“Yox ayrı dərmanım,
dözümdən ayrı”
Xalq şairi Məmməd Arazı anarkən...
Onun özü də, başlığa çıxardığım bu misra, bu sözlər də yaddaşıma köçüb, yaddaşımda qalıb. Yəqin ki, məni döyən, döyəcləyən sərt küləklər də bu yanıqlı misranı yaddaşımdan heç vaxt silə bilməyəcək. Ömrü boyu şairin içində çırpınan ahlar, haraylar və misraların dedikləri zaman-zaman könlünün ağrı-acısından, haraylarından qopan yaralı duyğulara qarışıb. Böyük sənətkarın dərdli-ələmli düşüncələri, ağlar-sızlar baxışları gözümün qabağından getmir ki, getmir... Hərdən xəyalına üz tuturam: “Ay Məmməd Araz, ruhuna qurban olum, üzümə elə kövrək, incik baxma, – deyirəm. – Bilirəm ki, dərdlər içində çırpınanda belə, ürəyin həmişə alovlu, ehtiraslı sözlər, misralar pıçıldayıb. Yuxularda da “qadan alım, Azərbaycan” – deyə haray qoparmısan. Sən həmişə döyüş, vuruş şairi olmusan. Çox imtahanlardan mərd-mərdanə adlamısan, sınaqlara çəkilmisən. Özün də bilirsən ki, sən bütün zamanların yanan, yandıran şairisən, nəğməkarısan! Sən gəncliyindən bu yolun yolçusu olmusan. Şeirlərin də, qələmindən çıxan bütün yazılar da bu kök üstə köklənib, bu istəklə gələcəyə üz tutub”.
Məmməd Arazla tanışlığım onun “Yanın, işıqlarım” şeiri ilə başlayıb. Yeddinci sinfi bitirib, təhsilimi qonşu kənddə – Çay Rəsulluda davam etdirdim. Son sinifləri isə Tovuz şəhər A.S.Puşkin adına orta məktəbdə başa vurmalı oldum.
“İnqilab və mədəniyyət” (indiki “Azərbaycan”) jurnalının üzünü də ilk dəfə o vaxt görmüşəm. Qonşu oğlandan bir axşamlığa almışdım, ancaq səhərəcən ondan ayrıla bilmədim. Jurnaldakı “Yanın, işıqlarım” şeiri məni qanadlarına almışdı... Jurnalla da, burada şeiri dərc olunmuş tanımadığım şair Məmməd İbrahimovla da doğmalaşdım. Sən demə, “Yanın, işıqlarım” Məmməd İbrahimovun mətbuatda işıq üzü görən ilk şeiri imiş.
Bu, 1952-ci ildə olmuşdu. Sonralar Məmməd Araz kimi tanınan, şöhrətlənən qüdrətli şairimizlə universitetdə tələbə yoldaşı da olduq. Yaşlı söz ustalarından kimsə ona yarızarafat, yarıciddi demişdi: “Ay Məmməd, özün də yaxşı bilirsən ki, sən gələcəyin böyük şairisən, zülmlə ali məktəb bitirmisən, diplom almısan. İndi isə get şeirini yaz, yarat, ailə qur, ürəyin istəyən kimi yaşa. Burada, bu fakültədə vaxtını itirmə, axı sən hazırca söz adamısan, jurnalistsən”.
Böyük dostunun sözləri onu çox düşüncələrə daldırmışdı. Universitetin jurnalistika fakültəsində ikinci ali təhsil ürəyincə olsa da, burada, bir vaxtlar uzaqdan-uzağa tanıdığı, görmək arzusunda olduğu Cəfər Xəndan, Mir Cəlal, Əli Sultanlı, Muxtar Hüseynzadə, Məmməd Arif kimi böyük ziyalılarla, ustad pedaqoqlarla ünsiyyət qursa da, tələbkar oxucu auditoriyası qazansa da, iş dalınca getmək istəyi duyğularının başında dururdu...
“Azərbaycan Yazıçıları” ensiklopedik məlumat kitabından sətirlər: “Bir il doğma Nurs kəndində coğrafiya müəllimi işlədikdən sonra Baş Mətbuat İdarəsində çalışmış, Moskvada Yazıçılar İttifaqının Ali Ədəbiyyat Kurslarında təhsil almışdır. Bakıya qayıdışı ilə əmək kitabçasına yeni işlərin, çalışdığı vəzifələrin adları yazılmışdır: “Maarif” nəşriyyatında redaktor, “Azərnəşr”də bədii ədəbiyyat redaksiyasının müdiri, “Ulduz” jurnalında məsul katib, “Ədəbiyyat və incəsənət” qəzetində, “Azərnəşr”də baş redaktorun müavini...”
Həmin illərdə “Sevgi nəğməsi”, “Üç oğul atası”, “Araz axır”, “Mən səni taparam”, “Anamdan yadigar nəğmələr”, “Ömür karvanı”, “İllərdən bəri”, “Qanadlı qayalar” kitablarının sevincini yaşayır, sənət aləmində adı daha ucadan, hörmət və ehtiramla çəkilirdi. Azərbaycan poeziyasının S.Rüstəm, S.Vurğun, M.Rahim, R.Rza, B.Vahabzadə, H.Arif, N.Xəzri kimi söz ustalarından sonra gələn ən istedadlı, parlaq simalarından sayılırdı. Hərdən belə fikir səslənirdi: “Bir vaxt gələcək, Məmməd İbrahim sənət göylərində ucaldıqca ucalacaq, bir kəhkəşana çevriləcək. Onun poeziyası ürəkləri işıqlandıracaq”.
