“Mənim ağ göyərçinim”
yeni versiyada
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Mənim ağ göyərçinim” tamaşasının yeni versiyada premyerası nümayiş olunub. Bu barədə teatrın məbuat xidmətindən verilən məlumatda deyilir. Yazıçı-dramaturq Tamara Vəliyevanın eyniadlı pyesi əsasında hazırlanan tamaşanın yeni səhnə versiyasının müəllifi və quruluşçu rejissoru, xalq artisti Cənnət Səlimovadır. Səhnə tərtibatı Gürcüstanın tanınmış rəssamı Şota Qlurcidzeyə məxsus tamaşanın plastika həlli və rəqslərin quruluşu Vüsal Mehrəliyevin, musiqi tərtibatı isə Vladimir Neverovun işidir. Tamaşada istifadə edilən şeirlərin müəllifi Mirzə Ağa Mirzəyevdir. 20 yanvar faciəsi qurbanlarının əziz xatirəsinə həsr olunmuş tamaşada sənədli kino-xronika materiallarından, müasir səhnə texnologiyasından ustalıqla istifadə edilib. Rolları əməkdar artist Rafiq Hüseynov, Rahib Əliyev (məktəb müdiri), aktyorlar İlqarə Tosova (Turan (yaşlı), Günel Məmmədova (Turan), Mirzə Ağa Mirzəyev (Aqil), Eşqin Quliyev (Bəhruz), Zülfiyyə Alhüseynova (Səidə), Nəsibə Eldarova (Zəhra) və başqa sənətçilər canlandırıblar. Aktyor ifası, səhnə tərtibatı, dekorlar, səs effektləri, geyimlər və ümumilikdə hər bir detal səhnə əsərinin uğurlu alınmasına xidmət edib.
HÜSNİYYƏ
525-ci qəzet.-
2010.- 30 dekabr.- S.7.