Azərbaycanlı teatr xadimi Mərdan Feyzullayev Rusiyada yüksək mükafata layiq görülüb

 

Rusiya Federasiyası prezidentinin 4 noyabr 2010-cu il sərəncamı ilə bir qrup mədəniyyət və incəsənət xadimi mükafatlandırılıb. Mükafatlandırılanlar arasında Moskva Şəhər Dövlət mədəniyyət müəssisəsi “Jar ptitsa” (“Simurq”) Kukla Teatrının rejissoru Mərdan Feyzullayev də var. Mərdan Feyzullayev Rusiyanın ali mükafatı olan II dərəcəli “Vətən qarşısında xidmətlərinə görə” medalı ilə təltif olunub. O, bu mükafata Rusiya mədəniyyətinə verdiyi töhfə və xidmətləri müqabilində layiq görülüb. “Vətən qarşısında xidmətlərə görə” medalı Rusiya Federasiyasının Prezidentinin 2 mart 1994-cü il sərəncamı ilə təsis edilib. “Vətən qarşısında xidmətlərinə görə” medalı iki dərəcəlidir. Mənəvi tutumuna görə, medal Rusiya Federasiyası prezidentinin fəaliyyət proqramına böyük töhfə verən və çoxillik səmərəli işinə görə yüksək qiymətləndirilən şəxslərə təqdim olunur. Mərdan Feyzullayevin yaradıcılıq bioqrafiyası 30 il əvvəl Azərbaycanda başlayıb. Əvvəlcə o Mirzağa Əliyev adına İncəsənət İnstitutunun aktyorluq fakültəsini bitirib, daha sonra Moskvada rejissorluq təhsili alıb. Aktyor, rejissor, baş rejissor kimi Sabit Rəhman adına Şəki Teatrında çalışıb. Ötən əsrin 80-ci illərində teatr Hüseynağa Atakişiyev və Mərdan Feyzullayevin quruluş verdikləri əsərlərlə Sovetlər Birliyinin bir sıra şəhərlərində, o cümlədən Moskvada qastrol səfərlərində olub. Dahi ədib Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı”, “Anamın kitabı”, Çingiz Aytmatovun “Əsrə bərabər gün”, Hüseyn Cavidin “İblis”, Nodar Dumbadzenin “ Ağ bayraqlar”, Bəxtiyar Vahabzadənin “Dar ağacı” və digər əsərlər M.Feyzullayevin quruluşunda teatrsevərlər və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. İyirmi ildən artıqdır ki, o, Moskvada yaşayır və işləyir. Bir çox teatrlarda onun quruluşunda tamaşalar nümayiş olunur. M.Feyzullayevin quruluşçu rejissoru olduğu “Simurq” teatrı hər il yeni tamaşalarla uşaqları sevindirir. M.Feyzullayevin yaradıcılığında xüsusi yerlərdən birini “Dərviş teatrı” tutur. Moskvada fəaliyyət göstərən bu teatr M.Feyzullayev tərəfindən 2009-cu ilin aprel ayında yaradılıb. O bu teatrın yaradıcısı və baş rejissorudur. Yeni teatrın iki tamaşası – M.F.Axundovun “Sərgüzəşti vəziri-xani-Lənkəran” və xalq yazıçısı Elçinin “Şekspir” əsərləri rus dilində səhnəyə qoyulub, hər iki tamaşa Rusiya paytaxtında uğurla nümayiş etdirilib.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2010.- 31 dekabr.- S.17.