Müdrikliyin zirvəsində
görünənlər
BƏKİR NƏBİYEV – 80
Akademik Bəkir Nəbiyevin elmi, ictimai fəaliyyətini, cəmiyyətdəki mövqeyini, insanlara münasibətini sözün həqiqi mənasında unikal bir hadisə, əsl örnək kimi dəyərləndirə bilərik. Düz altmış ilə yaxındır ki, o, tənqid və ədəbiyyatşünaslığımızın zənginləşməsində, nəzəri bazasının, fakt-sənət mənzərəsinin genişləndirilməsində, metodoloji quruculuğunda müstəsna xidmətlər göstərir. Dünyanın müxtəlif ölkələrində – Şərqdə və Qərbdə keçirilən beynəlxalq konfranslarda, simpoziumlarda, müxtəlif yığıncaqlarda Azərbaycan elmini ləyaqətlə təmsil edir, müstəqid dövlətimizin humanitar siyasətinin təbliğində əlindən gələni əsirgəmir.
Ata-babası Qəbələnin Mıxlıqovaq kəndində yaşayıb. Bölgədə, eləcə də Azərbaycanda yaxşı tanınan Molla Nəbinin nəslindəndir. Molla Nəbi üç oğlu ilə birlikdə XIX əsrin əvvəllərində Ağdaşın Üç Qovaq kəndinə köçüb. 1937-ci ildə, Bəkir Nəbiyevin hələ yeddi yaşı olanda atası Əhməd kişi və əmisi uzaq Arxangelskə sürgün edilib. Bu hələ çox balaca olan Bəkirin uşaq dünyasına güclü təsir edib. Həmin günləri akademik Bəkir Nəbiyev belə xatırlayır: “1937-ci ildə atamı və əmimi həbs etdilər və atamın mənimlə lap təzəcə başladığı Quran təlimi yarımçıq qaldı. Arxangelskdə, Komidə “cəzasını” çəkən atam taleyinə düşən işgəncələrə dözməyib 1942-ci ildə Ural dağlarının ətəklərində yerləşən məhbəs baraklarının birində həlak olmuşdur. Repressiya qurbanı olmuş əmim də 10 il Uzaq Şərqdə “cəzasını” çəkəndən sonra 1947-ci ildən əldən düşmüş halda vətənə qayıtmış, bir müddətdən sonra kəndimizdə vəfat etmişdir. Allah onların hər ikisinə qəni-qəni rəhmət eləsin”.
Həyatın bərkindən-boşundan keçib, bibisinin yaxından köməyi ilə rus dilini mükəmməl öyrənib. Bəkir Nəbiyev həmin bibisini qədirşünaslıqla tez-tez xatırlayır, bugünkü mövqeyə çıxmasında bibisinin tərbiyəsini, əməyini yüksək qiymətləndirir. Çətin günlərdə xeyirxah, işıqlı insanların onlara əl uzatmasını da qədirşünaslıqla xatırlayır. Bu yaxşılıqlar onda əsil insanlıq, humanizm haqqında kopleks formalaşdırıb, çətinə düşənə yaxşılıq etməyi özünün həyat amalına çevirib. Yaxınlarının repressiyası onu daha mübariz olmağa vadar edib. İnsanları daha çox sevməyə başlayıb, ümidini yaxşı insanlara bağlayıb. Pislik edənlərin qarşısına yaxşılıq çıxardıb.
Qəlbindəki işıqla, insanlara olan inamı ilə həyatda pillə-pillə ucalıb. 1960-cı ildə F.Köçərlinin həyat və yaradıcılığı ilə baylı namizədlik, 1970-ci ildə Böyük Vətən Müharibəsi və Azərbaycan ədəbiyyatı mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Nizami adına Ədəbiyyat İnstitutunda elmi katib, şöbə müdiri, Nizami adına Ədəbiyyat Muzeyinin direktoru, SSRİ Yazıçılar İttifaqının Tənqid və Ədəbiyyatşünaslıq Şurasının üzvü, Ədəbiyyat Fondunun, Azərbaycan Mədəniyyət Fondunun sədri, Azərbaycan EA-nın Ədəbiyyat, Dil və İncəsənət bölməsinin akademik katibi və s. vəzifələrində işləyib. Hal-hazırda AMEA-nın müşaviri, Nizami adına Ədəbiyyat İnstitutunun direktorudur. Hansı vəzifədə işləməsindən asılı olmayaraq, işə həmişə vicdanla yanaşıb, tabeçiliyindəki adamlara qayğı göstərib, eyni zamanda tələbkar və prinsipial mövqe tutub.
