Baş nazirin xanımı

 

(Əvvəli ötən şənbə saylarımızda)

 

Şəfiqə xanım od içində yanan Krımdan Azərbaycana ilk növbədə iki körpəsini xilas etmək üçün gəlmişdi. Bunun xatirinə Nəsib bəylə aralarındakı soyuqluq və anlaşılmazlığı qismən də olsa unutmağa, keçmiş acıların üzərindən xətt çəkməyə razılıq vermişdi. Amma nisbətən sakit və təmin olunmuş həyat çox da uzun sürməmişdi. Azərbaycan Cümhuriyyətinin süqutu, Nəsib bəyin müəmmalı ölümü, ölkədə günü-gündən genişlənən bolşevik terroru gənc qadını yenidən ciddi təhlükələr, sınaq və çətinliklər qarşısında qoymuşdu.

Xüsusilə Nəsib bəyin faciəli sonluğu ilə bağlı dəqiq və səhih məlumat ala bilməməsi həyatının sonuna qədər onun sinəsində qövr eləyən yaraya çevrilmişdi. Xatirələri üçün hazırlıq mahiyyəti daşıyan müxtəlif kağız parçalarına yazdığı qeydlərdə dönə-dönə bu məsələnin üzərinə qayıtmışdı. Ən müxtəlif mənbələrdən məlumatlar toplamağa, onları biri-biri ilə tutuşdurmağa çalışmışdı. Etibarına güvəndiyi hər kəsə bir soraq, təskinedici xəbər ümidi ilə üz tutmuşdu.

Hər halda, Nəsib bəy məchulluğa son səfərindən öncə Şəfiqə xanımla görüşə bilmiş, eyni zamanda ilk fürsət yaranan kimi onu məlumatlandırmışdı. Xatirələr üçün tutulmuş qeydlərin birində oxuyuruq: “1920-ci il mayın ilk günlərində təbdili-qiyafət edərək (paltarını dəyişərək-V.Q.) ata minib qərarlaşdırılan səmtə yollanan Nəsib Kürdəmir yaxınlığında yoxa çıxdı. Kürdəmirdən kiçik bir məktubunu aldım. Gətirən məndən, mən də ondan qorxa-qorxa açıb oxudum. Sağ-salamat gəlib Kürdəmirə çatdığını xəbər verir, Kürü keçmək üçün gözlədiyini yazırdı. Ondan sonra nə bir səs, nə də bir nəfəs gəldi...”

“Şəhadəti haqqında bir neçə rəvayət var, –deyə Şəfiqə xanım başqa bir qeydində öyrənə bildiyi versiyaları sadalamışdı. –Biri Kür çayı sahilində Əyricə kəndinin sakinləri tərəfindən Bakı milyonçularından zənn edilərək öldürülməsidir. Bu rəvayəti burada mənə Qarxunlu Əşrəf adlı bir şəxs söyləmişdi. Başqa rəvayətə görə yenə Kür sahilindəki bir kənddə, əvvəlcədən hazırlanmış evdə gecələyibmiş. Salla nəhrin qarşı tərəfinə keçməli imiş. Bərk tələsir, səbirsizlik göstərirmiş. Nəhayət, sal hazırlanmış, gecənin qaranlığında yola çıxmışlar. Amma çayın o biri sahilində dayananlar salı görməmişdilər. Üçüncü rəvayət də cinayətin elə Qarxunlu Əşrəfin öz əli ilə törədilməsidir. Amma bunların hamısı sadəcə söz-söhbətdir. Yeganə doğru olan şey yalnız Kürdəmirə sağ-salamat çatması haqqında aldığım o kiçik məktubdur. Başqa bir xəbər də eşitmişəm. Guya böyük qardaşı gedib o yerləri axtarıb, hətta məzarını da tapıb. Amma həmin məlumatın doğruluğu ilə bağlı şübhələrim çox böyükdür”.

