Əli Səbri Qasımov –
unudulmaqda olan diplomat, döyüşçü,
yazıçı
Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ziyalıları arasında Əli Səbri Qasımovun xüsusi yeri var. Yazıçı, jurnalist, tərcüməçi kimi tanınan bu görkəmli şəxsiyyət milli-azadlıq mübarizəsinin cəfakeşlərindən biri olsa da, bu gün onun ömrünün açılmamış səhifələri qalmaqdadır.
1917-1920-ci illərdə millət və vətən qarşısında öz üzərinə düşən vəzifəni hünər və şərəflə yerinə yetirən Əli Səbri Qasımov 1892-ci ildə Babək rayonunun Nehrəm kəndində dünyaya göz açıb, “Molla Nəsrəddin” jurnalında Tağı Yunuszadə imzası ilə çıxış edib və ömrünün bir hissəsini Sibirdə keçirib. Səbri onun təxəllüsüdür.
Qori Müəllimlər Seminariyasını bitirən Əli Səbri qısa müddət Bakıda müəllimlik etdikdən sonra Naxçıvana gələrək yerli vətənpərvərlərin 20-ci yüzilliyin əvvəllərində erməni daşnak təcavüzünə qarşı apardıqları müharibənin ön sıralarında olub. Balkan müharibəsi dövründə ərazi iddiaları iflasa uğrayan erməni ideoloqları I Cahan savaşında çar Rusiyasının təhrikilə yenidən və daha mütəşəkkilliklə mübarizəyə girişdilər. Naxçıvan yenidən hədəf seçildi. Naxçıvan, Dərəyələz, Şərur, Vedibasar, Qarabağ erməni işğalçıları tərəfindən savaş meydanına çevrildi. Naxçıvan ziyalıları mübarizənin önündə dayanırdılar.
Əli Səbri Qasımovun tarixi şücaəti bügünkü gəncliyimiz üçün örnək ola bilər. O, hələ 85 il bundan əvvəl Transqafqaz Ali Komissarı Haskelə demişdi: “Naxçıvan əlində silah öz istiqlalını son nəfəsinədək qoruyacaq. Biz Ermənistan adlı hökuməti tanımırıq. Bütün gücümüzlə, belə hökuməti ona görə rədd edirik ki, biz təyini-müqəddərat istəyirik... bu, bizim hüququmuzdur, onu heç kimə güzəşt etmərik.
Özünə azadlıq alan xalq hətta Azərbaycan hökumətinə ixtiyar verməz ki, onun xüsusi arzusuna riayət etməyib taleyini həll etsin, bu, mütləq nəzərə alınmalıdır”.
(“Azərbaycan” qəzeti, 1919. N 193).
Bu, həmin Əli Səbri Qasımovdur ki, Naxçıvanda qurulan Araz-Türk hökumətinin sədri Əmir bəy Əkbərzadə, Hüseyn Cavid, Fətulla Hüseynov, Kəblə Muxtar və digər nüfuzlu naxçıvanlıların köməyilə könüllü xalq dəstələrinin yaradılmasına təşəbbüs göstərib, onların əlaqələndirilməsində xüsusi rol oynayıb. Bu səylər nəticəsində yaranmış Nehrəm taboru (başçısı Kəblə Muxtar), Cəhri taboru (Kəblə Kərim), Baş Noraşen, Düdəngə və Zeyvə taboru (Fətulla bəy Hüseynov), Ordubad taboru (İbrahim Xəlil Axundov), Vedibasar müqavimət hərəkatının başçısı Abbasqulu bəy Şadlinskinin və Civə kənd könüllülərinin komandiri Bala Bəy Vəkilovla birlikdə erməni işğalçılarına qarşı döyüşlərdə qəhrəmanlıq nümunələri göstərərək mahalın erməni silahlarından təmizlənməsində xüsusi rol oynayıblar.
Bu həmin Əli Səbri Qasımovdur ki, ordubadlı Ələsgərov, Şərurdan və Sürməlidən hərəsindən bir nəfər nümayəndə ilə birlikdə 1919-cu il sentyabr 9-da Tiflisdə olub, Naxçıvanın neytral zona elan olunmasına etirazını bildirərək 17 maddədən ibarət tələbləri polkovnik Haskelə təqdim edib. Bildirib ki, “Əgər bu tələblər qəbul olunmasa, naxçıvanlılar öz istiqlaliyyətlərini əldə silah qoruyacaqlar. Öldü var – döndü yox!”