Bu zəngin həyat təcrübəsinin nəticəsidir ki, bəzi məmurlar kimi meşin qapısı xalqın üzünə bağlı deyil. AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktoru kimi qapısı onun qəbuluna gələnlərin üzünə həmişə açıqdır. Bu qapını heç kəs indiyə kimi bağlı görməyib. Nə qədər vacib işi olsa da, kimliyindən asılı olmayaraq, qəbuluna gələnləri nigaran qoymur, onu içəri dəvət edir, imkanı daxilində məsələni elə yerindəcə həll edir. Xidməti otağında o həmişə nəsə yazır, müxtəlif sənədləri nəzərdən keçirir, hansısa müşavirəyə hazırlaşır, hətta yazı stolunun üstündə bir neçə dəfə ərəb əlifbası ilə yazılan qalın qəzet dəstini də görmüşəm. Bu qədər gərgin işin içində vaxt tapıb bir əsr əvvəl çıxan qəzet dəstini bir-bir vərəqləyib nəyisə axtarması onun işgüzarlığının və elmi potensialının səviyyəsini göstərir.
İndiyə kimi akademik Bəkir Nəbiyevin 600-ə qədər elmi və publisistik məqaləsi, 40-dan çox kitabı işıq üzü görüb. Dərin nəzəri ümumiləşdirmələrlə ədəbi-tarixi sənədlərin, səlist publisistik üslubun vəhdətindən yaranan yaradıcılıq manerası onu başqalarından fərqləndirir. Nizami Cəfərovun sözləri ilə desək, “təmkinli bir mədəniyyət, maarifçilik əxlaqı, təvazökarlıq, işgüzarlıq ehtirası” Bəkir Nəbiyevi ədəbi tənqid və ədəbiyyatşünaslığımızda mötəbər bir zirvəyə yüksəldib. Elmi yaradıcılığının mayasında dayanan incə, mənalı yumor, sözün müxtəlif çalarlarından bacarıqla istifadə etmək, hətta dərin, fəlsəfi məzmunlu fikir və mətləbləri sadə dildə oxuculara çatdıra bilmək məharəti onun istedadının çoxcəhətliliyindən xəbər verir.
Bir müddət “Kommunist” və “ Azərbaycan gəncləri” qəzetində müxtəlif vəzifələrdə işləməsi Bəkir Nəbiyevdə əsasən mətbuat fəaliyyətinə xas olan çevik və dinamik yazı üslubunun formalaşmasına səbəb olub. O nəzəri təfəkkür tipinin məhsulu olan analitik təhlillərində və dəyərləndirmələrində də bədii-publisistik başlanğıcdan istifadə edir, oxucunun diqqətini özünə cəlb edir, mətləbin, sənətkar fərdiyyətinin özünəməxsus cəhətlərinin qavranılmasına nail olur. Məsələn, böyük şairimiz Məmməd Araz haqqında yazdığı məqalələrinin birinə çox uğurlu, bədii-publisistik bir başlanğıc seçib: “Altmış il bundan əvvəl Şahbuzun Nurs kəndində, el-obada xüsusi hörmət və ehtiram sahibi olan İnfil kişinin ailəsində Məmməd adlı qarabuğdayı, qara gözlü, çəlimsiz bir uşaq dünyaya göz açanda atası və anası bəlkə də heç ağıllarına belə gətirməzdilər ki, o, böyüyüb şair olacaq”.
Bundan sonra müəllif əsl mətləbə keçir, Məmməd Araz yaradıcılığının əsas cəhətləri barəsində orijinal fikirlər səsləndirir. Həmin məqalənin başlanğıcı da bədiiliyi və şairanəliyi ilə fərqlənir- “Şeirimizin xançinarı”. Eyni uğurlu sərlövhə və başlanğıc seçiminə alimin başqa yazılarında da rast gəlirik. Xanımana Əlibəylinin ikicildlik “Seçilmiş əsərləri”nə yazdığı müqəddimənin sərlövhəsi belədir: “Uşaq ədəbiyyatımızın xanım anası”. Elə məqalənin sərlövhəsindəcə alliterasiya yaradır, adi bir sərlövhədə təhlil predmeti ilə bağlı konkret fikir söylənilir. Ədəbiyyatşınaslığımızda bu cür maraqlı yazı üslubundan vaxtilə mərhum tədqiqatçımız Mikayıl Rəfili istifadə edib. Ancaq bu gün həmin tendensiyanı Bəkir Nəbiyev başqa bir tarixi şəraitdə, başqa ədəbi mühitdə uğurla davam etdirir, ədəbi fikrimizdəki müsbət ənənələrə yeni çalarlar gətirir.
