Sirrli-sehrli Abşeron

 

Demək mənim taleyimə Mərdəkanda işləmək də yazılıbmış – bütün istəklərimin əksinə olaraq. Ta gənclik illərindən üzübəri mənim nəzərimdə Abşeron kəndləri əyalət olub – paytaxtın beş addımlığındakı əyalət. Orasını da deyim ki, digər əyalətlərdən köçüb paytaxtətrafı əyalətlərdə məskən salanları mən heç vaxt anlamamışam və bu gün də anlamıram. Amma Mərdəkanda işlədiyim bu 7-8 aylıq müddətdə mən Abşeron mühitini dərk etməyə başlamışam. Deyim ki,hələ lap gənc yaşlarımızda “Gənc yazıçıların Şüvəlan seminarlarının” ilk iştirakçılarından olduğum zamanlarda biz hər il bir aya yaxın yazıçıların Şüvəlandakı “Yaradıcılıq evində” – qalmağımıza baxmayaraq ətrafımızdakı Abşeron mühitinə qarışa bilmirdik, bəlkə də qarışmaq istəmirdik, ya da qarşılıqlı anlaşa bilmirdik. Çünki biz bu ərazidə olsaq da, tamam ayrı mühitlə təmasdaydıq. İndi isə mənim iş yoldaşlarımın və ünsiyyətdə olduqlarımın çoxu, necə deyərlər “köklü Abşeronlulardır”–mərdəkanlılar, şüvəlanlılar, şağanlılar, qalalılar, türkanlılar, zirəlilər və s. Bir sözlə mən indi tam Abşeron aurasının əhatəsindəyəm. Ünsiyyətdə olduğum bu insanlar heç bilmirlər ki, onların özünəməxsus danışığı, davranışı, hiss edə bildiyim könül dünyası mənim qarşımda tamam ayrı, böyük və həmişəyaşar bir dünyanı açır; bu Abşeron mühitinin mənəvi dünyası, bu dünyanın ifadəçiləri olan Abşeronlu sənətkarların yaradıcılıq dünyasıdır. Düzünü deyim ki, anlaya bildiyim qədər, mən indi Abşeron memarlığını, Abşeron rəssamlıq məktəbini, Abşeron ədəbi mühitini, Abşeron inanclarını daha dolğun və daha canlı duymağa başlayıram. Səməd Mənsuru, Azəri, Səttar Bəhlulzadəni, Vahidi, Tofiq Bayramı, Hacı Maili, Ələmdar Mahiri, Elbəy Rzaquluzadəni, Mircavadı, Almas İldırımı, S.Rüstəmi, Hüseyn Natiqi ( “gül içində gül qal, qaragöz, qaragöz”) və adını çəkmədiyim onlarca Abşeronlu sənətkarları, o cümlədən Abşeron muğamını (mənə irad tutmayın: mənim fikrimcə bütöv Azərbaycan muğamı əslində Qarabağ, Şirvan və Abşeron ifaçılıq üslubundan ibarətdir) və hətta Mehdi Hüseynzadəni, Hüseynbala Əliyevi tamam ayrı bir rakusdan görməkdəyəm. Əslində Abşeron mühiti zahirdə göründüyü kimi deyil. Bu mühitin zahirindən o yana çox zəngin mənəvi dünyası olan,son dərəcə koloritli, sözün yaxşı mənasında “köhnə kişilər”in yaşadığı çox samballı və köklü-köməcli bir qat var; lap Abşeronun özü kimi; qumsal, bitki örtüyü kasad, küləklərin vıyıldadığı, sinəsini Xəzərə söykəmiş bu yarımsəhra torpağın altında NEFT boyda bir sərvət! Abşeronun, Abşeronluların və Abşeron sənətkarlığının bütün özünəxaslığı bu son dərəcə sadə və son dərəcə zəngin təzadda cəmlənib. Bu mənada mənə elə gəlir ki,etnoqrafiyası ən az öyrənilən regionlarımızdan biri də elmi potensialımızın toplaşdığı Abşeronun özüdür.