...Uzaq xatirəyə çevrilmiş 1974-cü ilin payızı... Az qala bir ay idi ki, evdən çıxmışdıq. Noyabrın 5-də, bayram ərəfəsində Yuqoslaviyaya turist səfərimizi başa vurub, axşamüstü Moskvaya qayıtmışdıq. İki gün “Leninqrad” mehmanxanasında qaldıqdan sonra çətinliklə də olsa, “Moskva” mehmanxanasına göndəriş almışdıq. Şair Fikrət Qoca ilə sözləşmişdik ki, hələ burada qalıb bir az dincələk, həm də “Sovetski pisatel” nəşriyyatına təqdim etdiyimiz kitablarımızın taleyindən xəbər tutaq.
Təzəcə yerbəyer olmuşduq. Nəşriyyata getməyi qabağa saldıq. Orada bizə “plana düşəcəksiniz”, – deyə müjdə verdilər. Daha bizi heç bir qayğı gözləmirdi. Ona görə də azad-asudə şəhəri gəzib-dolaşmaq, dostlara baş çəkmək, yeni teatr tamaşalarına baxmaq istəyirdik. Fikrət Qocaya dedim:
– Gəlsənə, “Rossiya” mehmanxanasına sarı üz tutaq. Bizimkilər oranı çox sevirlər. Tanış-bilişə rast gəlsək, öyrənək görək, Bakıda nə var, nə yox.
Bu, Fikrət Qocanın da ürəyindən oldu. Günortaüstü yola düzəldik. Bunu da deyim ki, hələ də Yuqoslaviya səfərinin təəssüratından ayrıla bilməmişdik. Danışdıqca-danışır, ayrı-ayrı hadisələri, məqamları yada salır, deyir, gülürdük.
Birdən Fikrət Qoca yerində sancılıb qaldı:
– Bir ora bax, gör kimlər gəlir. Gör
ürəyimiz əmilərlə necə
yaxınıymış!
Fikrət Qoca düz deyirdi. Bizə
sarı gələnlərin ikisi də qəlbimizə
çox yaxın dostlar idi. Fikrət
də, mən də onların xətirlərini çox
istəyir, uca tuturduq.
Bu gözlənilməz
görüş bizim üçün
göydəndüşmə oldu. Bizi ilk görən Söhrab Tahir
özünəməxsus şirinliklə:
– Ay zalımlar, harada rastlaşıb belə cüt
olmusunuz, – dedi. – Gözümüz dost həsrətində idi.
Göydə axtarırdıq, yerdə
əlimizə düşmüsünüz.
Qucaqlaşıb
öpüşdük. Onların bizə, bizim də onlara
sorğu-sualımız bitib tükənmirdi. Mən
zarafata keçdim:
– Ay əmilər, heç demədiniz ilin-günün bu
vaxtında Moskva hara, siz hara? Yəqin ki,
təhsil illəri yada düşüb. Dostlara
baş çəkəcək, sonra da qəzet, jurnal
redaksiyalarına, nəşriyyatlara dəyəcəksiniz,
elə deyilmi?
Söhrab Tahir:
– Nahid, sən lap ürəyimizi oxudun ki? – deyə gülümsədi. – Xeyli
işlərimiz var. Bir də gəldik, görək nə
deyirlər.
Məmməd İbrahimin səsi elə bil məni
daladı:
– Söhrabın dedikləri öz yerində... bir balaca
həkimilik işimiz də var idi.
– Həkim hara, siz hara, maşallah ikiniz də
sap-sağlamsınız ki!
Söhrab Tahir yavaşca başını tərpətdi:
– Məmmədi Kreml
xəstəxanasının məşhur həkimi Omanova
göstərdik. Sağ olsun, diqqətlə müayinə elədi. Son
sözü belə oldu: “Şair, səndə bu
xəstəlikdən əsər-əlamət yoxdur”.
– Daha nə istəyirsiniz, əfəndilər?! –
Fikrət Qoca gülə-gülə dedi. – Çoxdandır
bir-birimizi görmürük. Ya qayıdın
geri, özümüzü verək “Rossiya” restoranına.
Siz Bakıdan danışın, biz də
Belqraddan, Sarayevodan, Titoqraddan, Albaniya sərhədindəki
Ohrid gölündən. Əgər bu
ürəyinizcə deyilsə, onda sizi təntənəli
surətdə öz odamıza – “Moskva” mehmanxanasına
dəvət edirik. Sonra görək
başımıza nə gəlir.
Fikir bu oldu ki, “Rossiya”ya
üz tutaq.
Fikrət Qoca irəli yeridi:
– Etiraz etməsəniz Məmməd əmiylə mən
qabağa düşərəm. Siz də
söhbətə dəm verib arxamızca gələrsiniz.
Söhrab Tahir qolumdan tutdu:
– Ay Nahid, qoy böyük şairlər qabağa
düşsün. Nigaranlığımı hiss edərək,
– Biz çoxdan Moskvadayıq, – dedi. – Beş-altı gün
qabaq Kreml xəstəxanasının çox məşhur
həkimi var, o, Məmmədi də, məni də
inandırdı ki, ensefalit xəstəliyi şairin yanından
belə keçməyib.