1917-1921-ci illərdə Naxçıvanda Eynalı Sultanov, Bəhram Xan və Əziz Xan Naxçıvanskilər, Hüseyn Cavid, Əziz Hərif, Əli Səbri Qasımov, Behbud Şahtaxtinski, Mir Heydərzadə, S.Əsgərxanov, Bağır Rzayev, S. Cəmilinski, Kəlbalı xan, Kərim xan və digər görkəmli şəxsiyyətlər fəaliyyət göstərirdilər və hamısı bilavasitə vətən uğrunda mübarizənin iştirakçılarına çevrilmişdilər. Onlar siyasi dəllallıq edən, əslində erməni ideoloqlarının dəyirmanını hərəkətə gətirən Qərb diplomatları ilə mürəkkəb danışıqlarda qələbə əldə edir, yerli əhalinin mübarizə ruhunu, dəyanətini artırırdılar.
1919-cu il sentyabr 9-da Naxçıvan, Ordubad, Şərur, Sürməli, Vedibasar mahallarının adından Əli Səbri Qasımovun iştirakı ilə imzalanıb Azərbaycan Xalq Cümhuriyyətinin başçılarına göndərilən sənəddə Naxçıvanın Azərbaycanın tərkibində saxlanılması, Zəngəzura gedən yolun açılması, zəiflik və qətiyyətsizlik göstərən İrəvandakı diplomatik nümayəndə Məmməd bəy Təkinskinin yerinə yeni diplomatın göndərilməsini tələb edirdilər. Həmin illərdə qaynar qazanı xatırladan Naxçıvanın siyasi həyatından bəhs edən mətbu orqanlarda, arxivlərdə kifayət qədər məlumat var.
1919-cu il oktyabrın 1-də Rəhim xanın mənzilində keçirilən müşavirədə, habelə, həmin ilin oktyabrın 25-də Müsəlman Milli Şurasının qərarında Haskel, Robinson, Devi və digər yüksək rütbəli diplomatlara Naxçıvan qəti sözünü bildirdi: Naxçıvan Azərbaycanın ayrılmaz və bölünməz hissəsidir. Məhz bu mübarizənin nəticəsi kimi, 1920-ci ilin yanvarında bütün amerikalı zabitlər Naxçıvanı birdəfəlik tərk edirlər. Ermənilərin Naxçıvanda möhkəmlənməsi niyyətləri puça çıxır.
Yuxarıda qeyd etdiyimiz kimi, 1917-ci ilin sonu, 1918-ci ilin əvvəllərində Naxçıvan ictimaiyyətinin əsas vəzifəsi güclənən erməni vəhşiliklərinin qarşısını almaq idi. Bu məqsədlə Türkiyə silahlı qüvvələrinin Şərqi Anadoludakı komandanlığına müraciət edilir, 1918-ci il mayın 16-da Nuru paşa kiçik heyətlə Naxçıvana gəlir, Kazım Qarabəkir paşa isə avqustun 7-də Naxçıvanda öz qərargahını qurur.
Məhz Türkiyə silahlı qüvvələrinin səyi ilə Andronikin Şuşaya hücumu müvəffəqiyyətsizliyə uğrayır. Şaumyan kimi xalqımızın qanuna susamış siyasət dəllalı dərhal Müsavat hökumətinin erməni kəndlərindəki özbaşınalıqları barədə vay-şivən qoparır. Orconikidze 1918-ci il oktyabr 12-də Leninə vurduğu teleqramda Andronikin Qarabağda öldürülməsi və ermənilərin kütləvi qırğınlara məruz qalmaları barədə böhtan dolu məlumatlar verir və Rusiyanı köməyə çağırır.
1918-ci ilin ortalarında quldur Andronikin dəstələri İrəvan-Naxçıvan-Culfa dəmir yolu və şosse boyunca İrana tərəf hərəkət eməkdə idi. Həmin anda Tiflis Erməni İttifaqı Xorazyantsı Naxçıvana ezam edir. Məqsəd Culfa cəbbəxanasının silahlarını ələ keçirib, silahlı dəstələr yaradıb Andronikin hücumlarına dəstək vermək idi. Onu da qeyd edək ki, hələ 1917-ci ilin noyabrında Xorazyantsın sədrliyi ilə Naxçıvanda Erməni Milli Komitəsi yaranmışdı. Onun əsas vəzifəsi terror aktları ilə Naxçıvan əhalisi arasında vahimə və xof yaratmaq və yerli idarəçiliyi ələ keçirməkdən ibarət idi.
