Qara qələmin
nağılı və yaxud sonrakı
peşmançılıq
“Mənə ağla, mənə
kim,
üstümə gəlməz
ölsəm,
Bir ovuc torpaq atan
badi-səbadan qeyri”
Mehmet Akif Ərsoy
Vaxtilə atamın qara rəngli
olduqca yaraşıqlı bir avtomat qələmi var idi. Bəlkə
də heç yaraşıqlı-zad da deyildi, adi bir qələm
idi də... Belə qələmlərdən vaxtilə
çox idi. Bəlkə də sadəcə olaraq, illər
ötdükcə, zaman dəyişdikcə, yeni-yeni avtomat qələmlər
icad olunduqca və atamla bağlı acılı-şirinli
xatirələr yada düşdükcə mənə belə
gəlir ki, bu qələm olduqca yaraşıqlı, qeyri-adi
bir qələm olub. (Bəlkə də mən bilmirəm həqiqətən
də qeyri-adi olub) Bu avtomat qələmi atama əllinci illərdə
vaxtilə ən yaxın dostu olmuş, qardaşı bildiyi
Qasım əmi, şair Qasım Qasımzadə
bağışlamışdı.
Bəlkə də bu qələmi
Qasım əmi atama bağışlayanda heç mən bu
dünyada olmamışdım da. Bircə onu bilirəm ki, mən
ağlım kəsəndən atamı həmişə elə
bu qara avtomat qələmdən istifadə etdiyini
görmüşəm. Adi, qara rəngli, qızıl perolu,
çin istehsalı olan mürəkkəblə doldurulan (Atam
isə bu avtomat qələmi həmişə qara tuşla
doldurardı) bir qələm idi. O dövrlərdə
qızıl perolu “kitayski avtoruçka” deyilən bu qələmlər
adnan idi. Hər adam bunu ala bilməzdi, ən bahalı qələm
sayılırdı. Hə, bir də o yadıma gəlir ki, təzə
pullar çıxandan sonra bu qələmin qiyməti yeddi manat
olmuşdu. Bu qara qələm olduqca rahat və həm də,
olduqca yağlı yazardı, vərəqi cızıb eləməzdi.
İndiki bəzi avtomat qələmlərin tayı deyildi. Atam
bu qələmdən düz otuz ildən də artıq istifadə
etmişdi. Həmişə də deyərdi ki, bu qara qələm
mənim ən yaxın, ən sadiq, ən etibarlı dostumdur. Üzü
dönük deyil bəzi adamlar kimi. Hətta Aşıq Veysəlin:
“Mənim sadiq yarım qara torpaqdır” – şeirini də dəyişdirib
“Mənim sadiq yarım qara qələmdir”- deyərdi.
Və bir də deyərdi ki,
vallah bu qələm elə bil ki sehrlidir. Ürəyimdən hər
nə keçirsə, nədənsə narahatamsa, nədənsə
dolmuşamsa, kədərlənmişəmsə, özümdən
asılı olmayaraq, gözlərimi bu qara qələmə
zilləyirəm. Fikirlərimi toplayana qədər gözlərimi
bu qara qələmdən çəkmirəm. Elə hey
baxıram. Bu qələm isə heç kimə deyə bilmədiklərimi,
hamıdan gizlətdiyim fikirlərimi, mənim bütün dərdlərimi,
ağrılarımı, acılarımı, adam kimi sanki
baxışlarımdan duyur, gözlərimdən oxuyur, ürəyimdən
keçənləri başa düşür. Sonra da bu qələmi
əlimə götürəndə qələm elə bil ki, əlimin
istiliyini hiss edir,duyur və ağlayırmış kimi
içindəki o mürəkkəb deyilən göz
yaşlarını mənim əvəzimə sakit-sakit, səssiz-səmirsiz
ağ vərəqə boşaldır. Arxalı bir dost kimi
ürəyimi tam boşaldana qədər mənə həyan
olur, yanımda olur.