Deyəsən bu yazı məni nəzərdə tutduğum mətləbdən çox uzağa aparır. Özümü məcbur edib sözümü bacardıqca qısaltmaq istəyirəm.

Abşeron kəndlərində hamı onu “Rəhim doxdur” kimi tanıyır. Bütün Abşeron koloritini özündə cəmləşdirmiş bu qocaman həkim Abşeronun əsl “köhnə kişilərindəndir”. Onunla ünsiyyət qura bildinmi qarşında ötən əsr Abşeronunun canlı mənzərələri açılacaq.

Mən bu gün onun 50-60-cı illər Abşeronun: Vahidin,Səttar Bəhlulzadənin Abşeronunun haqqında xatirəvari yazısından bir parçanı təqdim edirəm. Çox heyiflər ki, o, danışdıqlarının heç yüzdə birini də yazmadı, elə o şəxslər haqqında da “Elə şeylər var ki, onları yazmamaq daha yaxşıdır”. Belə düşünür Rəhim doxtur...

 

Tofiq Nurəli

 

Unudulmayan xatirələr

 

Mən Əliağa Vahidi hələ orta məktəbdə və tibb məktəbində oxuduğum vaxtlarda Şüvəlan toylarında görmüşdüm. O, maştağalı Ağahüseynlə hərdən toyların axırında meyxana deyərdi. Bəzən gecələr toyxanada gecələyər, səhər tezdən oyanıb qatarla Mərdəkandan Bakıya gedərdi. Sonralar mən Azərbaycan Tibb İnstitutuna daxil oldum və və hərdən onunla yol yoldaşı olurdum.O zamanlar Mərdəkandan Bakıya gedən qatar, xüsusən səhər reysləri kitabxananın oxu zalını xatırladırdı. Bütün İnstitutlarda oxuyan tələbələr dərslərini saatyarımlıq yolda öyrənərdilər.

İkinci görüş yerimiz Passaj bazarının – üstüörtülü bazarın yuxarı qapısında Mailin çayxanası olurdu. Dərsimiz boş olan vaxt (xüsusən də qış aylarında) biz vaxtımızı keçirmək üçün həmin çayxanaya gedərdik.Tələbə yoldaşlarım Yusifov Şahniyar, Mahmud Ağayevlə birlikdə orada Vahidin dediyi qəzəllərə qulaq asardıq.

O, çox sadə və məğrur insan idi, heç kəsə boyun əyməzdi. M.Füzulinin, S.Ə.Şirvaninin şeirlərini izah edərdi. O, S.Ə.Şirvanini “dahi şair” adlandırırdı, şeirlərinin çox mənalı olduğunu deyirdi: “Əgər bir şairi bağlamaq istəyirsənsə, qafiyəni “bu” ilə gətirməlisən. “Məsələn:” Şahişeydadır bu Ə.Vahidi ATU-nun cərrahiyyə kafedrasının professoru Qəşəm Məmmədzadə hər zaman öz söhbətlərində xatırlayırdı,Vahidin dostu olduğunu bildirirdi. Vahid heç kimə qəzəl həsr etməyib.Lakin onun “Qəşəmə” rədifli qəzəli mövcuddur. Nə dərdi olsaydı onu təcili yardımla professor Zülfüqar Məmmədovun kafedrasında ikinci professor olan Qəşəm Məmmədzadənin yanına aparardılar.

Çayxanada görüşlərimiz zamanı mənə deyərdi: “Ay şüvəlanlı balası, məni nə vaxt tut yeməyə dəvət edəcəksən?” Nəhayət bir gün 1964-cü ilin iyul ayında dərzi Teymurun toy günü onu tut yeməyə dəvət etdim.Tut yedikdən sonra dedi: “Tut ağacı boyunca, bu gün yedim doyunca”.

