Ciblərdə gəzdirilən kitab

 

Tanınmış şair Əjdər Olun “Günəbaxan zəmisi” kitabındakı təzə, yığcam şeirlərin hər biri bir günəbaxandır. Günəşi səma boyda olan bu zəminin yeri-göyü şəfəqlərlə qaynayır. Günəbaxanlar başlarını dik tutub günəşin zərrələrini içməklə yaşamaqdadırlar. Ləçəkdən-ləçəyə uçan arılar, kəpənəklər öz qanadlarında bu günəbaxanların ətrini, rayihəsini dünyaya aparırlar.

Kitabın ilk səhifələrində “Azərbaycanım” şeirini oxuyuram. “Sənə içdən bağlıyam, belə gönəyoğluyam. Bircəciyim, birdənəm, sevgilim, dədəm-nənəm, balam Azərbaycanım!” Aran istilərində sifətimə buzlu dağ mehləri çırpıldı sanki. Gözlərim böyüdü, ürəyim genişləndi! Göbəyimiz şeirlə kəsilib. Ağlımız kəsəndən, dilimiz söz tutandan şeirlə tərbiyələnir, təzələnirik. Çox təəssüf ki, tez-tez rast gəldiyimiz “Şərəfim, şöhrətim, məhəbbətim, qüdrətim, əbədiyyətim” və sair sürtülmüş, çeynənmiş qafiyə və təyini birləşmələr zövqümüzü kütləşdirir. Amma bu kitabı vərəqlədikcə ruhumu oxşayan təzə qafiyələnmə sistemləri təbii, inandırıcı, mayası ürəkdə yoğrulmuş, şəkli görünən obrazlı deyimlərin axarına düşürük. Ana dediyimiz Azərbaycan haqqında danışarkən onun müqəddəsliyinə, böyüklüyünə, şirinliyinə uyğun, dilə yatan, göz oxşayan ifadələrə öyrəşən bir oxucu kimi “torpağını öpərəm, gözlərimə təpərəm” kimi, ilk baxışda “qeyri-poetik səslənən ifadələr” eşitməyə, vərdişik. Lakin “torpağını öpərəm, gözlərimə təpərəm” kimi, ilk baxışda “qeyri-poetik səslənən, ifadələri” oxucunu gicitkən kimi dalayır. Lakin “gözə təpmək”, doymamaq mənası verəndə söz şirinləşir, doğmalaşır. Bir neçə nəşr istisna olunmaqla respublikanın bütün qəzet və jurnal səhifələrində şeir şəkilli, forma və quruluşlu hər cür yazılara geniş meydan verilir. Böyük Füzulinin “Bir dövrdəyəm nəzm olub xar, kasad olub əşari-bazar” deyən şikayəti həmişə olduğundan bu gün daha aktual səslənir. Söhbəti gedən yazıların hansının nisbətən uğurlu, hansının bəsit olduğunu izah etməyəcəyik. Ancaq əksər yazılar oxucuları bəşəri fikirlərlə zənginləşdirmir, bu günün yeniləşmə templəri, forma tapıntıları yox dərəcəsindədir.

Seçilmək, fərqlənmək istəyi, öz yolunu kəşf etmək cəhdi və bacarığı hər bir sənətkarın qanında, canında olmalıdır. Bu yolda güclü istedadla yaradıcı zəhmətin uğuru şairlərə şöhrət gətirir. Lakin Əjdər Ol, fikirlərini şablon “poetik” sözlərlə ifadə etməkdən qaçır, oxucuyla sadə dildə danışmağa çalışır...

Şairin şeir dili danışıq dilinə çox yaxındır. “İslanmışam yağışda, nə var-nə var səsini duyum, Vətən!”. “Sənin də ölmüşünə, mənim də ölmüşümə” və başqa yüzlərlə misralar şairlə torpağa daha çox bağlı oxucular arasında sıx bir körpü yaradır... Şair olan hər kəs böyük Sabirdən öyrəndikcə öyrənməlidir.

Böyük Səməd Vurğunun “Azərbaycan” şeiri birinci oxunuşdan yaddaşlara köçür və əzbərlənir. Şeiri ürəyəyatımlı eləyən dilin axıcılığı, sadəliyidir. İdeomastik ifadələr, sözaltı mənalar, mübaliğələr, təşbehlər və başqa bədii ifadə vasitələri nə qədər aydın, dəqiq, yerində işlənirsə, şeir bir o qədər sevilən olur.