“Gülüstan”, “Şəbi-hicran”,
“Etiraf”, “İztirabın sonu”, “Yollar-oğullar”, “Qiymət”,
“Muğam” və sairə, neçə-neçə poemalar,
neçə-neçə dram əsərləri, minlərlə
şeirlər, yüzlərlə elmi və puplisistik məqalələr
hələ bir çox üzə çıxmayan,həyat
üzü görmədən o ötən illərin qorxusundan
yandırılıb külə dönən, məhv edilən
əsərlər hamısı-hamısı bu qələmlə
yazılmışdı. Atamın ürək
ağrılarıyla, bu qara qələmin isə acı,
qap-qara göz yaşlarıyla yazılmışdı. Atam həmişə
deyərdi ki, bu qara qələm sirr
dağarcığıdır.
Amma günlərin bir
günü necə olursa bu qara qələm itir, yox olur. Paho,
evdə aləm bir-birinə dəyir. Daha evdə
axtarmadığımız, ələk-vələk etmədiyimiz
yer qalmadı. Ən ağlagəlməz yerlərə belə
baxdıq. Yüz yerə zəng etdik ki, indi olur da, bəlkə
kimsə səhvən bu qələmi götürüb. Yox qələm
tapılmadı ki, tapılmadı.
Axı bunu kim götürə
bilər. Axı bu köhnə, otuz-otuz beş ilin qələmi
kimə lazım idi ki...? Əlbəttə atamdan başqa
heç kimə. Atam isə özünə yer tapa bilmirdi. Hə.
Bəlkə də bu ən adi bir hadisə idi. Heç bu qədər
səs-küyə səbəb olası hadisə də deyildi,
nə olsun ki, dünya dağılmadı ki, indi qələmdi
də itib. Böyük bir şey itməyib ki. Təki itən
qələm olsun. Gündə o qədər şey itir ki,
heç söyləməklə də qurtarmaz. Əşşi,
o qələm olmasın, ayrı bir qələm olsun. Qələm
elə qələmdir də. Atam isə vəziyyətlə
barışmaq istəmirdi.
Ev adamlarından bunu heç
kim götürə bilməzdi. Bu məlum məsələ
idi. Çünki bizim heç birimizin atamın yazı
masasına yaxınlaşmağa cürətimiz
çatmazdı. Yenə də hərdən bir mən
özümdə bir az cürət tapıb bu yazı
masasına yaxınlaşıb nəsə götürər,
nəsə oxuyar dərhal da öz yerinə qoyardım ki, atam
duyuq düşməsin. Amma indi işdi-şayəd, nəyisə
yerinə səhv qoyanda və atam da bundan xəbər tutanda...
hə, onda Allah göstərməsin...
Bu yazı masasına
yaxınlaşmağı atam hamımıza yasaq etmişdi. Nəinki
bizim, ev adamlarının, ümumiyyətlə yanına gələn
adamların da heç birinin kimliyindən asılı olmayaraq
bu yazı masasına yaxınlaşması mümkün
deyildi. Heç kim bu masaya yaxınlaşa bilməzdi. Bunun da
özünün çox mühüm, əsaslı bir səbəbi
var idi. Hə, deyir, başına gələn başmaqçı
olar. Bir hadisədən sonra kiminsə onun yazı masasına
yaxınlaşması ona böyük bir dərs olmuşdu.
Olmuş bir hadisə
Mərhum şairimiz, gözəl
insan, Qasım Qasımzadə (Qasım əmi) ilə atam
vaxtilə çox yaxın, qardaşdan da artıq dost idilər.
Hər gün bir yerdə olardılar. Hətta cavan
vaxtlarında hər ikisi qan damarını kəsib
qanlarını birləşdirmişdilər də və
bununla da sanki qan-qardaşı olmuşdular. 1950-ci illərdə
Hüsü Hacıyev küçəsindəki o məhşur
yazıçılar binasında, o müqəddəs və
indi hər adamın layiq olmadığı binada, ev
bölgüsü zamanı evlərini də yan-yana eyni mərtəbədə
qapıları üzbəüz götürmüşdülər.
Qapıbir qonşu olmuşduq. Biz demək olar ki, bir ailə
kimi idik. Xeyrimiz də, şərimiz də eyni idi. Atamla
Qasım əmi ayrılmaz dostlar idilər. Hər ikisi də hələ
cavan idi. Bütün ömürləri də irəlidə. Bütün
uğurları, uğursuzluqları, bütün büdrəmələri,
yenidən qalxmaları, şöhrətləri, tənqidləri,
tərifləri, təltifləri... hamısı, hamısı
hələ çox-çox irəlidə idi. Qasım əminin
başına gələn 1984-cü ilin faciəsi,
böyük oğlu Fəxrəddinin müsibəti də hələ
çox-çox irəlidə idi. Heç kimin ağlına
gəlməzdi.
