Xalq yazıçısı
Əkrəm Əylisli
Azərbaycan Universitetinin
qonağı olub
Ötən gün Azərbaycan Universitetinin akt zalında yazıçı Əkrəm Əylisli ilə görüş keçirilib. Görüşdə universitetin tələbələri, professor və müəllim heyəti ilə yanaşı Azərbaycan müasir ədəbi tənqidinin inkişafında mühüm rolu olan tənqidçi Vaqif Yusifli də iştirak edib. Tədbiri Azərbaycan filologiyası və jurnalistika kafedrasının müdiri, dosent Ülviyyə Rəhimova açaraq, tələbələrə Əkrəm Əylislinin həyat və yaradıcılığı barədə məlumat verib: “Əkrəm Əylisli 1937-ci ildə Ordubad rayonunun Yuxarı Əylis kəndində anadan olub. Moskvada Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. Xalq yazıçısı, əməkdar incəsənət xadimidir. Milltət vəkili olub. Müxtəlif dillərdə çap olunmuş onlarca povest və hekayənin müəllifidir. Pyesləri bir çox teatrların səhnələrində tamaşaya qoyulub. Dünya ədəbiyyatı klassiklərinin bir sıra əsərlərini Azərbaycan dilinə tərcümə edib”. Ülviyyə Rəhimova bildirib ki, yazıçının müasir dövr yaradıcılığı əvvəlkindən xeyli fərqlənir. O, müasir dövrdə milli-mənəvi dəyərlərin qorunmasında misilsiz xidməti olan yazıçılar siyahısına daxildir: “Rus tənqidçisi Sergey Baruzdinin sözləri ilə desək, Əkrəm Əylisinin əsərləri oxucu üçün məlhəmdir”. Kafedranın müəllimi, dosent Asiyyat Tinayeva çıxışında deyib ki, Əkrəm Əylisli özünəməxsus yaradıcılığı və fərdi üslübü ilə seçilir: “Yazıçının üslubu lirizmlə şərtlənir. Müəllif həyat hadisələrini nağıllandıraraq təsvir edir. Əsərlərinin adları da nağılla bağlıdır. Onun demək olar ki, bütün əsərlərində təsvir olunan Buzbulaq kəndi, saflığın və təmizliyin mənəvi simvoludur”. Asiyyat Tinayeva həmçinin qeyd edib ki, Ə. Əylislinin əsərlərində təbiətə münasibət maraqlıdır, yazıçı insanı təbiətin bir parçası kimi təsvr edir. Tənqidçi alim Vaqif Yusifli, müasir ədəbi prosesdə Əkrəm Əylislinin yaradıcılığını xüsusi bir mərhələ hesab edərək, əsərlərinin bədii dili ilə bağlı fikirlərini sitatlarla əsaslandırıb. Əkrəm Əylisli səmimi görüş üçün universitet rəhbərliyinə və tələbələrə təşəkkür edib, iştirakçıların həyat və yaradıcılığına dair ünvanlanan müxtəlif sualları cavablandırıb. Tədbirdə yazıçının həyat və yaradıcılığını əks etdirən slayd da nümayiş olunub.
GÜNEL
525-ci
qəzet.- 2010.- 29 dekabr.- S.7.