyün bir əlçim buludu da şahidlik eləyə bilirsə, insanın akvarium balıqlarına həsəd aparması Faciəsi də diri qalır...
İnsanın akvarium balığına həsəd aparmasının kökündə daxili azadlığın, ruhi-mənəvi tarazlığın olmaması durur. Belə anormallığı isə yalnız insanlıq ölçüləri ilə mühakimə etmək də olmur, çünki vəziyyətin ağası... siyasi ölçülərdir, rejim prinsipidir, rüşvətin salamdan hökmlü olduğu Zamanın uzun əlidir ki, Xəstənin yaşadığı dövrü də bu əl idarə edir.
“O, leytenantın yanından axşam alatoranına çıxanda (belə hərəkətdən sonra belə əhvalla günortanın dolusunun üzünə baxmaq olmazdı, tövbə, olmazdı – S. A.) çox gedə bilmədi, milis idarəsinin arxa tərəfindəki küçənin xəlvət yerində, telefon budkalarından birinə girib, arxası qapıya sarı dayanıb ağladı. Çünki üçcə dəqiqə bundan qabaq, o, leytenantın verdiyi ağ kağıza bu sözləri yazmışdı: “Mən Filankəs Filankəsov Marqo Filankəsova ilə tanış deyiləm”. Yazıb imza atmışdı.
Bu Marqo o Marqoydu ki, haçansa ürəyinin cızdağını çıxardan nəhayətsiz qüssə içində fikirləşmişdi ki, “nə yaxşı bu dünyanın Marqosu var,.. çünki bu varlıq ola-ola mən indi tək qalsaydım, yəqin başıma hava gələrdi”. Onu da fikirləşmişdi ki, “başına hava gələnlərin əksəriyyəti, bəlkə də hamısı... Marqoya rast gəlməyən adamlardı”.
Əslində, leytenantın verdiyi ağ kağıza özündən imtina etməsi haqda hökm yazmışdı, özünə xəyanət etməsinə imza qoymuşdu və bunun cavabını verməli, hesabını ödəməli olacağını bilməmiş deyildi Xəstə olası adam. Bu üç kəlmə söz də Diri Yaddaşın tərəfinə keçib öz gününü gözləməyə başlamışdı.
Kişini göz yaşı tökməyə vadar edən belə vəziyyət – kişiliyinə, mənliyinə, ləyaqətinə kişinin öz əli ilə sağalmaz yara, silinməz ləkə vurmaq – dünyanın başqa harasındasa, hansı “milis məktəbindəsə” adi iş üsuludurmu, bilmək olmaz, amma burası dəqiqdir ki, Mark Georgiyeviç Berqmanın “görəsən, dünyada akvarium balıqlarından yaxşı nə var” arzusunu toya getməli edir.
Yusif Səmədoğlunun qadın personajlarına münasibətindən danışmaq lazım gəlir. Düzdür, onun hekayələrində də, hər iki romanında da (“Deyilənlər gəldi başa” romanı ədəbi material kimi tamamlanmasa da – əslində, burada süjetlərin sona çatdırılmasından danışmaq olar – hətta bu natamamlıqda da Yusif Səmədoğlu yazıçı konsepsiyasının tamlığına nail olub və məsələnin belə qoyuluşunun mübahisə doğura biləcəyi də şübhəsizdir) qadın obrazları ənənəvi baş qəhrəman rolunda deyil, bir növ, arxa plandadırlar, hər halda, onun epizodik qadın surətləri də “MƏHZ QADINA MÜNASİBƏT KİŞİ MƏDƏNİYYƏTİNİN VƏ KİŞİ XARAKTERİNİN GÖSTƏRİCİSİDİR” fikrini tamamlaya bilir.