Atam təzə hər nə
yazardısa, Qasım əmigilə keçib ona oxuyar, onun
fikrini öyrənərdi. Qasım əmi də həmişə
zarafatla atama deyərdi ki, ay Bəxtiyar, sənə
bağışladığım o qara qələm vallah elə
bil ki, sehrlidir. Ay qardaş, sənə
bağışladığım qələmimi özümə
qaytar. Səhv etmişəm. Atam da gülərdi. Qasım əmi
də hər nə yazardısa, dərhal bizə gəlib
atamın rəyini öyrənərdi.
Amma... Allah mərdimazara lənət
eləsin. 1959-1960-cı illər idi. Tarix indi dəqiq
yadımda deyil.
Atam həmənki o məşhur
qara qələmlə “Xalqlar həbsxanası” adlı təzə
bir poemasını yenicə yazıb qurtarmışdı. Hələ
heç mürəkkəbi də qurumamış, Qasım əmigilə
keçib onu oxumağa başladı. Əsərin adından
da bəlli olduğu kimi, Allah bilir, bu poemada daha nələr
yazılmışdı, nələr var idi. Əsər
Qasım əmiyə o qədər təsir edir ki, gözləri
dolur, ayağa durub atamı qucaqlayıb öpür deyir ki: – Bəxtiyar,
Allah bu zülmü götürməsin. Ə, bu sovet
imperiyası bizim başımıza daha nələr gətirməyib...
Atam da əlyazması olan poemanın üst vərəqinə
“Qardaşım Qasım, bizə zülm edənlərin məhv
olmasını, bu imperiyanın tezliklə
dağılmasını görək. İnşallah” –
sözlərini yazır. Poemanı Qasım əmiyə
bağışlayır və deyir ki, ay Qasım, bunu bərk
yerə qoy, gizlət yoxsa gəlib görərlər, başımıza
oyun gətirərlər, sonra da bu imperiyanın dağılan
gününü görmərik. Qasım əmi də
gülüb deyir ki, yox, Bəxtiyar, poema mənə o qədər
təsir edib ki, hələ bunu bir neçə dəfə də
oxuyacağam. Sonra da elə bir yerdə gizlədəcəyəm
ki, heç fələk də gəlsə, tapa bilməsin,
arxayın ol. Daha sonra atam Qasım əmi ilə elə
ordan-burdan söhbət edir,çay içir, dərdləşirdilər
ki, söhbətin şirin yerində qapının zəngi
çalınır. Gələn... filankəs idi. Mən o
filankəsin adını qəsdən çəkmirəm.
Çünki indi o da artıq bu dünyada yoxdur.
Dünyasını dəyişib. Hə... Bu filankəs dediyim
adam KQB-nin əməkdaşı, özü də guya ki, deyilənlərə
görə, şair idi. Şair deyəndə ki, şair-zad
deyildi. Şairciyəz idi. Ev yıxmaqdan, donos yazmaqdan
başı ayılmırdı ki, oturub dünya ədəbiyyatını
oxusun, oxuduqlarından təsirlənsin,
dünyagörüşünü genişləndirsin və
bilsin ki, bu dünyada ev yıxmaqdan, donos yazmaqdan da başqa
şeylər var. Və nəhayət, oxuduqları əgər
ona təsir edərsə, oturub şeirini yazsın. Nə isə...
Allah rəhmət eləsin. İndi, yazdıqlarından
heç əsər-əlamət də qalmayıb, heç elə
bil belə bir “şair” yer üzündə, insan yanında
olmayıb. Çünki heç xatırlanmır da.
Çünki bayaq dediyim kimi şair deyildi,
cızma-qaraçı idi. Amma adamın Allahı var, gərək
onu da deyəm. Deyilənlərə görə, hər
yazılan şeirdə, hər gizli sətiraltı mənaları
dərhal tutardı, başa düşərdi. İstənilən
əsərdə, istədiyi fikri tapmaqda usta idi, mahir idi.