Bəkir Nəbiyevin ilk məqaləsi 1951-ci ildə yazılıb. İlk irihəcmli əsəri ilk professional ədəbiyyatşünasımız olan F.Köçərlinin həyat və yaradıcılığı ilə bağlı olan “Görkəmli tənqidçi və ədəbiyyatşünas” (1963) monoqrafiyasıdır. “İlk” sözünü iki cümlədə üç dəfə təkrar etməyimizin xüsusi mənası var. Akademik Bəkir Nəbiyevin elmi-ədəbi fəaliyyətini xarakterizə edərkən bu sözdən sıx-sıx istifadə etməmək mümkün deyil. Həmin mövzunu o, fəaliyyətinin sonrakı dövrlərində də davam etdirib, növbəti məqalələrində bu böyük ədəbiyyat adamının çoxtərəfli yaradıcılığının yeni cəhətlərini üzə çıxarıb ki, bu da səbəbsiz deyil. Bildiyimiz kimi, F.Köçərli bütün həyatını Azərbaycan ədəbiyyatı tarixi materiallarının toplanmasına sərf edib. Ədəbiyyatşünaslığımıza müasir ədəbiyyat tarixçiliyi meyarları gətirib. Böyük səbr və təmkinlə milli ədəbiyyatşünaslıq ənənəsi yaradıb və onun gələcək inkişaf istiqamətini müəyyənləşdirib, ədəbiyyat tariximizin metodoloji quruculuğunun əsasını qoyub. Bəkir Nəbiyevin F.Köçərli yaradıcılığına bu qədər diqqət yetirməsi, onun elmi fəaliyyətinə ayrıca monoqrafiya həsr etməsi xüsusi məna daşıyır. F.Köçərli irsi ona bir istinad nöqtəsi kimi gərək olub. Tənqid və ədəbiyyatşünaslıqdakı ənənələrə dərin bələdçiliyi sayəsində ədəbi konsepsiya və mülahizələrində həmişə düzgün mövqe tutub, obyektiv reallıqdan çıxış edib. 60 illik ədəbiyyatşünaslıq fəaliyyətində həm kəmiyyət, həm də keyfiyyət baxımından bu qədər məhsuldar işləməsinin səbəblərini də burada axtarmaq lazımdır.
50- ci illərin əvvəllərindən yeni yüzilliyin və minilliyin ilk onilliyinə qədər olan yarım əsrdən də çox zaman kəsiyində o, ildən-ilə, onillikdən onilliyə fərdi yaradıcılıq üslubunu cilalayıb, tənqid və ədəbiyyatşünaslığımızın yeni bir zirvəsini yaradıb. Bu gün 80 yaşında da akademik Bəkir Nəbiyev elmi axtarışlarını və müasir ədəbi-tarixi prosesin izlənilməsini gənclik şövqü və həvəsi ilə davam etdirir, yeni əsrin, yeni minilliyin ədəbiyyatımıza gətirdiyi yenilikləri həssaslıqla duyur, bədii təfəkkür məhsulunu elm dilinə çevirir, ədəbi dəyərlərimizin gələcək nəsillərə ötürülməsində yaxından iştirak edir.
