Kamal Abdullanın 60 illik yubileyi keçirilib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik və Nizami adına Ədəbiyyat İnstitutlarının birgə təşkilatçılığı ilə AMEA-nın müxbir üzvi, Bakı Slavyan Universitetinin rektoru, əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Kamal Abdullanın 60 illik yubileyi ilə əlaqədar tədbir gerçəkləşib. Tədbirdə AMEA üzvləri, yazıçılar, millət vəkilləri iştirak ediblər. Giriş sözü ilə çıxış edən AMEA Humanitar və İctimai Elmlər bölməsinin akademik katibi, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Ağamusa Axundov Kamal Abdullanın mənalı ömür yoluna nəzər salıb: “Kamal Abdulla 1950-ci il dekabrın 4-də Bakıda ziyalı ailəsində dünyaya gəlib. Atası müəllim, anası isə həkim olub. 1968-ci ildə 190 saylı orta məktəbi bitirib. 1968-1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. 1973-1976-ci illərdə SSRİ Dilçilik İnstitutunun “Türk dilləri” şöbəsinin əyani aspirantı olub. 1977-ci ilin yanvar ayında Moskvada “Sintaktik paralelizm” (“Kitabi-Dədə Qorqud” dastanlarının dili üzrə) adlı namizədlik dissertasiyası müdafiə edib. Azərbaycan SSR EA Nəsimi adına Dilçilik İnstitutunun türk dillərinin müqayisəli tədqiqi şöbəsində kiçik elmi işçi, baş elmi işçi, şöbə müdiri vəzifələrində çalışıb (1977-1984). Azərbaycan Televiziyasında 1983-cü ildən başlayaraq “Azərbaycan dili”, “Qoşma”, “Dəfinə” kimi aylıq ədəbi-bədii, elmi-publisistik verilişlərin müəllifi və aparıcısı olub. 1984-cü ildə Bakıda “Azərbaycan dili sintaksisinin nəzəri problemləri” adlı doktorluq dissertasiyası müdafiə edib. 1984-1987-ci illərdə Xarici Dillər İnstitutunun “Ümumi və Azərbaycan dilçiliyi” kafedrasının müdiri, professoru olub. 1990-cı ildən Azərbaycan Mədəniyyət Fondunun sədridir. Elə həmin il “Rus dili və ədəbiyyatı” İnstitutunun Ümumi və rus dilçiliyi kafedrasının müdiri seçilib. 1993-cü ildən 2000-ci ilədək Xarici Dillər İnstitutunun Ümumi və Azərbaycan dilçiliyi kafedrasının müdiri olub 1994-1995-ci ildə Uludağ Universitetinin “Türk dili və ədəbiyyatı” bölümünün professoru kimi çalışıb. 2000-ci ildən Bakı Slavyan Universitetinin rektoru, Türk Dil qurumunun həqiqi üzvü, Ukrayna Beynəlxalq Kadr Akademiyasının həqiqi üzvü və Rusiya PEN-klubun üzvüdür. Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, Azərbaycan Badminton Federasiyasının prezidentidir”. Ağamusa Axundov həmçinin K.Abdullanın ilk əsərinin 23 yaşında çap edildiyini, bundan başqa xaricdə çıxış etmiş ilk azərbaycanlı dilçilərdən olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Daha sonra AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik Bəkir Nəbiyev K. Abdullanın bədii yaradıcılığından bəhs edib: “Kamal Abdulla türk xalqlarının qədim epik ədəbiyyatları sahəsində diqqətəlayiq araşdırmaların müəllifidir. Onun dilçilik, ədəbiyyatşünaslıq, həmçinin, qorqudşünaslığa dair sanballı tədqiqatları ölkəmizdə və onun hüdudlarından kənarda nəşr olunaraq böyük marağa səbəb olub. “Azərbaycan dili sintaksisinin nəzəri problemləri”, “Azərbaycan