Göylərdən gələn gəlin
Bir vaxtlar, dünyanın düz vaxtlarında, bəxtəvər çağlarında uca dağlar başında, Laçında, Şamkənddə bir gözəl vardı. Adı Səma idi. Evi, ailəsi, həyat yoldaşı, oğlu, qızı...
Qarabağ müharibəsi yüzlərlə, minlərlə ailə kimi, bu ailənin də tifaqını dağıtdı, evindən-eşiyindən didərgin saldı. Səma yaşyarımlıq körpəsi ilə girov düşdü.
Ancaq Həcər qeyrətli bu dağlar gözəli düşmən qarşısında əyilmədi, sınmadı, təslim olmadı. Mərd və ləyaqətli ölümü üstün tutdu.
“Göylərdən
gələn gəlin” sənədli povesti bu girov gəlinin həyatından,
faciəli taleyindən, o illərdə cəbhə bölgəsində
baş verən hadisələrdən bəhs edir. Kitab kimi
çapa hazırlanan “Göylərdən gələn gəlin”
povestindən bir parçanı “525-ci qəzet”in oxucularına
təqdim edirəm.
Müəllif
(Əvvəli ötən saylarımızda)
Səma girovluqda, Xankəndində, soyuq kamerada olan zaman tez-tez “çəhrayı həyat pərdəsinə bürünmüş” həyatını, şagirdlərini yad edirmiş. Şagirdləri ona həsrətlə, insan dini ocaqlara, su pərisinə, göylər mələyinə necə yanaşırsa, o cür yanaşırmışlar. Hamı istəyirdi ki, Səma müəllimə məhz onların sinif rəhbəri olsun.
O, arxası üstə, soyuq kamerada olub-keçənləri xatırlayırdı. Gecə uzun, dərd böyük, ağrılar kəskin. İyirmi dörd yaşlı dünya gözəlinin az bir müddət ərzində başına gələnlər, əziz dayıları – Yusifin, Asifin, bibisi Qənirənin gözünün önündə öldürülməsi, şikəst edilmiş yaşyarımlıq körpəsinin gələcək taleyi – onu sarsıtmışdı. Belə bir vəziyyətdə insan neyləməlidi? Yaralı, qan itkisindən rəngi ağarmış, heydən düşmüş... kameranın ağzında isə yekəpər, boyun-boğazlarından aşılanmış gön iyi gələn erməni gözətçiləri. Səma düşmənlər, onu bu hala salanlar qarşısında yox, özü, taleyi qarşısında sınmışdı. Taleyin gərdişi, dünyanın ədalətsizliyi onu sındırmışdı. Sadaladıqlarıma görə sınmışdı, əzilmişdi, amma ermənilərə, bu lovğa, təkəbbürlü, zəifin, kimsəsizlərin qabağında özlərini şir, pələng kimi aparan millətin nümayəndələri qarşısında mənən üstün idi. Erməni, təcavüzkar, qan tökməkdən doymayan nəzarətçilər qarşısında ucadan-uca, iradəliydi. Səmanın girovluqdan Beynəlxlaq Qırmızı Xaç Komitəsinin nümayəndələri vasitəsiylə Bərdə rayonunun Əyricə kəndinə, anası Sevda xanıma göndərdiyi məktubda da bu notlar var.
“...Məktubunu aldım. Biləsiniz ki, mən və qızım uşaq xəstəxanasındayıq. Özüm bir ay üç gündür ki, arxası üstəyəm. Ayağa qalxa bilmirəm. Sol ayağım tərpənmir. Əməliyyat ediblər. Hələ otura bilmirəm. Deyirlər ki, yaxşı olacaq. Qızıma da kəlbəcərli Arzu baxır. O da ayağından yaralanıb. Mənim əvəzimdən Rüfətin, Əlinin üzündən öp. Denən məni buradan çıxarın, nə olar. Ayın-oyunlarımı, cehizimi satın, təki məni evə qaytarın. Yaralandım, huşumu itirdim. Elə onu bilirəm ki, maşının təkərlərinə atdılar. Yusif dayım qolundan yaralandı. Qənirə bibim də yaralı idi. Yusif dayımı bilmədim ki, tutdular, ya yox. Asif dayım öldü. Cahangildən xəbərim yoxdur. Sağ olun. Öpürəm sizi. 3 aprel 1993-cü il. Xankəndi”.
