Tofiq Bakıxanova həsr olunmuş musiqi festivalı başa çatıb
Görkəmli bəstəkar, xalq artisti, professor Tofiq Bakıxanovun anadan olmasının 80 illiyinə həsr edilmiş musiqi festivalı yekunlaşıb. Festival Azərbaycan Bəstəkarlar İttifaqı və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşib. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təşkil olunan yekun konsertində çıxış edənlər Tofiq Bakıxanovun zəngin yaradıcılığından və çoxşaxəli fəaliyyətindən söz açıblar. Çıxış edənlər festival çərçivəsində keçirilmiş konsertlərdə bəstəkarın əsərlərinin səsləndirildiyini dilə gətirərək, bir sıra konfransların təşkil olunduğunu diqqətə çatdırıb, tədbirin əhəmiyyətini vurğulayıblar. Bundan başqa, bəstəkarın yaradıcılığında kamera-instrumental və simfonik janrlı əsərlər üstünlük təşkil etdiyini bildiriblər. Onlar arasında 7 simfoniya – o cümlədən VII “Qarabağ harayı” simfoniyası, “Humayun”, “Rahab”, “Şahnaz”, “Dügah” simfonik muğamları, müxtəlif alətlər üçün 20-dək “Konsert”, 5 simfonik poema, 20-dən artıq sonata, uvertüralar, süitalar və başqa əsərlər var. Tədbirdə çıxış edən T.Bakıxanov əməyinin layiqincə qiymətləndirilməsinə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirərək fəaliyyətini bundan sonra da davam etdirəcəyini söyləyib. Festivala bəstəkarın əsərlərindən ibarət konsert proqramı ilə yekun vurulub.
HÜSNİYYƏ
525-ci
qəzet.- 2010.- 30 dekabr.- S.7.