SƏS

 

(Esse-kollaj)

 

Muğam işığında təksəsli, çoxsəsli düşüncələr

 

(Əvvəli ötən şənbə saylarımızda)

 

O, bu şərbəti son damlasınacan içməli, o zəhəri yaşamalı, duymalı, sevməli, sevgiyə qərq etməli idi.

Həyəcan, qorxu, sarsıntı çilik-çilik olub onun içinə tökülmüşdü.

Addım-addım öz içinə düşdükcə bu dibsiz quyunun bir yerində dərd adlı o məsumu görürdü. Quyunun soyuqluq hopmuş nəmişliyi ona ana bətninin özü kimi əziz, doğma idi. Quyunun divarında gözü açıq yatmış, soyuqdan uyuyan ilanlardan da nəmlik qoxusu gəlirdi. Bu quyu nəmliyi qəbrin içindəki onu yeyəcək soxulcanlar kimi əziz, doğma idi. Bu kor soxulcanlardan divara yapışmış ilanlara qədər uzaq və yaxın məsafə ürəkbulandırıcı, zəhlətökən və murdardan da murdar idi.

Bu rəzalətin içindəki bənövşə ətri, yaz havası, evlərin qabağındakı tənha tut ağacındakı bülbül yuvası, körpədən gələn süd qoxusu, öpmədiyi, öpə bilmədiyi bir cüt titrək dodaq, sığallaya bilmədiyi bəyaz əl, baxmağa qorxduğu zülmət gecədən də qara, atəşdən də işıqlı, yanar qara gözlər və heç vaxt ifadə edə bilməyəcəyi o məchulluq, qeyri-müəyyənlik də bu idbar quyunun içindəydi.

Bu quyu dərd quyusuydu. İztirab, ağrı onu sardıqca bir qənaət onun varlığına hakim kəsilirdi. Bu min yaşlı dərd onun mələyi idi. Bu mələk onun taleyi idi. Taledən qaçmaq olmazdı. Amma onun taledən qaçmaq adlı fikri yox idi.

O, dərdin vurğunuydu. Dərd onun min illik eşqi idi.

O, bu eşqi Allaha danışmaq, Ona bu mübhəm dərdi agah etmək üçün gəlmişdi.

Dünyada dərdi səs qədər ifadə edən başqa qüdrət varmı? Hər şey səsdir. Hər şey səsdən başlayır desəm mənə gülməyin.

 

NALƏDƏNDİR

 

Dünyada ən çətin şey dilsiz-səssiz olanı dillə, səslə ifadə edə bilmək istəyidir. Bu istəyin dəli bir çılğınlıq olduğunu hiss edirəm. Bu dünyada hər kəs dahi kimi doğulur. Bəlkə üç, bəlkə beş, bəlkə də yeddi yaşına kimi dahi olan varlığın kəpənək kimi zərləri tökülür, bu dünyaya öyrəşir və tədricən gəldiyi dünyanı unudur və olur adi bir insan: sənin kimi, hamı kimi.

Tək-tək adamlar bu bozluqdan, adilikdən an-an o ilahi keçmişi yaşaya bilir və gələcəyə boylana bilir.

 

lll

 

Mən oxuyuram. Oxuya-oxuya dərk edirəm ki, həqiqət səsdə deyil, səsli də deyil.

Susqunluq, sükut həqiqətin dilidir. Susmuşlar həqiqətə dalmışlardır.

Xanəndə, sazəndə, neyzən, mizrabtutan... o dərin və dilsiz – ağızsız sükutu pozanlardır, sükutun sirrini, sehrini açmağa cəhd edənlərdir. Biri də mən biçarəyəm.

Mən təsəvvüf dilini təkrar etmək istəmirəm. kəsrətdən vəhdətə gedən uzun və ağır yolu da açıqlamaq istəmirəm. Heç buna ehtiyac da hiss etmirəm. Mən məlumdan məchula, bəllidən qeyri-bəlliyə gedən qaranlıq, əyri-üyrü yolun qərib yolçusuyam.

Mən Şəmslə Mövlanə sirrini bilmirəm. Mən Füzulinin dərd işığını dərk etmək gücündə deyiləm.

Mən Hafiz eşqini duymaq iqtidarında deyiləm.

Mən bu dünyanın adamı deyiləm. Fikir, düşüncə dahisi də deyiləm.

