Dahi
sahibkar, bankir – sadəcə müdrik insan
Azərbaycan
və ingilis dillərində çap olunmuş “Hacı
Zeynalabdin Tağıyev” albomu keçən ilin sonunda
mədəni həyatımıza ən əlamətdar
hadisə kimi daxil oldu. Yüksək poliqrafiya
nümunəsi kimi örnək ola
biləcək bu nəfis albom “BR Azərbaycan” şirkətinin
maliyyə dəstəyi və təşəbbüsü
ilə İstanbulun Mas Mətbəəçilik
Şirkətində çap edilib. “BP Azərbaycan” neft
şirkətinin prezidenti Rəşid Cavanşirin kitaba
yazdığı ön sözdə deyildiyi kimi “bu kitab
həm şan –şöhrət, həm də əzab
–əziyyət görmüş, lakin öz ölkəsinə
sadiq qalmış, onu əhatə edən insanlara daim xeyirxah
olmuş böyük bir insanın – Hacı Zeynalabdin
Tağıyevin sözlə çəkilmiş portretidir”.
Alboma daxil edilmiş 450 –ə qədər şəkil isə
təkcə bu böyük insanın möhtəşəm
işlərini deyil, həm də Azərbaycan sənaye
tarixinin, mədəni – ictimai inkişafının
mühüm mərhələsini – XIX əsrin sonları XX
əsrin əvvəlləri dövrünü əks etdirir. Hamıya məlumdur ki, bu dövrdə Bakı
sənayenin inkişafının sürətinə
görə dünyada birinci yeri tuturdu. İkinci
yeri isə ABŞ –ın Okloxoma ştatı tuturdu. Bu sürətli iqtisadi yüksəlişdə
iştirak edən beynəlxalq sahibkarlıq fəaliyyətinin
zirvəsində isə milli sahibkarlarımızdan Hacı
Zeynəlabdin Tağıyev dayanırdı. O, fitri
istedadı, heç bir təhsili olmadan keçdiyi
böyük həyat məktəbindən əxz elədiyi
dərsləri, xeyirə – səvaba köklənmiş
qəlbi ilə insanlığın ən uca məqamlarına
çatmağa nail olmuşdu. Tağıyevin albomunun
çıxması ilə əlaqədar “BP Azərbaycan”
şirkətinin məsul işçisi Tamam xanım
Bayatlının uzun axtarışlarından sonra tapıb
yerini müəyyənləşdirdiyi Hacının
böyük qızı Leyla xanımdan olan nəticəsi
Əlinadir Safiyurtlu və onun həyat yoldaşı Terri Van
Lii Yeyts ilə Bakını gəzərkən az qala hər
addımbaşı rast gəldiyimiz Hacının tikdirdiyi
möhtəşəm memarlıq abidələrini göstərdikdə
özüm də məhəttəl qalırdım ki, insan bir
ömürdə nə qədər iş görə
bilərmiş?! Və əsrlərə
yoldaş olacaq bu binaların bircəciyinə də onun
varislərinin o cümlədən yanımda oturmuş
Əlinadir bəyin ayağı da olsa dəyməyib. “Bu, sizin binadı, bu sizin mülkünüzdü”
deyə, sadaladığım imarətlərin heç biri
Tağıyevin uşaqlarına nəsib olmadı. Əksinə onun qazandığı var
–dövlət, dillərdə gəzən şan
–şöhrəti balalarının başına bəla oldu.
Az qala bir əsr varisləri təqib edildi.
Dərbədiyar düşüb ən
ağır zillətlərə düçar oldular. Ölkədə qalanı da onun ikinci qızı
Sara xanım kimi sağlığında dirigözlü
cəhənnəm əzabı çəkdi. Amma əqidəsindən, amalından dönmədi.
Bütöv bir dövlət
maşınının apardığı unutqanlıq,
gözdən salmaq siyasətinə qarşı öz
çəlimsiz – cüssəsiz sinəsini gərdi. Atasının gördüyü işlərin
sənədlərini, sübutlarını
qırığınadək arxivlərdən, mətbuatdan,
şəxsi saxlanclardan surətini çıxarıb öz
bədəninin ayrılmaz hissəsinə çevirdi. Saxlamağa, etibar eləməyə yeri
olmadığından ömrünün axırlarınadək
iki əlində bazar kisələrində daşıdı.
