Yaxşılıq
üçün yaranmış insan
Yola saldığımız
ilin sonlarında çağdaş jurnalistikamızın
tanınmış nümayəndələrindən biri,
qayğıkeş insan, vətənpərvər ziyalı, Azərbaycan
Respublikasının əməkdar mədəniyyət
işçisi Aqil Dadaşovun 55 yaşı tamam oldu.
Aqili necə tanıyıram? Bu qeydlərimdə beşillik tələbə yoldaşı, onillik iş yoldaşı kimi və daha sonra müxtəlif vəzifələrdə çalışan rəhbər işçi kimi onun barəsində söz açmağa ehtiyac duydum.
TƏLƏBƏLİK
DÖVRÜ
Qeyd etdiyim kimi, Aqillə tələbə yoldaşı olmuşuq, beş il sərasər universitet auditoriyalarında seçdiyimiz ixtisasın – nəzəri jurnalistikanın incəliklərinə yiyələnmişik, müxtəlif situasiyalarda bərkdən-boşdan çıxmışıq.
1973-cü ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olunmuş 50 nəfəri yarı bölüb iki qrup – 630-cu və 632-ci qrupları yaratmışdılar. Aqil ilk gündən müəllim və tələbələrin diqqət mərkəzində oldu. Buna səbəb onun həmin ildə orta məktəbi qızıl medalla bitirib jurnalistika fakültəsinin tələbəsi adını almış iki nəfərdən biri olması idi. İlk semestr imtahanlarının hamısından “əla” qiymət alan Aqil həm də sübut etdi ki, qızıl medalı halal zəhməti ilə qazanıb.
Bizim dövrümüzdə jurnalistika fakültəsinə qəbul zamanı azı iki il iş stajının mühüm şərt kimi nəzərə alınması eyni kursda oxuyan tələbələrin arasında xeyli yaş fərqinə səbəb olmuşdu. Yəni aramızda 17-18 yaşlılar da vardı, 34-35 yaşlılar da. Lakin əksəriyyət cavanlar idi. Mən əsgəri xidmətdən sonra universitetə qəbul olunduğuma görə, cavanlarla – yəni Aqilgillə aramızda, haradasa 5-6 yaş fərq vardı. Amma qeyd etdiyim kimi, məndən də 9-10 yaş böyük tələbə yoldaşlarımız vardi. Biz özümüzü “starik” hesab edir, onları isə “molodoy! adlandırırdıq. Cavanlar, bir qayda olaraq, deyir, gülür, şənlənir, bir-biri ilə zarafatlaşır, biz isə özümüzü bir qədər ağıryana, yaşımıza uyğun aparmağa çalışırdıq.
Cavanların arasında ən zarafatçıllarından biri Aqil idi.
Dördüncü kursda tələbələr öz istəklərinə uyğun olaraq qəzetçi, tərcüməçi, nəşriyyat və teleradio jurnalistləri ixtisasları üzrə qruplara bölünmüşdü. Qəzetçilər qəzet-jurnal redaksiyalarında, teleradio jurnalistləri Dövlət Teleradio Komitəsində, tərcüməçilər Azərinformda (indiki AzərTAc), nəşriyyatçılar isə müxtəlif nəşriyyatlarda təcrübə keçirdilər. Bir yerə yığışanda teleradio jurnalistləri əllərinə mikrofona oxşar bir şey tutub kəsirdilər qabağını: filan hadisə barədə sənin fikirlərin? Filankəs bəhmənkəslə nə üçün yola getmir? Kim haqlıdır? Və sair və ilaxır.
Bir dəfə də səhv etmirəmsə, Ələddin tələbə yoldaşlarından intervyu almağı məşq edirdi. Sualı belə qoymuşdu: İnsanda dəyərləndirdiyin ən yüksək keyfiyyət?
Hərə bir keyfiyyətin adını çəkməli idi. Kimi “mərdlik” dedi, kimi “işgüzarlıq”, kimi “təvazökarlıq”, kimi “doğruçuluq”, kimi “sədaqət”, “etibarlıq”, kimi “halallıq”... Aqil “xeyirxahlıq” dedi.