Tədqiqatçılar belə bir fikir səsləndirir ki, F.Köçərli həcminə görə böyük bir tədqiqat institutunun uzun illər yerinə yetirə bilmədiyi işi başa çatdırmışdır. F.Köçərlinin elmi irsini, vətəndaşlıq mövqeyini örnək kimi qəbul edən, onun davamçılarından olan akademik Bəkir Nəbiyev haqqında da eyni sözləri işlədə bilərik. Təkcə irihəcmli monoqrafiyalarını, elmi və publisistik məqalələrini nəzərdən keçirsək, çox böyük siyahı alınar. Onun ədəbiyyatşünaslıq və elmi-təş-kilatçılıq fəaliyyəti imkan verir ki, biz bu gün alimin gördüyü işin miqyasını, 60 illik elmi tədqiqatçılıq fəaliyyətini bütöv bir elmi tədqiqat müəssisəsinin 60 ildə görə biləcəyi işlə müqayisə edək. Müxtəlif illərdə nəşr olunan “Görkəmli tənqidçi və ədəbiyyatşünas” (1863), “Süngüyə çevrilən qələm” (1970), “Tənqid və ədəbi proses” (1976), “Böyük Vətən Müharibəsi və Azərbaycan ədəbiyyatı” (1974), “Kamalın təntənəsi” (1981) , “Söz ürəkdən gələndə” (1984), “Roman və müasir qəhrəman” (1987), “Özümüzdən başlayaq” (1990), “Əhməd Cavad” (1993), “Didərgin şair” (1995), “Çətin yollarda” (2000), “İstiqlal şairi” (2001), “Xəzan vurmasın” (2006), “El ağsaqqalı” (2007), “Seçilmiş əsərlər”i ( 5 cilddə, 2009) ilə tənqid və ədəbiyyatşünaslığımızın patriarxına çevrilib.
Elmi tədqiqat sisteminin müxtəlif sahələrini-mətnşünaslığı, bədii tərcüməni ədəbiyyatşünaslığı eyni dərəcədə müvəffəqiyyətlə davam etdirir. Bu gün filologiya elmimizin ən cavan müdriki olan Nizami Cəfərovun məqalələrinin birində dəqiq və yerində deyilən bir fikri yenidən təkrarlamaq yerinə düşər: “Azərbaycan elminin ən çox inkişaf etmiş üç sahəsi varsa, onun biri ədəbiyyatşünaslıqdır. Və bu gün Azərbaycanda üç ən böyük ədəbiyyatşünas varsa, onlardan biri ( bəlkə də birincisi!) akademik Bəkir Nəbiyevdir”.
Nizami Cəfərovun bu fikirləri həqiqətə söykənir. Akademik Bəkir Nəbiyevin elmi yaradıcılıq diapozonu çox genişdir. Ədəbi tənqid və ədəbiyyatşünaslığımızın, bədii nəsrimizin, dramaturgiyamızın, çağdaş şeirimizin elə bir problemi yoxdur ki, Bəkir Nəbiyev ona toxunmasın. Bu zəngin elmi irsdə təmsil olunanlar – Xan qızı Natəvan, “Molla Nəsrəddin və “mollanəsrəddin”çi ədiblər, H. Cavid, Ə.Cavad, A.İldırım, A.Şaiq, Azərbaycan mühacirət ədəbiyyatı, S. Rüstəm, S. Vurğun, M.İbrahimov, R.Rza, M.Dilbazi, X.Rza, H.Abbaszadə, N. Xəzri, V. Babanlı, Ə.Kürçaylı, Ə. Məmmədxanlı, R.Zəbioğlu ədəbiyyatımızın müxtəlif nəsillərinə mənsubdurlar. Onların hər biri ədəbiyyatımızda öz sözünü deyən, öz yaradıcılıq üslubu olan sənətkarlardır. Bəkir Nəbiyev yazılarında həmin ədəbi şəxsiyyətlərin bədii irsinin ədəbiyyat tariximizdəki mövqeyini obyektiv-tarixi mövqedən çox dürüst müəyyənləşdirib. Təkcə bədii təfəkkür sahəsi ilə deyil, tənqid və ədəbiyyatşünaslıq tariximizin də tanınmış simaları haqqında çox dəyərli fikirlər söyləyib. Bu sırada F.Köçərli, M.Arif, Ə.Şərif, M.C.Paşayev, Ə.Mirəhmədov, S.Əsədullayev, Y.Qarayev və başqalarının tənqid və ədəbiyyatşünaslığımızdakı yeri və rolunu dəqiq müəyyənləşdirməsini də nəzərə alsaq, bu universallığın real mənzərəsi ilə bağlı konkret fikir formalaşdıra bilərik.
