Vintsas Kreve-Mitskəviçyusun “Azəristan
ölkəsi”nə qayıtması
Arvidas VALYONİS
Vintsas Kreve-Mitskəviçyusun
(1882-1954) zəngin ədəbi
irsini dünya xalqlarının dillərində
səsləndirən tərcümələri
hazırda təkcə
bir əlin barmaqlarında saymaq olar. Ona görə
də, Bakıdan Vilnüsə gəlib çatmış ən yeni xəbər bizi çox sevindirdi: Azərbaycan Yazıçılar Birliyi
Tərcümə mərkəzinin
“Mütərcim” nəşriyyatı
“Dünya ədəbiyyatından
– Books” seriyasından
(İosif Brodski, Milan Kundera, Çeslav Miloş, Pol Elüar, Orxan Pamuk, Xulio
Kortasar və s. bu kimi məşhur
dünya yazıçılarının
kitablarıyla yanaşı)
Vintsas Krevenin “Azəristan ölkəsi” kitabını çapdan buraxıb. Azərbaycan dilinə litva yazıçısının “Şərq
hekayətləri” toplusuna
daxil olan bu əsərlər tərcümə edilib: “Azəristan ölkəsi”,
“Qadın”, “Kralın ən yaxşı şərabını saxladığı
qab” və “Çarpışan qüvvələr”.
Göstərilən əsərlərlə
yanaşı kitabda yazıçının “Bolşeviklər”
siyasi oçerki və Azərbaycan ədəbiyyatının klassiki
Abdulla Şaiqin
(1881-1959) “Litvalı həmkarım”
adlı xatirələri
də dərc olunub. Azərbaycan yazıçısının litvalı
dostu və həmkarı haqqında yazdığı bu xatirələr bizi
1909-1920 illərə aparıb
çıxarır. Həmin
illərdə Vintsas Kreve Bakıda yaşayıb və işləyib, bir sıra yetkin əsərlərini də
burada yazıb.
“Azəristan ölkəsi”
kitabı əsərlərin
tərcüməçisi, Azərbaycan Yazıçılar
Birliyinin üzvü Mahir Həmzəyevin V. Krevenin həyat və yaradıcılığı
haqqında, eləcə
də Litva ədibinin Azərbaycan ədəbiyyatı və
mədəniyyəti ilə
əlaqələri barədə
yazdığı “Azərbaycanın
böyük və səmimi dostu” adlı məqalə ilə başlanır. M. Həmzəyev artıq otuz ilə yaxındır
ki, Litva-Azərbaycan ədəbi və mədəni əlaqələrinin
öyrənilməsi sahəsində
araşdırmalar aparır,
Şərqin Qərb ilə ədəbiyyatlararası
dialoquna yaradıcı
töhfələr verir.
M. Həmzəyev V. Krevenin
şəxsiyyət və
yaradıcılığı ilə Bakı Universitetində təhsil aldığı dövrdə
tanış olub, ilk dəfə Litva adını isə məktəb illərində Litva xalq nağıllarını
oxuyanda eşidib. M. Həmzəyevin elmi-ədəbi
araşdırmaları əsasən
1909-1920-ci illərdə V. Krevenin
həyat və yaradıcılığının Bakı dövrü ilə bağlıdır.
O, litvaşünaslıqda indiyədək
məlum olmayan faktlar və yeni arxiv sənədləri
üzə çıxarıb.
Litva ədəbiyyatı
klasskinin Azərbaycanda
göstərdiyi ictimai-siyasi
və diplomatik fəaliyyətlə bağlı
olan bu məlumat
və ümumiləşdirmələr
hazırda M. Həmzəyevin
yazıb bitirməkdə
olduğu monoqrafiyada əks olunacaq. Sözügedən mənbələr
əsasında V. Krevenin
Xəzər sahillərindəki
həyat və fəaliyyətinə həsr
olunmuş bir neçə qısametrajlı
televiziya filmi Vilnüsdə M. Həmzəyevin
iştirakilə yaradılıb.
Kitabın tərcüməçisi
M. Həmzəyevlə Vilnüsdə
görüşdük və
“Azəristan ölkəsinin”
Litvadan Bakıya səfərilə bağlı
onunla həmkarcasına
söhbət etdik.
– Vintsas Krevenin
əsərlərinin poetik
və melodik üsulunu dərindən duyub, onları Azərbaycan dilində yaratmağa necə müvəffəq oldun?
– Kitab həcmcə
böyük olmasa da, onun tərcüməsi
üzərində iki
il çalışdım.
V. Kreve-Mitskəviçyus şəxsiyyətinin
nəhəngliyi və
istedadının əzəmətilə
bağlı olan böyük məsuliyyət
hissi tərcümə
zamanı məni mütəmadi müşayiət
edir və öz təzyiqini göstərirdi. Çalışırdım
ki, Litva Hötesi və Şekspri adlandırılan
V. Kreve əsərlərinin
bədii bütövlüyünü
azərbaycanlılara tam
adekvat şəkildə
təqdim edim. “Şərq hekayətləri”
fəlsəfi və dini məzmununa görə mürəkkəb
əsərlər sayılır.
