Çağdaş Azərbaycan
ədəbiyyatında Hüseynbala Mirələmov
ünvanı
Bu gün hər hansı bir bədii əsərin və ya kitabın Azərbaycan cəmiyyətində səs-küy yaratması çox çətin bir işə çevrilib. Tələbkar zövqə malik və bir qədər də günümüzün sosial-iqtisadi problemləri məngənəsində sıxılan oxucunun diqqətini özünə yönəltmək hər yazıçıya qismət olmur. Bu baxımdan tam əminliklə demək olar ki, yazıçı-dramaturq Hüseynbala Mirələmov belə çətin bir işin öhdəsindən gələn ədiblərdəndir.
Hüseynbala müəllim həm də hər zaman bədii axtarışda olan və zəhmətkeş bir yazardır. Bu günlərdə “Nurlar” nəşriyyatında çapdan çıxmış “Qırxıncı otaq” kitabı onun yaradıcılıq yolunun gərginliyini və axtarışlarda olduğunun təsdiqidir. Bu, yazıçının “Cəza” və “Xəcalət” povestlərindən sonra oxucu maraqlarını özündə cəmləşdirən yeni bir əsəridir. “Qırxıncı otaq” qeyd edilən əsərlərin davamı kimi də xarakterizə olunur. “Qırxıncı otaq” adı altında çap olunan kitaba “Qırxıncı otaq”, “Qumru yumurtaları” və “Qaraçı gözəli Dorito” əsərləri daxildir. Həmişə olduğu kimi, yazıçı bu əsərində də cəmiyyəti narahat edən və müəyyən nüansların cərəyan etdiyi hadisələrin mahiyyətini açıb göstərməyi qarşısına məsəd qoymuş və yaradıcılıq təxəyyülünün çərçivəsində dərin psixoloji məqamların açılmasına, insan məninin müdafiəsinə və ədalətin, haqqın qələbəsinə nail ola bilib. “Qırxıncı otaq” kitabını bədii-estetik təhlilinə keçməzdən öncə Hüseynbala Mirələmovun yaradıcılığına ümumi diqqət yetirək. Müasirimizin əsərlərinin bu gün daha çox oxucu cəlb etməsinin bəlkə də əsas səbəbi onun gerçək həyatımızın ədəbi mənzərəsini bütün ziddiyyətləri ilə ədəbiyyatımıza gətirməsidir. Əsərləri istər respublikamızda, istərsə də bir sıra ölkələrdə müxtəlif mükafatlara layiq görülmüş Hüseynbala müəllimin siyasi publisistika yaradıcılığının zirvəsi adlandırıldığı Moskvanın məşhur “Molodaya qvardiya” nəşriyyatının “Görkəmli adamların həyatı” seriyasından nəşr olunan “Heydər Əliyev” əsəri artıq dünyanın bir çox dillərinə tərcümə olunub və çox böyük maraqla qarşılanıb. Bu seriyadan müəllifin “İlham Əliyev: tərcümeyi-hal davam edir” və “Zərifə Əliyeva” əsərləri də bu gün siyasi publisistikanın parlaq nümunələri kimi oxucuların dərin rəğbətini qazanıb.
Ümumiyyətlə, yazıçının hansı əsərinə müraciət edirsən et, burada real həyatla üzləşəcək, müasirinlə qarşılaşacaq, onun düşüncələrini, qənaətlərini bölüşəcəksən. H.Mirələmovun reallıqlardan yaranan ümumiləşdirmələri cəmiyyəti düşündürməyə məcbur edir, onu ağladır. Müəllifin ədəbi-bədii yaradıcılığının əsas mövzularından olan Qarabağ dərdi, ağrısı təkcə “Xəcalət”də, “Güllənmiş heykəllərin fəryadı”nda, “Dağlarda atılan güllə”də və “Yanar qar”da yox, digər əsərlərdə də geniş əks olunur. Yazıçı təkcə bu dərdi, ağrını bizə xatırlatmır, milləti müqəddəs torpaqlarımız uğrunda cihada, müqəddəs savaşa çağırır.
