Mir Hidayət bəy Seyidov – tariximizdə onun da izi var
ŞANLI BİR NƏSLİN NÜMAYƏNDƏSİ
OLAN BU GÖRKƏMLİ İCTİMAİ-SİYASİ
XADİM 1918-ci İLDƏ AZƏRBAYCANIN İSTİQLAL BƏYANNAMƏSİNİ
İMZALAYANLARDAN BİRİDİR
Gürcüstanın
paytaxtı
Seyidov Mir Hidayət bəy Mir Adil oğlu 1887-ci ildə Azərbaycanın ən qədim şəhərlərində birində – Gəncədə anadan olub. Onun atası Mir Adil bəy dövrünün açıqfikirli, maarifpərvər ziyalılarından idi. Bu ziyalılıq ulu əcdadlarından gəlirdi. Mir Adil bəy XIX əsr Azərbaycan ədəbiyyatında orijinal bir yer tutan və Ordubad ədəbi mühitinin fəxri Hacı Mirzə Ağarəhim Qüdsi Vənəndinin oğul nəvəsidir. Əldə edilən arxiv sənədlərindən aydın olur ki, Mir Adil bəyin atası Hacı Mir Ağa bəy Qüdsi Vənəndinin ikinci oğludur. Dövrünün alimi və din elmlərini dərindən bilən şəxs kimi Naxçıvanda və Ordubadda məşhur olub. Hətta böyük yazıçımız M.S.Ordubadi də öz gündəliyində onu “davamlı seyid” kimi yazıb. Öz varidatını maarifçilik işinə əsirgəməyən Hacı Mir Ağa bəy övladlarını da bu ruhda böyüdürdü. Mir Adil bəy də atasının bu müqəddəs işini davam etdirdi. Oğlu Mir Hidayət bəy 1906-cı ildə Gəncə (o vaxtlar Yelizavetpol adlanırdı) gimnaziyasını bitirəndən sonra onu Kazan Universitetinə oxumağa göndərir. Kazan Universiteti o illərdə Rusiyanın və Avropanın məşhur elm ocaqlarından sayılırdı. Mir Hidayət bəy bu universitetin hüquq fakültəsində təhsil almışdır. O, təhsil illərində azad ruhlu, müstəqillik duyğusu ilə yaşayan gənclərlə və müəllimlərlə yaxın dostluq münasibətləri saxlayır. Təhsilini başa vurandan sonra vətənə dönən Mir Hidayət bəy İrəvan və Naxçıvan quberniyalarında fəaliyyət göstərir. Hətta İrəvan və Naxçıvan quberniyalarının Müsəlman Milli Şurasının sədri olur. O, sonralar Tiflisə gedərək Zaqafqaziya Seymində müsəlman fraksiyasının fəal üzvlərindən biri kimi tanınır. Və bu yöndə apardığı ardıcıl iş onu Azərbaycanın müstəqilliyi uğrunda mübarizəyə gətirib çıxarır. Yuxarıda dediyimiz kimi, o, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 44 nəfər Milli Şura üzvündən biri kimi fəaliyyət göstərmişdir. Onu da deyək ki, İrəvan mahalı ermənilərə hədiyyə ediləndə üç nəfər o qərarın əleyhinə səs verib. Onlardan biri Mir Hidayət bəy Seyidov olub.
1918-ci ildən başlayaraq, erməni daşnakları Naxçıvana aramsız hücumlar etdiyindən, Mir Hidayət bəy ata vətəni Naxçıvana qayıdır və babalarının müqəddəs məkanı Ordubadın yağılardan müdafiə olunmasında fədakarlıq göstərir. O, Ordubad Milli Müdafiə Şurasına ən çətin vaxtlarda sədrlik edir. Əhalini düşmənlə vuruşa ruhlandırır və bu döyüşlərdə özü də öndə gedir. Çox çətin və mürəkkəb bir şəraitdə xalqın içində olmaq isə ən böyük vətənpərvərlikdir.Arxiv sənədlərindən öyrənirik ki, Naxçıvan, Şərur, Vedibasar və Ordubadın vəziyyəti olduqca mürəkkəb və qeyri-müəyyən olsa da, xalqımız düşmənə baş əymirdi. Həmin illərin sənədlərindən bəzi xatırlamalar yerinə düşər: “Ordubad ətrafında daşnaklarla amansız döyüşlər başladı. Amansız döyüşlər Ordubadın lap yaxınlığında, şəhər qəbiristanlığında gedirdi...” Xalqımız düşmənlə qətiyyətlə döyüşürdü. Çox qurbanlar versə də, daşnak işğalçılarını məhv etmək üçün əlindən gələni əsirgəmirdi. Mir Hidayət bəyin də iştirak etdiyi Milli Şurada azərbaycanlılar öz mübarizliklərini polkovnik Reyə bildirdilər: “Xalq azərbaycanlı general-qubernatordan başqa heç kimi istəmir”. Mir Hidayət bəyin qəfildən vəfatı haqda hələlik heç nə bilmirik. Ancaq onun vəfatının tarixi məlumdur. 