Günəşi gözləyənlərkifayət qədər uğurlu alınıb

 

Gənc yazar, Nəsimi Milli Ədəbiyyat Müsabiqəsinin qalibi Cavid ZeynallınınGünəşi gözləyənlərromanının bugünlərdə təqdimat mərasimi keçirilib. Oxuculara təqdim olunan kitab ədəbi çevrədə müzakirələrə yol açıb. Tanınmış qələm sahibləri bu əsər haqqında müsbət fikir bildiriblər. “Axar.az” portalı roman haqqında digər ədəbiyyat nümayəndələrinin də fikrini öyrənməyə çalışıb. Gənc yazar Mövlud Mövludun romanla bağlı fikirlərini soruşduq. O, əsəri oxuduğunu və bəyəndiyini bildirdi. “Cavid Zeynallının roman yazdığını eşidəndə sevindim desəm, yalançılıq etmiş olaram. Həyat və yazı təcrübəsi az olan dostumuzun uğursuzluğa düçar olacağı ehtimalı məni qorxudurdu. Amma indiyə qədər verdiyim bütün proqnozlarda olduğu kimi bu dəfə də yanıldım. Cavid “Günəşi gözləyənlər” romanı ilə sübut etdi ki, yalançı ədəbi hay-küy salmadan siyasi qəzetlərin künc bucağına çəkilib qaramat püskürmədən başını aşağı salıb, sözə könül verib, romançılıqla məşğul olaraq da ortaya ciddi ümidverici əsər qoymaq mümkündür. Əsərin koloritli dili, rəvan təhkiyəsi onu oxunaqlı edir. Gənc yazarın ilk romanı kimi Cavidin “Günəşi gözləyənlər” əsəri kifayət qədər uğurlu alınıb. Xırda-para qüsurları çıxmaq şərtilə, biz Cavidin bu əsərini bu gün Azərbaycanda olan “şivənçi romançılar”a örnək göstərə bilərik“. Gənc və istedadlı şair II Qismət isə Cavid Zeynallının romanı haqqında bu qənaətdədir: “Son illər ədəbiyyatımızda maraqlı hadisələr baş verir. Birdən-birə ardı-arası kəsilməz roman axınının içinə düşmüşük. Bu roman axınının içində Cavid Zeynallının “Günəşi gözləyənlər” debüt romanı ən ürəyimcə olanıdır. Son dövrlərdə kiminsə köşə yazılarına, esselərinə roman adı yapışdırıb çap elətdirirlər. Bu kəmiyyət çoxluğunun içində keyfiyyətli nəsə tapmaq çətindir. Cavid Zeynallı sakit, iddiasız bir şəkildə ortaya çox əla debüt romanı qoydu. “Günəşi gözləyənlər”i oxuyanda ədəbiyyat üçün ən vacib olan səmimiyyət, mövzunu uzaqlarda axtarmamaq, öz həyatını ədəbiyyata çevirmək düsturunun yanlış olmadığını görürük. Cavid dumanlı, mücərrəd, abstrakt təsvirlərdən qaçır, demək istədiklərini çox sadə, səliqəli və təsirli dildə yazır. “Günəşi gözləyənlər” kitab mağazalarında satışa çıxdığı gündən heç 3-4 gün keçməmiş müxtəlif adamlardan romanın qəhrəmanlarından olan Əqrəb barədə xeyli sual eşitdim. Oxucuların əksəriyyəti bütün uğurlu romanlardan sonra olduğu kimi Əqrəbin həyatda doğrudan olub-olmadığını soruşurdular. Demək Cavid ilk romanındaca ən azı oxucunu şübhələndirə bilib. Təkcə bu fakt Cavidin “Günəşi gözləyənlər” romanını debüt kimi uğurlu alınması deməkdir. Cavidi təbrik edir, tutduğu xətti davam etdirməyini arzulayıram”.

 

 

525-ci qəzet.- 2010.- 31 dekabr.- S.21.