dilində mürəkkəb sintaktik bütövlər”, “Dilçiliyə səyahət və yaxud dilçi olmayanlar üçün dilçilik”, “Azərbaycanca danışaq”, Müəllif – əsər-oxucu”, “Əvvəl-axır yazılanlar”, “Gizli Dədə Qorqud”, “Sirriçində dastan və yaxud gizli Dədə Qorqud”, “Mifdən yazıya gizli Dədə Qorqud” və s. elmi kitabları qorqudşünaslığın araşdırılmasında əvəzsiz tarixi məxəz rolunu oynayıb. Bu sadalanan məqalələr nəhayətində qorqudşünaslığın tədqiqi üçün bir başlanğıc olub. Kamal Abdullanın çoxcəhətli istedadının bir cəhəti də Azərbaycan ədəbiyyatının dünyaya tanıdılmasındakı müstəsna xidmətləridir. Kamal Abdullanın yaradıcılığını digərlərindən fərqləndirən başlıca cəhət onun əsərlərində obraza başqa aspektdən yanaşmasıdır”. Filologiya elmləri doktoru, professor Məsud Mahmudov “Kamal Abdullanın dilçilik baxışları” adlı məruzəsində K.Abdullanı ədəbiyyat və dilçilik üzrə tanınmış mütəxxəsis kimi səciyyələndirib: “Kamal Abdulla türk xalqlarının qədim epik ədəbiyyatları sahəsində araşdırmalar aparır. Müxtəlif ölkələrin universitetlərində “ümumi dilçilik” və “mətn sintaksisi” fənləri üzrə mühazirələr və xüsusi kurslar deyir. ABŞ, Fransa, Rusiya, Türkiyə universitetlərində mühazirələrlə çıxış edir, bir çox beynəlxalq simpozium, konfrans və kollokviumların məruzəçisi və iştirakçısıdır. 100-dən çox məqalə və 30-dan çox kitab müəllifidir. Onun haqqında 200-dən artıq məqalə yazılıb və sevindirici haldır ki, bunlardan 50-yə qədəri xarici ölkələrin mətbu orqanlarında dərc olunub. Rusiya, Fransa, Türkiyədə elmi və gündəlik mətbuatda onlarla məqalə çap edilib. 2007-ci ildə Rusiya Prezidenti V.V.Putin tərəfindən “Puşkin” medalı, Çexiyanın “Karl Kramej” medalı, Polşanın “Böyük xaç” kavaler ordeni ilə təltif olunub”. Filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı “Görkəmli yazıçı-ədəbiyyatşünas” məruzəsində K.Abdullanı mənsub olduğu ədəbi dövrün istedadı, yüksək intellektual səviyyəsi ilə seçilən bir şəxs kimi tanıdığını dilə gətirib: “Kamal Abdulla keçən əsrin 70-ci illərinin nəslinə mənsubdur. Onun ilk qələm təcrübəsi “Ədəbiyyat” qəzetində dərc olunub. Elə ilk yazılarından da özünü, öz sözünü təsdiqləməyi bacardı. Çox tez bir zamanda öz qələmi ilə ədəbi tənqiddə özünəməxsus yer tutdu. “Dəyirmanın içi və çölü” məqaləsindən sonra “Nəsrimizin ritmi” və digər məqalələri zamanın tələbinə uyğun olaraq oxucular tərəfindən rəğbətlə qarşılandı. Onun Kitabi Dədə Qorduq haqqında yazdığı məqalələri qorqudşünaslığın araşdırılmasında bir növ açar rolunu oynadı”. Daha sonra millət vəkili Fazil Mustafa, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Dillər Universitetinin rektoru Səməd Seyidov və digər ziyalılar K.Abdullanın elmi və bədii yaradıcılığı ilə bağlı fikirlərini dilə gətirərək, onun alim və yazıçı kimi ədəbiyyatımızın tədqiqi, təbliği istiqamətində gördüyü əvəzsiz işlər haqqında fikirlərini bölüşüblər. Tədbirdə Kamal Abdullanın kitablarından, haqqında yazılan məqalələrdən guşə də yaradılıb.
Hüsniyyə İSMƏTQIZI
525-ci
qəzet.- 2010.- 25 dekabr.- S.15.