Sonra birlikdə toya getdik. Toyu aşıq Pənah Pənahov aparırdı. Bu toyda mötəbər muğam biliciləri – Məmmədhüseyn Əliyev, oxuyan Ağabala (əvvəllər xanəndələrə “oxuyan” deyərdilər ) iştirak edirdi. Aşıq Pənah Vahidi görən kimi “Yüz vurub gəlmisən məclisə” – deyərək oxumağa başladı. Vahid məndən ayrılıb zurna-qaval çalanların qabağında dayanaraq:

 

Əziziyəm, yüz də var,əlli də var,

yüz də var,

Öpməli ayaq da var, tüpürməli üz də var.

 

Aşıq Pənah bu sözdən bir qədər tutuldu və sonradan məclisi davam etdirdi. Toy çox yaxşı keçdi, toyun sonunda meyxana deyildi.Mən Ə.Vahidlə evə qayıtdım. O, bizdə gecələdi. Səhər tezdən oyanıb qızılgülləri seyr edirdi. Onun hər sözü şairanə idi. Məni görüb dedi:

 

Bu gülündən bir dəstə dər Vahidə,

Qurban olum molla ilə zahidə

 

Atam Kərbəlayı idi, ona işarə vururdu. Mən onun üçün bir dəstə qızılgül yığdım. O, özünəməxsus boğuq səslə dedi: “Mən bu gülləri Rübabə xanıma aparacağam.” (Rübabə Muradovanı nəzərdə tutmuşdu)

O mənə Masazırdan Buzovnaya ustad yanına gəlməyindən danışardı. Deyərdi ki, ustad yaşlı adam idi. (Səhv eləmirəmsə, adı Əbdüləzim Cənnəti olub) O, mənim üçün qapını açar, armudu stəkanda çay süzərdi.Mən isə bundan xəcalət çəkərdim.Ona görə bir gün dedim: “Daha sabahdan gəlməyəcəyəm.” Ustad səbəbini soruşduqda dedim ki, siz yaşlı adamsız, mənə qulluq edirsiz. Bu sözlərimdən sonra o, hirslə: “Sən kimsən ki, mən sənə qulluq edim. Mən sənə qonağı necə qəbul edib yola salmağı öyrədirəm” dedi. O, mənə qafiyəli bir misra verib dedi ki, cavabını sabah gətirərsən,indi isə çayını iç. Mən çayı içib həmin qafiyəyə cavab yazdım, ustada qaytardım.O, yazdığım cavabı oxuduqdan sonra mənə müraciətlə dedi: “Sən bu gündən Vahidsən”

O, həmişə deyərdi ki, onu “Kirpi” jurnalına dəvət edirlər, o, isə bundan imtina edir. Səbəbini soruşduqda belə bir cavabla qarşılaşdım: “Ora gedən onların dediyini etməlidir. Mən isə bunu edə bilmərəm.” O, həmişə deyərdi: “Mən öləndən sonra diriləcəyəm. Mənim qədrimi onda biləcəklər” Və ya:

 

Bu dünyada çox yaşadım,

bilmədim bu dünyada nə var

İstəyirəm ölüm gedim,

görüm o dünyada nə var.

 

Bir gün söhbət əsnasında Ə.Vahid dedi ki:“Allahın bərəkətini qorumaq lazımdır. Toyda, yas məclisində ifratçılığa yol vermək olmaz. “O, deyərdi ki, küçədə çörək parçası gördükdə tapdalamaq olmaz, onu gərək bir kənara qoyasan. Dediyinə görə o, cavan olanda meyxana məclislərində 2-3 gün iştirak etdikdən sonra səhər evlərinə getdikdə nə cibində pulu olardı, nə də evində çörəyi...

O, deyərdi: “Divar daşının üstündə bir quru çörək tikəsi görəndə bir arxaya baxardım, bir önə, sonra isə çörək tikəsini yeyərdim”.

İnsanlar talelərinin onlara bəxş etdiyi çətinlikərə tabedirlər. Yox olmuş arzular, ölümə məhkum, amma hələ də nəfəs alan ümidlər bir tikə çörəkdə ümid tapır sanki... Həyat bəzən xoş günlər nəsib edər, bəzən acı... Xoş günlərdə şükür etməyi unudan insan, acı gündə taleyindən şikayətlənməyi unutmaz. Həyat necə keçir keçsin,onun nemətlərinə hörmətlə yanaşmaq, onları qorumaq lazımdır.