Çox güman ki, 1950-ci illərdə aparılmış bu qeydlərin sonunda Şəfiqə xanım iri hərflərlə “SUDAMISAN, TORPAQDAMISAN, NƏSİB? ƏTRAFIN NURLA DOLSUN!”-sözlərini yazmış və uzun onilliklərdən sonra ilk dəfə gənclik dövründə sevə-sevə istifadə etdiyi soyadı ilə “Şəfiqə Qaspralı-Yusifbəyli” imzasını atmışdı.

Nəhayət, Nəsib bəyin həyatının müəmmalı sonluğu ilə bağlı daha iki qeyd onun kağızları arasında özünə yer almışdır. Bunlardan biri “M.E.” inisialı ilə (çox güman ki, Mehmet Emin –V.Q.) Nəsib bəylə əlaqəli İbrahim Yusif adlı şəxs barəsində məlumat verən bir paraqraflıq kiçik mətndir. Mətndə deyilir: “Mərhum Nəsib bəyə talehsiz səfərində yoldaşlıq edən İbrahimli Yusif Bakı ətrafındakı Keşlə kəndindən idi. Yusif əfəndi fəhlə içərisindən çıxmış bir firqə adamı idi. “Müsavat” firqəsinin Bakı komitəsinə mənsub olan bu vətəndaş təşkilatçılığı ilə tanınan, fəhlələr arasında sözü keçən zəhmətkeş bir işçi idi”.

Ən sonuncu qeyd isə 12 yanvar 1961-ci il tarixli bir dəvətnamənin üzərində edilmişdir. Bəlkə də Şəfiqə xanım bu xəbəri məhz həmin gün eşitmiş və sonradan araşdırmaq məqsədi ilə əlinin altındakı dəvətnaməyə yazmışdı. “Nəsib bəyin adına Tiflisdə banka qoyulmuş pullar götürülübmüş. Bir rəvayətə görə Mustafa Vəkilli (Azərbaycan Parlamentinin katibi, siyasi mühacir-V.Q.) özünü Nəsib bəy kimi təqdim edərək pulları çıxarıbmış. Sadiq bəydən (Azərbaycan mühacirətinin fəal xadimlərindən olan Mehmet Sadiq Aran nəzərdə tutulur-V.Q.) soruşmalı!”

1920-ci ilin apreli on minlərlə Azərbaycan vətənpərvəri kimi Şəfiqə xanımı da son dərəcə böyük çətinliklər qarşısında qoymuşdu. Həm də sıxıntı və çətinliklər təkcə maddi xarakter daşımırdı. Hərçənd qıtlığın, ehtiyacın hökm sürdüyü Bakıda heç bir arxası, güman və istinad yeri olmayan gənc qadının özünü, iki övladını dolandırması da asan məsələ deyildi. İsmayıl Qaspralının qızı və Nəsib bəy Yusifbəylinin xanımı kimi isə onu təhdid edən təhlükə daha böyük idi. Bolşeviklər həm Cümhuriyyət liderlərinə, onların ailə üzvlərinə, yaxınlarına, həm də “burjua millətçilərinə” qarşı geniş miqyaslı mübarizəyə başlamışdılar. Atasının, ərinin və özünün fəaliyyəti, xüsusən də Krımda tatar milli dövləti qurmaq uğrunda mübarizəyə qoşulması bu tipli ittihamlar üçün yetərincə əsas verirdi.

Doğrudur, gözləmədiyi halda yeni rejim onun bilik və təcrübəsinə ehtiyac duymuşdu. Şəfiqə xanım Xalq Maarif komissarlığının “ana məktəbləri” (qeydlərdə belə yazılmışdır, çox ehtimal ki, müasir ifadə ilə desək, məktəbəqədər tərbiyə müəssisələri nəzərdə tutulur-V.Q.) üzrə təlimatçısı təyin olunmuş, eyni zamanda komissarlığın dərsliklərlə bağlı “tərcümə və nəşr” komissiyasının tərkibində fəaliyyət göstərməyə başlamışdı.

