Həyat sual-cavabdır
Mən qəzetlərdə nəşr olunmuş məqalələrimlə bağlı elektron poçtla xeyli məktub alır, telefon zənglərinə cavab verirəm. Fikir mübadiləsi müxtəlif mövzuları əhatə edir – arının çiçəklə söhbətindən başlayaraq dünyada bugünkü ictimai-siyasi duruma qədər. Oxucuların böyük əksəriyyəti qəzet məqalələrində söylədiyim fikirlərlə razılaşır, mənə öz minnətdarlığını bildirir, bir çoxları qeyd edirlər ki, mən onların demək istədiklərini yazmışam. Fikirlərin üst-üstə düşməsi çox mühüm amildir. Lakin başqa məzmunlu sual verənlər də var. Onları ümumiləşdirsək, belə bir variant alına bilər: “Rafiq müəllim, nə üçün biz Sizin tövsiyələrinizə əməl etməli və ya Sizin sözünüzə inanmalıyıq? Siz iman və din, siyasət və hakimiyyət haqqında illərlə sabit xarakter daşımış ənənəvi təsəvvürlərə müxalif olan fikirlər söyləyirsiniz. İndi qeyri-ixtiyari olaraq çox hadisələrdən, faktlardan şübhələnməyə başlayır və Sizin təklif etdiyiniz kimi, bəzi tarixi məlumatların doğruluğunu məntiqin gücü ilə yoxlamaq istəyirik. Siz bunu normal hal kimi necə qiymətləndirirsiniz?”.
Bəli, təəssüflər
olsun ki, biz müxtəlif üsullarla nə vaxtsa əldə
etdiyimiz bilikləri dəyişməz vəziyyətdə
saxlamağa vərdiş etmişik və bəzi tarixi məlumatların
doğruluğunu yoxlamaq üçün
özümüzü əziyyətə salmaq istəmirik. Əlbəttə,
səsləndirilən sualları ətraflı izah etsək,
bu, təbii ki, bir neçə qəzet səhifəsini əhatə
edə bilər. Bu, həqiqətən də qəzet məqaləsi
çərçivəsindən kənara çıxa bilər.
Həm də düzünü desəm, bəzi reallıqlarla
bağlı mənim şəxsi yanaşmam, ola bilsin, Sizin
xoşunuza gəlməyə də bilər. Əgər mən
verilən hər suala aydınlıq gətirməyə
başlasam, zənnimcə, bu cür yanaşma, ən
azından, mühazirələr kursunu xatırladacaq.
Düşünürəm ki, oxuculara lazım olan bu deyil. Mən
özüm də dialoqu, canlı söhbəti üstün
tuturam və ümidvaram ki, mənimlə oxucu arasında nə
vaxtsa bu, baş verə bilər. Bu variant mənə və oxuculara daha rahat və
aydın olardı. Lakin bununla yanaşı, öz mövqeyimi
daha asan izah etmək üçün cavabımı
mümkün qədər qısa və aydın ifadə etməyə
çalışacam.
Söhbət iman və dindən
gedəndə əksər insanlar, hətta, alternativ fikirləri
olduqda belə, susmağı üstün tuturlar. İman və
dinlə bağlı problemlərin müzakirəsinə
özünəməxsus, mən hətta deyərdim,
insanın özündən asılı olmayan daxili qadağa
mövcuddur. Yəqin, hər kəs müşahidə edib ki,
kimsə Allahla bağlı mövzuya aid danışanda
hörmət, sevgi əlaməti olaraq və əlbəttə
ki, Allahın qəzəbi qarşısında
şüuraltı qorxu hissinin təsiri nəticəsində səsini
aşağı salır və diqqətini cəmləşdirməyə
çalışır. Bu, təbii haldır. Çünki
bizim fikirlərimizin Allahın xoşuna gəlib-gəlməyəcəyini
bilmirik. İnsanın ürəyində və şüurunda
bu hisslərin hər birinin öz yeri var. Lakin bununla belə, həyatın
mahiyyətini dərk etmək, dünyada hər şeyin
bir-biri ilə əlaqəli olduğuna əmin olmaq
üçün Tanrının yaratdığı insana
münasibət haqqında mümkün qədər çox
fikirləşmək, danışmaq və müzakirələr
etmək lazımdır. İnsan nə üçün
yaradılıb, onun yer üzərində missiyası nədir,
o, hara hazırlaşır və bütün bunlar Yaradana nə
üçün lazımdır sualına cavab axtarmaq heç
vaxt və heç bir səmavi dini kitabda qəbahət hesab
olunmayıb, insanın özü və onu əhatə edən
təbiəti öyrənməsinə maneələr
qoyulmayıb. Əksinə, bütün dinlər insanı dərk
etməyə, biliyə sahib olmağa, öyrənməyə
dəvət edir.