– Bəs bu diaqnozu kim qoymuşdu?
– Məmmədə indiyəcən çox həkim
baxıb, – Söhrab Tahirin səsi üşüyən kimi
oldu. – Hərə də bir tərəfə yozub, bir
xəstəlik uydurub. – Dərindən ah çəkdi. –
Məmmədə Allah özü kömək eləsin... Mən o fikirdəyəm ki, Tanrı Məmmədi
qoruyub, istedadına qanad versə, əlini heç vədə
onun başından çəkməyəcək.
– Allah ağzından eşitsin, – dedim.
Söhrab Tahir söhbətə körpü saldı:
– “Azərnəşr”ə Məmmədin iş yerinə
getmişdim. Nahar vaxtı idi. Şıdırğı nərd oynayırdılar.
“Otur sən də bax”, – dedi.
Ürəyimdə
Məmmədin udmasını istəyirdim. Özümdən
asılı olmayaraq, onun hər bir hərəkətini
izləyirdim, zər atmasını, daşları xanalara
düzməsini... Fikir verəndə
gördüm ki, çox ehtiyatla tərpənir. Açığı bunu onun ustalığı
ilə bağlayırdım. Sən demə, belə
deyilmiş, əli əməlli-başlı
titrəyirmiş...
Hə, nə
başını ağrıdım. Oyun bitəndən sonra
Məmmədlə nərd oynayan yaşlı kişi
saata baxıb, tələsik qapıdan çıxdı.
Mən ehtiyatla:
– Ay əmi, – dedim, – bayaqdan sənə fikir verirdim,
çox əsəbi oynayırsan. Zər atanda
əllərin titrəyirdi. Səndən
xahişim budur ki, bir də əlinə zər almayasan. Belə əsəbilik nəyə lazımdır?
Məmməd fikirli-fikirli üzümə baxdı:
– Ay Söhrab, qadan alım,
– Əsəb olmayanda bəs
nə olacaq ki?
– çiynimi çəkdim.
– Ay qardaş, nə gizlədim səndən. Bu da bir bəladır tutub məni.
– Yaxşı, ağ eləmə
görək. Sən lap həkim kimi danışırsan ki.
– Neyləyim, xəstəlik danışdırır
məni, – ağır-ağır başını
tərpətdi. – Anamda da olub bu xəstəlik...
– Adı nədir?
– Əsəb-beyin pərdəsinin iltihabı, –
Məmməd bu sözləri elə dərdli-dərdli dedi ki,
ürəyimin başına od
düşdü. – Yazıq anamı da bu xəstəlik
apardı. Xroniki olanlar illər boyu əzab
içində çırpınırlar. O birilərini
isə ölüm tez yaxalayır. Heç bir həftə
çəkmir ki... İndi məni də
qara-qorxu götürüb ki, bu irsidir, mənə anamdan
keçib.
– Yaxşı, ay Məmməd, özünə
xəstəlik uydurub, nağıl danışma.
– Əmi, onu bilirəm ki,
başımın üstə qara buludlar oynaşır, qorxunc
şimşək səslərini də tez-tez eşidirəm.
Onu qucaqlayıb sinəmə sıxdım:
– Məmməd, ürəyin buz kimi olsun deyə, səni
Moskvada ən yaxşı həkimlərə
göstərmək bu əminin boynuna.
Məmməd elə bil acı burulğandan
çıxıb özünə gələn kimi oldu:
– Əmi, belə bir iş eləsək, qiyamət olar
ki, – sevincək dedi. – Bax, indi o vədi yerinə yetirib, bir az yüngülləşən kimi olmuşuq. Omanovun qəbuluna düşmək üçün
düz iki həftə Moskvada günləri
saymışıq. O vaxtacan da çox yollardan
keçmişik. Yazıçılar
poliklinikasının rəyindən tutmuş, sədrin
xahiş məktubunacan cibimizdə çox kağızlar var
idi. Belə bir söhbətimiz olmuşdu
ki, əgər ensefolit diaqnozu düz çıxmasa,
Məmməd də bizə restoranda gur bir qonaqlıq
verəcək. Həkimi də dəvət
edəcəyik ora. Məmməd də
gülə-gülə demişdi: “Ay əmi, kaş sən
deyən olsun. Qonaqlıq da verərik,
hələ lap o yana da keçərik”.
Hə, sözün qısası, həkim çoxlu
suallar verdi, rəyləri, konsiliumların
nəticələrini dönə-dönə oxudu. Axır
sözü də bu oldu: “Hörmətli şair, sevinirəm
ki, sorağı ilə gəldiyiniz bu xəstəlikdən
sizdə əsər-əlamət yoxdur”.
Məmməd tələsik soruşdu:
– Həkim, bəs onda mənim xəstəliyim nədir?
Həkim də belə cavab verdi:
– Siz mənim yanıma ensefolit xəstəliyindən
şübhələnib gəlmişdiniz. Mən də bu
sahənin inanılmış həkimi, mütəxəssisi
kimi təkrar-təkrar deyirəm: Sizdə bu xəstəliyin
əlaməti belə yoxdur. Başqa
xəstəlik barədə isə heç nə deyə
bilmərəm. Desəm, sizi
aldatmış olaram. İnsan gərək
bildiyini, inandığını dilə gətirsin.
