XX əsr Azərbaycanın ədəbi portretlərinə professor Yavuz Axundlu baxışı

 

Tanınmış alim, filologiya elmlər doktoru, professor Yavuz Axundlunun “Ədəbi portretləradlı kitabı işıq üzü görüb. Kitabda XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri haqqında məqalə və oçerklər toplanıb. Bu məqalələrdə XX əsrin ağır və mürəkkəb şəraitində 1920-30-cu illərin təqiblər və sürgünlər dövründə yaşayıb-yaratmış ədiblərin yaradıcılığı, sənətkarlıq uğurları barədə söz açılıb. Kitabın girişində filologiya elmlər doktoru, professor Kamran Əliyev Y.Axundlunun ədəbiyyatşünaslıq və ədəbi-tənqidi fikrimizdə nəsrin nəzəri və aktual problemləri ilə ardıcıl məşğul olan, Azərbaycan nəsrinin tarixi inkişaf mərhələlərinin mövzu, ideya və qəhrəman problemlərini köklü şəkildə araşdırmaqla daha çox tanınan mötəbər söz sahibi olduğunu qeyd edib. Topluya daxil edilmiş məqalə-oçerklərin birində M.S.Ordubadinin sürgünlük həyatından, onun mətbuat sahəsindəki xidmətlərindən bəhs olunur. Yazıçının arxivindəki sənədlərə əsasən, vaxtilə ona qarşı müxtəlif böhtanlar atıldığı faktı önə çəkilib. M.S.OrdubadininQanlı sənələradlı kitabının millətçilik aşılayan bir əsər kimi damğalandığı, hətta repressiya dövründən sonra da ona qarşı təqiblərin davam etdiyi bildirilib. Ədibin altmış ilə yaxın davam edən ədəbi fəaliyyəti dövründə qələmini müxtəlif janrlarda sınadığı, irili-xırdalı 6 minə qədər əsərin – 4 min felyetonun, 1800 məqalənin müəllifi olduğu nəzərə çatdırılıb. Yazıçının Qafqazda baş vermişerməni-müsəlman davası”nın tarixi kimi 245 müxbirin məktubu əsasında qələm aldığı “Qanlı sənələr” əsəri haqqında kitabda lazımi məlumat verilib. Kitabın digər səhifəsində XX əsr Azərbaycan ədəbiyyatının qüdrətli simalarından biri olan Hüseyn Cavidin həyat və yaradıcılığının mühüm faktları yer alıb. ŞairinMəsud və Şəfiqə” poemasının, “Şeyda”, “Uçurum”, “Şeyx Sənan”, “İblisfaciələrinin təhlili kitabda əhatəli işıqlandırılıb. Tədqiqatçı Azər TuranınHüseyn Cavid”, professor Kamran ƏliyevinHüseyn Cavid: həyat və yaradıcılığı”, professor Cəlal QasımovunCavidi məhbəsə aparan yolmonoqrafiyalarından şair haqında dəyərli fikirlərə də burada yer verilib. Nəşrdə görkəmli ədib Yusif Vəzir Çəmənzəminlinin həyat və yaradıcılığı haqqında mühüm məlumatlar öz əksini tapıb. YazıçınınQızlar bulağı”, “İki od arasındavə digər əsərlərinin yazılma səbəbləri, mövzuları haqqında söz açılıb. Əhməd Cavaddan bəhs edən yazıda şairin şərəfli və keşməkeşli həyatı, onun və ailəsinin yaşadığı müsibətlər göstərilib. Burada şairin şeirlərindən nümunələr də təqdim edilib. Böyük dramaturq Cəfər Cabbarlıdan bəhs olunan yazıda onun məşhur dram əsərləri, dəyərli yaradıcılıq nümunələri barədə mülahizələr əks olunub. Kitabda Azərbaycan ədəbiyyatının Süleyman Rüstəm, Mir Cəlal Paşayev, Mehdi Hüseyn, Sabit Rəhman, Mirzə İbrahimov, Mikayıl Müşfiq, Səməd Vurğun, Əbülhəsən, Ənvər Məmmədxanlı, Rəsul Rza, Süleyman Rəhimov, İsmayıl Şıxlı, İlyas Əfəndiyev, Məhəmmədhüseyn Şəhriyar, Balaş Azəroğlu, Almas İldırım, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Məmməd Araz kimi parlaq simalarının da irsinə, həyat yoluna diqqət yetirilib, onlar barədə maraqlı faktlar işıqlandırılıb.

 

 

Günel MUSAYEVA

 

525-ci qəzet.- 2010.- 2 fevral.- S.7.