Bundan əlavə, həmin əsərlər
indiyədək başqa
dillərə tərcümə
edilərək işıq
üzü görməyib
və odur ki, digər tərcüməçilərin yaradıcılıq təcrübəsindən
əxz etmək imkanım olmayıb. Əgər, V. Krevenin əsərləri onun sağlığında dünyanın
müxtəlif dillərinə
tərcümə edilsəydi,
yəqin ki, o, ədəbiyyat üzrə
Nobel mükafatıyla təltif
olunardı. Bununla yanaşı qeyd etmək lazımdır ki, “Şərq hekayətləri”nin Buddizm, İslam, Zərdüştlük, Tövrat
və İncildən gələn dini mövzuları, Şərq
xalqlarının mifologiyası
ilə bağlı motivlər, həmin əsərlərin sovetlər
dövrü senzurasının
sədlərindən kənara
çıxması üçün
“maneə törədirdi”.
V. Krevenin “Şərq
hekayətləri” orijinalın
dilində mənsur şeirlər kimi səslənir. Bu əsərlər daxili qafiyələr sistemi, dalğavari ifadə üsulu, kiçiltmələr
və əzizləmələrlə
fərqlənir. Bu cür ədəbi üsul və bədii ifadə forması tərcümə
zamanı xüsusi diqqətlilik və ədəbi adekvatlıq tələb edir. Türk dilləri sistemi hind-avropa dilləri sistemindən fərqli olduğuna görə, “Azəristan ölkəsi” kitabının
Azərbaycan dilinə
tərcüməsi zamanı
mətnlərin həcmi
dörddə bir dəfə artıb.
– Tərcümə zamanı
sənin yaradıcılıq
işini yüngülləşdirən
amillər olubmu?
– Tərcümə əsnasında
Vintsas Krevenin əsərlərində bənzəri
olmayan Azərbaycan koloritini təqdim edən rəngləri, təbiət lövhələrini
və şairanə mənzərələri tanıdım,
ölkənin ab-havasını
bir daha yaxından duydum və landşaftını
gördüm. Azərbaycanlıların
həyat tərzi, ənənə və ayinləri təsvir olunan parçaları çevirərkən özümü
məsud hiss edirdim, o anlarda V. Kreve sanki, mənə
bələdçilik edir
və əlimdən tutub məni doğma yerlərə aparırdı. V. Kreve ilk qeyri-azərbaycanlı yazıçıdır ki,
bizim ölkəni Azəristan adı altında təsvir edib. O, həm də dünyada ilk xristian etiqadlı
müəllifdir ki, “Şərq hekayətləri”
vasitəsilə (“Azəristan
ölkəsi”, “Qadın”)
Litva ədəbiyyatına
Qurandan ayələri gətirib.
– Tərcümə zamanı
məsləhətlərə ehtiyac duyurdun?
– Arxaik söz və ifadələr, Litva dilinin dzukiya
şivəsi ən çox çətinlik yaradan amillərdən idi. Dəyərli məsləhətləri üçün
litvalı yazıçılara
– Algirdas Potsyusa, Alfonsas Bukontasa, Sigitas Gyadaya və Yonas Velivisə
təşəkkür edirəm.
– Vintsas Kreve bu kitabın tərcüməsi vasitəsilə
özünün gənclik
şəhəri Bakıya
qayıtdı. “Azəristan
ölkəsi” Azərbaycanda
necə qarşılandı?
– Azərbaycanın akademik
ictimaiyyətində Vintsas
Kreve gəlişi hər vaxt gözlənilən
şəxsiyyətdir. “Azəristan
ölkəsi” barədə,
ələlxüsus onun
“Bolşeviklər” siyasi
oçerki haqqında
internet qəzetlərində
xeyli rəy və fikirlər dərc olunub. Mədəniyyət hadisələrinə
səhifələrində geniş
yer ayıran “525-ci qəzet”də bu kitab və
onun müəllifi barədə mənim dörd məqaləm dərc olunub. V. Krevenin bəzi əsərlərini azərbaycancadan
türk dilinə çeviriblər.
Çox məmnunam
ki, azərbaycanca danışan V. Kreve-Mitskəviçyus
təxminən yüz
ildən sonra özünün gənclik
ölkəsinə qayıdıb.
(Litva Yazıçılar Birliyinin
həftəlik qəzeti
“Literatura ir myanas”
(“Ədəbiyyat və incəsənət”).
22 oktyabr 2010-cu il, ¹ 39 (3303))
Litva dilindən tərcümə
edəni Mahir HƏMZƏYEV, Vilnüs, noyabr 2010-cu il
525-ci qəzet.- 2010.- 8 dekabr.- S. 7.