İstənilən fikri, mətləbi istədiyi səmtə
yönəldib istədiyi kimi yoza bilərdi. Adamı istədiyi
kimi şərləyə bilərdi. Adam şərləməkdə,
böhtan atmaqda üstü yox idi. Hərəni də öz səviyyəsində
şərləyərdi. Çəkməçini çəkməçi
kimi, dəlləyi dəllək kimi, şairi şair kimi, alimi
də alim kimi. Hamının da öz səviyyəsini əla
bilirdi. Heç kimi də bir-birinə qarışdırıb
yerlərini səhv salmazdı. Rəhmətlik Xudu müəllim,
Xudu Məmmədov belə adamlar haqqında həmişə
deyərdi: “Vallah bu da bir vergidir, istedaddır. Bunu hər adam
bacarmaz. Zalım oğlu hərəni öz dili ilə dindirir.
Bunu da bacarmaq lazımdır. Elə böhtançılar
görmüşəm ki, aləmi bir-birinə
qarışdırır. Dəlləyi alim kimi, şairi də
çəkməçi kimi şərləyir. Sonradan
yazıq alim də, şair də xəcalətlərindən
el arasına çıxa bilmir. Heç belə
başlarını qaldıra da bilmirlər”.
Bu filankəs isə yox, belə
məsələlərdə peşəkar idi. Şairlikdən
başqa əlindən hər nə desən gəlirdi. Böyüklə
kiçik idi, kiçiklə də böyük. Şeirdən,
poeziyadan başı pis çıxmırdı. Amma
bacarığını başqa səmtə yönəltmişdi.
Yeri oldu ya olmadı, həmişə də iftixarla deyərdi
ki, mən fəxr edirəm ki, sovet çekistiyəm. Bəzi
adamlar kimi gizlədib eləmirdi.
Açığını
deyim ki, atamla Qasım əmi bu adamdan ehtiyat edərdilər,
ondan çəkinərdilər. Onun yanında artıq-əskik
danışmazdılar. O bunlara yaxınlaşan kimi söhbəti
dərhal dəyişərdilər. Həmin adamdan
qaçmalarına baxmayaraq, o adam isə bunların yanından
əl çəkməzdi. O da məlum deyildi ki, bu adam hardan və
necə gəlib bunların arasına
düşmüşdü. İstədiyi vaxt öz evi kimi dəvətsiz-zadsız
həm bizə, həm də Qasım əmigilə gələrdi.
Atamla Qasım əmi öz aralarında bu adama alaq otu deyərdilər.
Çünki istədiyi vaxt bunların arasında bitərdi.
Hə... İndi də bu adam
içəri girər-girməz, heç paltosunu da əynindən
çıxartmadan elə saymazyana kobud şəkildə
istehza ilə:
– Ə, Bəxtiyar, əvvəl
bir sizə gəldim, dedilər ki, Qasımgildəsən. Mən
də gəldim ki, görüm nə edirsiniz, nə
danışırsınız. Hə, denən görüm nə
var, nə yox? Hi-hi-hi...
Süni şəkildə
gülərək: – O köhnə dostlarınla,
Gülhüseynlə, İsmixanla yenə də
görüşüb eləyirsən, ya yox? (Şair
Gülhüseyn Hüseynoğlu, Dillər Universitetinin mərhum
müəllimi İsmixan Rəhimov 1950-cu ildə siyasi məhbus
kimi həbs olunub, 1957-ci ildə artıq azadlığa
buraxılmışdılar. Bəraət almaqlarına
baxmayaraq, bəzi köhnə dostları, tanışları
onlardan qaçardı. Onlarla üz-üzə gəlməkdən
ehtiyat edərdilər, qorxardılar, çəkinərdilər.
Atam isə heç nəyə əhəmiyyət verməyərək
onlarla elə əvvəlki dostluğunu davam etdirir, tez-tez
onlarla görüşürdü. Hətta vəfatından bir
qədər əvvəl İsmixan Rəhimov bu barədə
televizorda müsahibə də vermişdi. İsmixan Rəhimov
deyirdi ki, biz üç nəfər siyasi məhbus idik. Yeddi
il həbsdə olandan sonra bəraət alıb, uzaq Rusiya həbsxanalarından
azad olub qatarla vətənə qayıdırdıq. Yol boyu
düşünürdük ki, görəsən bizi vətəndə
kim qarşılayacaq, vağzalda bizi kim gözləyir?