Mən öz sahəmdə ixtisasımdan yarım addım da o
yana keçə bilmərəm.
Biz həkimə
dönə-dönə təşəkkürümüzü
bildirib, onu axşam “Praqa” restoranına dəvət elədik. Həkim isə çox
səmimiyyətlə:
– Siz Azərbaycan şairlərinin “sağ ol”u mənim
üçün ən gözəl qonaqlıqdır, – dedi. –
Sizə yaxşı yol, çalışın
xəstələnməyin.
Kreml poliklinikası
Moskvanın qərbində yerləşir. Mehmanxanaya
xeyli yolumuz var idi. Taksi saxlatdırıb,
“Rossiya”ya üz tutduq. Sevincdən quş
kimi uçurduq. Yolda Məmmədlə
razılaşdıq ki, restorandan vaz keçib,
mərtəbəmizdəki bufetlərdən birində oturaq.
Belə də etdik. Məclisimizə
Moskvada yaşayan azərbaycanlı qələm
sahiblərindən Fəthi Xoşginabini, Faiq Cəmcəmlini,
İlham Bədəlbəylini, Qorki adına
Ədəbiyyat İnstitutunda təhsil alan
həmyerlilərimizi də dəvət edib gözəl bir
gün yaşadıq. Sağlıqların
başında isə Məmməd ilə bağlı
ürək sözləri, xoş arzular dururdu.
O qarlı, sazaqlı axşamda vaxtın necə
keçdiyini hiss etmirdik... Məmməd
ürəyimizi yerindən oynadan, hisslərimizi,
duyğularımızı tarıma çəkən
bir-birindən gözəl şeirlər oxusa da, qəm
köynəyindən çıxa bilmirdi. Onun bir
gözü ağlayır, bir gözü gülürdü...
Biz o zaman nə biləydik ki, şairi qarşıda
necə ağrı-acılar, məşəqqətli
günlər, sərt sınaqlar gözləyir...
Elə oradaca
qərarlaşdıq ki, nə qədər ki, buradayıq,
hər gün görüşək. Gündüzlər
Fikrətlə mən aşağı, “Rossiya”ya enək,
axşamlar da Söhrab Tahirlə Məmməd Araz bizim
yanımıza, “Moskva” mehmanxanasına qalxsınlar. Elə nömrədə süfrə açıb
şam eləyək. Sözü-sözə,
söhbəti-söhbətə qoşaq, gecə
keçincəyə qədər oturaq, şeirdən,
dalğalı söhbətlərdən ayrılmayaq...
lll
Yada saldığım bu
epizod 1992-ci ilin yazı ilə bağlıdır. Çətin
günlər idi. Respublika
çalxalanırdı. Xalq Cəbhəsi
təzəcə hakimiyyətə gəlmişdi. Hər yerdə vəzifə bölgüsü
gedirdi. Suallar suallara calanırdı:
Mən əzablı,
xiffətli aylardan sonra təzəcə televiziyaya
qayıtmışdım. Sədr müavini idim.
Keçmiş sədrimiz Elşad Quliyevlə
baş-başa verib, işləri sahmanlayırdıq ki, onu
yenidən Azteleradiodan araladılar. Tezliklə o, artıq
tanınmış iş adamı Mahmud Məmmədovun
təsis etdiyi BM-Tİ televiziya kanalına prezident təyin
olundu. Texniki imkanları geniş olmasa da, kanal
bacarıqlı, səriştəli əməkdaşlar
hesabına günbəgün təzə verilişlər
açır, öz auditoriyasını sevindirir,
genişləndirirdi.
Elşad Quliyev mənə
zəng elədi ki, vətənpərvərlik mövzusunda
mahnı və şeirlərdən ibarət müsabiqə
keçirmək istəyirlər. Bəstəkar Tofiq Quliyevin
rəhbərliyi ilə çox mötəbər
münsiflər heyəti olacaq. Üzvləri isə
bəstəkar Vasif Adıgözəlov, müğənni
Gülağa Məmmədov, “Günay” qəzetinin redaktoru,
şair Xəlil Rza, iş adamı Mahmud Məmmədov, bir
də biz ikimiz. İstəyirik çox
yüksək səviyyəli bir müsabiqə olsun, kimsə
bizə ağız büzməsin.
O əlavə etdi:
– Onu bil ki, sən tərkibə elə-belə
düşməmisən. Mahmud müəllimin
də, mənim də fikrimiz bu olub ki, var qüvvənlə
bizə yardımçı olacaqsan. Çünki
şairləri də, bəstəkarları da biz yaxşı
tanıyırıq. Ona görə də gərək
ürəkdən bu işə qoşulasan.
– Ay Elşad müəllim, məni müsabiqədə
nə qiyafədə görürsünüz ki? – deyə ürəkdən güldüm.
– İstəyirik Nahid
Hacıyev qolunu çırmalayıb mahnı mətni
yazsın.
– Axı, mən indiyəcən belə bir iddiada
olmamışam. Yazsaydım, bəlkə də
indi çox mahnılarım olardı.
– Neçə illərdir ki, Azteleradioda Bədii
Şuranın üzvüsən, bütün mətnlər
əlindən keçir. Sənin imzan olmasa
bəstəkar sözə yaxın durmur.