Tələbəlik dövründə Aqilin xarakterini açan epizodlar, məqamlar çox olub, aradan az qala 40 ilə yaxın vaxt keçdiyinə görə bəziləri unudulub, bir qismini isə yada salmaqla oxucunu yormağa lüzum görmədim. Ümumiyyətlə, demək istəyirəm ki, o elə o vaxtlardan həmişə üzdə olub- ağlı, fəhmi, əxlaqı, mədəniyyəti, biliyi, dostluqda sədaqətli, təvazökarlığı, əliaçıqlığı, xeyir-şərdə canyananlığı, təşkilatçılığı... və sair keyfiyyətləri ilə. Dəbə uyğun, səliqəli geyinər, böyük-kiçiyin yolunu gözləyər, özünün-sözünün yerini bilərdi. Aqilin zövqünə söz ola bilməz, o, həmişə gözəllik vurğunu olub, hər bir şeyin gözəlinə-təbiət lövhəsinə, sənət əsərinə, musiqiyə, süfrə nemətlərinə, kitablara, yazılara, eləcə də gözəl qızlara biganə qalmayıb, onları layiqincə dəyərləndirib. Ümumiyyətlə, Aqilin xarakterində çoxlarında olmayan bir xüsusiyyət var: o, hətta pisliklərin içərisində də bir işıqlı məqam axtarır və onu diqqətə çatdırır. Fikrim aydın olsun deyə, misal çəkim: hansısa bir insanın xoşagəlməz xüsusiyyətlərindən söhbət gedərkən, o, bəziləri kimi, “baltanı kökündən vurmur”, həmin şəxsin bir müsbət cəhətini yada salmaqla onu büsbütün qınaq obyekti olmaqdan xilas etməyə çalışır. İstər tələbəlik illərində, istərsə də eyni kollektivdə birgə işlədiyimiz dövrdə mən bunun dəfələrlə şahidi olmuşam. Şübhəsiz, bu, onun qəlbinin təmizliyindən və rəhmdilliyindən xəbər verdi.
İŞ YOLDAŞI
Aqil “Bakı” və “Baku” axşam qəzetləri redaksiyasında əmək fəaliyyətinə məndən əvvəl başlamışdı. Mən isə təyinatım üzrə təqribən bir il “Azərbaycan gəncləri” qəzetində işləmişdim.
Bakı Şəhər Partiya Komitəsinin orqanı olan bu mötəbər kollektivdə işləmək o vaxtlar nəinki gənc jurnalistlər, hətta təcrübəli, yaşlı yazarlar üçün də böyük şərəf idi. Azərbaycan və rus dillərində gündəlik nəşr olunan axşam qəzetləri redaksiyasına milli jurnalistikamızın görkəmli simalarından biri, professor Nəsir İmanquliyev rəhbərlik edirdi. Redaksiyada əsasən yaşlı və təcrübəli jurnalistlər işləyirdilər. Cavanlar çox az idi. Ştat yeri boşalanda Nəsir müəllim adətən şöbələrdə ştatdankənar əməkdaşlıq edib sınaqdan çıxmış, təcrübə qazanmış jurnalistləri işə götürür, təsadüfi hallarda isə dərs dediyi jurnalistika fakültəsinin tələbələri arasından kimisə redaksiyaya cəlb edirdi. Bizim kursdan iki nəfər – Aqil Dadaşovu və Zemfira Məhərrəmlini birbaşa işə götürmüşdü. Onlara qədər isə jurnalistika fakültəsindən işə götürdüyü sonuncu şəxs mərhum Nüsrət Kəsəmənli olmuşdu. Aradan on ilə qədər vaxt keçmişdi.
Aqil bu ağır kollektivə çox tez qaynayıb-qarışdı. Fəallığı, zəhmətsevərliyi, üzüyolalığı, mehribanlığı, səmimiyyəti ilə redaksiya rəhbərliyinin, ağsaqqal jurnalistlərin diqqətini cəlb etdi, hörmət qazandı. Bir müddət informasiya şöbəsində işlədikdən sonra onu mədəniyyət şöbəsinin müxbiri vəzifəsinə keçirdilər, ictimai işlərə cəlb etdilər.
