Həyatımızın çalınan kamançası

 

ƏJDƏR OLUN “USTA YUSİFİN KAMANÇASI” HEKAYƏSİ VƏ EYNİADLI FİLM HAQQINDA TƏƏSSÜRATLARIM

 

Bizi əhatələyən qayğıları və dedi-qoduları unutduran hər bir səfər kimi Ankara ezamiyyətindən dönəndə də içimdə bir qədər peşmançılıq vardı: turist təəssüratları getdiyin hər yeri cənnət kimi hiss etdirir adama. O təəssüratlar soyumamışdı ki, Əjdər Olla görüşdüm, Türkiyədə çap olunan “Komutanın maymunu” kitabının nüsxələrini gətirmişdim müəllifinə. Hal-əhvaldan və qısa təəssürat al-verindən sonra cibindən çıxardığı diski mənə uzadıb dedi:

– “Usta Yusifin kamançası”dı. Film bitdi...

Film bitməmişdi. Başlamışdı. Doğulmuşdu. Və hələ bundan sonra nə qədər ekran ömrü yaşayacaqdı, bunu heç kim qabaqcadan deyə bilməz.

Film məxsusi yazılmış senariylə yox, konkret əsər əsasında çəkilirsə, həmin əsər ya məhşur düstura uyğun rejissor tərəfindən “xarabalığa çevrilir və yenidən tikilir”, ya da əsərə birəbir sadiqliklə sözlü material kino diliylə lentin yaddaşına köçürülür. Ssenarist həm də hekayə müəllifi olduğundan məhz ikinci variant baş vermişdi.

Maksimum qısa şəkildə “Usta Yusifin kamançası” hekayəsini anladaq əvvəlcə: ucqarda, əyalətdə kasıb yaşayan pinəçi Qadir qızına kamança almalıdı. Əks təqdirdə, çətinliklə böyütdükləri və eyni çətinliklə musiqi məktəbində oxutdurduqları qızının təhsilinin bir mənası qalmayacaq; yaxşı ifaçı həm də yaxşı alətdi. Yaxşı alət isə Qadirin dünyasını dəyişmiş mərhum həmkəndlisi usta Yusifin kamançasıdı. Usta Yusifin əlibərk oğlu isə atasının alətini beş yüz dollardan bir qəpik (sent daha düz olardı) aşağı satmaq istəmir. Çıxış yolunu həyatdan təsadüf ləqəbi ilə tanıdığımız tale yazısı, hekayədə də müəllif təklif edir. Qadirin uşaqlıq dostu, Moskvada yaşayan Fərman öz doğma kəndinə növbəti səfərini edir, yenə dostlarıyla məclis düzəldir, Qadiri də ora dəvət edir, o vaxta qədər dilinə içki dəyməyən dostuna içəcəyi hər yüz qram arağa görə yüz dollar pul təklif edir. Niyə? Hamını barmağına dolayan, hərəyə bir şəbədə qoşan dostunu kefləndirsin, yerə yıxsın deyə. Əsl Freydist təhlilə gələn mövzudu. Qadir isə çox düşünmür. Uşağa kömək etmək lazımdı – bir; arvadın, sonra isə onların ustanın kamançasına tamarzı qaldıqlarını bilən bütün kəndin qınağından qurtarmaq lazımdı – iki. Belə də olur. Qadir yıxılır (əslində oxuculu-tamaşaçılı bütün ictimai münasibətlər yıxılır) və onun leşini sürüyüb evə gətirirlər. Uzunu və birtərəfli danlaqlar altında tükü tərpənməyən Qadir sabahısı günortaya yaxın arvadının davam edən tənələri altında qalib-qalib pulu çıxarır və içkini elə belə içmədiyini faş edir. Sonrasını ehtimal etmək olar, elə müəllif də nişan verir: “Nazı pulları alıb ovcunda sıxaraq Qönçəyə sarı dönüb dilləndi: – Ay qız, gün günorta oldu, dədənə çay qoy, işə gedəcək...” Ailə başçısı hörmətini qaytarır, qadın isə niyyətini bəlli edir: ərini yola salandan sonra o da kamançanı almağa gedəcək.

