Mədəniyyət və Turizm Nazirliyində ilin yekunları ilə bağlı kollegiya iclası olub
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Mədəniyyət və Turizm Nazirliyinin 2010-cu ilin yekunlarına həsr olunan geniş kollegiya iclası keçirilib. Əvvəlcə nazir Əbülfəs Qarayev cari ildə prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən fəxri ada layiq görülən mədəniyyət adamlarına adların vəsiqələrini təqdim edib. Vasif Allahverdiyev, Aydın Əzimov əməkdar incəsənət xadimi, Bəxtiyar Axundov və Dilarə Cahangirova əməkdar artist, digər incəsənət nümayəndələri isə müxtəlif adlara layiq görülüblər. Daha sonra hesabat məruzəsi ilə çıxış edən Ə.Qarayev bu il ərzində mədəniyyət sahəsində görülmüş işlər, əldə olunan uğurlar haqqında tədbir iştirakçılarına məlumat verib: “2010-cu ildə mədəniyyət sahəsində ümumilikdə 150-dən çox tədbir gerçəkləşib. Bu tədbirlər sırasında ən mühümü noyabr ayında Bakıda təşkil edilmiş “Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər və alternativlər” mövzusunda beynəlxalq elmi-praktiki teatr konfransının xüsusi yeri var. Belə vacib bir tədbirin Azərbaycanda keçirilməsi bizdə qürur doğurur. Prezident İlham Əliyevin 2009-cu il 18 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı” çərçivəsində Bakıda ilk dəfə keçirilən bu konfransa dünyanın 30 ölkəsindən 70-dək qonaq iştirak edib. Bundan başqa, ölkəmizdə keçirilən Milli Teatr Festivalı, Qəbələ II Beynəlxalq Musiqi Festivalı, IV Beynəlxalq Mistislav Rastropoviç Festivalı, Bakı Beynəlxalq Caz Festivalı, dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyinə həsr olunmuş festival, Çexov Fetivalı cari ilin mühüm mədəniyyət hadisələri kimi yadda qalıb”. Nazir digər mühüm hadisələrdən biri kimi Azərbaycan xalçasının YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsini diqqətə çatdırıb: “Bu barədə qərar YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Komitəsinin Keniyanın paytaxtı Nayrobidə keçirilmiş beşinci iclasında qəbul olunub. Bu hadisə Azərbaycan Prezidenti İlham Əliyevin xalqımızın mədəniyyətinə, incəsənətinə yüksək qayğısının, həmçinin Azərbaycanın qeyri-maddi mədəni irs nümunələrinin qorunması və beynəlxalq səviyyədə təbliği məqsədi ilə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən silsilə tədbirlər nəticəsində həyata keçirilib”. Cari ildə Azərbaycanda bir çox ölkənin mədəniyyət günlərinin reallaşdığını dilə gətirən nazir dünyanın bir çox dövlətlərində də Azərbaycan mədəniyyətinin, incəsənətinin təbliği ilə bağlı layihələr həyata keçirildiyini bildirib. Azərbaycanda mədəniyyət ocaqlarının müasir üslubda yenidən qurulmasını xüsusi qeyd edən nazir bütün bunların prezident İlham Əliyevin mədəniyyət sahəsinə göstərdiyi diqqətin təzahürü olduğunu söyləyib. Gələn il Azərbaycanda mədəniyyət sahəsində çox əhəmiyyətli bir il olacağını bildirən nazir apreldə Bakıda mədəniyyətlərarası dialoqa həsr olunan forum keçiriləcəyini, bu foruma nəinki Avropa və Şərq ölkələri, həmçinin bütün qitələrin nümayəndələri qatılacaqlarını söyləyib. Kollegiya iclasında nazirliyin yekun hesabatı dinlənilərək qəbul edilmiş və 2011-ci ilin birinci yarısı üçün iş planı təsdiq olunub. Daha sonra ölkə teatrlarının direktorları çıxış edərək bir il ərzində mədəniyyət ocaqlarında baş verən yeniliklər, tamaşalar haqqında məlumat veriblər.
Hüsniyyə
İSMƏTQIZI
525-ci qəzet.-
2010.- 29 dekabr.- S.7.