Cavid Zeynallı: “Kitab oxumayanları ədəbiyyata cəlb etməyin yolu

 

HƏMİN İNSANLARIN GÖRMƏK İSTƏDİKLƏRİNİ ROMANDA QABARTMAQDIR”

 

– Bu kitabı çoxdan gözləyirdik. Kitabınızın da adı “Günəşi gözləyənlər”dir. Günəşi  gözləmək və kitabı gözlənilmək necədir?

– Əslində, Günəşi gözləmək insanlar üçün daha əhəmiyyətlidir. Təki insanların həyatında Günəş olsun ki, Günəşi gözləməyə də ehtiyac qalmasın. İnsanlar  oxumağın, ədəbiyyatın nigarançılığında olsunlar, kitabı gözləsinlər.

– Azərbaycanda maarifçilik ənənələrinə görə, kitab həm də Günəş, işıq rəmzi sayılır. Sizin fikrinizcə, bu kitab Azərbaycan cəmiyyətinə hansı işığı verəcək?

– Son dövrlər, içi mən qarışıq, insanlarda ədəbi proseslərlə bağlı pessimizm var. Bugünlərdə kitabın siqnal nüsxələrindən birini götürüb, metroya mindim. Çox təəssüf ki, vaqonda bir nəfərin də əlində kitab görmədim. Heç kəs kitab oxumurdu. Ola bilsin, mən yazıçı olduğum üçün bu mənzərə mənə elə dəhşətli göründü. Ağlıma belə qəribə bir fikir gəldi ki, Azərbaycanda kitab çıxarmaq,  şikəst bir övladı dünyaya gətirmək kimdir. Bəlkə də bu qüsurlu müqayisə oldu. Bu qara fikri tez də başımdan çıxartmağa çalışdım. Bir az mübariz, bir az optimist, bir az da inadkar olmaq lazımdır. Əjdər Olun bir fikrini xatırladım. Deyir, bizim keçmişimiz böyükdür, sizin gələcəyiniz. Ona görə , böyük gələcək uğrunda mübarizə aparmağa dəyər. O ki qaldı kitab məsələsinə, Sovetlər birliyi dağılandan sonra bütün sahələrdə belə problemlər oldu. Ancaq digər sahələr bu proseslərdən müxtəlif yollarla çıxmağı bacardılar. Kitab, maarifçilik məsələsi isə bir az axsamağa başladı. İndi insanlar çalışır ki, bu problemlərin altından çıxsınlar, normal cəmiyyət qursunlar. Hər halda müəyyən problemlər hələ var. Normal bir cəmiyyət qurmağın yolu ancaq kitabdan keçir.

İlkin reaksiyalar necədir?

Mənim məqsədim bir gəncin həyatını bütün təfərrüatları ilə göstərmək idi. Hətta bəzən mənə deyirlər ki, əsərdəki qəhrəman sən özünsən.

Əsərdə avtobioqrafik elementlər var?

Bəli. Təxminən 20 faiz avtobioqrafik elementlərdir. Universitetlə məişət məsələlərində bu məqamlar var. Romanın 80 faizi mənim yazıçı kimi fantaziyamdan ibarətdir. Əgər yazıçılar ən böyük yalançılar hesab edilirsə, deməli, mən o yalançılardan biriyəm. Hiss edirəm ki, romana ilk reaksiyalar da yaxşıdır.  Bu əsəri yazmaqda mənim əsas məqsədim kitabı oxutdurmaqdır. Fərqi yoxdur uydurmuşam, ya özüm haqqında yazmışam. Əsas məsələ odur ki, əsər oxunsun. Reaksiyaların yaxşı olmasının səbəbi oxu prosesi ilə bağlıdır.  Mənim bir tanışım var. Onun 15 yaşı var, ancaq kitab oxuyan deyil. Keçən dəfə oturub bu romanın bir dəfəyə 70 səhifəsini oxudu. Başa düşdüm ki, kitab oxumayan insanları ədəbiyyata cəlb etməyin bir yolu var ki, bu da onların görmək istədiklərini romanda qabartmaqdır. Gənclik böyük potensial oxucu kütləsidir. Onu da ədəbiyyata cəlb etmək üçün onun istədiyini verməlisən. Havadan yazsan, qeyri-real olsan, 80-ci illərin problemini 2010-cu ilin əsərində təsvir etsən, əlbəttə ki, o əsəri heç kim oxumayacaq.

Kitabın ön söz müəllifi redaktoru Əsəd Cahangirdir. Əsədlə işləmək sənin üçün dərəcədə asan oldu?

