Sergey Yesenin Azərbaycan Yaradıcılıq Fondunda
anılıb
Azərbaycan Yaradıcılıq Fondunda böyük rus şairi Sergey Yesenini anma mərasimi keçirilib. Tədbiri fondun sədr müavini, əməkdar incəsənət xadimi Rafiq Kaşanlı açaraq, Yeseninin həyat və yaradıcılığına nəzər salıb, onun qısa, ancaq mənalı ömründən, faciəli taleyindən danışıb. Tərcüməçi İsaxan İsaxanlı Yesenini Azərbaycanda hər zaman sevilən bir şair olduğunu bildirib: “Azərbaycanda Yeseninin bu qədər sevilməsinin əsas səbəblərindən biri də odur ki, şair öz ömrünün mühüm bir dövrünü Bakıda yaşayıb və ən parlaq əsərlərini Azərbaycan təbiətinin gözəlliyindən ilhamlanaraq yazıb. Azərbaycana bir çox rus şairləri gəlib. Ancaq Yesenini onlardan fərqləndirən əsas cəhət budur ki, həmin şairlər Bakıya, adətən, gəzib-görməyə, səfər məqsədilə gəlirdilər, Yesenin isə məhz yazıb-yaratmağa gəlmişdi”. Xalq şairi Nəriman Həsənzadə Yesenin yaradıcılığına biganə qalmağın mümkünsüzlüyünü önə çəkib: “Yesenin elə bir şairdir ki, onun əsərlərini oxuyan zaman heyrətlənməmək olmur. Mənə elə gəlir ki, Yesenin bir şair kimi ikinci dəfə Azərbaycanda doğulub”. Mərasimdə kulturoloq Samirə Bağırzadə, Yelena Boqoslavskaya, aktyor Zakir Məmmədov, əməkdar mədəniyyət işçisi Çimnaz Əliyeva və başqa qonaqlar da S.Yeseninin yaradıcılığından söhbət açıb, onun təkcə Rusiyaya deyil, bütün dünyaya məxsus bir şair olduğunu vurğulayıblar. Tədbirdə şairin şeirləri səsləndirilib, Yesenin haqqında film nümayiş olunub.
GÜNEL
525-ci qəzet.-
2010.- 30 dekabr.- S.7.