Ümumiyyətlə bizi gələcəkdə nələr
gözləyir? Gələcək taleyimiz necə olacaq? Yoxsa
hamı bizdən üz döndərəcək, bizdən
qaçacaq. Çox da ki, bəraət almışıq.
Onsuz da adımız “vətən xainidir”.
Yağışlı bir gün idi. Qatar Bakıya
yaxınlaşdıqca həyəcanımız get-gedə
artırdı. Heç özümüzdə deyildik. Nəhayət
ki, qatar Bakıya gəlib çatdı. Qatardan
düşdük. Perronda heç kim yox idi. Heç kim yox idi
deyən də ki, adam var idi. Bizi qarşılayanlar, bizi
gözləyənlər yox idi. Heç kim bizi
qarşılamağa gəlməmişdi. Təkcə uzaqda
arıq bir oğlan dayanmışdı. Bizdən çox
uzaqda olduğundan hələ onu tanıya bilməmişdik.
Biz vağzalda boynumuzu büküb dayanmışdıq. Nə
edəcəyimizi, hara gedəcəyimizi də bilmirdik. Uzaqda
dayanan oğlan elə arıq idi ki, sanki pencəyini əyninə
geyməmişdi, çiyninə atmışdı. Yanımda
duran məhbus dostum yavaşca məndən soruşdu ki: – Ay
İsmixan bu axı deyəsən Bəxtiyardır.
Dedim ki, Bəxtiyarın burda
nə işi var? O bura niyə gəlsin ki?... Bütün ətrafa
gizlində KQB əməkdaşları nəzarət edir,
baxırlar ki, görsünlər bizi kim qarşılayacaq, biz
hara gedəcəyik? Elə söz ağzımda
qalmışdı ki, həmin oğlan özü
qaça-qaça bizə tərəf gəldi. Bəli bizi
qarşılayan təkcə elə Bəxtiyar idi. Məhbus
dostum səhv etməmişdi. Bizi qucaqladı, bağrına
basdı. Məni qucaqlayanda gördüm ki, çiyinləri əsir.
Bəxtiyar hönkür-hönkür ağlayırdı. Sonra
əynindəki pencəyini çıxarıb
yağışdan büzüşən o biri məhbus dostumun
çiyninə atdı. Götür-götür, məndə
evdə yenə də var- dedi. Bəxtiyarı saxlamaq olmurdu,
ağlayırdı. Ətrafında dolaşan o KQB əməkdaşlarını
vecinə belə almırdı, bizi vağzaldan bir baş evinə
gətirdi).
Atam heç bir vaxt
sözgötürən olmayıb, heç kimin də qabağından
qaçmayıb, əsəbi, hikkəli, iş bərkə
düşəndə əlini belə işə salan bir adam
olub. Söz altında qalmayıb, dərhal sözü üzə
deyib. İndi də elə ağzını açıb, hər
bir şeyi onun KQB-də işləməyini də, xəbərçiliyini
də, böhtançılığını da unudub bu
çağrılmamış qonağa bir-iki kəlmə
acı söz demək istəyirdi ki, öz evində deyil,
Qasımgildə olduğunu və əgər sabah xoşagəlməz
bir hadisə baş verərsə, hadisənin Qasımgildə
baş verdiyindən, Qasımın da onunla birgə məsuliyyətə
cəlb olunacağını nəzərə alıb dərhal
ayağa durdu.
– Tamam yadımdan
çıxmışdı bəs məni
bağışlayın, Gülhüseynlə, İsmixanla,
Kamalla, Azərlə, Hacı ilə olduqca vacib
görüşüm var. Ora getməliyəm – dedi.
(Bu adlarını çəkdiklərim
vaxtilə “İldırım” adlı antisovet bir təşkilatın
üzvləri idilər. 1950-ci ildə bir-bir hamısı həbs
olunmuşdular. KQB– zirzəmilərində nə qədər
işkəncələrə, əzab-əziyyətlərə
məruz qalmalarına baxmayaraq, heç biri bu dəstənin
qiyabi üzvü olan atamı ələ verməmişdilər,
onu qorumuşdular).