Səmanın girovluqdan göndərdiyi məktubu diqqətlə oxuduqda hiss edirsən ki, o cür ağır, həyatla ölüm arasında çarpışan insanda yalvarış, yazıqlıq notları yoxdur. Əksinə, məktubda Səmanın yenilməz şəxsiyyəti, iradəsi görünür.
Onun kamera yoldaşı Nəsibəyə söylədiklərində qəribə məqamlar var; o, söyləyir ki, erməni nəzarətçiləri hər kameraya girəndə odeyalları üstümüzə, başımıza çəkirdik ki, onlar bizi təpikləməsinlər, vurmasınlar. Ağır yaralı olsa da, o, bütün bunları görürdü, müşahidə edirdi. O, bizim kimi deyildi. Ermənilər başqalarından fərqli olaraq Səma üçün kameraya, xüsusi yemək, çolpa, qatıq gətirirdilər.
Ermənilər kameranı tərk edən kimi o, bizi tənbeh edirdi.
– Nədən, kimdən qorxursunuz? Bundan da pis gününüz olacaq? Niyə qorxursunuz, nədən çəkinirsiniz? Siz özünüzü belə yazıq, kölə sifətində aparanda o mundarlar, o canavarlar, insanlıq simasını itirmişlər qürrələnirlər, lovğalanırlar, özlərini insan, millət hesab edirlər. Düşmənləri öz hərəkətlərinizlə “ucaltmayın”. Onlar bir millət kimi buna layiq deyillər.
Mənim üçün gətirilən qatığı, soyutma toyuğa ona görə onların başına çırpmıram ki, deyirəm yazıqsınız, yeyəsiniz, acından ölməyəsiniz.
Girovluqdan azad olandan sonra Səmanın kamera yoldaşları deyirmişlər ki, o, dəfələrlə erməni nəzarətçilərin üzünə tüpürüb, açıq-aşkar onları dünyanın ən rəzil milləti adlandırıb. Səmanın cəsarətini, ölümün üzünə şax baxdığını görən başqa girovlar da sonralar erməni cəlladlarından çəkinmirmişlər, ləyaqət və şərəf hisslərini qorumağa çalışıblar.
Ermənilər nə illah eləsələr də, günü-gündən solan, ölümün kabus maskası üzünə qonanda belə, bədəninə qan köçürməyi qoymayıb. “Ölərəm, amma bədənimə erməni qanı kösürmərəm”, – deyib.
Sözdə demək asandır. Əlbəttə, Səmanın düşdüyü vəziyyətə dözmək, tab gətirmək çox çətindi. Kəlbəcərli Arzunun dediklərinə görə, bir dəfə o, səhər-səhər kövrəlibmiş. Kameradakı yoldaşlarına deyibmiş ki, o tərəflərdə atam Aydın müəllimi, dayım Yusif Əliyevi çox yaxşı tanıyırlar. Girovluqdan sonra əgər mənim kimlərəsə son günlərim haqda danışsanız, kim olduğumu, hansı nəsildən olduğumu dərhal tanıyacaqlar. Xahiş edirəm, girovluqda olduğum müddətdə məni yazıq, fağır adam kimi təqdim etməyin. Özümü necə aparmışam, o cür də danışın. Deyin ki, heç kəsə təslim olmadı, mərdi-mərdanə şəhid oldu.
Xəstə və qızdırmalı məqamlarında sayıqlamaları, huşunun başından çıxan anları, yuxu görmələri də olub.
“Yuxuda gördüm ki, anam çörək bişirir. Anamın təndirə yapdığı çörəyin iyi hələ də burnumdadı. O, çörəyin arasına pendir qoyub uşaqlarına paylayır. Yanlarında da Əlidi, Arifdi”.
Səhəri tibb işçiləri gəlib ona dava-dərman verirlər, bir az özünə gəlir.
Girovlar öz dərd-sərlərini, ağrılarını unutmuşdular. Bir dəfə girov qızlar – Nəsibə, Arzu Səmaya xoş ovqat yaratmaq üçün elə çarpayının üstündəcə onu birtəhər divara söykəyiblər. Nəm dəsmalla üz-gözünü siliblər, artıq əvvəlki təravətini, nizamı pozulmuş saçlarını daramaq istəyiblər. Nə eləyəsən, girovların kamerası gözəllik salonu deyildi ha? Nə isə, qızlar Səmanın o gözəl və qara saçlarını lazımi, əvvəlki qaydada hörə bilmirlər. O, özünə xas mələk baxışlarıyla: “Ay qızlar, saçımı yoldunuz. İndi başıma bəla, ilan kimi sinəmə, boğazıma sarılmış saçlarımı anam vaxtilə o qədər yaxşı-yaxşı, məhəbbət və səliqə ilə darayıb ki, siz bunu bacarmazsınız. Hanı mənim o günlərim?”