Ötən müddətdə nasir yeni əsərlər yazaraq, milli-mənəvi dəyərlərimizin, mənəviyyatımızın və əxlaqımızın ciddi problemlərlə üzləşdiyini bütün təfərrüatları ilə ortaya qoyub və bununla bir daha öz qayəsinə, dəsti-xəttinə sadiq qaldığını göstərib.
“Qırxıncı otaq” romanı
Bu baxımdan xüsusilə diqqət çəkir. Ədalətə, haqqa xidmət göstərən əsl vətəndaş-hüquqşünas obrazı H.Mirələmovun yaradıcılığının ən müxtəlif mərhələlərində onu düşündürən əsas mövzulardan olub. O, “Qırxıncı otaq” romanında da demokratik, hüquqi dövlət quruculuğunda müstəsna rol oynayan, xalq qarşısında haqqa sədaqət nümunəsinə çevrilən, saxtakarlığa, dünyanın axarını dəyişən yalana, riyakarlığa qarşı barışmaz mübarizə aparan, dünyanın malına tamah salmayıb mərdi-mərdanə mübarizə aparan, insanın şəxsiyyət olması üçün mühüm keyfiyyətlərdən biri kimi vicdan paklığı ilə zirvəyə ucalan Adil Hüseynli obrazını böyük ustalıqla qələmə alıb.
Ümumən, Hüseynbala Mirələmovun ədəbi yaradıcılığında ali məqsədlərdən biri insanın bu qarışıq və dolaşıq dünyada öz simasını qoruyub saxlaya bilməsinə xidmət etməkdir. Bunun üçün insan və cəmiyyət, insan və sosial həyat arasında çox sərt mübarizə gedir. Kimin qalib gələcəyi, son nəticədə bəşəriyyətin taleyinin kimin ixtiyarına buraxılacağı bütövlükdə hamını düşündürən məsələdir.
H.Mirələmov bizim, hətta bütöv bir cəmiyyətin görmək istəmədiyi düzü, həqiqəti çox sərt şəkildə, çəkinmədən, cəsarətlə ortaya qoyur. Bizim nağıllarda qəhrəman otuz doqquz otağı aça-aça gəlib yetişir bütün sirlərin gizləndiyi qırxıncı otağa. Adil Hüseynlinin yazdığı taleh kitabının adı “Qırxıncı otağın sirri” adlanır. Adil 40 il hakimlik edir, romanda sirlərin hamısı Şahin Verdiyevin oturduğu 40-cı otaqda sökülüb açılır. Cinayətkar hakim Şahin Verdiyevin 40-cı otaqda oturması nağıllarda divin gözəl qızın dizinə baş qoyub yatması ilə eyni assosasiya yaradır. Ədalət uğrunda mübarizə aparan qoca hakim 40-cı otağı dağıtsa da, özü də cəmiyyətdə baş verməkdə olan terrordan yaxa qurtara bilmir...
Adil Hüseynli sürdüyü şərəfli ömrün xatirələrinin iztirablarını yaşayır. Həzzini ötüşdürməyə macal tapmır. Qırx il hakimlik etdiyi “Ədalət sarayının kiçik hücrəsinə çəkilib”, “zülmün, halallığın kökü hardadır, ilahi, göydəmi, yerdəmi?!” – kimi düşüncələr içində çırpınarkən, ümumi şöbədə işləyən qız ona qadın həbsxanasından göndərilən bir məktub verir. Bu, zorən cinayətkara çevrilən Cahan Axundovanın “Könül dəftəri” idi. Buradan da roman içindən roman başlanır.
Cahanın “Könül dəftəri” ilə yazıçı Hüseynbala Mirələmov gözəl və bədbəxt bir qadının taleyi prizmasından cəmiyyətin sosial-mənəvi ifliclərinə işıq salır, tilsimli düyünləri inadkarlıq və əzmlə açmağa nail olur.