Mən bilməməyin ağrısını hisslərində, duyğularında yaşamağa məhkum olanlardanam. Mənim səbəbləri araşdırmaq bacarığım yoxdur. Mən səbəblə nəticə arasında boşluqda yaranmış, bu boşluqda öləcək canlıyam. Bəzən candan azad olmuş didərgin ruham, bəzən hər şeyəm, bəzən də heç nəyəm.

Mən nə bilib danışanam, nə bilməyib danışanam. Mən sadəcə bilməyib danışmayanam. Mənim demək istədiklərim demədiklərimdir.

Zınqılovlu ilana bənzəyirəm. Ovumu zınqırovumun səsi ilə tilsimləyib üstünə şığıyıram. Haça dilimdən axan zəhri ovumun məsum bədəni ilə sevindirirəm və onun ölümündən dəhşətli ləzzət alıram. Mən həm ovam, həm də ovçu. O zınqırov səsi mənim yerimi, özümü faş edir. Başqa bir ovçunun qurbanı kimi qanımı içirlər, başımı yeyirlər.

Məni ölüm həyəcanlandırır. Məni öz ölümüm həyəcanlandırdığı kimi heç bir ölüm həyəcanlandırmır.

İnsanın nə olduğunu, kim olduğunu Allahdan başqa kim bilir ki?! Tək-tük insan bunu hiss edirsə, duyğuları ilə həqiqətə ulaşmaq istəyirsə və çox nadir hallarda bu həqiqətə çata bilirsə, bu Allahın öz bəndəsinə verdiyi ən böyük xoşbəxtlikdir.

İnsan kainat qədər böyüyüb hər şeyi içinə sığışdıra bilir.

İnsan kiçilib iynə ulduzundan keçə bilən nöqtə də ola bilər.

İnsan sonsuzluq qədər böyük və gözəl olduğu qədər, bir misqal cisim kimi anlamsız da ola bilir. Çünki insan Allahın zərrəsi olduğu kimi, şeytanın da aldatdığı məxluqdur.

İnsan böyüyüb kainat qədər əngin və gözəl ola bilirsə, bu Allahın xislətidir.

Kiçik, mənasız, bomboz olursa, bu da şeytanın insana biçdiyi don, Allahı inandırmaq istəyidir.

Mən bu ziddiyyətin ağırsını yaşayıram və heç bir vəchlə bu ağrıdan xilas ola bilmirəm ki, bilmirəm.

 

ANA

 

Gecənin bir vaxtı diksinib yuxudan dururam. Yuxuda anamı görmüşəm. Çox dərdlidi. Nə isə deyir, elə bil dua oxuyur. Sonra atamı, uşaqları mənə əmanət etdiyini söyləyir. Yaxınlaşıb alnımdan öpmək istəyir. Bir damla göz yaşı alnıma düşür. Dik atılıram. “Ana” deyib bağırmaq istəyirəm. “Ana, getmə, ana dayan” demək istəyirəm. Deyə bilmirəm. Dodaqlarım qupqurudu. Səsim yoxdu. Tir-tir əsirəm. Və sabaha qədər yata bilmirəm, gözlərimə yuxu getmir ki, getmir.

Tarix yalnız savaşlarla yadda qaldığı kimi, anam da yalnız əzablarla, zillətlərlə yadımdadı. Çörəksiz günlərimizdə oun bizi necə ovutduğunu unuda bilmirəm. Nə onun danışdığı nağıllar, nə çörəyin, ətin, südün, şirninin bol olduğu məmləkətlər bizi sakitləşdirmir, doyurmurdu. Sonra anam bizə oxuyardı. Onun oxuduğu qədim havaların içində göz yaşı, dərd, qüssə var idi. Anamın dərdli səsi mənim aclığımdan da ağır olduğundan sakitləşirdim.

Ağlaya-ağlaya oxuyan anamın göz yaşı saçımı isladırdı. Mənim gözüm yuxuya gedir. Yuxuda o qədər gözəl şeylər yeyib içirdim ki, az qalırdı yanağımdan qan damsın. Səhər yuxudan duranda anamın hardansa tapıb gətirdiyi çörəyi qızdırıb şirin çay şor-çörəklə elə ləzzətlə yeyirdim ki, yuxumda gördüyüm naz-nemət bu şor-çörəyin yanında heç nə olurdu.

Atam həbsdə idi. Anam gündüz işləyir, altı uşağı göz bəbəyi kimi qoruyur, saxlayırdı.