1919-cu ildə Ordubadda vəfat edib. Mir Hidayət bəyin yaxın qohumlarından olan diplomat alim Ramiz Abutalıbov 2006-cı ildə Moskva şəhərində nəşr etdirdiyi kitabda (“Qodı i vstreçi v Parije”) onun da haqqında yazıb. Müəllif bir maraqlı məsələni də oxuculara ilk dəfə çatdırıb: Mir Hidayət bəyin ömür-gün yoldaşının və övladlarının adlarını yazıb. Bu, bizə də çox maraqlı gəldi. Marağımızı çözmədən əvvəl deyək ki, Ordubadlı Abutalıbovlar da repressiyaya uğrayan nəsillərdəndir. 1920-ci ildən sonra onları həbs edir, sürgünə göndərir və yaşamaq üçün Ordubaddan digər yerlərə köçürürdülər. Ramiz müəllimin babası Məşədi Həmzə də böyük şairimiz Hüseyn Cavidlə birlikdə İrkutsk vilayətinə sürgün edilib. Abutalıbovlar da Qüdsi Vənəndinin ailəsi ilə qohumdurlar. Ramiz müəllimin yazdığından məlum olur ki, onun nənəsi Rübabə xanımın doğma qardaşı Mir Fazil ağa Seyidov uzun illər yazıçı Əziz Şərifin xahişi ilə Naxçıvanın Zaviyyə məhəlləsindəki ata evində yaşayıb. Həmin məhəllənin yaşlı sakinlərinin söylədiyinə görə, 1965-ci ilədək Mir Fazil ağa sağ idi. Şəhərdə hamı ona ehtiram göstərərmiş. Həmin kitabda diqqətimizi çəkən mühüm məqamlardan biri də Mir Hidayət bəyin İrəvanski və Naxçıvanskilərlə qohumluğu oldu. Müəllif yazır ki, Mir Hidayət bəyin həyat yoldaşı Şövkət xanım İrəvanskaya olub. Biz Şövkət xanımın kimin varisi olduğunu oxuculara bildirmək istərdik. O, İrəvan varlılarından Ələşrəf bəyin qızı olub. Aparılan axtarışlar göstərdi ki, Mir Hidayət bəyin həyat yoldaşı İrəvanskaya yox, Şövkət xanım Kazımbəyova olmuşdur. Bu tarixi foto şəklin araşdırılmasında bizə Mir Hidayət bəyin nəvəsi, əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının professoru, prorektor Oktay Abasquliyev köməklik göstərdi. O, Mir Hidayət bəyin qızı Dilarə xanımın oğludur. Yeri gəlmişkən, onu da deyək ki, Dilarə xanım Hüseyn Abasquliyevlə ailə qurmuşdu. Hüseyn Abasquliyev uzun illər Azərbaycan MK-da yüksək vəzifədə işləyib. Onların Oktay, Leyla və Kamil adlı üç övladı dünyaya gəlib. Leyla xanım sənətşünaslıq elmləri namizədi, dosentdir. Kamil isə dosent olmaqla bərabər əməkdar artistdir.
Şövkət xanım Ələşrəf qızı Kazımbəyova çox qəribə və necə deyərlər, kədərli bir tale yaşayıb. 1920-ci ildən sonra onun həyatı necə olub, həbslərdən yaxa qurtara bilibmi? Bütün bunlar çox maraqlıdır və ayrıca bir yazının mövzusudur. Şövkət xanım ərinin vəfatından sonra Fərəməz Mahmudbəyovla ailə qurub. Onların izdivaclarından Şamil və Məryəm adlı övladları dünyaya gəlib. Şamil Mahmudbəyov sonralar məşhur kinorejissor olmaqla bir çox dövlət mükafatları alıb. Onun varisləri bu gün də Azərbaycan incəsənətinin və mədəniyyətinin tanınmış nümayəndələridirlər. Mətləbdən uzaqlaşmayaq. Mir Hidayət bəylə Şövkət xanımın nikahından bir oğlu və bir qızı dünyaya gəlib. Onların oğlu Mir Adil Moskvada təhsil alıb və ömrünün sonuna kimi ADU-da geologiyadan dərs deyib. Onun həyat yoldaşı Əzizə xanım Bakıda yaşayır. Mir Hidayət bəyin qızı Dilarə xanım isə Azərbaycanın məşhur memarlarından olmuşdur. Ramiz müəllimdən xahiş etmişdik ki, onun şəxsi albomunda olan fotoşəkli (Mir Hidayət bəylə Şövkət xanımın) bizə göndərsin. Bu şəkli Mir Adil ölümündən əvvəl Ramiz müəllimə bağışlayıb. İndi həmin fotonu sizlərə də təqdim edirik. Öz taleyini və ömrünü xalqının tərəqqisinə, müstəqilliyinə sərf edən insanlar hər vaxt diridirlər. Onlar işıqlı amalları ilə bütün nəsillərin yol yoldaşlarıdır. Vətənpərvər, həmişə xatırlanmağa layiq igid oğullarımızdan biri olan Mir Hidayət bəy Seyidov kimi...
Musa QULİYEV,
AMEA Naxçıvan Bölməsi
Tarix,
Etnoqrafiya və Arxeologiya İnstitutunun
elmi işçisi
525-ci qəzet.- 2010.- 3 fevral.- S.7.