Hekayə ilə filmin ciddi fərqi yoxdu. Qadirin obrazı hekayədə müəllif təhkiyəsi ilə danışılan ümumi və bütöv bir ömür, təcrübə əsasında canlandırılırsa, 27 dəqiqəlik filmdə həmin təcrübə bir gün içində baş verən hadisələrə köçürülərək nəql olunur. Konkret situasiyalarda. Əlbəttə, əlavələrlə. Sən demə, Qadirin bərbərə də, qəssaba da borcu varmış – hekayədə olmasa da, filmdə o borclu olduğu bərbərlə də, qəssabla da rastlaşır və yenə də yumorla vəziyyətdən çıxır. Qadir hekayədə də, filmdə də, demək olar, eyni replikalarla, eyni hazırcavablıqla danışır. Arvadının “Xalxın kişiləri gözdən tük qapır. Sən də səhərdən axşamacan mismar taqqıldadırsan, yamaq yamayırsan, artımın da yox.” tənəsinə “ – Niyə elə deyirsən? – Mən artmasam da, sən artımlısan. Bu evə gələndə qırx kilo ancaq olardın, indi doxsan kilonu keçmisən” – deyə cavab verir; çörək üstündən düyünlərin açıldığı, konfliktin həll olunduğu Fərmanın qonaqlığına dəvət alanda arvadının “heç olmasa tikəni yarımçıq qoyma” deyib deyinməsinə “Arvad, pitini at itə. Qoy görsünlər ki, Qadir elə-belə oğlan deyil, onun iti də təzə piti yeyir” – deyə reaksiya verir. Süfrə başında Fərmanın Qadirdən niyə yanıqlı olmağı səhnəsi də bu qəbildəndi: “Qadir oturan kimi Fərman onun qoparağını götürdü: – Ə, qurumsaq, qaynanam öləndə o nə teleqramdı göndərmişdin?! – Bunu deyib döş cibindən teleqramı çıxardı, – A kişilər, görün bu (əlilə Qadiri göstərdi) mənə necə başsağlığı verir, oxuyuram: “Fərman, adam bir manat itirəndə yanıb tökülür, zarafat deyil, o boyda qaynananı itirmisən, səni başa düşürəm, dərdin böyükdür. Başın sağ olsun! Qadir”.

Əlbəttə, ssenaridə replikalara belə daha praktik əlavələr, dəyişmələr də var. Məsələn, hekayədə Qadirin kefliliyindən əvvəl belə bir məqam var: “ – Nə qədər pulun var? – Heç nə qədər. – İstəsən, bu pulu indi qazana bilərsən. Qadirə elə gəldi ki, Fərman onu dolayır. Ona görə də söz altda qalmaq istəmədi:– Ayaqqabının altı qopub? Məndə cəmi bir dənə mıx var. Hamı onun eyhamını başa düşüb güldü”.

Filmdə isə Qadir keflənəndən sonra təkcə Fərmana yox, bütün məclis əhlinə, özü onun kefli bədənini çiyninə almış adamın kürəyindəncə (bu, əhmədi-biqəmlər üçün ən yaxşı tribunadı) “Hamınızın ayaqqabınızı mıxlayım” deyir.

Filmdə daha bir praktik əlavə var. Hekayə az əvvəl dediyim kimi Qadirin arvadı Nazının sözləri ilə bitirsə, filmin sonunda səkiylə qürurla yeriyə ailəni görürük. Qadir məmnun təbəssümlə qızına baxır, Nazı arzusuna çatdığından xoşbəxtdir. Kamançanın alınması xəbərini almış, elə alətin özünü də qızın əlində görən borclular “demək pulun varmış” düşüncəsiylə Qadirin qoparağını götürürlər. İnanmıram ki, onlar Qadirə çatacaqlar. Filmdə də biz bunu görmürük. Çünki bitir.

Sonra titrlərdi. Mədəniyyət və turizm nazirliyinin sifarişiylə “Debüt” studiyasında çəkilən filmin quruluşçu rejissoru Ruslan Hüseynov, ssenari müəllifi elə hekayənin müəllifi olan Əjdər Oldur. Baş rolların ifaçıları Qurban İsmayılov (Qadir), Loğman Kərimov (Fərman) və Almaz Amanovadır (Nazı). Filmin bədii rəhbəri Eldar Quliyev, quruluşçu operatoru Əli Sultanov, quruluşçu rəssamı Rövşən Mehdiyev, bəstəkarı Rəşad Həmidovdu. Əlbəttə, başqaları da öz yerində.