Cəlbedici təyinatın nisbi, müvəqqəti olduğunu yaxşı bilirdi. Növbəti “təmizləmə” zamanı hər şey kökündən dəyişə bilərdi. Yeni hakimiyyət möhkəmləndikcə cəza maşını da daha sürətlə işləyirdi.

Bu dəhşətli anlarda onu ümiddən düşməyə qoymayan yeganə şey dövrün, zamanın bütün xofuna, xəyanət və qaramsarlığına baxmayaraq nəcib, işıqlı adamların mövcudluğu idi.

Şəfiqə xanımın sənədləri arasında mühafizə edilən bəzi məktublar istər özünün, istərsə də Nəsib bəy Yusifbəylinin dost və yaxınlarının çətin günlərdə onu və uşaqlarını tək buraxmadıqlarını göstərir. Həmin məktublardan Həmid imzası ilə göndərilən ikisi diqqəti daha çox çəkir. “Şəfiqə Qaspralı və Rusiyada türk qadın hərəkatı” kitabının müəllifləri Şəngül və Nəcib Həbləmitoğlu adı çəkilən Həmidin Nəsib bəy Yusifbəylinin rəhbərlik etdiyi beşinci hökumət kabinəsində (24 dekabr 1919-1 aprel 1920) maarif naziri vəzifəsini tutan Həmid bəy Şahtaxtinski (1880-1943) olduğu ehtimalını irəli sürürlər.

Əslində isə məktubun məzmunu onun Gəncədən, ehtimal ki, Nəsib bəyin qardaşı tərəfindən göndərdildiyini söyləməyə daha çox əsas verir. “Əzizim Şəfiqə!-müraciəti ilə başlayan məktubda daha sonra deyilir: –Yazdığınız kağızlardan fəqət biri buraya vüsul oldu. Oxuyub nəhayət mükəddər olduq. Nə etməli ki, qədər belə yazılıbmış. Üç ay əvvəl sizə yüz banknot göndərmişdim. Bilmirəm, vüsul oldu, yoxsa almadın. Bu dəfə üç Osmanlı lirəsi və iki rial yollayıram. İndi altın göndərmək mümkün olmadığı üçün onların dəyərini banknot kimi gətirəcəklər. Alan günü mənə məlumat verməyinizi rica edirəm. Zənn edərim ki, özünüz bizim halımızı bilirsiniz. Mehdinin uşaqlarının, dayımın, qardaşımın da mənim üstümdə olduğundan xəbəriniz var. İmkan olsa, canımı belə qardaşımın balalarına (kursiv mənimdir-V.Q.) verməyə hazıram. Cocuqların tərfi-sinif etdiklərini (sinifdən sinfə keçdiklərini-V.Q.) bilib nəhayət şad oldum. Əgər mümkünsə, pul lazım olduqca, Süleyman bəydən (Məmmədov Süleyman bəydən) alın, o da buraya müraciət etsin. Əgər uşaqları orada oxutmaq mümkün deyilsə, göndərin yanımıza gəlsinlər. Getdikcə burada məktəblər artmaqda və yaxşılaşmaqdadır. Qızım Zöhrənin məktubuna çox şad oldum. Niyazi qəsdən belə qısa məktub yazıb, yoxsa bizləri unutmaq fikrindədir? Mümkün olduqca məktub yollayın. Bu il bir az pambıq əkmişəm, məhsul yaxşı olsa, yenə sizə pul göndərərəm. Baqi salam və ehtiram, cümlə tanışlara salam söyləyin”.