Mən elə hesab edirəm
ki, istənilən suala münasib cavab tapmaq, hər şeyi məntiqə
uyğun izah etmək mümkündür. Əgər belədirsə,
susmağın faydası varmı? İman və dinin mahiyyətini
dərk etmək üçün daha çox oxumaq, mübahisə
etmək, soruşmaq, başqa insanların fikrini öyrənmək
daha vacibdir. İstənilən növ, o cümlədən təbiət,
Kainat, bütün bunları ideal qaydada saxlayan ilahi qüvvə
haqqındakı biliklərin əldə edilməsi və dəqiqləşdirilməsi
prosesi məhz elə bundan ibarətdir. Bunu bizdən
bütün Müqəddəs kitablar tələb edir. Onlar
biliyə, elmə dəvət edir. Əgər biz
düşünməmək, şübhə etməmək,
hadisələr və faktlar barədə danışmamaq
üçün yaradılmışıq desək, çox
yanlış olar. Həqiqətən, bu heç də belə
deyil. Dini kitablarda yazılanlara əsasən,
ağıllı, fəal, yaradıcı insanlar Allaha daha
xoş gəlir. O, işləyənləri,
tanımadığı əşyaların mahiyyətində
şübhə edərək öyrənənləri, hər
şeyə cavab axtaranları, daima mənəvi qida
axtarışında olanları, biliyə, elmə meyl göstərənləri
təqdir edir. “Allahın adı ilə oxu!” “Oxu!”, – deməklə,
Allah nəsihət verir ki, öyrən, dünyanı,
özünü və Yaradanı dərk etməyə
çalış!
Bütün dediklərimi nəzərə
alaraq, mən öz cavablarımı konkret suallar şəklində
qurmaq niyyətindəyəm. Razıyam ki, bu, ən
yaxşı çıxış yolu deyil. Lakin yoxlamağa dəyər,
bəlkə faydalı olacaq!
Məgər Müqəddəs
kitabları oxuyarkən ortaya çıxan çoxsaylı
suallara din alimlərinin şərhləri olmadan, qismən də
olsa, cavab tapa bilirikmi?
Biz nəyə əsaslanaraq
tanımadığımız, 10-14 əsr bundan əvvəl
yaşamış ərəb xəlifələrinin,
sultanların katiblərinə, şifahi şəkildə uzun
illər qalmış fikirlərin yazılı şəklə
çevrilməsinə tam inana bilərik?
Orta əsr əlyazmalarından,
daha doğrusu, yalnız natamam şifahi məlumatları ehtiva
edən rəvayətlərdən öyrəndiyimiz hadisələr
barədə əsrlər keçdikdən sonra bizə gəlib
çatan məlumatın doğruluğuna dair tutarlı, elmi
cəhətdən sübut olunmuş dəliliniz və ya
heç olmasa, intuitiv əsasınız varmı?
Siz başqa ölkədən,
tayfadan, tarixin dərinliklərindən olan, min il bundan əvvəl
yaşamış, tanımadığınız insanlara necə
etibar edə bilərsiniz? Onlar da bizim kimi canlı insanlar
olublar. Onların da öz vəzifələri, maliyyə və
ya siyasi meylləri mütləq olub. Ayrı-ayrı
insanların istəyini yerinə yetirmək üçün
tarixi əsərlərin üzünü köçürənlər
mətnlərdə istədikləri ifadə və fikri dəyişə,
əlavələr və ya ixtisarlar edə bilərdilər.
Biz hətta onların, bu insanların bəzilərinin,
ümumiyyətlə, mövcud olub-olmamasını da yəqinliklə
iddia edə bilmərik.
Nə üçün Siz
saxta tarixi faktların “həqiqiliyində” şübhə etmək
istəmirsiniz? Axı bizlərdən heç kim zəmanəmizdən
və reallıqlarımızdan çox-çox uzaq olan həmin
“tarixçi” və əlyazma köçürücülərinin
hansı şəraitdə yaşaması, onları o
dövrün davranış qaydalarını yazmağa, həyat
tərzini və nəhayət, məişəti təsvir etməyə
nəyin təhrik etməsi barədə konkret və dəqiq
heç nə deyə bilməz. Bizim bir sifarişçidən
digərinə üz tutan bu və ya digər
köçürücü- “fərari”nin şəxsiyyəti
haqqında məlumatımız, demək olar ki, yoxdur.
Məgər biz, məsələn,
100 il bizdən sonra yaşayacaq nəsli bugünkü alim,
yazıçı və jurnalistlərin yazılarında
şübhə etdiyinə görə qınaya bilərikmi? Məgər
biz özümüz ayrı-ayrı qəzetlərdə
çıxan istənilən məlumata tam şəkildə
inanırıqmı? Amma 100 ildən sonra bu məlumatlar bizdən
sonrakı tədqiqatçılar üçün “ilkin mənbə”
ola bilər. Mən öz tərəfimdən deyə bilərəm
ki, bu gün KİV-in bir çox yazılarına, televiziya
verilişlərinə, hətta tarixçi, siyasətçi
və beynəlxalq ekspertlərə tam şəkildə
inanmıram. Dünya hər zaman mənfəətpərəst
olub və Adəm ilə Həvvanın gəlişindən bu
günədək çox az dəyişilib. Bəzən sizə
elə gəlmir ki, bu gün insana xas olan mənfəətpərəstlik
qüsuru bütün mümkün ədəb sərhədlərini
aşmışdır?