DÜNYANIN NİZAMI POZULMUŞDU
Ömrü boyu sıx meşələrə, geniş çöllərə, uca dağlara tamaşa etməyi öyrəşən Səma indi yaralı vəziyyətdə kameranın nəm divarlarına, alçaq tavanına baxırdı. Tavandakı nəmlik tədricən damcılara çevrilir, üzü aşağı axıb gedirdi. Tappıltı ilə tavandan döşəməyə düşən damcılar isə Səmanın onsuz da süzülən, süzülüb-süzülüb nazik sapa dönmüş əsəblərini daha da məhv edirdi. “Hə, bu da dünyanın axırı, iyirmi dörd illik ömrümün sonu. Görəsən, Rüfət balam hardadır, nə iş görür. Neçə vaxtdı oğlumun üzünə həsrətəm. Ay Rüfət, kaş səni bircə dəfə görə biləydim. Hə, yadındadırmı, sənə Moskvadan bir çanta pal-paltar almışdım. Müxtəlif idman formaları, isti papaq, ayaqqabı, corab. Sevda nənən də mənə, ağzına qədər uşaq paltarıyla dolu çantalara baxırdı, qəh-qəh çəkib gülürdü. “Ay qız, çağa üçün bu qədər də paltar alarlar?”, – deyirdi.
Uşaq vaxtı yaman tez-tez xəstələnərdin. Səni kənddə qoyub qırx gün Bakıya, ali məktəbə, sessiyalara gedəndə döşümün südü quruyurdu. Nənən sənə keçi südü verirdi. Tərs kimi o sənə düşmürdü: bütün bədənin yara tökürdü, anan ölsün.
Dumanlı olsa da kənd yadıma düşür. Evimiz, eyvanımız, eyvanımızdan görünən mənzərələr. Qonşumuz Ayna haradan yadıma düşdü? Bilirəm, bədənim ağırlaşanda həmişə bulaqdan səhəngimi su ilə doldururdu. Hər ikimizin tanıdığı nişangah vardı: səhəngimi su ilə doldurub həmin yerə qoyardı. Mən də onun bu yaxşılığının əvəzində, müqavimət göstərsə də, “istəmirəm” desə də, qoyun-qoltuğunu alma, armud, limonla doldurardım. “Bu corab, dəsmal, Ayna xala sənindir”, – deyərdim.
Hə, hə Müsləddin! Aman Allah, belə vəziyyətimdə o haradan yadıma düşdü? Özünə münasib bir qızla evlənmişdi. Evimizdə nə qədər nimdaş pal-paltar vardı, hamısını yığıb verdim onlara. Əlimə düşənləri – əti, kartofu, soğanı, gülməliydi, əl çantama doldururdum, verirdim Müsləddingilə. Anam, qonum-qonşu mənə gülürdülər. “A...z adam da öz evindən, ailəsindən də oğurluq edərmi?”.
Mənim “oğurluğum” sədəqə deyildi, ürəyimin səsiydi. Belə-belə hərəkətlər etməkdən ləzzət, zövq alırdım. Mənə məxsus nəyim vardı – evimizi, pal-paltarlarımı, heç doyunca istifadə etmədiyim cehizlərimi, indi hamısını, hamısını verərdim, kaş azadlığa çıxaydım, bu iyrənc, yekəpər və çirkli ermənilərin caynağından xilas olaydım”.
Bu gün də (31 mart, 1993-cü il) tuneldə (Kəlbəcər) onlarla azərbaycanlının qətlə yetirilməsi, ermənilərin Qaradağlıda (Xocavənd), Xocalıda törətdikləri cinayətlərlə eyni səviyyədəydi. Yusif və Asif Əliyev qardaşlarının güllülənməsi, adlarını bilmədiyim çoxlu sayda soydaşımızın itkin düşməsi, ölüsündənmi, dirisindənmi xəbər-ətərin olmaması, nəhayət, Səmanın, şikəst edilmiş yaşyarımlıq qızı – Nurlanə ilə işğalçılara girov düşməsi böyük bir ərazidə yaşayan əhalini, xüsusilə də Kərimovlar və Hümbətovlar ailəsini, onların qohum-əqrəbasını, sözün həqiqi mənasında, iflic vəziyyətə salmışdı. İki ailənin faciəsi böyük bir elin, sözün geniş mənasında bütün Azərbaycanın faciəsinə çevrilmişdi. Hamını eyni bir sual düşündürür: Səma və Nurlanəni girovluqdan necə azad etməli?