Hüseynbala Mirələmov Cahan obrazında mənəvi təmizliyin ilahi abidəsini, dövrün və dəyanət mələyinin əfsanəvi timsalını yaradır. Yazıçının “Qırxıncı otağ”ı həm də terror əleyhinə yazılmış və insanın yaşamaq haqqını təsdiq edən talelər romanıdır. Əsər kəsişən, çarpazlaşan talelərin xoşbəxt sonluğu ilə bitir. Fəqət ölümsüz, qurbansız da ötüşmür.
Cahanın, Adil Hüseynlinin dili sadə və aydındır. Bu həm də yazıçının seçdiyi janrın tələbindən irəli gəlir: sadə, mürəkkəb olmayan düşüncələr və yaşanan hisslər sadə qrammatik konstruksiyaya rahat yatır.
Müəllif cəmiyyətdə baş verənləri, cərəyan edən hadisələri kamil dünyagörüşündən keçirərək onlara qiymət verir. Yeni dövr, yeni sosial-iqtisadi münasibətlər köhnə sualları yeni şəkildə qarşıya qoyur. Yazıçı cəmiyyətin, iqtisadi münasibətlərin sərt və amansız çağırışlarına tab gətirməyən, onlara təslim olub simasını itirən obrazlara qarşı, şəxsiyyəti formalaşdıran, mənəvi, əxlaqi dəyərlərin alçaldılıb ayaqlar altına atılması ilə razılaşmayıb üsyan qaldıran şəxsiyyətləri də ədəbiyyata gətirir.
Üzərində dayandığımız kitabda yer almış “Qumru yumurtaları” povesti
Yazıçı Hüseynbala Mirələmovun bir gəncin taleyinə yazdığı elegiyadır. Personajlarının bütün daxili aləminə işıq salmağa çalışan yazıçı, eyni hiss və hərəkətləri müxtəlif şəxslərin simasında göstərməyə çalışır. Özünün başlıca vəzifəsini “cəsarətlə həqiqəti axtarmaqda, dünyanın ən böyük əxlaqsızlığı olan yalanla mübarizədə, bütün mürəkkəbliliyi və ziddiyyətləri ilə insan haqqında gerçəyi üzə çıxarmaqda” görən yazıçı, “Qumru yumurtaları”nda da buna çalışır. Məhz buna görə də Hüseynbala Mirələmov əsərlərində yalnız bir yazıçı kimi deyil, bir cəmiyyətşünas-mütəfəkkir kimi də irəli gedir, insanlığın, xüsusən, yeni həyat tərzinə başlamış Azərbaycan insanının hansı qlobal fəlakətlər qarşısında qaldığını cəsarətlə açıb göstərir.
“Qumru yumurtaları” əsərində yazıçının yaşanan faciələri, eybəcərlikləri bədii ümumiləşdirmələrlə cəsarətlə ədəbiyyata gətirməsin millətinin gələcəyinə xidmət kimi səciyyələndirilə bilər. Milli mənəviyyatımızın, əxlaqımızın devalvasiyaya uğramasının səbəbləri yazıçıya məlumdur. Ancaq buna cəmiyyət laqeyiddir və onu bu laqeydlikdən qurtarmaq, bu qəflət yuxusundan oyatmaq lazımdır.
“Bir kərə yaşayırıq gəldi-gedər dünyada”... “Qumru yumurtaları” povestinə qapı açan bu misranın müxtəlif yozumu var. İnsanların aforizmə çevirdikləri bu ifadəni hərə istədiyi kimi dərk edir. Kimisi həyatın müvəqqəti olduğunu düşünüb içindəki şeytani hisslərin, əxlaqsızlığın quluna çevrilir və yalnız zövqü-səfanın, nəşənin, həzzin bitdiyi bir anda, günahların qurbanı olanda haqqı dərk edir. Kimisi də ona ayrılan ömür payını özünün kamilliyinə, mənəvi paklığına, ilahi məhəbbətə həsr edir ki, “gəldi-gedər dünyada” öz izini qoysun. Yazıçı Hüseynbala Mirələmov oxucularını məhz bu seçim qarşısında qoyur, onları seçim etməzdən əvvəl Yusifin həyatından ibrət almağa çağırır.