– Bunlar düzdür, ancaq mən bu işə
girişsəm şairlər nə deyər?
– Bu onların öz işidir, – Elşad Quliyev səsinin
ahəngini dəyişdi. – Əsas budur ki,
yaxşı mahnı yaransın. İndiyəcən
çox mahnıların sözünü
düzəltmisən. Eləsi də var ki,
onu təzədən yazmısan. İndi
də istəyirik öz mahnın olsun. Bəstəkarlardan
hazır musiqilə yanına gələn də olacaq, səni
tutsa, qələm götür.
Söhbətdən
təxminən saat keçmişdi ki, bəstəkar Eldar
Mansurov qapıda göründü. O, diktofonda müsabiqəyə
təqdim etmək istədiyi mahnının musiqisini
səsləndirdi. Çarəm nə idi, qulaq
asdım. Düzü, xoşum gəldi.
Sonra bir də, bir də...
Ürəyimdə misralar titrədi:
Günəşimiz saralıbdı,
Göylərimiz qaralıbdı,
Qarabağı sar alıbdı.
Dərd bürüyüb, solu, sağı...
Tanrı, qurtar bu sınağı!
Qalx, qalx, ulu torpaq.
Qalx, qalx ulu bayraq,
Qalx, qalx, sən ey mərd xalq,
Yer titrəsin məhvərindən!
Yazdıqlarımı
bəstəkara oxudum. Eldar Mansurov vəcdlə:
– Qardaş, sən arxasını yaz, – dedi. – Bir-iki saata
gəlib mətni götürəcəyəm. Səsyazma
evində yer götürmüşük. Mahnının
qaralamasını sabah günorta
yazacağıq.
Ertəsi gün başqa bir mətn də yazdım:
“Qürbətlərdə qalan dağlar”. Bunu da
bəstəkar Cavanşir Quliyev götürdü.
İki gün sonra seçim edəndə gördük ki,
tutarlı mahnılar, şeirlər o qədər də
çox deyil...
Xəlil Rza ilə
şeirləri gözdən keçirəndə aydın oldu
ki, müsabiqəyə şeir verən müəlliflərin
çoxu hələ heç yerdə çap olunmayıb,
tanınmır.
Az-çox tanınan
şairlərdən biri yeni kitabının
əlyazmasını Xəlil Rzaya verib xahiş etmişdi ki,
ona kömək eləsin. Bunu X.Rza özü
ürəkaçıqlığı ilə mənə
etiraf elədi. O, nüfuzundan istifadə edib,
müəllifə birinci mükafat vermək istəyirdi. Mən deyəndə ki, ay şair, axı belə bir
müsabiqədə ürəyiyumşaqlıq eləmək
olmaz. O sözümü göydə tutdu. .
Üzrxahlıq eləyirmiş kimi:
– Bəy, mən də bilirəm ki, bu şeirlər
sən deyən səviyyədə deyil. – Fikirli-fikirli –
Bəs onda neyləyək? – deyə
soruşdu.
– Bir az da fikirləşək.
– Axı, müsabiqənin vaxtı qurtarır. –
Sınayıcı nəzərlərlə üzümə
baxdı. – Mahmud müəllim də, Elşad müəllim
də bizdən cavab gözləyirlər. Özün
də görürsən ki, baxdıqlarımızın
içində ürək tərpədəni yoxdur.
Ucadan dedim:
– Yoxdur, onda özün yaz.
– Bəy, özün də görürsən ki,
ürəyimdə çox təbəddülatlar,
sarsıntılar var. Kökdən düşmüşəm,
əlimə qələm ala bilmirəm.
– Qardaş, mən indi elə bir şairin adını
çəkəcəyəm ki, sənin ürəyindən
xəbər verəcək, – deyə yavaşca çiyninə
vurdum.
Onu maraq götürdü:
– De görüm o, kimdir?
– Böyük şairimiz Məmməd Araz!
– Axı o, müsabiqəyə şeir
göndərməyib, – məyus-məyus üzümə
baxdı.
– Onun şeirlərini müsabiqəyə radiolar,
televiziyalar, uca-uca kürsülər təqdim edib,
bütün xalq verib. Şair, “Ayağa dur,
Azərbaycan!” şeirini yadına sal. Hamımızın
ürəyinin səsidir.
Xəlil Rza öz şeirini deyirmiş kimi qələm
dostu Məmməd Arazın bu misralarını ilhamla ucadan
söylədi:
Səninləyəm, haqq-ədalət,
səninləyəm,
Milli qurur, milli qeyrət, səninləyəm!
Səpil quma, göyər yerdə, bit qayada,
Gizli nifrət, açıq nifrət,
səninləyəm,
Oyat bizi, ey yaradan, səninləyəm!
Ya bilmərrə yatırt bizi,
Ya yenidən yarat bizi,
Ey yaradan, səninləyəm,
Səninləyəm, yatmış vulkan,
Səninləyəm!
Ayağa dur, Azərbaycan,
Səninləyəm!
Xəlil Rzanın gözləri birdən-birə
parıl-parıl parıldadı:
– Qiyamətdir! – deyə şair
coşğunluğu ilə əlini əlinə vurdu. – Eşq
olsun Məmməd Araza! Bu şeirin bir ordu
qədər gücü var.