Həmid bəyin ikinci məktubu isə 1921-ci il iyulun 14-də Batumdan yola salınmışdır. Məzmunundan da göründüyü kimi, o, Şəfiqə xanımın bəzi suallarına cavab məqsədi ilə yazılmışdı. Ehtimal ki, Şəfiqə xanım ərinin müəmmalı şəkildə yoxa çıxması ilə əlaqədar hansısa bir xəbər almış və onun araşdırılmasını Həmid bəydən xahiş etmişdi. “Məktubunuzda yazmış olduğunuz xəbəri təhqiq etdim,-deyə Həmid bəy bildirirdi. –Yalan çıxdı. Hələ indiyə qədər səhih bir xəbər ala bilməmişəm. Nə oldu, haradadır-bir məlumat yoxdur. Oradan-buradan müxtəlif xəbərlər alırıq. Lakin əhəmiyyətsiz xəbərlərdir. Uşaqların gözlərindən öpürəm. Əqrəbaya salam söyləyin. Bir krımlı ilə görüşdüm. Oranın çox fəna olduğunu söylədi. Mümkün olduqca bir-birimizdən xəbər tutaq”.

Şəfiqə xanımın Bakıdakı hər günü səksəkə və həyəcan içərisində keçirdi. Özündən daha çox Nəsib bəyin əmanəti olan körpələrinin taleyi üçün narahat idi. Günlərin birində həbs olunacağından, onların yad şəhərdə tamamilə tənha və başsız qalacaqlarından qorxurdu.

Yardım heç gözləmədiyi halda Türkiyədən gəldi. Türkiyə Böyük Millət Məclisi hökumətinin 1920-ci ilin sentyabrında Bakıya təyin olunmuş təmsilçisi Məmduh Şövket Esendal İsmayıl Qaspralının qızının, şəhid Nəsib bəy Yusifbəylinin xanımının Bakıda iki övladı ilə çətin durumda qaldığını öyrənən kimi dərhal yollar aramağa başladı. Həmin dövrdə TBMM hökuməti ilə Sovet Rusiyası arasında imzalanmış Moskva anlaşmasına görə türk hərbi əsirləri, habelə müxtəlif vəsilələrlə Azərbaycana gələn və inqilabdan sonra geri qayıda bilməyən türk ailələri Türkiyənin Bakı təmsilçiliyindən sənədlər alaraq vətənə dönürdülər.

Təbii ki, sovetlər də həmin sənədləri nəzarətdə saxlayırdılar. Lakin Məmduh Şövkət risk etməyi qərara aldı. Şəfiqə xanımla övladlarını müharibənin Azərbaycana gətirdiyi Türkiyə vətəndaşları kimi qeydiyyata götürdü. Sonra isə onlara türk pasportu verərək Türkiyəyə keçmələrinə və bolşevik cəhənnəmindən xilas olmalarına yardım göstərdi.

İstiqlal Savaşı aparan, təkcə yadelli düşmənlərin deyil, aclıq və ehtiyacın da pəncəsini öz boğazında hiss edən Türkiyədə yaşamaq asan deyildi. Əlbəttə, artıq özünün və övladlarının başı üzərindən həbsə atılmaq, yaxud fiziki məhv edilmək təhlükəsi sovuşmuşdu. Lakin ən minimal həyat şərtlərini təmin etmək üçün də hər gün mübarizə aparmaq lazım gəlirdi.

Doğrudur, Şəfiqə xanım İstanbula gələndə bacısı Nigar, qardaşları Heydər və Cövdət Mənsur artıq bu şəhərdə yaşayırdılar. Amma onlar kiməsə kömək göstərməyə qabil deyildilər. Əksinə, özlərinin yardıma ehtiyacı vardı. İsmayıl Qaspralı ölümündən sonra böyük sərvət qoyub getmədiyindən, ailənin qalan mal-mülkü isə Krımda bolşeviklərin əlinə keçdiyindən övladlarının hamısı ehtiyac məngənəsində boğulurdu. Nigar xanım hələ Krımda ikən Süleyman adlı kobud, əzazil bir adama ərə getmişdi. O, gənc qadını hətta qardaşlarının yanında da təhqir edib aşağılamaqdan çəkinmirdi. Heydərin, yaxud Cövdət Mənsurun ən kiçik müdaxiləsi isə Nigarın küçəyə atılması ilə nəticələnə bilərdi. Üstəlik bu gənc qardaşlar özləri də tam arxasız, köməksiz idilər. Cövdət Mənsur İstanbul universitetinin dil-ədəbiyyat, Heydər isə tibb fakültəsində təhsil alırdı. Heç birinin bacılarına, xüsusən də Şəfiqə xanımın körpələrinə əl tutmaq, yardım göstərmək imkanı yox idi.