Gecələr paltar, pəncərə pərdəsi tikir, əvəzinə şor, pendir, qənd-çay alırdı. Hərdən pul da verən olurdu. O gün mütləq yarım kilo quyruqlu ət alırdıq və düz iki gün bir ana, altı bala dünyanın o gözəl nemətini şükür və bəxtiyarlıq içində yeyərdik. Ən az yeyən, əslində yeməyib özünü yeyən kimi göstərən anam aclıq, məşəqqət içində bizə elə bir gözütoxluq, ağayanalıq öyrətmişdi ki, qonşularımız iki əmimin evindən gələn xörək iyi, şadlıq-şənlik, o dövr üçün bollu-firavanlıq olsa da, bizim üçün yox kimi idi. Anamızın dizinin dibində oturub tapdığımız hər cür ruzi bizim üçün hər şey idi. Heç kəsin evində, qazanında, geyimində-keçimində gözümüz yox idi. Bu iradəni, qətiyyəti bizə anam bağışlamışdı. Mənim həyatda bu iradədən başqa heç nəyim olmayıb.

Anamın səsindəki hıçqırığı, tavansız, dibsiz sonsuzluğu həyatım boyu heç kimsədən eşitmədim, duymadım. O səs nə səs idi, Allahım?!

Birdən diksinib ətrafa baxıram. Bu mənim anam deyil. Başqa anadır. Mənim kainata söykənmiş qulağım öz anamı deyil bir iztirab anasının səsidir, onun göz yaşlarından yoğrulmuş nisgildir.

Öz anam, doğma anam da mənə müqəddəsdir. Mən onun dərdindən, çiləsindən doğuldum. Onun ayaqları altındakı qara torpağam. Anamın yoxluğu mənə bu dünyanı yox eləyib deyirəmsə, mənə inanmağınızı istəyirəm. Dünyada inanılası tək bir Allah yadigarı qalıbsa ana varlığı, ana yoxluğu. İlahi, bu dünyanın anaları nədən bir-birinə bu qədər bənzəyir? Nədən analar qutsaldır? Nədən bütün ömrümüz ananın bir gecəlik əzabını qaytarmaq gücündə deyil?

Nədən, nədən, nədən...

Mən xəyala dönmüş anamın ağuşunda gözlərimi yumuram və iztirab anası ilə doğma anamın eyni adam olduğunu görürəm. Bu eynilik məni param-parça eləyib yer üzünə səpir – qəlpə-qəlpə, zərrə-zərrə, səs-səs...

Güc qarşısında əyilmə, təslimolma dünyanın düzəninin pozulması, yerin əyilməsi, nizamın, ədalətin pozulmasıdır.

Güc qarşısında əyilmə və təslimolma Allahın gücünə inanmamaqdan başqa bir şey deyil.

Siyasi iqtidarlar, böyük istedadlar, dahilər, iqtisadi güc zirvələri insanı əyilməyə zorlayır, onu təslim etməyincə rahatlıq tapmır. Bu nizamsızlıq gücə, qüdrətə tərs şapalaq vuran dəliyə qədər davam edir. Allahdanmı güclü olacaqsan, gəda?! Allahımı saymırsan, ay pərvasız?!

Dəlilər, qurbanlar, inqilabçılar, islahatçılar beş aşağı, beş yuxarı eyni missiyanı yerinə yetirən qeyri-adilərdir.

Öldürücü, dağıdıcı güc qarşısında insan öz içinə çəkilir. Bu dünyanın xaosu qarşısında iç düzənini – kosmosunu yaradır. Öz içinə, öz daxilinə çəkilib dünyanı qurmayanlar ayaqlar altında tapdanır, şərəfsizliyi, əxlaqsızlığı, yaltaqlığı bir qab zəhərli şərbət kimi başına çəkməli olur.

O şirin şərbətin içindəki zəhər damla-damla onun və ondan törəyənlərin canına, qanına işləyir və mutant bir zümrə, xalq, təbəqə yaranmış olur.

Şeytanın idarə etdiyi bu vələdüzinalıq daşıyıcıları bütün bəşəriyyət üçün sosial vəbadır. Yaltaqlığın, susmağın, yeməyin (nə verilirsə onu), yalamağın, sürünməyin, əl çalmağın, boyun əyməyin... qazanc olduğu məmləkətin ölümünə fitva verilib. O məmləkətdə sağlam heç nə ola bilməz.