Əvvəllər, Əsəd Cahangirin ədəbiyyatda yeri çəkisi baxımından çəkinirdim. Hətta romanı yazanda da tərəddüd etdim ki, bunu Əsəd Cahangirə verim, ya yox. Əsəd müəllim özü ön sözdə yazıb ki, mən oxumaq məsələsini ləngitdim, çünki məyus olmaqdan qorxurdum. Onun özünün bir sözü var ki, Azərbaycan ədəbiyyatında psevdoromançılıq yayılıb. Romanı Əsəd müəllimə verəndən 15-20 gün sonra mənə mesaj yazdı ki, təbrik edirəm. Ancaq dillə bağlı, stukturla bağlı müəyyən iradlarını da bildirdi. İradlarda razılaşmadığım məqamlar da oldu. Təxminən 10 min işarəlik ön söz yazdı. Ondan çox razıyam.

– “Gənc Ədiblər Məktəbi”nin bu romanınızın ortaya çıxmasında dərəcədə rolu var?

Hesab edirəm ki, Gənc Ədiblər Məktəbi Yazıçılar Birliyi ilə Mədəniyyət Turizm Nazirliyinin birgə həyata keçirdiyi çox ciddi layihədir. Məni bu məktəbə Əsəd müəllim cəlb edib. Daha sonra Gənc Ədiblər Məktəbindəki uşaqlarla da münasibətim yarandı. Orada dünyada gedən prosesləri, Azərbaycan ədəbiyyatında gedən prosesləri müzakirə edirdik. Müasir dövrdə nəsr necə olmalıdır, estetika necə olmalıdır, insanların diqqətini kitaba necə cəlb etmək olar başqa mövzularda müzakirələrimiz olurdu. Bundan başqa, Azərbaycan ədəbiyyatında imzasını təsdiqləmiş insanlarla bizim görüşümüz olurdu. Bunun müəyyən qədər mənə köməyi dəydi. Yaxşı tərəflərindən biri o oldu ki, burada yalnız ədəbiyyatı müzakirəsi olmur, həm insanlar bir-birilə dost olurdular. O atmosferi, doğmalığı yaratmaqda Rəşad Məcidin böyük rolu var. Azərbaycanda 5 nəfəri bir yerə yığıb nəsə etmək çətindir. O qədər gənci bir yerə yığıb, onları bir ailə kimi, kollektiv kimi formalaşdırmaq çox böyük işdir.

– Bu sualı verməyimdə məqsədim var idi. Çünki biz sanki Gənc Ədiblərdən daha fərqli bir estetika gözləyirdik. “Alatoran”çılar, AYO-dan olanlar daha çox erotizmə, vulqarlığa meylli olduğu halda, Gənc Ədiblərdən sanki daha ədəbli bir mətn gözlənilirdi. Ancaq sizin dilinizdə, üslubunuzda o vulqarlıq var...

Əslində mən inanmıram ki, kimsə Gənc Ədiblərdən daha ədəbli mətn gözləyirdi. Ədəbiyyatda ədəbli olmaq bir az mübahisəli məsələdir. Bədii əsərdə erotizm olmalıdır, ancaq estetik çərçivədə.  Bu qaçılmazdır. Heç kim bizi məcbur etmirdi ki, sən mütləq ütülü yazmalısan. Ütülü yazsam, heç kim oxumayacaqdı. Gənc Ədiblər Məktəbinin fəaliyyətinə qəzet səhifələrində çamur atmaq istəyənlər oldu. Hətta bizim istedadımızı şübhə altına alanlar da tapıldı. Ancaq oradakı gənclərin kitabı çıxır. Qismətin, mənim kitabım çıxdı. Bu artıq göstərdi ki, bu məktəbdə gənc istedadlar var. Əslində, əsərdə açıq-saçıq səhnələr, vulqarlıq normaldır. Əgər mətndə həmin məsələlər olmazsa, oxucunu cəlb etməyin başqa yolu yoxdur.

Demək istəyirsiniz ki, bu gün oxucunu cəlb etməyin yolu dediyiniz vulqarizmdən keçir?

Altmışın qırxa faizilə razıyam. Bu da həyatın bir hissəsidir.

Qeyd etdiniz ki, sizi istedadsız adlandıranlar da oldu. Sizcə, bu roman qarşı tərəfdən necə görünəcək?

Kitabın reklam, təbliğat məsələsi müasir dünyada aktual məsələlərdən biridir. Bunun çox cüzi bir hissəsindən istifadə etməyə çalışdım. Müəyyən yerlərə bilgi göndərdim. Qarşı cəbhədən bir nəfər yazmışdı ki, bunu “525-ci qəzet”ə göndərsən, daha yaxşı olardı. Qeyd edim ki, ümumiyyətlə ona məlumat göndərmək fikrim yox idi. Bu da öz insanın öz içindəkiləri göstərdi. Onlar götürdüyü kurs bizim bütün yaxşılıqlarımızı şühbə altına almaqdırsa, deməli, niyyətləri hələ davam edir gələcəkdə öz başlarında çatlayacaq.

 

 

 525-ci qəzet.- 2010.- 31 dekabr.- S.21.