Cövdət Mənsur Qaspralının 1921-1925-ci illəri əhatə edən, bəzən rus, bəzən türk dilində yazılmış gündəlikləri İsmayıl Qaspralı ocağının biri-birindən köməksiz dörd üzvünün, ilk növbədə isə iki övladı ilə birlikdə Şəfiqə xanımın İstanbulda yaşadıqları acıları çox təsirli bir dillə ifadə edir.

Sıxıntıların son həddə çatdığı, Bağçasarayda ailənin böyük oğlu Rüfət Qaspralının qəflətən öldüyü, Şəfiqə xanımın əməliyyat olunmaq üçün xəstəxanaya girdiyi 1925-ci ilin dekabrında Cövdət Mənsur bacısının düşdüyü acınacaqlı vəziyyəti təsvir edərək yazırdı: “Fəlakət üzərindən fəlakət gəlir. Pulsuzluq! Şəfiqə ablam (böyük bacı-V.Q.) üç aydan bəridir ki, işsizdir. Əlində pulu olmadığından işsizliyin ilk ayından borca girməyə başladıq. Tanıdığımız adamların hamısına borcumuz var. Biçarə ablam o qədər utanır, o qədər sıxılır ki... Elə günlər olur ki, beş quruş tapa bilmədiyindən suda düyü bişirib yeyirdi. Biçarə üç ayı beləcə yarı ac, yarı tox çırpındı. Sonunda da xəstəxanaya düşdü. Ankaraya, Yusif dayıma (Yusif Akçura-V.Q.) dalbadal məktublar yazılsa da, bir cavab çıxmadı...”

Türkiyə Böyük Millət Məclisinin üzvü Əhməd Ağaoğluna özü, yaxud bacısı Şəfiqə üçün bir iş tapmaq xahişi ilə müraciət etdiyi gün isə Cövdət Mənsur gündəliyinə aşağıdakı sətirləri yazmışdı: “Pulsuzluq çox ağır dərddir. Bəzən siqaret almağa on quruşum olmur. Başqa məhrumiyyətlərdən danışmağın yeri yoxdur. Gənclik keçib gedir. Heç bir şey görmədik desəm, yalan olmaz. Odur ki, bir iş tapıb həm darülfünuna davam etmək, həm müsaid vaxtlarda dostlarla əylənmək, həm də cümə günləri (o dövrdə Türkiyədə istirahət günü sayılırdı-V.Q.) Zöhrə ilə Niyaziyə 5-10 quruş verərək üzlərini güldürmək necə gözəl olardı...”

Belə şəraitdə Şəfiqə xanım yaxınlarından kiminsə yardımına bel bağlaya bilməzdi. Əksinə, özü təşəbbüsü əlinə almalı, təkcə övladlarına deyil, yaşca kiçik qardaşlarına da qayğı və yol göstərməli idi.

Türkiyədə İsmayıl Qaspralını tanıyan, türk dünyası qarşısındakı böyük xidmətlərindən xəbərdar olan adamlar yox deyildilər. Onların başında ailənin yaxın qohumu, yuxarıda adı çəkilən Yusif Akçura gəlirdi. Əhməd Ağaoğlu, Cəfər Seyidəhməd Krımər, Ayaz İshaki, Əlibəy Hüseynzadə və b. da “Tərcüman” qurucusunu, eləcə də Şəfiqə xanımı yaxşı tanıyırdılar. Lakin əvvəla Türkiyə bütün maddi və mənəvi resurslarını səfərbər edərək təkbaşına beynəlxalq güclərə qarşı İstiqlal Savaşı aparırdı. O biri tərəfdən, adları çəkilən şəxslərin heç biri praktiki həyat məsələlərində xüsusi bacarıqları ilə seçilmirdilər. Onlar İsmayıl bəyə böyük ehtiramla yanaşa bilərdilər, onun övladlarının düşdüyü çətin vəziyyətdən mütəəssir olub göz yaşı axıda bilərdilər. Qabağa düşmək, konkret addım atmaq lazım olanda isə əllərindən bir iş gəlmədiyi aşkara çıxırdı.