Son 50-60 il ərzində
gözümüz qarşısında nə qədər dəyişikliklər
baş verib! Məgər biz siyasi vəziyyət, partiya mənsubiyyəti
üzündən tarixi faktların necə
saxtalaşdırılmasının şahidi olmuruq? Çar
Rusiyasının, Sovetlər İttifaqının, bu gün
müstəqil olan Azərbaycanın tarixində baş verən
saxtalıqların biz şahidi deyilikmi?
Nə üçün biz
100-200-1000 il bundan əvvəlki tarixin bu və ya digər
yanaşma və təhlil metodologiyasına şəxsi siyasi
ambisiyaların təsirinə yol verə bilmərik? Axı bu
cür ehtimalı istisna etmək belə mümkün deyil.
Bizim nəsil üç
ictimai-siyasi quruluşdan keçməli olub və biz katib-alimlərin
tarixin özünə, tarixi şəxsiyyətlərə,
müxtəlif növ hadisələrə yanaşmalarında
nəyin və necə dəyişdiyini yəqin edə bilərik.
Məgər onların əksəriyyəti bugünkü
reallığa uyğundurmu?
Bu siyahını 100, 1000
suala kimi artırmaq mümkündür. Lakin məsələnin
mahiyyəti bununla, çətin ki, dəyişsin. Belə
olduğu halda, hər birimizin, demək olar ki, biliyimizi dəqiqləşdirmək
məqsədi ilə bəzi tarixi-dini faktlar kimi təqdim
olunanları şübhə altına qoymaq, keçmişə
və bu günə öz münasibətimizi bildirmək və
şəxsi nəticə çıxarmaq hüququmuz
vardır. Mən başa düşürəm ki, hər kəs
bunu açıq şəkildə etmək istəməz.
Lakin Müqəddəs kitablarda deyildiyi kimi, “Hər kəs
layiq olduğunu alır”. Hər birimiz öz
sözümüzün sahibiyik, hər birimiz açıq
şəkildə bildirdiyimiz fikrə görə məsuliyyət
daşıyırıq. Mən də bu siyahıda istisna deyiləm.
Mən yalnız doğru hesab etdiyim fikirləri yazır və
səsləndirirəm.
Hesab edirəm ki, insan onu
narahat edən fikirlərin yükündən xilas olmaq zərurəti
duyduqda sadəcə susub, guya hər şeyin yaxşı
olduğunu, hər şeyin onu qane etdiyini bildirmək və
“Bütün dünya üçün ağlamaq olmaz” prinsipi
ilə hərəkət etməkdənsə,
danışması, müzakirələrə qoşulması
daha yaxşıdır, daha faydalıdır. Çünki biz
özümüz bu dünyanın bir hissəsiyik. Göstərilən
halda, mən heç bir istisna təşkil etmirəm və həqiqətən
də “qızılaxtaran” deyiləm (susmaq qızıldır mənasında).
Malik olduğum, yəni öz fikrim, bizi əhatə edən aləmə
şəxsi münasibətimin mövcudluğu mənə
kifayətdir.
Kim öz imanını dərk,
dinini vacib, anlaşılan və məntiqi cəhətdən
düzgün etmək, müxtəlif dini kitablar və
onların şərhlərində yazılanlara kor-koranə
inanmaq istəmirsə, mən onlarlayam. Mən onların dəstəsinə
daxiləm!
Mən dini kitablarda göstərilmiş
qayda, qadağa və icazələrin mahiyyətini başa
düşmək istəyirəm. Mən tarixə, bu
günümüzə aid olanları bir daha ağıl
süzgəcindən keçirməyi üstün tuturam. Mənə
elə gəlir ki, bu, normal istəkdir və qəbahət
sayıla bilməz.
Mənə verilən
seçim azadlığı, iradə azadlığından və
öz ağlımın imkanlarından istifadə etdiyimə
görə o dünyada məni mühakimə edəcək məxluqların
hüquq və məsuliyyət həddini müəyyənləşdirməyə
cəhd göstərirəm.
Nəhayət, mən
insanın şüuru və heyvani instinkt arasındakı fərqi
bilmək istəyindəyəm.
Əslində bunlar fikirlərimi
formalaşdıran məqamların yalnız bir neçəsidir,
məhz onlar bütün hərəkətlərimin səbəbidir,
mənim yazılarımın mahiyyətini təşkil edir.
Rafiq ƏLİYEV,
fəlsəfə elmləri doktoru,
professor
525-ci qəzet.- 2010.- 3 fevral.- S.2.