Müharibənin də amansız qanunları var: Yanşaqdan (Kəlbəcər) tutmuş, ta Mərcanlıya (Cəbrayıl) kimi uzanan, intensiv döyüşlərin getdiyi bir vaxtda kim idi belə fərdi və şəxsi məsələlərlə məşğul olan? Azərbaycan Respublikasının ərazi bütövlüyü, ümumiyyətlə, dövlətin, xalqın təhlükəsizliyi ön plana çəkildiyi bir vaxtda kim idi belə mətləblər haqda düşünən? Bütün bunlarla yanaşı, Kərimovlar və Hümbətovlar ailəsi, onların yüzlərcə qohum-əqrəbası da özlərini bütövün bir parçası, Azərbaycan xalqının tərkib hissəsi hesab edirdilər. Səma və Nurlanənin girovluqdan azad edilməsi, elə dövlət miqyaslı işdi. Onların düşmən girovluğundan, əsirliyindən azad edilməsi, həm də namus və qeyrət, millətə və dövlətə aid məsələydi. Mətləbin mahiyyəti bundan ibarətdi.
Aydın müəllim, Sevda xanım, Əli və Arif biləndə ki, Səma Xankəndindədi, sağdı, amma atışma vaxtı çoxlu qan itirib, vəziyyəti ağırdı – hamı bir yerdə qərara gəldilər: onu girovluqdan mümkün dərəcədə tez azad etməli. Bu istiqamətdə mümkün olan, hətta olmayan imkanlardan, forma və axtarışlardan istifadə etməli.
Xüsusilə Əli, o cümlədən Hümbətov və Kərimovların yaxın, uzaq qohumları Moskvanı, Rusiyanın digər şəhərlərini ələk-vələk etdilər. Ümidverici heç nə alınmadı. Yenidən qayıtdılar Azərbaycana. Nəhayət, soraqlaşa-soraqlaşa gedib çıxdılar Araz Yağlıvəndinə, Horadiz qəsəbəsinə,İlanlı dağın ətəklərinə.
Sevda xanımın Rusiyada yaşayan bacısı oğlu Çingizin, Əlinin, Arifin gecəsi-gündüzü yoxdu. Sonralar Füzuli istiqamətində ümid, işıq ünvanı yarandı. Bu adamın adını Kərimovlar ailəsinə kim vermişdi, haradan vermişdilər, bilinmirdi. Nəyin bahasına olursa-olsun, xəstə bacısını girovluqdan azad etməyi qarşılarına bir nömrəli məqsəd qoyan Əli, nəhayət, Füzuli rayonunda Seyid Əhədlə görüşdü.
Əli ilə Seyid Əhədin mehriban, səmimi, bir az da müəmmalı görüşü ümid qığılcımı yaratdı. Elə bil qaranlıqlar birdən-birə işığa büründü. Seyid Əhədin dediklərindən belə çıxdı ki, münaqişədən çox-çox qabaq, Tuğ kəndində sahə müvəkkili işləmiş, indi isə erməni silahlı birləşmələri tərkibində mayor rütbəsi daşıyan Edik adlı bir nəfər Səmanın azad olunmasında vasitəçilik edə bilər. Əlbəttə, təmənna ilə. Bu məsələnin bir tərəfi. Digər tərəfdən isə o zamanlar Arazboyu, Kürdmahmudlu, Qorqan və Seyidəhmədli istiqamətində, bütövlükdə Füzuli cəbhəsində ağır, üzüntülü döyüşlər gedirdi. Bu cəbhədə Azərbaycan ordusunun uğurları ilə yanaşı, itkiləri də çoxdu. Şiddətli döyüşlərin getdiyi bir vaxtda kim idi Əlini qoşunların təmas xəttinə buraxan? Milliyyətcə erməni olan, Əliyə kömək etmək istəyən Edik də o tərəfdə həmin vəziyyətdəydi.
– Eşitdim
ki, Bakıda milli təhlükəsizlik naziri qohumları, əzizləri
düşmən tərəfə girov və əsir
düşmüş vətəndaşları qəbul edəcək.
O zamanlar Laçın polisi, o cümlədən də mən
ön cəbhədəydim, mövqelərdəydim. İcazə
alıb, Bakıya getdim. Nazirin qəbuluna düşdüm.