Bu mənada o müasir ədəbiyyat elmimizin metodoloji quruculuğunun önündə dayanan görkəmli ədəbiyyat xadimidir. Azərbaycan Yazıçılar İttifaqının müxtəlif qurultaylarında Bəkir Nəbiyev yaxından iştirak etmiş, dərin məzmunlu çıxışları ilə ədəbi-tarixi prosesi yeni ədəbi mövqeyə çıxarmağa çalışmışdır. Həmin çıxışlara diqqət yetirsək, görərik ki, B.Nəbiyev bir qayda olaraq diqqətini daha çox ədəbiyyatdakı yeni meyllərə yönəldir, müasir janrların, zamanın sınağına çəkilən bədii üsulların inkişafını istiqamətləndirir. Azərbaycan Yazıçılarının V qurultayındakı “Uşaq ədəbiyyatını böyük tələblər səviyyəsinə” adlı irihəcmli çıxışında Bəkir Nəbiyev qeyd edir ki, zamanın özünün elmi-fantastik janra geniş material və pərvəriş verdiyi son illərdə Azərbaycan uşaq ədəbiyyatında bu janr geriləməyə üz qoymuşdur. Vaxtilə bu sahədə qələm çalan yazıçılar demək olar ki, susmuşlar. Tədqiqatçı elmi-fantastik janrı daha da genişləndirməyin vacib olduğunu deyir, eyni zamanda, fantastik janrda yazılan əsərlərin konkret elmi-texniki yeniliklərə əsaslanmasını, reallığa nə dərəcədə yaxın olmasını vacib hesab edir.
B.Nəbiyevin fikrincə, belə mövzuda yazılan əsərlər buludların üzərində büllur saraylar qurmaq kimi boş xəyallardan ibarət olmamalı, elmi əsaslara istinad etməli, fantastik əsərlərdə təsvir edilən nailliyyətlərin əldə edilə biləcəyi real görünməlidir. Alimin həmin fikirləri bu gün də öz aktuallığını saxlayır və deyə bilərik ki, yazıçıların qurultayındakı çıxış müstəqillik dövrü uşaq ədəbiyyatımızın da inkişafını stimullaşdıra biləcək səviyyədədir.
Keçən əsrin 80-ci illərindən Azərbaycan MEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda çoxcildlik yeni ədəbiyyat tarixi üzərində iş gedirdi. Müxtəlif səbəblərdən bu fundamental ədəbiyyat tarixinin hazırlanması ləngiyirdi. Hətta müstəqillik illərində də bu vacib işi həyata keçirmək mümkün olmurdu. Bəkir Nəbiyev 2003-cü ildə MEA-nın Nizami adına Ədəbiyyat İnstitunda direktor vəzifəsində fəaliyyət göstərdiyi ilk günlərdən tilsimə düşən yeni ədəbiyyat tarixinin hazırlanmasını sürətləndirdi. Ən əvvəl təşkilati işləri yoluna qoydu. Çox keçmədən çoxcildlik ədəbiyat tarixinin üç cildi işıq üzü gördü. Növbəti cildlər yəqin ki, yaxın vaxtlarda oxuculara çatdırılacaq.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə klassik və müasir ədəbiyyatın yeni əlifba ilə nəşri əsrimizin ən böyük mədəni hadisəsidir. Birmənalı olaraq deyə bilərik ki, bu böyük işin də əsas ağırlığı Bəkir Nəbiyevin çiyninə düşüb. Həmin kitabların bir hissəsinə şəxsən özü müqəddimələr və şərhlər yazıb. Ümumilli liderimiz Heydər Əliyevin ədəbiyyat siyasəti ilə bağlı maraqlı və məzmunlu kitab da Bəkir Nəbiyevin rəhbərliyi altında meydana gəlib. 2000-ci ildə ümummilli liderimiz Heydər Əliyev tərəfindən “Şöhrət” ordeni, 2005-ci ildə isə onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “İstiqlal” ordeni ilə təltif olunub.
80-in müdriklik zirvəsində Bəkir Nəbiyev yaşından çox cavan görünür. Son bir neçə ildə yazdığı irihəcmli monoqrafiyaları, onlarla məqalələri də bunu təsdiq edir. Xeyirxahlığı, təmkinliliyi, insanlarla ünsiyyət yaratmaq bacarığı onu belə cavab saxlayıb. O, hər gün işə hamıdan əvvəl gəlib, hamıdan sonra gedir. Bu akademik Bəkir Nəbiyevin adi iş rejimidir...
Məhəmmədəli
MUSTAFAYEV,
tənqidçi-ədəbiyyatşünas
525-ci qəzet.- 2010.- 29 dekabr.-
S.7.