Qəhrəmanlarına yazıçı münasibətini – tərəfkeşliyi, təqdiri, antipatiyanı – nümayiş etdirmək və ya gizli saxlamaq məsələsində Yusifin İnsan mövqeyi rol oynayır. Bu mövqedə Alicənab Mədəniyyət qadının sosial-mənəvi-əxlaqi statusuna fərq qoymur. Oxucu münasibətindəki fərdilik və açıq ittihama və ya rəğbətə köklənməyin lütfkar, sağlam məntiqinə söykənir belədə. Yusifin qadınları – Səlimə, Zəminə, Marqo, Salatın, Zeynəb, gavur qızı, Sayalı, Rüxsarə, Tamara... ana, övlad, sevgili... – öz xarakterlərini ən düzgün və dolğun cizgilərlə açmaq üçün cəmiyyətdə tutduqları yerə, mövqeyə görə, məhz ailədə, ailədaxili münasibətlərdə müəyyən edirlər. Marqo məhz Xəstə ilə münasibətlərində daxili dünyasını göstərir, bu münasibətdən kənarda isə... marqoların milliyyətinin əhəmiyyəti olmur. Marqo belə münasibət və şəraitdən məhrum olduğundan, Zəminə onun yerini asanlıqla tuta bilir. Səlimə, kənardan baxanda özünə qarşı sosial yox, humanist prinsiplər baxımından yanaşma tələb edən qadındır, həm də atasının – Sədi Əfəndinin təmiz adını qaytarmaqdan ötrü “dünyanın o başına” getməyə hazır olan, bundan başqa qayğı bilməyən övladdır.
Rüxsarəni (“Saat işləyirdi”) Ana kimi qınamağa tələsən oxucu, Qadın kimi başa düşməyə çalışır.
“DÜNYANIN GƏRDİŞİ ELƏ BUNDAN İBARƏTDİR – İNANAN İNANIR, İNANMAYAN İNANMIR”.
Yusifin sənətkarlığı inanmayanı inandırmaq gücündədi. Çünki Yusif oxucusuna tək qalmaq imkanı, tənhalığı yaşamaq imkanı verir, çünki Yusif tənhalıq hüququ əlindən alınmış insanın halından xəbərdardı, səmanı görüb, havanı duyub sevinən, qanad çalıb uçmaq istəyən insan üçün qəfəs darlığının nə olduğunu bilirdi. Ən azı “Astana”dan onu da bilirdi ki, azadlığını itirmək qorxusu, insanın həyatını əlindən almaq qədərində güclüdür. Halbuki “insan lazım olanda tək qala bilsə, bəlkə də kilidli qapılardan bu anda ona lazım olanını aça bilər və bununla da çox-çox sualların cavabını tapar”.
Ancaq açmaqda aciz olduğun qapılar da var, cavabını tapa bilmədiyin suallar da çoxdur.
GÖRƏSƏN, BU DÜNYADA ÇÖRƏYİ HALAL ADAMLARIN DİYARI HARDADIR?
Yusifin bu sualının ağırlığı da insanı təkliyə, tənhalığa çəkir. Bu sualın cavabını tapmaq üçün... yalnız tək qala biləsən gərək. Yalnız gecənin təmiz və pak vədəsində... ya gərək uzaqdan bir uğultulu küləyin içərisindən gələn bir səsin ucundan bərk-bərk yapışasan: “A bala, bir yanını boş qoy”. Yox, əgər yapışa bilmədinsə, haradasa ulduz soyuqluğunun içinə dolmağından ürəyin bir Səs buz kimi sözlər söyləyəcək:
Bir yandan boşalır, bir yandan dolur,
Sirrini verməyir sirdaşa
dünya.
Və bu səsdən sonra
bütün yollar bir səmtə dönəcək – Baba
Kahaya.
İNANAN İNANSIN,
İNANMAYAN İNANMASIN.
Yusif inandırmağı
bacarırdı, çünki inandığından
yazırdı.
Yusif Hesab Gününün fəlsəfəsini – bu dünyada
etdiyin hər bir hərəkət üçün cavab
verəcəyin günün bərabərliyindən
yazırdı; günah içində olan insan – istər
şah ola, istər cəllad, istər adil,
istər cahil – öz günahından da asılacaq və
heç kəs bu Sondan qaça bilməyəcək. Yusif İnsanın günahlarına şahid Zamandan,
Yaddaşdan və Ölümdən yazırdı. TƏNHALIĞIN FACİƏSİNİ
yaşayırdı. Onun yaradıcılığı
da OLMUŞLARIN YOX, OLACAQLARDAN NİGARANÇILIQ
nümunəsiydi, hər şeyin DAVAM olduğunu başa
düşən insanın “
Yusif Səmədoğlunun Sənətkar
ömründən bir İbrət qaldı, bu İbrət
Sənətin və Sənətkarın yerini
göstərməkdən ibarətdi:
SƏNƏTKAR ZAMANA MÜXALİF OLMALIDIR.