Onlarla yatıb, onlarla gəzdi. Günü muzey kitabxanalarında, arxivlərdə
keçən bu əzabkeş qadının həmin
kisələri bir hovur yerə qoyub oturduğu vaxt da əli
kisələrdə olardı. O gedəndə biz
gənclər kağız kisələrini yerindən
qaldırıb ayaq üstə ağac kimi quruyan bu
qadının əllərinə verməyə
gücümüz çatmadığını
görəndə heyrətlənərdik. 16
yaşında toy mərasimində qışın qış
günündə yaşadıqları sarayın Hollandiyadan
gətirilmiş bənövşələrlə
döşənmiş pilləkənlərindən zər
–ziba içində düşən bu qadın vaxt var idi ki,
ata evinin kandarına ayaq basa bilmir, küçədə
gecələməyə məcbur olurdu. Hacı
öz uşaqlarından çox millətinə, xalqına
xeyir gətirdi. Xalqa atalıq elədi.
Havayı yerə ona millət atası
demirdilər ki?! El atasının da
qazandıqları, yaratdıqları nə varsa xalqa qaldı.
Qan-qada üstündə gələn Sovet
hakimiyyəti də yaxşı nə varsa hamısını
ümumiləşdirdi. Fəhləsinə,
kəndlisinə, kimsəsizinə baxmadı. Sarayları, malikanələri camaatın
üzünə açdı. Biçarə
yoxsulların universitetlərinə, istirahət
evlərinə, böyükdən balacaya gedib –gələ
biləcəkləri klublara, muzeylərə döndərdi.
Hacının halal puluna tikdirdikləri indiyədək
əhalinin karına gəlir. Milli
Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Dövlət
İncəsənət Muzeyinin bir hissəsi, Əlyazmalar
Fondu, Musiqili Komediya Teatrı, Univermaq və s. digər
mötəbər ictimai mərkəzlər indi də
Tağıyevin tikdirdiyi əzəmətli binalarda
yerləşir. “Hyatt Regense”də təşkil
olunmuş kitabın təntənəli təqdimat
mərasimində tarix muzeyinin direktoru, akademik Nailə
Vəlixanlının dediyi kimi Hacı özü
yaşadığı binada Milli Azərbaycan Tarixi Muzeyinin
yerləşməsini alqışlayardı. Axı təsadüfi heç nə yoxdur.
Ölkəsini, millətini o dərəcədə sevən,
vətəninin inkişafında o qədər
əməlləri olan bir insanın iqamətgahının
dövlətin milli tarix muzeyinə çevrilməsindən,
bir xalqın tarixinin mücəssəməsinə
dönməsindən təbii nə ola
bilər? Yüzdən çox bina inşa etdirən
Tağıyev Azərbaycanda yeganə adam
idi ki, gördüyü xeyirxah işlərə görə
Məkkəni ziyarət etməmişdən Hacı adına
layiq görülmüşdü. Tağıyev
öz əməlləri, mötəbərliyi ilə Hacı
adını ən layiqli, müqəddəs niyyətli anlama
ucaltmışdı. Belə ki xalq
arasında Hacı deyiləndə Məkkə
ziyarətində olmuş minlər, milyonlarla zəvvarlar yox,
vətəninə, millətinə o qədər canı yanan,
xeyirxahlığı dillər əzbəri olan Hacı
Zeynalabdin Tağıyev nəzərdə tutulurdu. Hacının tikib –qurmaq ehtirasına bələd
olan vələdüzna milyonçuların onun kapitalından
öz xeyirlərinə istifadə etməkləri də
hamıya məlumdu. Belə ki Opera və Balet
Teatrının binasını bir ildə tikib qurtaracağını
aləmə car çəkən Mayılov binanın himini
qoyandan bir az sonra dayanıb –durur ki,
vəsaitim çatmır. Tağıyev də
kişinin el içində verdiyi söz yerə
düşməsin deyə, Opera və Balet Teatrını
tikmək üçün lazım olan vəsaiti öz
üzərinə götürür. Bina
Mayılovun dediyi vaxta hazır olub başa çatır.