Yusif Akçura uzun müddət bacısı qızını Türkiyənin dövlət idarələrindən birinə rus dili tərcüməçisi vəzifəsinə düzəltməyə çalışsa da, nəticə hasil olmamışdı. Şəfiqə xanım bir müddət sahibsiz uşaq evlərində-yetimxanalarda çalışmışdı. Buradakı işini itirdikdən sonra Türkiyə Hilali-Əhmər (indi bu təşkilat Qızıl Ay adlanır-V.Q.) cəmiyyətinin fəaliyyətinə qatılmışdı. Gec də olsa, rus dili sahəsindəki mükəmməl biliyinə və tərcüməçilik bacarığına da ehtiyac duyulmuşdu. 1936-cı ildə Atatürkün göstərişi ilə məşhur rus türkoloqu Y.Pekarskiin “Yakut dili sözlüyü” çoxcildliyi general-leytenant Hafiz Bıyıktayın rəhbərliyi altında türk dilinə çevriləndə Əhməd Cəfəroğlu, Əbdülqadir İnan, Rəşid Rəhməti Arat, Əlibəy Hüseynzadə kimi tanınmış alimlərlə birlikdə Şəfiqə xanım Qaspralı da həmin mühüm layihəyə cəlb olunmuşdu.

1920-30-cu illərdə Şəfiqə xanım Türkiyədəki Azərbaycan və Krım siyasi mühacirləri ilə yaxından əlaqə saxlayırdı. Azərbaycan Milli Mərkəzinin və Krım Milli Mərkəzinin fəaliyyətində iştirak edirdi. Eyni zamanda həm mənsub olduğu xalq, həm də bütövlükdə türklük mövqeyindən SSRİ-də gedən prosesləri ardıcıl izləyirdi. 1924-cü ildə ilk Sovet Konstitusiyası qəbul ediləndə Şəfiqə Qaspralı bu əsas qanunda millətlərin hüququnun yalnız fiksiya olması ilə bağlı yetərincə sərt və hüquqi cəhətdən əsaslandırılmış məqalə yazmışdı.

Böyük qardaşı Rüfətin ölümündən sonra (1925) Krımla əlaqələri kəsilsə də tarixi vətəninə olan marağı heç zaman səngiməmişdi. 1930-cu ildə Türkiyədə Krım Qadınlar Cəmiyyəti qurmuş və sona qədər fəaliyyətinə rəhbərlik etmişdi.

Həmin Cəmiyyətin hələ 30-cu illərdə yaydığı “İslam dünyası qadınlarına müraciəti” bir sıra cəhətlərinə görə aktuallığını bu gün də saxlamaqdadır. 1944-cü ildə Krım tatarlarının tarixi vətənlərindən deportasiya edilməsini Şəfiqə xanım müstəqilliyin itirilməsindən sonra həyatının ən böyük faciəsi kimi qarşılamışdı.

Yenilməz ruhlu bu qadın böyük çətinliklər bahasına olsa da, Nəsib bəyin övladlarını böyüdüb boya-başa çatdıra, ali təhsil verə bildi. Niyazi Müəllimlər İnstitutunu bitirdi. Türkiyənin müxtəlif yerlərində pedaqoq kimi çalışdı. İlk iş yeri olan Ərzurumdan anasına göndərdiyi məktublar dini təəssübkeşlik hisslərinin dərin kök saldığı bu əyalət şəhərində həyatının heç də xoş keçmədiyini göstərir. Atasız böyüyən əksər uşaqlar kimi onun da müstəqil həyata uyğunlaşması ciddi çətinliklərlə müşayiət olunurdu. Tez-tez anasının yardımına üz tuturdu. Hətta müəllimlər üçün tələb olunan kostyum tikdirmək üçün qara parçanı da Şəfiqə xanım ona İstanbuldan alıb göndərmişdi.