Filmə iki dəfə baxmışam. Ona görə bu deyəcəklərim də, fikrimcə, artıq görünməməlidi. Filmdə də, hekayədə də elə obrazların təyini baxımından açar cümlələr, yerlər var: “Hamı onu məzəli, zarafatcıl adam kimi tanıyırdı. Nə qədər məzəli sözlər danışsa da, özünün dodağı qaçmazdı. Bu balacaboy, arıq kişinin elə anadangəlmə görkəmi, oturuşu-duruşu gülməliydi” – Qadir haqqında yazılıb bu, amma yadımıza dünya ədəbiyyatından bəlli, hamını güldürən, amma özü heç vaxt gülməyən nə qədər klassik və fağır təlxək obrazları düşür?! Yaxud, hekayədə belə bir yer var: “Zırpı, təpəgözə oxşayan Fərman liliputlardan azacıq böyük olan Qadiri uşaq kimi qucağında atıb-tutandan sonra yerə qoydu”. Bu cümlə hekayə gedişatında baş verənləri aydın təsəvvür eləmək üçün sonradan əvəzsiz xidmət göstərir. Zalım-məzlum fərqini tünd boyalarla gözə soxur. Hərçənd filmdə Loğman Kərimovla (Fərman) Qurban İsmayılovun (Qadir) cüssə baxımından elə fərqi yoxdur. Görünür, bunu bilən, məncə, daha çox fəhm edən Əjdər Ol rejissorla birlikdə bu “əskikliyin yerini” bilərəkdən başqa cür doldurmuşdu. Diqqət yetirin: Fərman uşaqlıq dostu Qadirə bir tərəfdən yaxşlıq edirsə, başqa tərəfdər bunu onu alçaldaraq (hərçənd Qadir də öz diliylə çoxlarını acılamışdı ki, bunları fikirləşəndə həyatda heç nəyin elə belə baş vermədiyini fikirləşirsən) edir. Həyatda istənilən seçim başqa nələrisə qurban hesabına baş verir. Amma filmdə hekayədən fərqli olaraq, Fərmanın dostuna verdiyi pulun ona aid olmadığı da üzə çıxır. Sən demə, Qadirin Rusiyada işləyən həmkəndliləri kamança xəbərini Moskvada alıbmışlar və pul yığıb Fərmanla göndəribmişlər, Fərman da əslində öz pulu ilə yox, özgə pulu hesabına edirmiş bu hərəkəti. Kim bilir, bəlkə də bu vasitəçiliyi ilə arada pul da qazanıbmış Fərman. Filmə əlavə olunan bu detal, adamın dili gəlmir deməyə, praktik əhəmiyyət daşıyır, olduqca rastlanan dürüst həyat-məişət məqamıdır həm də. Ssenari müəəllifi elə hekayə müəllifi olduğundan, bunu Əjdər Olun öz hekayəsinə sonuncu redaktəsi kimi də qəbul etmək olar. Çünki öz pulu ilə dostuna yaxşılıq edən niyə rəzillik eləsin ki. Edərsə, onun rəzilliyi daha inandırıcı olmalıydı...

Oyunu və oyununu bitkinləşdirən xüsusən fakturasıyla Qurban İsmayılov əvəzolunmazdır. Ona baxmaq yetər ki, mütəəssir olasan. Loğman Kərimovun “stiuasiyanın və pulun verdiyi üstünlükdə” üzə çıxan amansızlığı da akyorun fakturası, üzünün sərt cizgiləri, “lotuyana” hərəkətləri ilə çox dolğundu. Musiqi qısametrajlı bədii filmə məxsusi ovqat verir, üstqatıyla gülməli hadisənin dərdli altqatını “həzm etmək” üçün “festal” effekti yaradır. Əyalət həyatının gündəlik ritmini, zarafat və kəndçi bicliyi ilə ötüşən kənd həyatını dolğun göstərən çoxlu balaca epizodlar, ştrixlər var filmdə (Əjdər Olun bütün başqa hekayələrində olduğu kimi detalları ustaca, türkiyəlilər demiş, titiz göstərmək bacarığının kinoversiyasıyla). Ancaq bunun nə tək müəllifdən, yəni hekayə müəllifi ssenaristdən, nə də yalnız rejissordan gəldiyini çox düşünməyə dəyməz. Kino – kollektiv sənətdi.

Bir də, hər kəs öz yozumunu onsuz da verəcək. Kimi yalnız güləcək. Kimi “gülsünmü, dərdlənsinmi” deyə çaşqınlıq hissi keçirəcək. Kimi yalnız dərdlənəcək. Yəqin ki, kinotənqidçiləri peşələrinin verdiyi icazə ilə montaj, aktyor oyunu, planlar, təsvir sırası və sairə ilə bağlı fərqli nələrisə və fərqli şəkildə deyəcəklər.

Mən isə kiçik insanların böyük və istedadlı təsvirçisi, yazıçı, şair Əjdər Olun bu hekayəsini çox-çox əvvəllər oxumuş sıravi oxucu kimi onun ikinci, daha kütləvi, uğurlu ekran həyatı qazanmasına ilk tamaşaçılardan biri kimi sevindim. Film bizə özümüzü olduğumuz kimi görmək imkanı verir deyə. Həyatımızın çalınan musiqisini bizə dinlədir deyə. Nə bilərəkdən qara, nə də ağ ovqat və rənglə.

 

 

Səlim BABULLAOĞLU

 

525-ci qəzet.- 2010.- 31 dekabr.- S.20.