Məmməd Arazın əsərləri
Xalq Əmanəti kimi
Dünən xalq şairi Məmməd Arazın “Xalq Bank”ın dəstəyilə, “Xalq Əmanəti” layihəsi üzrə nəşr olunmuş əsərlər toplusunun təqdimatı keçirilib. Təqdimat mərasiminin aparıcısı AYB katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid M.Arazın Azərbaycan ədəbiyyatındakı müstəsna yerindən, yaradıcılığının xüsusiyyətlərindən danışaraq, sözü tədbir iştirakçılarına verib. Mərasimdə çıxış edənlər M.Araz poeziyasının, onun şair və insan şəxsiyyətinin məziyyətlərindən söz açıb, unudulmaz sənətkarı Vətən və Ədəbiyyat fədaisi kimi dəyərləndiriblər. Tədbirdə şairin əsərlərindən seçmələr, sözlərinə yazılmış mahnılar sənətçilərin ifasında səsləndirilib.
Təqdim olunan kitab üçün şair-publisist və tərcüməçi Səlim Babullaoğlunun “Redaktordan” başlığı ilə qələmə aldığı yazını oxucuların diqqətinə çatdırırıq.
XX əsr söz sənətimizin görkəmli nümayəndələrindən olan, Xalq şairi Məmməd Arazın şeirlər kitabının “Xalq Əmanəti” layihəsinin ikinci nəşri olması, əlbəttə, təsadüf yox, zərurətdir və bunu ilk nişan verən həm şairin adının qarşısındakı şərəfli tituldakı, həm də layihənin adındakı “Xalq” sözüdür . Və bu olduqca ciddi düşüncələr üçün əsas verir. Mən həm bu haqda və eyni zamanda kitabın tərtib prinsipləri haqda qısaca danışacağam. Qısaca ona görə ki, Məmməd Araz dilimizin və ədəbiyyatımızın elə nümayəndələrindəndir ki, onu xüsusi girişlə təqdim eləməyə lüzum yoxdur, çünki az sonra sayğıdəyər oxucu özü həmin şeirləri oxuduqca, onun müəllifi haqda yazıla biləcək ən dolu-dolğun sözlərin belə həmin şeirlərin yanında çox solğun görünəcəyi qənaətinə gələcək.
... Sirr deyil ki, ən adi şifahi sözün ən dəyərli yazılı söz qarşısında bir üstünlüyü var. Birinci müəllifi və qiraətçisi ilə həm diridir, həm də qeydə alınmır deyə yeganə nüsxədədir. Həmişə. Yazılı söz isə bu həmişəlikdən adətən məhrumdur. Bir də şeirin elə yönü, elə yazılışı, elə üslublar və dəst-xətlər var ki, onların ümumişlək dil kimi görünmək, onunla qarışdırılmaq təhlükəsi var. Sən şeirin (g)özəlliyi haqda düşünürsən və birdən anlayırsan ki, sən demə, bu normativ(!) xəlqi(!) dilin (g)özəlliyidir həm də. Və tərsinə. Fərdi yaradıcılıq olan şeirlə kollektiv yaradıcılıq olan dilin sərhədləri itir və çaş-baş qalırsan. Halbuki, uğurlu şeir elə dilin uğurudur. Bu olduqca kövrək ayrıcla ayrılan, sərhəd məftillərindən sonra hamarlanmış torpaq zolağında- adam izinə deyil, hətta quş oturuşuna, qonuşuna olduqca həssas dil sahəsində yazmaq çətindir. Yaraq- əsləhələri kənara atıb, yalnız fitri, fiziki gücə hesablanaraq güştü tutmaq kimi bir şeydir. Hamı bacarmır. Hamı istəmir. Daha dəqiqi, istəyənlər bacarmır, bacaranlar istənmir, oxunmur, çünki bayaq dediyim dil vərdişləri buna mane olur. Məmməd Araz- dil və şeir arasında, başqa sözlə, xalqa məxsus olanla fərdə məxsus olanın arasında bərabərlik işarəsi qoymuş azsaylı şairlərdəndir: sələfləri böyük Səməd Vurğun, ustad Şəhriyar kimi. Bax, elə bu məsələ, az əvvəl dediyim “təsadüf-zərurət” məqamına aydınlıq gətirir.