Kinayəni başa
düşən o filankəs:
– Bəxtiyar, Cahid deyəsən
yadından çıxdı axı. Cahid Hilal oğlunu deyirəm
ey...
Atam da söz altında
qalmadı:
– Yox, niyə ki, elə
hamımız Cahidin evində görüşəcəyik. Elə
bu saat hamımız ora gedirik, meylin çəkirsə, sən
də buyura bilərsən, amma ora sənin yerin deyil – deyib
otaqdan çıxdı.
Qasım əmi aradakı gərginliyi
yumşaltmaq üçün gülə-gülə:
– Ay filankəs, Bəxtiyar
zarafat edir. Uşaq bir az soyuqlayıb, İsfəndiyarı
deyirəm ey, gedir aptekə, dərman alıb yenə də
qayıdasıdır. Elə sən gəlməmişdən də
getmək istəyirdi. Sən əyləş, mən Bəxtiyarı
ötürüb gəlirəm – deyib atamı ötürmək
üçün otaqdan çıxır.
Çağrılmamış
qonaq əyləşir.
Ertəsi gün gecə
vaxtı atam iş masasının arxasında olan vaxt evimizə
iki nəfər çağrılmamış qonaq gəlir və
atamı harasa aparırlar. Bütün gecəni atamı
KQB-nin dindirmə otağında saxlayıb sual-cavab edib səhərə
yaxın isə onu azad edirlər. Məlum olur ki, dünən
axşam atamın Qasım əmiyə
bağışladığı poema elə dünən gecəykən
də KQB-yə çatdırılıb və “Rusiyanın
xalqlar həbsxanası olması” sən demə böyük səs-küyə
səbəb olubmuş. Əsəri KQB-yə çatdıran
şəxs də çox böyük cidd-cəhdlə təkidlə
tələb edir ki, əsər olduqca təhlükəli,
antisovet, antirus bir əsərdir və əsərin müəllifi
hökmən həbs olunmalıdır. Əks təqdirdə
bu əsər onun dərs dediyi Universitetdə tələbələr
arasında elə “Gülüstan” poeması kimi yayıla bilər.
Lakin atamın həbs olunmasını təkid edən həmin
o zabitdən daha yüksək rütbəli başqa bir zabit həmin
əsəri ondan alıb bir neçə dəfə oxuyub
öz rəyini isə tamam başqa formada bildirmişdir. “Bu əsərdə
heç bir antisovet və heç bir təhlükəli fikirlər
yoxdur. “Xalqlar həbsxanası” sözü müəllifin deyil
proletariatın dahi rəhbəri Vladimir İliç Leninin
çar Rusiyası haqqında dediyi sözləridir. Müəllif
Lenindən stat gətirmişdir. Filan əsər, filan cild,
filan səhifə. Poemanın üst səhifəsində müəllifin
öz xəttilə yazılan “Bizə zülm edənlərin
məhv olmasını tezliklə görək” sözləri
isə bir başa Azərbaycanı ikiyə bölən fars
şovinistlərinə aiddir. “İnşallah” sözü isə
müəllifin dindarlığını bildirir. Bu isə onun
öz əqidə azadlığıdır. Ona bizim komitə müdaxilə
edə bilməz. Bunun üçün işlədiyi
universitetin partiya təşkilatı var. Bu işlə partiya təşkilatı
katibi məşğul olmalıdır.Əsərə gəldikdə
isə olduqca zəif bir əsərdir. Heç çapa da
layiq deyil. Müəllifin özünə qaytarılsın və
azad olunsun. Vəssalam. Atamı elə səhər erkən
azad edirlər.
Atam səhər erkən
KQB-dən çıxıb evə gələ-gələ elə
yol boyu düşünürdü. O necə deyərlər
fikri yüz yerə gümanı isə min yerə gedib
çıxırdı. Ağlı bir şey kəsmirdi.
Axı bu heç inanılası məsələ deyil. Axı
Qasım niyə belə etsin? Axı mən həmişə
onu özümə qardaş bilmişəm. Axı mənim
övladlarım ona Qasım əmi, onun da övladları mənə
Bəxtiyar əmi deyir. Yox. Qasım belə iş tuta bilməz.