Həmin istək, çörəyə müqəddəs məfhum kimi yanaşan Ə.Vahidin yoxsul həyatının zülmət qaranlığı qarşısında ümidlərlə bəzənmiş parlaqlıq kimi görünür.

O vaxtlar 1960-1970-ci illərdə Mərdəkandan Bakıya gedən qatarda bizimlə bu sadə və böyük insanlar- Ə.Vahid, S.Bəhlulzadə, T.Bayram, Məmmədəli Əsgərov olardı. Onların nə şəxsi maşınları,nə cangüdənləri,nə villaları var idi.Onların maddi cəhətdən ehtiyacları olsa da,mənəvi cəhətdən zəngin,saf və qürurlu insanlar idilər.

Səttar Bəhlulzadə xarici görünüşünə görə səliqəsiz, barmaqları siqaretdən saralmış, ağzında bir dənə də dişi olmayan,gözləri yaxşı mənada ətrafı seyr edən ilan gözünə bənzəyən şəxs idi..Bu gözlərdə sanki təbiətin bütün rəngləri canlanırdı.Ətrafdakıların ona necə münasibət bəsləməsi onu maraqlandırmırdı, ona xalq üçün gördüyü işlər daha vacib idi. Bir dəfə mən ona dedim: “Səttar müəllim, niyə diş saldırmırsız,dişi olmayan adam qidanı həzm edə bilmir.” O isə cavabında: “Mən bacımın uşaqlarını oxutdururam. Diş saldırmağa imkanım yoxdur, dedi”. Ona təbiət hadisələri, mənzərələr özündən daha maraqlı idi.

İnstitutu bitirdikdən sonra Hacı Maillə sənətimiz başqa olduğundan hərdən məclislərdə görüşərdik. Buna baxmayaraq ürəklərimiz həmişə bir döyünürdü...

1964-cü il iyul ayının 26-da mənim toyum oldu,27-də Mailin. Mənim toyumda xanəndə Əlibaba Məmmədov, tarzən Bəhram Mansurov, kaman ustası Hafiz Mirzəliyev iştirak edirdi. İkinci dəstə isə klarnetdə Həsən Məhərrəmov nağarada məşhur nağaraçı Çingiz Mehdiyev idi. Toy şən və maraqlı keçdi.

İyulun 27-də mən Ənvər Quliyev, Əlimuxtar İslamov və qardaşım Əzizlə Nardaran kəndinə Mailin toyuna getdik. Toyxana ağzınacan doluydu. Toya gələnlərin sayı-hesabı yox idi. Musiqiçilər bir neçə dəstədən ibarət idi. Demək olar ki, bütün musiqiçilər bu toyda idi. Mən görkəmli xanəndə Seyid Şuşinskini o toyda gördüm. O, çox məharətlə oxudu, bütün qonaqlar onu alqışladılar. O toyda hər xanəndə bir dəfə oxudu, növbə heç bir dəfəyə də çatmırdı. Toyda musiqiçilərdən əlavə şairlər, bəstəkarlar, meyxanaçılar da iştirak edirdi. Biz toyun axırını gözləməyib Şüvəlana qayıtdıq.

Vaxt keçdi. Hacı Mail tanınmış qəzəlxan və füzulişünas alim oldu, mən isə həkim...

Zaman keçdikcə ömür kitabımıza həyat yolumuzda qarşılaşdığımız xatirəsini yazır. İllər sonra vərəqlənər o səhifələr... Xatırlandıqca xatirələr gah dolar gözlərimiz, gah da təbəssümə qərq olar çöhrəmiz... Qəlbdə yaşamağı bacaranlar,ağlatmağı da bacarar,güldürməyi də... Yollarımız ayrılsa da bu gün görüşdük: hər kəlməsi bir xatirə parçası olan səhifələrdə və görüşəcəyik daim bizi birləşdirən xatirələrdə...

 

 

Əbdürrəhim ƏZİMOV

 

525-ci qəzet.- 2010.- 31 dekabr.- S.19.