Arada da Mayılovun adı teatrın binası
ilə bağlanır. Hacı müdrik
insan kimi bu fəndlərin hamısını yaxşı
bilirdi. Amma şəhərin
gözəlləşməsi üçün hər
fürsətə qol qoyurdu. Şəhərin
abadlığından ötrü ömrünü sərf
edən Hacı Sovet hakimiyyətinin bir az
tez gəlməsindən gileylənər, “bir az gec
gəlsəydilər Bakını tikib –qurub Parisdən
gözəl şəhər edərdik” deyərdi. Bir əsrdən çoxdur ki, Bakı əhalisi
hələ də Tağıyevin çəkdirdiyi Şollar
suyunu içir. Onun
açdırdığı toxuculuq fabriki Şərqdə
ən böyük manufaktura idi. Bütün
Şərq bu fabrikin bezindən faydalanırdı. Camaatın çörəyi də Tağıyevin
dəyirmanından çıxırdı. Yollarda işləyən, dövrünə
görə mütərəqqi minik olan at dəmir yolunda da,
Xəzərdə üzən gəmilərdə də
Hacının barmağı vardı. Hacı
qarışan işə pəl vurmağa heç kimin
hünəri çatmazdı. Tağıyevin
qazandığı nailiyyətlərdə maddi
vəsaitindən çox hörməti, ləyaqəti, fitri
zabitəsi böyük rol oynayırdı. Anadangəlmə siyasətçi olan Hacı
Zeynalabdin nəinki ölkəsinin iqtisadi siyasətinə,
hətta dünya miqyasında siyasi manevrlərin
sükanına da sirayət edə bilirdi. 1911-ci
ildə İran inqilabına, Səttərxan
hərəkatına Hacının maliyyə dəstəyi
heç kimə sirr deyildi. Onun
beynəlxalq siyasətinin sədası Hindistandan bəri
gəlirdi. Hindistanda
“Həblümətün” jurnal – qəzetinin onun hesabına
çıxarılması bu siyasətin üzdə olan
işartılarından biri idi. Özü də Hacı
elə dövrdə fəaliyyət göstərirdi,
dünyanın ən yaxşı təhsilini görmüş
elə beynəlmiləl peşəkarların rəqabəti
ilə üzləşirdi ki, bir neçə nəsil
özünü tutmuş sahibkarlar belə onlarla iş
görməyə cürət etmirdilər. Hacı isə bu
beynəlmiləl sahibkarlar birliyinin həmləsinə tab
gətirir. Hətta onlara öz iradəsini
diqtə edə bilirdi. Görkəmli tarixçi
Süleyman Əliyarlı kitabın təqdimatında Hacı
Zeynalabdin Tağıyevin sahibkarlıq fəaliyyətindən
uğurla bankirlik işinə keçməsini, ingilis
bankında səhmlərin 13 faizindən çoxuna
yiyələnərək idarəçilər arasında
əlahiddə yer tutmasını xüsusilə
vurğuladı. Təhsilin millətin tərəqqisində
nə qədər önəmli olduğunu yaxşı
bilən bu “savadsız” kişinin dünya təhsil
ocaqlarına göndərib oxutdurduqları, ölkə
daxilində açdırdığı
məktəblərdən çıxan məzunlar hətta
Azərbaycan Cümhuriyyəti dövründə və
bolşevik inqilabından sonrakı ərəfədə
də ölkənin quruculuğunda müstəsna rol
oynamışlar. 241 səhifədən ibarət kitabın
“Sahibkarlıq”, “Xeyriyyəçilik”, “Ailə”, “Saray və ev
muzeyi” bölmələrində nəşrin
müəllifləri Hacının saya –hesaba gəlməz
əməllərindən ətraflı bəhs edirlər.
Kitabın müəlliflərindən Nərmin xanım
Tahirzadənin əvəzsiz zəhmətinə diqqəti
cəlb edən akademik N.Vəlixanlı söylədi ki,
“Hacı Zeynalabdin Tağıyev” albomu əslində alimin
yarım əsrdən çox tarix muzeyində
çalışaraq yazdığı “Azərbaycan ziyalılarının
tarixindən” fundamental tədqiqatının bir hissəsidir.
Nərmin Tahirzadənin keçən il
nəşr olunan “Azərbaycan ziyalılarının
tarixindən” kitabını isə böyük bir
ömrün əzəmətli bəhrəsi adlandırdı.
Təqdimatda çıxış edən
yazıçı-dramaturq Əli Əmirli Hacının
həyat və fəaliyyətindən bəhs edən “Mesenat”
pyesini yazıb Milli Akademik Dram Teatrında tamaşaya
qoyarkən xalqın o böyük insana necə ehtiram
göstərdiyinin şahidi olduğunu söylədi. “BP Azərbaycan” neft şirkətinin
əlaqələr üzrə meneceri Tamam Bayatlı isə bu
kitabı məhz Azərbaycan xalqının böyük
xeyriyyəçinin xatirəsinə hörmət və
minnətdarlığının tərənnümü
olduğunu vurğuladı. O dedi ki, Azərbaycanda
Hacı Zeynalabdin Tağıyevin xeyriyyəçiliyi,
sahibkarlıq istedadı haqqında əfsanə kimi
danışılır. Biz istədik ki, bu kitab
sübutları, sənədləri, elmi tədqiqatı
ilə həqiqətin əfsanələrdən daha geniş
miqyaslı, zəngin olduğunu göstərsin və
Hacının örnək və ibrət olacaq
həyatının gələcək nəsillərə
çatdırılmasına layiqli başlanğıc olsun.
Sara
NƏZİROVA
525-ci
qəzet.- 2010.- 30 dekabr.- S.7.