– Qardaş, düz deyirsən. Mənim
də ürəyimi oxudun. Bunu da bir şair kimi
səndən soruşuram: İndiyəcən “Ayağa dur,
Azərbaycan!” kimi silsilə yazan olub?
Gözünü gözümdən
çəkmədən:
– Boynumuza alaq ki, yox bəy, ondan başqa kim
yaza bilərdi bu silsiləni? Məmməd Araz bu
şeirlərlə Azərbaycana məhəbbət abidəsi
ucaltdı və tarixə düşdü. – Sonra da
sevincək-sevincək, – Nahid, sənə də
təşəkkür edirəm ki, Məmməd Arazın
qarşısında mənim də günahımı yudun, –
dedi. – Bu mükafat ona gözlənilməz bir fərəh
bağışlayacaq.
Məmməd Araza birinci
mükafat verilməsi hamının ürəyincə oldu. Əslində isə bu onun
halal haqqı idi!
Bir neçə gün sonra “Moskva” mehmanxanasının
həyətində, açıq havada mükafatların
təqdimat mərasimi keçiriləndə Məmməd
Arazı stol arxasında gördüm. O,
ağrılarla əlbəyaxa olsa da, məni
görəndə ayağa qalxmaq istədi, tezcə
özümü ona yetirdim. Deyəsən, mükafata layiq görülməsi
şairi bir az
həyəcanlandırmış, həm də sevindirmişdi.
Əl verib görüşəndə:
– Ay Nahid, eşitdim ki, mənim silsiləmi sən yada
salmısan. Əzizim, çox sağ ol. Mükafata
görə təşəkkürüm ilk növbədə
sənə düşür, – dedi.
...Məmməd Araz
təbiətən çox ürəyiyumşaq,
qılıqlı, insanlara xoş münasibət
bəsləyən söz adamı idi. Ona görə də
xətrini çox istəyirdilər. Dostları
arasında sadə fəhlə də var idi, kolxozçu da,
sürücü də, müəllim də, şeiri,
sənəti duyan, qiymətləndirən tanınmış
ziyalılar da, müxtəlif pillələrdə vəzifə
tutan dövlət adamları da.
Şairi bir dəfə
görənlər xoş duyğularla həmişə
anır, “kaş onu bir də görəydim” arzusunu dilə
gətirirdilər.
Gənc qələm
sahibləri isə ona “əmi” deyirdilər. Bu
sözdə bir hörmət, ehtiram və ustad
sözünə çox yaxın çalar var idi.
Hər dəfə
eşidəndə xoşlanırdı. Kimsə ona
“Ay Məmməd əmi” deyə müraciət
eləyəndə sevinir, şahrızlanır,
qürrələnirdi.
O, sözə taleyi kimi baxırdı. Bütün
sevinclərini, istəklərini sözdən, şeirdən
ayrı təsəvvür eləmirdi. Sözün
bütün mənalarında şair idi. Dünyaya
şair kimi gəlmişdi.
Ünsiyyəti sevən,
qiymətləndirən insan idi. Çoxları şairin “dostluq
xatirəsi”nin üfüqlərini göz
önünə gətirəndə heyrətlənirdilər.
...Bir axşam işdən təzə
qayıtmışdım. Telefonumuz zəng
çaldı. Danışan Bərdə
rayonundakı məşhur “Moskva” kolxozunun sədri Hüseyn
Ağayev idi. Onu “Azərbaycan” kolxozunun
sədri olduğu vaxtlardan tanıyırdım. Mən radionun “Kənd həyatı”
şöbəsinin müdiri işləyəndə
“Azərbaycan” kolxozu Şağayım düzündə
yerləşirdi. Bu, “Şaqayem” rus
sözünün təhrif olunmuş, azərbaycanlılaşdırılmış
variantı idi. Hüseyn Ağayevin
atası bu kolxozun təməlini qoymuşdu. Sonralar “Azərbaycan” kolxozu varlı bir
təsərrüfata çevirmiş, yaxınlarda, uzaqlarda
geniş şöhrət qazanmışdı.
Hal-əhvaldan sonra Hüseyn Ağayev
gözləmədiyim halda soruşdu:
– Əmi ilə aranız
necədir?
– Lap əla! – deyə güldüm. Tezcə də əlavə etdim. – Qağa,
bizdə iki əmi var, biri Söhrab Tahirdir, biri də
Məmməd İbrahim. İkisi də dostumdur.
İndi siz hansını soruşursunuz?
– Əslində Məmməd İbrahimi, – dedi. – Söhrab Tahir də olsaydı, qiyamət bir
gecə keçirərdik. Mən respublika
müşavirəsinə gəlmişəm, özüm
də “Bakı” mehmanxanasında qalıram. İndi aşağı düşürəm,
Məmməd İbrahimi qarşılamağa. Beş-on dəqiqəyə taksiylə
gələcək. Xahiş edirəm, siz
də bir taksiyə oturun, mehmanxananın qabağında sizi
gözləyəcəyik.
– Bəlkə məni ixtisara salasınız.
– Qadası, mümkün deyil. Məmməd
müəllimlə sözümüz belə olub ki, siz də
gələsiniz. Bayaqdan evinizə
neçə dəfə zəng vurmuşam. Hər dəfə də “Hələ gəlməyib”
deyiblər. İndi isə əlimizə
güclə düşmüsünüz, buraxan deyilik. Söhrab Tahirə də mütləq zəng
eləyin. Deyin ki, üçümüz də onu
gözləyirik...