Cəmiyyətdə iqtidar-müxalifət arasındakı
yolun ortasında, ya kiminsə tərəfində yox,
ÖZ YERİNDƏ, ÖZ MÖVQEYİNDƏ
durmalıdır.
Yusifə Tənhalığın Faciəsini yaşamağı qıyan Həyatın gücü, çox işləklərdən xəbərdar insanı, adamların – günahların arasından çox tez aparmağa çatdı. Yusif bildiklərini; çox mətləbləri, çox gizlinləri özü ilə apardı, o, bildikləri bu dünyanın işığını bir az da azaldacaqdı deyə apardı, Günəşin işığını saraldacağından ehtiyatlanıb apardı. Əvəzində, Yusif bu dünyada ÖZÜ və ADI BOYDA İŞIQ qoyub. Qarası Ağından çox olan bu rüzgarın işləklərinə AĞ İŞIQDAN baxmağı öyrədib gedib. Amma həm də elə BOŞLUQ qoyub gedib ki...
İNANAN İNANSIN, İNANMAYAN İNANMASIN.
Yusif Səmədoğlu təkcə ədəbiyyatın kisəsindən getmədi, mədəniyyətimiz, mənəviyyatımız, Azərbaycan itirdi bu gedişdən...
... Gözünü yumdun, ağzından son nəfəsin çıxdı, qarışdın yüz ilin ölüsünə. Belədi, heyf, belədi. Amma... doğrudanmı belədi? Yaxşı, bəs Yerində qalan YOXLUĞUN BOŞLUĞU nəyəsə qarışmırsa, nədəsə ərimirsə... Vərdiş etdiyin səs, üz-gözün öyrəşdiyi çöhrə, illərin doğmalaşdırdığı, ünsiyyətin əziz etdiyi kimsə, daha hansı nəsnələr... Yox, bu deyil, bütün bunların və daha çox-çox şeylərin zərrəsinin, damlasının bişib-bərkidiyi HAVADI, OVQATDI, çəkisizliyin ağırlığıdı adamı əzən. Hər gün, hər ay bir az böyüyən Boşluq “dünya dolu adam” kimsəsizliyinə dönürsə... Hələ bundan betəri də var; doldurmaqda acizsən boşluqları. Ürəyinə damla-damla dolan təəssüf, düzəldə bilməyəcəyin əlacsızlıq – hər saat, hər gün açılan, dərinləşən oyuqlar...
... Dəmir barmaqlıqlarla ayrılan bu iki dünya Astanası qəribə təzadı ilə, içində, adını bilmədiyin qüssə oyadır. Sənə elə gəlir ki, dəmir barmaqlıqlı hasarın o biri üzündə bir üzüntülü solğunluq, sızıltılı xatirələrə yuva olan boşalmış yurd yeri qalıb. Bu yurd yerinin işığını, şaqraq gülüşlərini, ərənlərin alicənablığını, gözəllərin şahanə ədasını, hisslərin əzəmətini və zərifliyini... qəddarcasına yığıb-yığmalayıb bu dəmir barmaqlıqlı hasar? bu yaşıl çəmən zərifliyi, bu qranitlər, bu uca ağaclar...
Fəxri xiyabanda MƏRMƏR TƏBƏSSÜMÜNÜ,
GÜLÜMSƏYƏN DİPDİRİ İŞIĞINI görənəcən...
Sonra AĞAPPAQ, DİPDİRİ, BƏNZƏRSİZ və MÜDRİK TƏBƏSSÜMÜN TOXDAQLIĞI.
Yusif Fəxri xiyabanda da təkrarsızdı!..
Yusifi Ölüm də Öldürə bilməyib!
YUSİFDƏN YAZMAQ ÇƏTİNDİ!
525-ci qəzet.-2010/- 25 dekabr.-
S.20-21.