Dayılarımın öldürüldüyünü,
bacımın Xankəndində hansı vəziyyətdə
olduğunu yerli-yataqlı nazirə söylədim. Üstəlik
də onu dedim ki, çətinliklə olsa da erməni tərəfdən
bir nəfərlə əlaqəyə girmişəm, o,
bacımın girovluqdan azad edilməsi istiqamətində mənə
kömək etmək istəyir. Amma, həlledici mərhələdə
hərbçilər, MTN-nin rayon şöbələrinin,
Prezident yanında xüsusi idarənin əməkdaşları
məni cəbhəyə, təmas xəttinə
buraxmırlar.
Nazir:
– Axı, döyüşlər gedir – dedi – Üstəlik də belə məsələlərlə dövlət məşğuldu.
Bərk əsəbiləşdim. Bunu nazir də hiss etdi. Telefonun dəstəyini götürüb bir neçə dəfə harasa zəng vurdu. Məlum oldu ki, mənim ona söylədiklərimin hamısı həqiqətdi. Hətta, o, bir insan kimi halıma da acıdı. Belə əsəbi, gərgin söhbətdən sonra nazir götürüb mənə imzalı, möhürlü xüsusi forması olan buraxılış verdi. Sonralar həmin buraxılışın bacımın girovluqdan azad edilməsində mənə köməyi çox oldu.
Əli bu məsələdə – Səmanın azad edilməsi “cəbhəsində” öndəydi. Buraxılışın əldə edilməsiylə də məsələ qurtarmırdı, həll edilmirdi. Edik Səmanı girovluqdan azad edəcəyi təqdirdə, bunun müqabilində Kərimovlardan külli miqdarda pul istəyirdi. Kərimovlar ailəsi, böyük bir tayfa çıxılmaz vəziyyətə düşmüşdü: həlli mümkün olmayan işə girişmişdilər. Bu qədər pulu, sərvəti, ləl-cəvahiratı haradan tapmalı?
Bütövlükdə Laçın, Şamkənd darmadağın edilmiş, rayonun 65 min əhalisi isə bütün Azərbaycana səpələnmişdi. Hər şeyi – varı-dövləti, evi-eşiyi, malı-pulu əlindən çıxmış bu zavallılar bu qədər sərvəti necə toplasınlar?
Allah ermənilərin cəzasını versin. Onlar Azərbaycan xalqından qisas alırdı, onun maddi sərvətlərini, varını-dövlətini, nəhayət genefondunu məhv edirdi.
Nə isə... Edik
inadkarlıq edirdi. O, Səmanın azad edəcəyi təqdirdə
Kərimovlar ailəsindən milli pul yox, rus pulu, ABŞ
dolları, ləl-cəvahirat tələb edirdi.
Danışıqların şərti beləydi. Bu cür tələb,
şərt isə onsuz da düyünə
düşmüş məsələni bir az da qəlizləşdirirdi.
“YAŞAMAQ İSTƏMİRƏM”
Az qala Azərbaycan əhalisinin
böyük əksəriyyəti, dövlət qurumları,
dost-tanış Səmanı və onun yaşyarımlıq
qızını girovluqdan azad etmək istədikləri halda,
təəssüf ki, o özü buna cəhd göstərmirdi.
“Şəhid olaram, amma qoymaram bədənimə qan vursunlar”,
– deyirdi.
Taleyindən, bəxtindən üz döndərmiş, bütün bunları başlı-başına buraxan Səmanın hərəkətlərində də ziddiyyətli məqamlar vardı. Bir tərəfdən anasına göndərdiyi məktubda yazırdı ki, məni buradan azad edin, digər tərəfdən də müəyyən mənada azadlığın üfüqləri qızaranda, o bu üfüqlərə qara pərdə çəkirdi. Verilən xörəkləri yemir, qoymur bədəninə qan köçürsünlər – vaxt uzandıqca da tədricən sağlamlığı pisləşir, yaşamaq əlamətləri yox olub gedirdi. Bəlkə də, Səma anasına göndərdiyi məktubu girovluğun ilk aylarında, isti-isti yazıbmış. Yox, sonralar görəndə ki, azad olmaq prosesi uzun çəkir, hər şeydən əli üzülür, özü üçün ölümü, şəhid olmaq yolunu daha üstün tutur. Kim bilir?..
(Ardı var)
Ziyəddin SULTANOV
525-ci qəzet.- 2010.- 3 fevral.- S.6.