İnformasiya şöbəsində faktlarla işləmək və xüsusən operativlik vərdişi qazanan Aqilin geniş potensialı, publisist məharəti mədəniyyət şöbəsində daha tez üzə çıxdı. Baş redaktorun mədəniyyət sahəsinə xüsusi diqqət yetirməsi və həmin şöbənin fəaliyyətini öz nəzarətində saxlaması onu daha yaxşı işləməyə, sanballı materiallar hazırlamağa ruhlandırırdı. O illərdə paytaxt mədəniyyətinin nəbzi, demək olar ki, “Bakı” qəzetinin mədəniyyət şöbəsində döyünürdü. Bu işdə Aqilin də danılmaz xidmətləri vardı. O, respublika mədəniyyətinin görkəmli nümayəndələri ilə sıx əlaqələr qurur, onlardan müsahibələr alır, məşhur yazıçıların, rəssamların, aktyorların, müğənnilərin materiallarını təşkil edir, qəzetdə aktual müzakirə mövzuları açırdı. Bakının teatrları, konsert salonları, kinoteatrları, mədəniyyət evləri onun tez-tez baş çəkdiyi ünvanlar idi. Hər hansı bir tamaşanın, yaxud filmin premyerası olarkən respublika mətbuatı arasında ilk resenziya “Bakı” qəzetində verilirdi. Yadımdadır, məşhur rejissor Georgi Daneliyanın “Tövbə” (Pokoyaniye”) filmi bütün Sovet İttifaqında bir hadisəyə çevrilmişdi. Sovet rejiminin ört-basdır etdiyi repressiya mexanizminin iç üzünü bütün çılpaqlığı ilə açan, bütövlükdə siyasi quruluşa kəskin nifrət hissi oyadan bu cəsarətli ekran əsərinin uğurlu taleyi yaşlı nəslin yaxşı yadındadır. Bakı kinoteatrlarında həmin filmə baxmaq üçün həftələrlə, aylarla növbələr oldu.
Lakin qəzetlər film haqqında söz deməyə tələsmirdilər. Məsuliyyətdənmi, yaxud “olmadı elə, oldu belə” prinsipinə söykənən qorxudanmı hətta təcrübəli sənətşünaslar, teatr-kino tənqidçiləri hələ ki, susurlar. Respublikada bu sükutu ilk pozan Aqil Dadaşov oldu. “Bakı” qəzetində onun “Afərin”, Georki Daneliya” sərlövhəli çox sanballı resenziyası dərc olundu. Ondan sonra digər mərkəzi qəzetlərdə də film haqqında rəylər dərc edildi. Lakin mütəxəssislərin də etiraf etdiyi kimi, Aqilin yazdığı resenziya daha obyektiv və cəsarətli idi.
Səksəninci illərin əvvəllərində Respublika Sarayında (indiki Heydər Əliyev Sarayı) gənc ifaçıların ümumrespublika müsabiqəsi keçirilirdi. İki günlük yekun konsertindən Aqilin hazırladığı material bu gün də mənim yaddaşımdadır. O öz yazısında həm ifaçıların (onlardan bəziləri bu gün xalq artistləri və əməkdar artistlərdir) çıxışlarına, həm də tədbirin təşkilatçılarının işinə obyektiv qiymət vermiş, çox ciddi nöqsanları aşkara çıxararaq haqlı olaraq kəskin təndiq etmişdi. Şübhəsiz, bu tənqiddən narazı qalıb redaksiyaya gələrək etirazlarını bildirənlər də olmuşdu. O vaxtlar populyar gənc müğənnilərdən birinin müharibə veteranı olan atası da redaksiyaya gəlmişdi. O, giley-güzarını bildirərkən mən də orada idim. Ağsaqqal Aqildən soruşdu:
– Sən bilirsənmi biz qohumuq?
– Bilirəm, – deyə Aqil cavab verdi.
– Elə isə öz qohumunu niyə biabır etmisən?
– Bəs qohumun nöqsanını kim deməlidir? Siz mənim üçün əzizsiniz. Amma mən qohumluğa görə həqiqətə göz yuma bilmərəm. Ağadadaşı (xalq artisti Ağadadaş Ağayevi nəzərdə tuturdu) bütün respublika sevir, onun da nöqsanını demişəm...
Aqilin belə obyektivliyinin, haqqın-ədalətin tərəfini saxladığının dəfələrlə şahidi olmuşam.
Axşam qəzetlərində “böyük-kiçik” məsələsinə xüsusi diqqət yetirilirdi. Bu, adi davranış qaydalarından tutmuş, yaradıcılıq sahəsinədək bütün sferalarda özünü göstərirdi. Şöbə müdiri müxbirin yazısını oxuyur, çox vaxt heç onunla məsləhətləşmədən öz bildiyi kimi redaktə və ixtisar edir, sonra isə rəhbərliyə – redaktora və yaxud redaktor müavininə ötürürdü. Təkcə mədəniyyət şöbəsində bu qayda işləmirdi. Aqillə şöbə müdiri, mərhum Hacı Ağəddin arasında əsl dost münasibəti yaranmışdı. Ağəddin müəllim bütün məsələlərdə Aqillə məsləhətləşirdi. Hətta çox vaxt öz yazılarını da ona oxudub fikrini bildikdən sonra redaktora təqdim edirdi. O, dəfələrlə etiraf etmişdi ki, Aqilin yaxşı zövqü və redaktəsi var.