Oxucu “Qumru yumurtaları”ndakı Yusifin faciəsini xəyalən yaşayıb paklaşır, həyata baxışı, insanlara münasibəti dəyişir. Bəlkə elə buna görə əsərlərini sevə-sevə oxuduğumuz Hüseynbala Mirələmovun qəhrəmanları da sevilir. Yazıçının böyüklüyü də ondadır ki, oxucunun daxili aləminə nüfuz edə bilir və onun öz ömür yolunu tapmasına yardım edir. Bu mənada əlbəttə yazıçı böyük müəllimdir. Hüseynbala müəllimin son kitabına daxil edilən digər bir əsər
“Qaraçı gözəli Dorita” hekayəsi
Tanrının şah əsəri sayılan gözəl qadın, bu ilahi gözəlliyə səcdə edən ülvi və pak sevgidən söhbət açır. “...qumral saçları, mavi gözləri, sehrli təbəssümü ilə könül oxşayan, həyatında ilk və bəlkə də son dəfə qızılgül qönçəsi bağışlanan zərif bir qaraçı gözəli...” yazıçı öz qəhrəmanını belə təsvir edir. Amma bu qədər ustalıq və ülvi bir hislə yanaşılan təsvirlə iş bitmir. Müəllif bu gözəlliyin arxasındakı sərt bir reallığı da oxucuya təqdim edir: “Necə ola bilər ki, bu cür qənirsiz bir gözəl dilənsin?...”
Yazıçının bütün əsərlərində narahat və nigaran bir qəlbin səsini duyur və hiss edirsən. Təbii ki, bu hisslər onu cəmiyyətdəki eybəcərlikləri bütün çılpaqlığı ilə göstərməyə məcbur edir. Bu, təkcə yazıçının hadisələrə, problemlərə, mənəviyyatsız yaşam tərzinə biganə qala bilmədiyini deyil, həm də bu gerçəkliklərin hansı bəlalara yol açdığına cəmiyyətin diqqətini çəkmək məramını göstərir.
Yazıçı nə yazırsa, ürəyinin hökmü ilə yazır və bunu onun bütün əsərlərində aydın görmək olur. Onu, oxucularına sevdirən əsas cəhətlərindən biri də gerçək həyat həqiqətlərinə söykənməsi, onların özünəməxsus üslubda təqdim olunmasıdır. Ən sadə oxucu da, Hüseynbala Mirələmovun əsərlərində öz mühitini, bu mühitdəki mənfilikləri, işıqlı məqamları, yaxşını və pisi seçməyi, dəyərləndirməyi bacarır. O, yaşam yolu göstərmir, ancaq düşündürür, mənəvi təmizliyə çağırır.
Onun əsərlərində diqqət çəkən əsas məqamlardan biri də yazıçının faciələri çox dəqiq müşahidə etməsi, onları qəlbindən, içindən keçirib yaşamasıdır. Bunsuz oxucunun qəlbinə yol tapmaq, onu təsirləndirmək çətin hansısa yazıçıya qismət olsun.
Ümumi şəkildə H. Mirələmovun son on ildə qələmindən çıxan roman və povestlərin hər biri sözə, sənətə hədsiz ehtiramın, vətəndaş-yazıçının haqq axtarışlarının dəyərli örnəkləridir. 2000-ci illərdə, daha doğrusu, son on ildə milli nəsrimizin, Azərbaycan bədii-siyasi publisistikasının zənginləşməsində və inkişafında Hüseynbala Mirələmov yaradıcılığının xüsusi yeri var.
Surxay ƏLİBƏYLİ
525-ci qəzet.- 2010.- 25 dekabr.-
S.18.