Belə bir mürəkkəb vəziyyətdə Əli Səbri Qasımov naxçıvanlı mübarizə dostları ilə hərbiləşdirilmiş dağınıq qüvvələri ümumi düşmənə qarşı mübarizəyə səfərbər edirdi. Bu səylər baş tutmasaydı, Naxçıvanın vəziyyəti daha da ağır və faciəli ola bilərdi. Həmin dövrdə Naxçıvanda “Mücəddin” siyasi dərnəyinə (rəhbəri Mir Heydərzadə) Eynalı Sultanov, Ömər Faiq Nemanzadə, Əziz Şərif kimi görkəmli ziyalılar xüsusi rəğbət bəsləyirdilər, çünki bu siyasi təşkilat xalqın xilasını Rusiya yox, Türkiyə ilə birlikdə görürdü.
Küznüt-Çeşməbasar kəndlərini özünə qərargah edən Andronik Nehrəmi qəfildən ələ keçirməyə çalışır və kənd əhalisinə xəbər göndərir ki, azərbaycanlılarla ermənilərin birgə yaşadıqları Təzəkəndə qonaq gedir, ona görə də kəndin içərisindən və kənarından keçən yollarda qoşun hissələrinə maneçilik törətməsinlər. Andronikin mərkli planının üstü açılır, Kəndətrafı evlər, həyətlər, küçələr, döngələr, arxlar bir anda istehkama çevrilir. Kərbəlayı Muxtar, Hacı Mehdiyev, Hacı İbrahim Fərzalı oğlu, Meşədi Heydər Dünyamalıyev, Heydərqulu Həsənov, Müseyib və Müslüm qardaşları, Muxtar Allahverdiyev bütün Nehrəm əhalisini ayağa qaldırıb döyüşə hazırlaşırlar. Döyüşlərdə dülgər Hacı Mehdi, topçu Yavər, Kazım Nağdəliyev xüsusi fərqlənirlər.
Nehrəm kənd əhli Yusif Tağı oğlu həmin hadisə ilə bağlı yazdığı “Lənətləmə” şerində qatil Andronikin qanlı əməllərini ifşa edir:
Quduz alayını dəstə-dəstə,
Qəflətən yeritdin Nehrəmin üstə.
Rəhm etmədin nə uşağa, nə şikəstə,
Kəndimizə hücum etdin, Andronik.
Ordu yeritdin dərədən-dağdan,
Müslüm sağdan vurdu, Müseyib soldan.
Mərd oğullar sənə
vermədi aman,
Leşi leş
üstə qoydun, Andronik.
Dro ilə Yapon qaldı
arxada,
Sərkislə
Ncde də çatmadı dada.
Qoşunu Nehrəmdə sən
verdin bada,
Çox
qanı qanlara qatdın, Andronik.
Dənizdən- dənizə
xayala daldın,
Daşnak
şahlığını ortalığa saldın.
Kerzondan həmişə təlimat
aldın,
Bəs nə
oldu fərar etdin, Andronik.
Nehrəmdə
əzilən Andronik Naxçıvan üzərinə
hücuma keçir. Turşsudan türk toplarından atılan
atəş erməni quldurlarını tələm-tələsik
Zəngəzura çəkilməyə məcbur edir. 1918-ci ilin iyul ayında türk əsgərləri
Naxçıvan şəhərinə daxil olur və yerli əhali
kütləvi qırğından xilas edilir.
Geri çəkilən
Andronik Şıxmahmud, Didivar, Zeynəddin, Qahab, Əlincə
boyundakı kəndləri talayır və yerli əhalinin
qılıncdan keçirir.
Diqqətinizə
təqdim etdiyimiz bir-iki epizod ömrünü milli müstəqilliyimizə
həsr edən Əli Səbri Qasımovun tarixi şücaətlərlə
dolu həyatını qismən belə əks etdirmir.
1914-cü ildən
ədəbi yaradıcılığa başlayan Əli Səbri
Qasımov V. Şekspirdən, R. Toqardan, P. Verşiqoradan tərcümələr
edib. O, bir
sıra povest, xatirə və hekayələrin müəllifidir.
Əli Səbri Qasımov 1956-cı ildə bəraət
qazandıqdan sonra jurnal və nəşriyyatlarda
çalışıb, Azərbaycan Yazıçılar
İttifaqında bədii fondun direktoru işləyib. 1983-cü ildə Bakıda vəfat edib.
Təəssüf ki, bu
işıqlı şəxsiyyətin adının əbədiləşdirilməsi
məqsədilə indiyədək heç bir iş
görülməyib.
Nail ƏLİYEV,
Tarix elmləri namizədi
525-ci qəzet.- 2010.- 2 fevral.-
S.6.