 

“El bilir ki, sən mənimsən,

Yurdum, yuvam məskənimsən.”

 

Püxtələşmiş şairlərimizin xalq tərəfindən sevilməsi, əsərlərinin dillər əzbəri olması, mahnılara çevrilib nəsilbənəsil yaşamaq xoşbəxtliyi də bu ədəbi parçaların şablonlardan uzaq canlı xalq dilində yazılmasıdır.

“Gedər bir gün bu gözəllik, sənə də qalmaz” Rəsul Rza, “Neçə gündü ananın gözləri yol çəkirdi” Süleyman Rüstəm, “Ancaq ondan razıyam ki, özümdən narazıyam” Bəxtiyar Vahabzadə oxucularla təbii dildə danışmış və sevilmişlər.

Kitabda Vətən şeirlərinin meydanı genişdir. Hər şeir öz məzmun və fikir yüküylə təzə və təravətlidir. Forma müxtəlifliyindən gen-bol istifadə edən müəllif oxucusunu da fəsildən fəsilə, iqlimdən-iqlimə aparır. Həm də burada vəsf olunan vətən adi sözdə yox, konkret tablolarda görünür. Hər tablo isə öz rəngləri, intonasiya və vurğu notlarıyla, təzə və könülaçandır. Şeirlərin heç birində vətən quru büt, ehkam deyil. Bu vətən daşqın çayları, çılğın bulaqlarıyla canlıdır. Kitabın başlanğıcında anaya bənzədilən vətən şeirdən şeirə ululaşır, sevilə-sevilə böyüyür, müqəddəs olur. Və bu müqəddəsliyi çeynəyib tökənlərə yerli-yersiz tərifləyənlərə üz tutub:

 

“Onu çox da şişirtməyin

Kiçik deyil, kiçiltməyin...

 

Zirvələrdən düşürtməyin!” – deyən şair, vətəndən boğazdan yuxarı danışmağın əleyhinədir. Ancaq, sadəcə olaraq:

 

“Səni Vətən seçənlər,

Adına and içənlər,

Lap işi qan olan da

Yolunda qurban dedi,

Canında can olanda,

Yarımcan da, can dedi!”

 

Lakin bu şeirdə “işi qan olan” deyərkən şair kimi, nəyi nəzərdə tutur. İzah etməyə çalışaq. İkinci Dünya müharibəsində cəza çəkənlərdən təşkil olunmuş “cərimə batalyonları” (azadlıqdan məhrum olunmuşların “işi qan” olanların batalyonları) misilsiz qəhrəmanlıq göstərirdilər. Belə dəliqanlılar arasında hətta iki dəfə “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülən döyüşçülər də oldu. Şairin təbirincə desək, vətən yaxşılı-pisli onun qoynunda doğulanların hamısı üçün anadır, doğmadır, müqəddəs və sevimlilir.

Mənalı, təravətli şeirlərlə dolu bu kitab – palıd, şam, qovaq ağaclarıyla sərin və saf havalı bir meşədir.

Şair belə qənaətə gəlir ki, quyuya su tökməklə sulu olmur, su gərək quyunun özündə ola. Lal axan elə nəhrlər var ki, gücü, qüvvəsi diblərdə dağları yerindən oynatsa da, üzdə sürəti görünməz, səsi eşidilməzdir. “Bir bayraq, doqquz əsgər” poeması doqquz vətənpərvərin vəhşi qonşulara necə qalib gəldiyini göstərən bir əsərdir. İlk sətirlərindən verilən canlı hadisələr, bu hadisələrin təsirini gücləndirən təbii mənzərələr göz önündən kino lenti kimi keçir. Döyüş, atəş, alovlu, canlı səngər soyuqluğu canımıza qorxu, vəlvələ salır.

 

“Şahə qalxdı silahlar,

Durdu az-çoxa qarşı.

Bunlar Allah adamı,

Onlar Allaha qarşı!

 

Alayından, qoşunundan ayrı düşmüş doqquz əsgər bir kilsədə, müdafiə mövqeyində vuruşur. Bir qayda olaraq yaralı döyüşçünün əlindəki bayrağı arkadaşları yerə düşməyə qoymurlar. Döyüşçülər bu bayrağı əldən-ələ ötürərək qələbə simvolu kimi, ucalarda saxlayırlar. Nəhayət, sonuncu əl yapışmış o bayraq da yaralandı, lakin:

 

“Bayraq yenə əsgərin

Gözlərindən düşmədi. –

 

O qələbə simvolunun rəngləri və boyaları, göy qurşağının qatlarına çökdü.