Bəzən deyirlər ki, sovet dövründə Azərbaycan ədəbiyyatında dissidentlər olmayıb. Bu sözü deyənlər yəqin unudurlar ki, dissidentlik bütün çalarlarıyla mərkəzdənqaçma hadisəsidir və başı bəlalar çəkmiş Vətənimiz isə böyük bir imperiyanın mərkəzi yox, məhz ögey nəzərlərin tuşlandığı ucqarıydı. Amma böyük vətənpərvər və şair Məmməd Arazın bu kitabda seçib təqdim etdiyimiz şeirlərinin bioqrafiyasının əsas məqamlarıyla tutuşdurularaq oxusu, heç şübhəsiz, diqqətli oxucuya onun, bu böyük şairin siyası sistemin və insan nadanlığının ağır zərbələrinə tuş gəlmiş, öz içinə mühacirət etmiş həqiqi dissident olması qənaətini verəcək. Məmməd Arazın çox sevdiyi təbiətlə, xüsusən onun özünə bənzəyən susqun və vüqarlı qayalara ünvanlanmış şeirlərinin, söhbətlərinin bütün yaradıcılığında dominant olması da elə- belə deyildi.
“Seçmə şeirlər” tipologiyası ilə təqdim olunan poetik kitabların bir neçə məlum və əsas tərtib prinsipi var. Onlardan biri mövzular üzrə təqdimatdır. Biz bilərəkdən bunun üzərində dayanmadıq. Çünki tematik seçmə prinsipi, xüsusən də söhbət antologiyadan deyil, məhz bir sənətkarın, özü də Məmməd Araz miqyasında sənətkarın yaradıcılığından gedirsə, həmin yaradıcılığın təbii səciyyəsini əlindən almış ola bilər. Elə isə, niyə o şeirləri yarandığı, kiçik vulkanlar kimi baş verdiyi ən təbii prinsiplə-illər, həyat, xronologiya prinsipi ilə təqdim etməyəsən?! Bəlkə, məhz bu prinsiplə təqdim olunan şeirlər-şairin həqiqi tərcümeyi halını, əslində ruhi bioqrafiyasını oxumaq imkanı verə bilər. Kitab üzərində işləyən qrup kimi biz bu qənaətlə və məhz bu prinsipin üzərində dayandıq.
Məmməd Araz həyatının hansı məqamında – enişindəmi, yoxuşundamı olmağına baxmayaraq, çap olunduğu ilk günlərdən bu yana həmişə öz daimi oxucusu olan və onların sırasını durmadan genişləndirən bir şair olub. Bunu bir tərəfdən dönə-dönə qeyd etdiyimiz dil məsələsi, başqa tərəfdən Məmməd Arazın həqiqi milli düşüncəyə sahib olması və yüksək vətəndaşlıq mövqeyi, həmin mövqedən qələmə aldığı, bu gün artıq bədii müntəxəbata çevrilmiş şeirləri qaçılmaz edirdi.İndi hər gününü çox adi yaşadığımız müstəqilliyimizə görə biz əlbəttə ki, bir çox ustad şairlərimizlə yanaşı, həm də Məmməd Araza borcluyuq. Ona görə də təsadüfi deyil ki, şair Məmməd Araz ən böyük mükafatlarını məhz müstəqillik illərində aldı.
Nə vaxtsa oxucularından biri qayaların birinə “Məmməd Araz kürsüsü” adı vermişdi. O vaxt bunu çox az adam bilirdi. Amma bu gün paytaxt küçələrindən birinə Məmməd Arazın adının verilməsiylə bağlı dövlət başçısının sərəncamı var və bunu indi hamı bilir. Elə isə həmin küçədə əlində Məmməd Arazın şeirlər kitabıyla birgə yeriyən bir azərbaycanlı gənci, oxucuları təsəvvür eləmək çətin deyil. Vaxt keçir, xalqın dilini-diriliyini yaşadan şairlər daşlaşırlar, qayalaşırlar, küçələşirlər, elə o dil qədər qiymətli irsə, əmanətə çevrilirlər – içində “müvəqqəti saxlamaq”, “gələcəyə ötürmək”, “aman” və sairə çalarları, mənaları gizlədən əmanətə. Xalqın Xalqa əmanətinə. Xalq əmanətinə.
Səlim BABULLAOĞLU
525-ci qəzet.-
2010.- 28 dekabr.- S.7.