İçinə çökmüş, öz dünyasına dalmış insanlar gözəgörünməyənlərdir, unudulanlar, daşlananlardır.

Məmləkətin ümidi bu batini insanlardır. Ümid qolu, qanadı, gövdəsi kəsilmiş ağacın kökləridir. Bu kök tək bir söz, səs ola bilər, bir şəxsiyyət, bir ana, bir uşaq, bir toxum, bir fidan, bir kitab ola bilər. Məmləkət bu təklərdən yenidən boylanır. Allah bu yeni məmləkəti ovcunda qoruyub saxlayır.

Allahın ovcunda o təkin, o yalqızın səsi olmaq istəyirəm. Zaman-zaman oluram da. O anlarda zülm, məşəqqət, qəddar güc içindən sıyrılıb çıxan bənövşə gücünü, kəpənək gücünü, zəiflik qüdrətini yaşayıram.

Yaşamaq və yaratmaq eşqinin ucalığını, ayrıcalığının səsini duymaq istəyirsinizsə, yarpaqlara əyilin, çiçəkləri dinləyin, onların sükut dilindəki bakirəlik sizi yaşadacaq. Quşlara, küləyə, sulara qulaq kəsilin. Dünyanın həqiqətini, öz həqiqətinizi anlaya biləcəyinizə zərrə qədər şübhə etmirəm.

Mənim bütün həyatım xəyallarımın dalınca getməyimdir. Xəyallarımın hardan doğduğunu bilmirəm. Mən onları rəng-rəng, səs-səs tanıyıram. Qırmızıdan sarıya, sarıdan maviyə, mavidən yaşıla... keçən, gedib-gedib dönən, dönüb-dönüb gedən bu xəyalların yeddi olduğunu bilənlər səhv edirlər. Dünyada rəng yeddi deyil, minlərlədir. Minlərlə rəng minlərlə xəyaldır: çalar-çalar, dolu-dolu, bom-boş.

Səsi olmayanın özü necə ola bilər ki?!

 

ŞEYTANIN DA SƏSİ VAR

 

Səs sözün yetmədiyi məqamın ifadəsidir. Söz konkretdir, mətləbdir, məntiqdir və əlbəttə ki, hissdir, duyğudur. Səs abstraktdır. Fikir də, düşüncə də, hiss də, həyəcan da səsin dalğaları, ələgəlməzliyi, bölünməzliyi içindədir. Musiqi ilə, sözlərlə ifadə olunan vahidlər də səsə sığır, səsdə təcəssümünü tapır. Səs körpənin ən universal dili olduğu kimi, bir-biri ilə danışan insanların ünsiyyət vasitəsi olduğu kimi. İnsanla Allah arasında ən böyük könül körpüsüdür.

Bu körpüdən nələr keçir, kimlər keçir, necə keçir, Allah bilir.

Mən sözə, söz sahiblərinə sataşmıram. Söz də mənim üçün müqəddəsdir. Fəqət mən səs adamıyam, səsi dərk edirəm, səsin hüdudsuzluğu içində doğulmuşam, səsin hüdudsuzluğu içində də öləcəyəm.

Səsə tapınıram, tapındığım ulu varlığa səs vasitəsilə yetişə bilirəm.

 

BƏDƏN VƏ RUH

 

Bədənim ruhumun həbsxanasıdır. Ruhum çırpınır və ağzımdan çıxır. Azadlığa qovuşur.

Bunu bilə-bilə ruhumun da bədənim üçün həbsxana olduğunu düşünürəm.

Ruhumun da bədənimi sıxdığını, incitdiyini fiziki olaraq hiss edirəm.

Anlayıram ki, iki ayrı-ayrı başlanğıcdan gələnlər birlikdə, vəhdətdə çox yaşaya bilməz. Bir ömürə sığan zamanın özü belə çoxdur.

Mənim səsim-nəfəsim bədənimin ifadəsi olduğu qədər də ruhumun təcəssümüdür. Məsələ ondadır ki, bədən maddidir, amma o da əbədidir. Şəkil daşıyır, torpaq olur, su olur, min il sonra yenə ət, qan, can olur.

 

(Ardı gələn şənbə sayımızda)

 

 

KAMİL VƏLİ

 

525-ci qəzet.- 2010.-31 dekabr.- S.22.