Biz müharibəyə cəlb olunmuş ölkəyik. Qarabağ cəbhəsində torpaq itirmiş, şəhidlər vermişik. Gənclərimiz şərəfli əsgərlik yolunu alnıaçıq keçirlər. Ordumuzun texniki tərkibi təzələnir, müasirləşir. Əsgərlərimiz canımız, ürəyimizdir. Lakin övladlarımız biz yazıçılardan yüksək vətənpərvərlik ruhlu əsərlər gözləyirlər. Böyük Səməd Vurğunun bir misrasını xatırladaq “Hər söz də cəbhədə qəhrəman olsun”. Bu mənada şair Əjdər Ol özünün “Bir bayraq, doqquz əsgər” poemasıyla döyüşə hazır ordumuzun ön cərgələrinə çıxır. Biz müstəqillik qazandıq. Azad ölkəmizdə öz əlimiz öz başımızdı. Ona cani-dildən bağlıyıq. Lakin üzləşdiyimiz müvəqqəti çətinliklər bəzən iç dünyamızı çalxayır. Əsəbi, yorğun insanların təbii giley-güzarına da biganə deyil şair. O, streslərdən çıxmağın konkret yolunu göstərmir. Belə bir resepti kitabının səhifələrində tapa bilmirik. Şair “eybi yoxdur, çətin günün ömrü az olar”, deyə təsəlli də vermir. O, təbliğatçılıq missiyasından çox uzaqdır. Ancaq sadəcə olaraq həyat reallıqlarını giley-güzarsız, ağrı-acısız qəbul etməyə çağırır. Bu yerdə bir haşiyə çıxaq. Səhrada bir neçə gün davam edən tufan, qəbilənin yataqlarını, alaçıqlarını alt-üst edir. Mal-qara, qoyun-quzu qırılır, dəvələr qaçqın düşür. Lakin fəlakəti təbii qəbul edən insanlar bircə dəfə də olsun, taleydən gileylənmir, şikayətlənmirlər. Allahın üzünə ağ olmurlar. Talelərinə lənət yağdırmadan uçurulmuşları dikəltməklə, itmişləri axtarıb tapmaqla məşğuldurlar. Təcrübəli qəbiləbaşı hadisəni təmkinlə qarşılayır. “Olub keçmişi qaytara bilmərik. Ancaq ələ gələn otuz qoyunu otuz minlik bir sürüyə çevirə bilərik. Bir neçə köşəyimiz var. Böyüdərik, çoxlu dəvələrimiz olar. Ayaqlarımız yer tutur, əllərimiz işə, zəhmətə qadirdir. Alaçıqlarımızı yenidən tikərik” deməklə qəbilə üzvlərini yaşamağa, yaratmağa ruhlandırır.

 

“Ağrılara, əzablara darılma,

Öz işindən bərk-bərk yapış yorulma!

Çalış ölmə, çalış itmə, vurulma

Canım, gözüm ömür elə budur, bu!”

 

Həyat yolunun ağrılı, əzablı olduğunu, yoxuşlara dirəndiyini görən şair. “Ömür elə budur” desə də oxucusuna bu neqativ vəziyyətlərdən çıxmaq yolunu da göstərir. Kamil dünyagörüşlü ağsaqqal məsləhəti verir.

 

İçində atəş var, cinqi sal, od al!

Çalış, seçil, tanın, üzə çıx, ad al!

Qara siyahıdan adını çıxart...

Qəm də, çətinlik də bizdən ötrüdür,

Mərdlik, mətinlik də bizdən ötrüdür,

Ömrün şirəsini, dadını çıxart!

 

Kitabı varaqlayırıq. Çinar yarpaqları kimi şax, təravətli şeir parçaları qürur artırır, nəfəs təzələyir. Təbiətin hələ insan ayağı dəyməmiş mənzərələrini təkrar-təkrar görmək istəyiylə də kitabı cibimizdə gəzdirirdik.

 

 

Yusif HƏSƏNBƏY,

Əməkdar incəsənət xadimi

 

525-ci qəzet.- 2010.- 2 fevral.- S.7.