Mən taksidən
düşəndə gördüm ki, onlar mehmanxananın
qabağında gəzişirlər. Məmməd İbrahim məni
görən kimi tezcə soruşdu:
– Nahid, əmini tapa bildinmi?
– Yox, xanımı dedi ki, toya gedib.
Astaca başını buladı:
– Onda üçümüz olacağıq ki...
Liftə minib restorana
qalxdıq. Hüseyn Ağayev sifariş verib getmişdi. Biz içəri girən kimi ofisiant
başımızın üstünü aldı. Yemək gəlincə oradan-buradan söhbət
başladı.
– Nahid müəllim, heç soruşmursunuz ki,
şairlə dostluğunuz necə başlayıb? – deyə Hüseyn Ağayev mənə sarı
döndü.
– Necə başlayıbsa o yerə də, o günə
də eşq olsun!
Məmməd İbrahim ürəkdən gələn
səslə dedi:
– Bizi Kəlbəcər, “İstisu” sanatoriyası
– Doğma ailə kimi olmuşduq, – Hüseyn Ağayev
gülümsədi. – Bir-birimizi görməyəndə
darıxırdıq. Şairlə də bizim
söhbətimiz yaxşı tuturdu. Bir
də görürdün ki, Məmməd müəllimin
danışdığı əhvalatlara başımız o
qədər qarışıb ki, sanatoriyadan xeyli
aralanmışıq. Doymurdum bu
söhbətlərdən...
– Çox gözəl günlər idi, – Məmməd
Arazın gözləri yol çəkdi. – Bir də
ələ düşməz o günlər.
– Çox sağ olsun ki, Məmməd İbrahim bizi
unutmadı, – Hüseyn Ağayev söhbətə yenidən
körpü saldı. – Bir gün bizim “Azərbaycan” kolxozunun
da qonağı oldu. Obaları, tarlaları
gəzdik. Gəzdikcə gəzmək
istəyirdi. Görürdüm ki, cib
dəftərçəsinə də nəsə qeydlər
edir. Sən demə, ürəyindən
“Azərbaycan” kolxozu haqqında yazmaq keçirmiş.
– Gördüklərim, eştdiklərim məni bərk
tutmuşdu, – dedi Məmməd Araz. – Bu nəslin
zəhmətkeşliyi, halallığı, el-obada
qazandığı hörmət ürəyimi yerindən
oynatmışdı. Çox
təsirlənmişdim. Hüseyn
Ağayevin atası da məşhur təsərrüfatçı
olub, ad-san qazanıb. Bizim bu Hüseyn
də, qardaşı da atalarının yolunu tutub. İndi Hüseyn Ağayev “Moskva” kolxozunun,
qardaşı isə “Azərbaycan” kolxozunun sədridir. Bərdənin pambıq planının əsas
yükü bu iki milyoner kolxozun boynunadır. Qardaşların ikisi də əmək
qəhrəmanıdır. Bunlar
hamısı qəlbimi tərpətdi. Mən
də günlərin birində qələm
götürdüm.
Hüseyn Ağayev tələsik onun sözünə
söz yetirdi:
– Yaxın bir adam “Ulduz”
jurnalının təzə nömrəsini rayon
mərkəzindəki köşkdən alıb,
sevinə-sevinə üstümə qaçmışdı ki,
Ay Hüseyn qağa, ala bax, gör, şair burada sizdən
nələr yazıb. Atanı, səni,
qardaşını dağlar başına qaldırıb.
“Yer üzünün
Qarabağ düzü” adlı oçerki görəndə
gözlərimə inanmadım. Böyük şairi Allah
saxlasın, göz yetirəndə gördüm ki,
sözləri seçə-seçə elə yazıb ki,
ürəyimin dərinliyində bəlkə də min
dəfə “sağ ol” dedim ona.
– Doğrusu, mövzu məni silkələmişdi, –
şair məmnunluqla başını tərpətdi. – Mən
başqa cür də yaza bilməzdim.
– Məmməd müəllim, bir vaxtlar bizi yalnız
Bərdə rayonunda tanıyırdılar. Sizin sayənizdə
məşhuri-cahan olmuşuq, – deyə Hüseyn Ağayev
barmaqlarını bir-birinə daraqladı. – Desəm ki,
bu yazı bizim nəsil üçün söz abidəsidir,
yanılmaram, – stəkanlara “Badamlı” süzdü. – Hə,
söhbət öz yerində, yemək də lazımdır. Nə qədər yaxşı söz desəm də
ürəyimdən tikan çıxmaz.
– Əsas budur ki, yazı xoşa
gəlib. Oxucular da, qələm
yoldaşlarım da “Yer üzünün Qarabağ
düzü”nü bəyəniblər. Müəllif
kimi mənim də ürəyimcədir. İstəyirəm
kitablarıma da düşsün. Ola bilsin
ki, lap “Seçilmiş əsərlər”imdə də öz
yerini alsın.
– Ay əfəndilər, mən də
heyranlığımı bildirirəm, – dedim. – Müəllifi
də, qəhrəmanını da bir daha təbrik edirəm. “Yer üzünün Qarabağ düzü”
sənədli nəsrimizdə əsil ədəbi
hadisədir.