O belə adam deyil. O ölər, amma dostlarına xainlik etməz.
Qasım mərd adamdır. Yaxşı onda bəs bunu
Qasım KQB-yə ötürməyibsə, bəs onda bunu ora
kim aparıb təqdim edib. Yox burada nəsə bir
anlaşılmazlıq var. Axı məni dindirən o zabit
deyirdi ki, bunu elə dünən gecəykən KQB-yə
çatdırıblar. Yəni bunu KQB-yə çatdıran
adam belə məqam gözləyirdi? Yəni bu qədər kəmfürsətdir?
Hm... Axı mən bu əsəri oxuyanda Qasımın gözləri
dolmuşdu. Yox, Qasım belə bir iş tuta bilməz. Biz uzun
illərin dostuyuq, qardaşıyıq. Qasımın anası
Arəstə xanım hər rayondan gələndə əvvəlcə
bizim qapımızı döyüb sonra oğlugilə
keçər. Mənə oğlum deyər mən də ona
anam deyirəm. Bəs indi bu nə məsələdir? Əlbəttə,
bunu Qasım eləməz, dünya dağılsa da eləməz.
Bəs onda bunu kim edib? Əlbəttə, əgər mən bu
yazımı Qasıma vermişəmsə, bunu da elə ikimiz
biliriksə, demək o da bunu KQB-yə çatdırıb. Bəli...
bu elə Qasımın işidir. İkinci bir məsələ
ola bilməz. Ay Allah, gör bir zəmanə necə dəyişib,
necə korlanıb. İnsanlar necə dəyişib. Heç
kimə inanılası deyil. Yaxşı bəs məni orada
KQB-də belə qoruyan hifz edib, xilas edən o gənc zabit kim
idi?
Və o çox böyük
ustalıqla, məharətlə əsəri başqa bir səmtə
yönəltmişdi. Hamının fikrini də azdıra
bilmişdi. Həm də axı o tapşırıq verib bu əsəri
özümə qaytarmaqla özünü, öz həyatını
belə təhlükə altına qoyurdu. Əgər ondan
rütbəcə böyüklər bundan xəbər tutsalar,
bəs o nə cavab verəcək? Sözsüz ki, mən
xalqlar həbsxanası sözünü deməklə Çar
Rusiyasını deyil, elə bugünkü Rusiyanı nəzərdə
tutmuşam. Yox əlbətdə yox. Bunu lap belə uşaq da
oxusa, söhbətin nədən getdiyini dərhal başa
düşər. Başa düşər ki, mən elə
bugünkü, Rusiyanı, Sovet imperiyasını nəzərdə
tutmuşam. Əsərin əl yazısı bu saat o gənc
zabitin sayəsində cibimdədirsə, özümə
qaytarılıbsa və KQB divarları arasında heç bir
iz-filan da qalmayıbsa onda evə çatan kimi bu əl
yazısını dərhal yandırmalıyam. Hə, həm
də o zabit deyəsən tapşırmışdı ki, mənim
bura gətirilməyimi, saxlanılmağımı qeydiyyat dəftərinə
də salmasınlar. Sanki heç belə bir iş olmayıb.
Vəssalam. Əlbətdə o zabit bu əsəri heç
qaytarmaya da bilərdi. Məni həmişə qorxu altında
saxlamaqdan ötrü əsəri elə KQB-də də saxlaya
bilərdi. Məni də elə-belə azad edərdi. Amma o belə
etmədi. Əsəri özümə qaytarmaqla yəqin demək
istəyirmiş ki, get arxayın ol. Heç kim heç nəyi
sənə sübut edə bilməz. Bəs bu xeyirxah adam
kimdir axı? Yox. hökmən evə çatan kimi bu “başa
bəla” əsəri yandırmalıyam. Nəinki bunu.
Ümumiyyətlə evdə hər nəyim varsa məhv etməliyəm,
yandırmalıyam ki, heç bir yerdə heç bir iz filan
qalmasın hətta protezin içindəkiləri belə
yandırmalıyam ki, heç kim tərəfindən ələ
düşməsin...
(Ardı var)
İsfəndiyar VAHABZADƏ
525-ci qəzet.- 2010.- 31 dekabr.- S.26-27.