Zaman keçdikcə, ayağını torpağa daha bərk basdığı sezilirdi. 1940-cı ildə anasına yazdığı bir məktubda “bu məşəqqətli həyat yolunu buraya qədər sən gətirdin, bundan sonra isə ağırlığı mən öz üzərimə götürməyə çalışacağam”-deyirdi. Və həqiqətən də nisbətən gənc yaşlarında həyatdan köçdüyü 1965-ci ilə qədər mütəvazi maaşının bir hissəsini bacısı Zöhrənin evində qalan anasının minnətsiz və təmənnasız yaşamının təmin olunmasına sərf etmişdi.

Zöhrə əvvəlcə Erenköy Qız Liseyində, sonra İstanbul universitetinin ədəbiyyat fakültəsində təhsil aldı. 1929-cu ildə əslən Gəncədən olan, yaşca özündən xeyli böyük yüksək ziraat mühəndisi (aqronom) Mirzə Göygöllə ailə həyatı qurdu. Qeyri-bərabər nikahın əsas amilləri Mirzənin Azərbaycan türkü (üstəlik də gəncəli!) və imkanlı adam olması idi.

Şəfiqə xanım qızının həyatındakı bu mühüm dəyişikliklə bağlı Gəncədəki əqrəbalara, ilk növbədə Şükufə xanıma məlumat verməyi özünə borc bilmişdi. Həm də 27 mart 1929-cu ildə yazdığı kağızı “son məktub” adlandırmışdı. Bu sadəcə, qohumlarla birdəfəlik üzülüşmək demək deyildi. Kifayət qədər siyasi həyat təcrübəsi olan Şükufə xanım tədricən Sovet İttifaqı ilə Türkiyə arasına dəmir pərdə çəkildiyini, liberallığın son zərrələrinin də aradan qaldırıldığını görməyə bilməzdi.

Tezliklə Gəncədən kədər dolu cavab gəlmişdi. Nəsib bəyin bacısı Şükufə xanım “Sevgili Şəfiqəciyim! Məktubunuzu aldım, amma “son məktub” deyə yazmağınız məni nəhayət dərəcədə mütəəssir etdi”-sözləri ilə başlayan cavabında nakam qardaşının balalarına-Zöhrə ilə Niyaziyə heç bir yardım göstərə bilmədiklərinə görə acı-acı şikayətlənirdi. Gəncə Dəmiryol Deposunun uşaq bağçasında tərbiyəçi işlədiyini, ayda 60 manat maaş aldığını, həmin maaşın isə on aydan bəri xəstəxanada yatan Əkbərin (əri, yaxud oğlu ola bilər-V.Q.) müalicəsinə də çatmadığını bildirirdi.

“Zöhrənin ərə getmək xəbəri cümləmizi şad etdi” – deyə Şükufə xanım sözünə davam edərək yazırdı: “Hər halda bir vətən övladı ilə, namuslu bir gənclə evlənməsini məmnuniyyətlə qarşıladıq. Digər tərəfdən gözlərimizdən qanlı yaşlar axdı. Əziz qardaşımızın sevgili balasının toyunda iştirak edə bilməməyimiz heç insafdandırmı? Sevgili qızımızın xoşbəxt olmasına nəzir-niyaz edirik. Sevgili bacım, sizə yalvarıb rica edirəm: Zöhrənin üzünə həsrət, toyuna məhrum qaldığımıza görə hamınızın şəkillərinizi göndərin. Öpürəm cümlənizin gözlərindən. Baqi salam və ehtiram. Bədbəxt bacınız Şükufə”.

Bu məktubla Şəfiqə xanımı ərinin vətəni ilə bağlayan son tel də qırılır.

Nəsib bəyin isə Səlcuq (1930), Oğuz (1932), Dəmir və Şölə (1946) adlı dörd nəvəsi dünyaya gəlir. Bir-bir onların qayğısını çəkib böyüdən Şəfiqə xanım həm də altı nəticəsini görə bilmişdi.