ÇƏTİN GÜNÜN
DOSTU
Yaxşı dost yaman gündə tanınar, – deyib atalar. Belə bir el deyimi də var: insanı yaxşı tanımaq istəyirsənsə, ona vəzifə, səlahiyyət ver. Hər iki məsəl əsrlərin, nəsillərin sınağından çıxaraq, həqiqəti əks etdirir...
Doxsanıncı illərin əvvəllərində Aqil Dadaşovu Azərbaycan Həmkarlar İttifaqlarının “Ülfət” qəzetinə məsul vəzifəyə dəvət etdilər. Bir müddət sonra onu qəzetin baş redaktoru və AHİK sədrinin müavini vəzifəsinə irəli çəkdilər. Sözün geniş mənasında, onun xeyirxahlığı burada üzə çıxdı. Müxtəlif səbəblərdən iş yerini itirmiş tələbəlik yoldaşlarını, tanıdığı jurnalistləri arayıb-axtardı, onlara iş təklif etdi, çətin dövrdə ailələrini dolandırmaq üçün imkan yaratdı. Onların arasında Bəyalı Rzayev, mərhum Qəzənfər Qəribov, mərhum Adil Qaçayoğlu, Məsaim Abdullayev, İsmayıl Əliyev, Kamil Muradov, Aydın Kərimov, Muğamat Səmədov, Qabil Əliyev, mərhum Elman Bəşirov, Fərman Atakişiyev, Niyazi Həbibov, Əhəd İbadov və başqaları vardı. Onlardan bəziləri sonradan başqa yerlərdə münasib iş tapıb getsələr də, Aqilin bu yaxşılığını heç vaxt unutmadılar. Onu da deməliyəm ki, Aqildən əvvəl digər tələbə və iş yoldaşlarımızın da əlinə belə imkanlar düşmüşdü. Lakin onların heç birində belə səxavət olmadı.
1999-cu ilin mart ayında Ulu Tanrı müqəddəs Həcc ziyarətinə getməyi mənə qismət etdi. Zəvvarlar arasında “Bakı” qəzetində 10 ilədək bir yerdə işlədiyim görkəmli yazıçı-publisist, əməkdar jurnalist Şakir Abdullayevi görəndə çox sevindim. Xeyli vaxt idi bir-birimizi görmürdük. İşi ilə maraqlandım. Dedi ki, “Bakı”dan gedib, AHİK-in qəzetində işləyir. Ağsaqqal jurnalist Aqilin insanlığı, xeyirxahlığı barədə o qədər faktlar gətirdi ki, söhbətimizi dinləyən hacılardan biri istər-istəməz dilləndi: “Kimdirsə, xoşbəxt adamdır. Elə o xeyirxah əməlləri ilə cənnəti indidən qazanıb”.
Aqil Dadaşov bu gün Azərbaycanın ən böyük ictimai təşkilatının – tərkibində 1,6 milyon insanı birləşdirən AHİK-in rəhbərlərindən biridir. Konfederasiya sədrinin xarici əlaqələr üzrə müavinidir. Dünyanın onlarca ölkəsində olub, xarici dövlətlərdəki həmkarlar ittifaqı təşkilatlarının iş təcrübəsi ilə maraqlanıb, qarşılıqlı əlaqələrin yaradılmasına çalışıb.
O, həmçinin AHİK-in orqanı olan “Ülfət” qəzetinin baş redaktoru, habelə İctimai Teleradio Yayım Şurasının üzvüdür. 2005-ci ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə “Əməkdar mədəniyyət işçisi” Fəxri adına layiq görülüb...
Aqil nümunəvi ailə başçısı iki övlad atasıdır. Həyat yoldaşı Elmira xanım Dadaşova Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimidir, fəlsəfə doktorudur...
Aqil böyük ürək sahibidir. Belə insanlar dünyaya yaxşılıq etmək, ehtiyacı olanlara əl tutmaq, dərdinə yaramaq, dara düşənlərin dadına çatmaq üçün gəlirlər. Onlar xoşbəxt insanlardır.
Hacı Qüdrət
PİRİYEV,
Əməkdar mədəniyyət
işçisi
525-ci qəzet.- 2010.- 31 dekabr.-
S.18.