Bu görüşdən
sonra hər dəfə Məmməd Arazı
görəndə dostumuz Hüseyn Ağayevi, Hüseyn
Ağayevi də görəndə Məmməd Arazı
soruşurdu. Şair öz qəhrəmanı ilə,
qəhrəmanı da onunla fəxr edirdi. Bu,
çox ülvi, insani bir duyğudan güc alırdı.
Bu dostluq, qardaşlıq çox illər yaşadı...
lll
Bu yaxınlarda
Yazıçılar Birliyinin Natəvan klubunda yazıçı-publisist
İradə Tuncayın “Sarı Odalar” kitabının
təqdimat mərasimi keçirilirdi. Müəllif
üçün də, qonaqlar üçün də sevincli,
həyəcanlı bir gün idi. Mənim
də könlümdən söz demək keçirdi. Fikirlər, duyğular qanadında idim.
Düşüncələrim bir-birinə qarışmışdı:
“Haradan başlayım, harada qurtarım?”
Mən İradə
Tuncayı yaxşı tanıyırdım. Neçə
illər Azərbaycan Televiziyasında bir yerdə
işləmişdik. Qələminə
də, zövqünə də yaxından bələd idim.
O, böyük şairimiz Məmməd Arazın
ürəyinin səsi, nəğməsi, bu ocağın
həm qızı, həm də oğlu idi. İki
universitet bitirmişdi – Azərbaycan Dövlət və
Məmməd Araz universitetlərini.
“Sarı Odalar”da İradə
Tuncayın indiyəcən yazdıqlarının
seçmələri cəmlənmişdi, başqa
sözlə desək, qələminin şah
nəğmələri idi. Kitab haqqında
danışdıqca danışmaq olardı. Arada mən də danışdım,
ürəyimdən keçənlərin bir əlçimini
dilə gətirdim. Ancaq çox söz
qaldı urəyimdə. Sonra qəzetdə
də yazdım. Bu da düşündüklərimin
hamısı deyildi...
Müəllifdən azca
aralıda anası Gülxanım Fətəli qızı
oturmuşdu. Mənimlə üzbəüz idi. Bəlkə də o, İradənin
özündən də çox sevinirdi. Təbii
ki, bu onun ana haqqı, ana iftixarı idi. Ancaq bu da
apaydın sezilirdi ki, bir gözü ağlayır, bir
gözü gülür....
Mən xəyalən Məmməd Arazı Gülxanım bacının yanındakı boş yerdə təsəvvür elədim. Özüm də bilmədən içimdən bir səs qopdu: “Kaş belə olaydı!”. Ancaq min heyif, min təəssüf...
Mən “Azərbaycan” jurnalının səhifələrində Gülxanım Fətəli qızının Məmməd Araz haqqında şirin, emosional xatirələrini həyəcanla, özü də yana-yana oxumuşdum. Düzü, axıra çıxıncaya qədər də beynimdə hey bu sözlər, bu müdrik fikir dolaşmışdı: “Hər bir sənətkarın yanında onu canı qədər, bəlkə də özündən daha çox istəyən fədakar bir qadın olmalıdır. O, həyatın bütün döngələrində, dönəmlərində onun ağrı-acılarına, istəklərinə, şıltaqlıqlarına dözməlidir”.
Bu yaxınlarda Gülxanım Fətəli qızının yenə “Azərbaycan” jurnalında Məmməd Araz haqqında dərc edilmiş gündəliklərini oxuyanda şairin ömür-gün yoldaşına ürəyimdə dönə-dönə minnətdarlıq elədim. Düşündüm ki, bu xanım neçə illər boyu Məmməd Arazın həyatında günəş olub, işıq olub, böyük sənətkarı yaşatmaq üçün bəlkə də təsəvvür edə bilməyəcəyimiz məşəqqətlərdən keçib. O öz ömrünü Məmməd Araz ömrünə qatıb, gecə-gündüz şairin ağrılarına, acılarına məlhəm olub. O, şairin şeirlərini söz-söz, misra-misra yığıb, sənətkarın unutduğu, yaddan çıxardığı hissləri, həyəcanları ona bir də yaşadıb. Bəzən bir-iki yarımçıq misra zaman keçəndən sonra qanad açıb, qəzet və jurnal səhifələrindən oxucularına üz tutub, əbədi yaşama haqqı qazanıb.
Məmməd Araz bizim böyük, uca şairimizdir. O öz həyatı, taleyi ilə qəhrəmanlar qəhrəmanı, dözüm, dəyanət mücəssəməsi, mərdlik heykəlidir. Qulağımızda qəmli misraları səslənir:
Pəncərəmi külək döyüb ağlasa,
Eyvanıma quşlar qonub ağlasa,
Ürəyini nalən yonub ağlasa,
İçində yan, ağı deyib, ağlama.
Ağlamağın yeri deyil, ağlama.
Məmməd Araz – o böyük söz ustası, sağlığında da, indi də hər sözü, misrası, şeiri ilə qəlbimizi sökür, duyğularımızı titrədir, təzələyir, ovxarlayır.
Sənətkardan söz açdım, ürəyimdə bahar yelləri əsdi. Qəlbim də sevindi, qələmim də. Gələcək illərin üfüqlərində ölməz şair boy verib boylandı və məğrur-məğrur bizi salamladı...
Nahid HACIZADƏ
525-ci qəzet.- 2010.- 25 dekabr.-
S.16-17.