Həyatının sonuna qədər kitablarından, yazılarından aralı düşməmişdi. 85 yaşında ikən “İsmayıl bəy Qaspralı və türk modernizmi” mövzusunda doktorluq dissertasiyası yazan və hazırda İndiana universitetinin professoru vəzifəsində çalışan Edvard J.Lazzeriniyə öz məsləhətləri ilə yardım göstərmişdi. Uzun illər topladığı, aralarında Azərbaycanla bağlı bir sıra nadir sənədlərin, o cümlədən Nəsib bəy Yusifbəylinin çoxsaylı məktublarının olduğu zəngin arxivini Krım tatarlarını tədqiq edən Nəcib Həbləmitoğluna bağışlamışdı.

Hərçənd o arxivə biz də iddiaçı ola bilərdik.

Amma bizim üçün diqqətəlayiq olan başqa bir məqam var.

Taleyin hökmü ilə Azərbaycanın görkəmli şəxsiyyətlərindən birinin, ilk Cümhuriyyətimizin Baş nazirinin xanımı olmuş bu nəcib və müdrik qadın həyatının sonuna qədər vətənimizə böyük məhəbbətini, onun insanlarına, tarixinə və mədəniyyətinə dərin marağını və bağlılığını hifz etmişdi. Təsadüfi deyil ki, “Müdrik sözlər” kimi xüsusi bir dəftərçəyə yazdığı kəlamların birincisi gözəl şairimiz Abbas Səhhətin “Vətənin sevməyən insan olmaz, Olsa ol şəxsdə vicdan olmaz” misraları idi.

Həm Krım, həm də Azərbaycan onun üçün doğma vətən idi. Dünyaya gözlərini isə 1975-ci ilin avqustunda üçüncü vətənində-Türkiyədə yummuşdu.

Nəhayət, sonda zəruri bir haşiyə...

1989-cu ildə Dünya Azərbaycanlılarının Birinci Konqresində iştirak etmək üçün İstanbula getmişdim. Konqresin keçirildiyi Atatürk Kültür Mərkəzinə uzun onilliklər boyu qardaş ölkədə yaşamış Azərbaycan mühacirətinin ikinci və üçüncü nəslinin nümayəndələri də gəlmişdilər. İki rejim, iki quruluş arasındakı sükut buzu hələ tamam əriməmişdi. Eyni millətə mənsub olan, eyni dili paylaşan adamlar büruzə verməməyə çalışsalar da biri-birləri ilə ehtiyatla davranırdılar.

Mühacirət nümayəndələri arasında iki yaşlı qadın diqqətimi cəlb etdi. Köhnə dəblə geyinmişdilər. Başlarına şlyapa qoymuşdular. Hərəkətlərində bir qədər çəkingənlik sezilirdi. Lakin bütün bunların arxasında hər ikisinin özlərini aparmalarında, rəftar və danışıqlarındakı yüksək daxili mədəniyyəti, nəcibliyi, əsilzadəliyi görməmək mümkün deyildi.

Konqresin gedişində həmin aristokrat ədalı mehriban qarılardan birinin Nəsib bəy Yusifbəylinin qızı Zöhrə Göygöl, o birisinin isə Əlimərdan bəy Topçubaşovun qız nəvəsi Zərifə Kürdəmir olduğunu öyrəndim. Nə gizlədim, həmin dövrdə ilk Cümhuriyyətimizin qurucuları sırasında yer almış bu iki görkəmli şəxsiyyətin adları mənə hələ çox az şey dediyindən onların nəslinin davamçıları ilə danışmağa da bir söz tapmadım.

İndi buna sadəcə olaraq təəssüflənirəm və həmin boşluğun yerini bu yazı ilə doldurmağa çalışıram.

 

 

Vilayət QULİYEV

 

525-ci qəzet.- 2010.- 31 dekabr.- S.24-25.