Gələcək kinonun bugünkü yaradıcıları
Çox az bir zaman keçəcək onlar ali məktəblə üzülüşüb müstəqil həyata, yaradıcılıq yollarına qədəm qoyacaqlar. Auditoriyalarda öyrəndikləri, oxuduqları, eşitdikləri həyatdakılarla tən gələcəkmi, yoxsa hər şey tərsinə olacaq, ruhdan düşəcək, özlərinə başqa peşə axtarmaq zorunda qalacaqlar? Kinomuzun, ümumiyyətlə incəsənətin ayrı-ayrı sahələrinin nəzəri problemləri ilə məşğul olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin fakültə və kafedraları öz tələbələrinin bu narahatçılığını daim diqqət mərkəzində saxlayır, onları həyatın hər cür sınaqlarına hazırlamaq üçün müxtəlif metodoloji vasitələrdən istifadə edirlər. Bu baxımdan ADMİU-nun “Sənətşünaslıq” fakültəsinin çoxsaylı kafedralarının ardıcıl olaraq keçirdikləri tədbirlər, görüşlər, müsamirələr, diskussiyalar, dəyirmi masalar daha çox maraq doğurur, diqqəti çəkir. Bu dəfə növbə fakültənin aparıcı kafedralarından sayılan “Ədəbi yaradıcılıq və ekran dramaturgiyası” kafedrasının idi.
ADMİU-nun qarşıdan gələn 90 illik yubileyinə həsr edilmiş “Müstəqillik dövrü Azərbaycan kinematoqrafında kino dramaturgiyasının inkişaf meylləri” adlı praktik seminar-konfrans gələcəyin tələbə-dramaturqlarının, kinoşünaslarının ürəyindən xəbər verirdi. Maraqlı burası idi ki, tədbirin təşəbbüskarı da onların özləriydi. Sadəcə zaman-zaman auditoriyalarda ölkəmizin sayılıb-seçilən sənət xadimlərindən-sevimli müəllimlərindən öyrəndiklərini, özlərinin elmi-nəzəri bilgilərini, kinodramaturgiyamızın əyər-əskikləriylə bağlı düşüncələrini sərgiləmək üçün məqam, fürsət axtarırdılar. Seminarın açılışında “Ədəbi yaradıcılıq və ekran dramaturgiyası” kafedrasının müdiri, professor Aqşin Babayev müzakirə ediləcək mövzunun aktuallığından danışdı və tələbələri cəsarətli, səmimi, fəal, obyektiv olmağa səslədi. Dörd il ərzində öz tələbələrinə dramaturgiyanın müxtəlif aspektləri barədə qızğın mühazirələr söyləmiş, praktiki olaraq gəncləri müvafiq sənət ocaqlarıyla tanış etmiş, bəzilərinin hətta aparıcı telekanallarda, radiolarda işə cəlb olunmasına nail olmuş kafedra müəllimlərinin, dosent, fəlsəfə doktorları və professorların da qatıldığı seminar-konfrans universitet həyatında hadisəyə çevrildi desək yanılmarıq. IV kurs tələbələrinin sevimli müəllimlərindən son illər məhsuldar yaradıcılığı ilə sayılıb-seçilən istedadlı dramaturq, kafedranın dosenti Əli Əmirlinin və görkəmli teatr rejissoru Ədalət Ziyadxanovun adı çəkilən mövzularla bağlı məzmunlu çıxışları, gətirdikləri faktlar, arqumentlər, irəli sürdükləri təkliflər tələbələri bir növ yerindən oynadır, onları öz fikir və düşüncələrini auditoriya ilə bölüşməyə sövq edirdi. Əlbəttə məqsəd, vəzifə, arzu, istək bir idi – Azərbaycan kinosunu, onun dramaturji yükünü dünya standartları səviyyəsində görmək. Seminar-konfrans üçün seçilmiş mövzular da bundan xəbər verirdi: “İdeoloji basqılardan uzaq Azərbaycan kinosu”, “Kinodramaturgiya sənət və peşə kimi”, “Kinomuzun yolu hayanadır”. Və Sənətşünaslıq fakültəsinin sonuncu kurs tələbələri Şahbazə Vəliyevanın, Könül İsayevanın həmin mövzularla bağlı problemlərə bələdlikdə müşayiət olunan çıxışları maraqla qarşılanır, eyni zamanda dinləyicilərin qızğın müzakirəsinə səbəb olurdu. Ekskluziv olaraq müzakirələrə qoşulan tələbələrdən Nərmin Hacıyevanın, Failə Nəbiyevanın söylədikləri, ümumiyyətlə fakültədə təhsil alan tələbələrin bu mövzu barədə yüksək dərəcədə bilgili, deməli Azərbaycan kinosunun əsas problemlərindən xəbərdar olub onun çatışmayan cəhətlərini bərpa etməyə hazır olduqlarından xəbər verirdi. ADMİU-nun hər cür müasir avadanlıqla təchiz edilmiş kinozalında baş tutan praktiki seminar-konfrans bir də onunla yadda qaldı ki, yığıncağın sonunda təhsildə və fakültənin ictimai həyatında fərqlənən tələbələr Universitet həmkarlar komitəsinin fəxri fərmanları ilə təltif edildilər. İntiqam
Intiqam
525-ci
qəzet.- 2010.- 28 dekabr.- S.7.