Yəhudinin əlifbası
İnsan cəmiyyəti yarandığı qədim dövrlərdən ta indiki vaxtadək fərdlərinin xislətlərindəki naqisliklərə tuş gəlib, bunun nəticəsi olaraq zaman-zaman dəhşətli müharibələrin, zorakılığın, insan alverinin, mənəviyyatın cılızlaşmasının şahidi olub. Eramızın axırıncı iki əsrində isə kapital yığımına hərislik o dərəcəyə çatıb ki, Yer kürəsi və onun beşiyi olan ana təbiət artıq ona edilən müdaxilələrə tab gətirməyib insanları bu əməllərinə görə ciddi cəzalandırır.
Ulu Yaradan
insanın, cəmiyyətin xoşbəxt və firavan
yaşaması üçün hər cür imkanlar
yaradıb, ona təbiətin bol ruzisini verib. Bəs insan, onun toplusu olan cəmiyyət
bundan necə istifadə edir? Tam qətiyyətlə deməliyəm
ki, çox pis, vəhşicəsinə. Nəfsinin qulu olaraq
ana təbiəti zəhərləyir, onun canlı və
cansız varlığını məhv edir. Bu şər
qüvvələr eyni vaxtda varlanmaq naminə insan mənəviyyatını
alçaldır, onu istədiyi kimi idarə edir, xeyir görmədiyi
halda isə bu insanları uçuruma atmaqdan çəkinmir.
Görkəmli Azərbaycan
yazıçısı Seyran Səxavətin 2009-cu ilin
axırlarında nəşr etdirdiyi “Yəhudi əlifbası”
romanı məhz bunlara qarşı bir həyəcandır.
Qeyd etməyi lazım bilirəm ki, Seyran müəllimin insan
naqisliklərinin və bunların yaranması səbəblərini,
onun təbiətini açıb göstərən, cəmiyyətin
mənəviyyatına vurduğu ziyanları və cəmiyyətin
buna reaksiyasını bildirən əsərləri əvvəllər
də oxucuları ciddi düşündürüb.
Yazıçının 2002-ci ildə nəşr etdirdiyi
“Nekroloq” romanı ilə tanışdırlar. “Nekroloq”
romanı 2002-ci ildə Azərbaycan Yazıçılar
Birliyinin Yusif Səmədoğlu adına “İlin ən
yaxşı roman” mükafatına layiq görülüb.
Yazıçı “Yəhudi
əlifbası” romanında insan zəkasının daha da dərinliklərinə
nüfuz edərək bəşəriyyəti
düşündürən “olum və ya ölüm”
dilemması qarşısında qoyulan sualın cavabını
axtarır. Lakin bu islaholunma və özünəqaytma prosesi
müəllifin təəssüflə qeyd etdiyi kimi hələ
çox ziddiyyətlərlə qarşılaşacaq, uzun yol
keçəcək.
Romanın bədii
xüsusiyyətlərindən biri və həm də oxucunu dərindən
düşündürən cəhəti onun alleqorik formada
ifadə edilməsindədir. Dünya klassik ədəbiyyatının
görkəmli nümayəndələri – yunan Aristofan və
Exop, italyan Dante, fransız Rable, alman Höte, şərqin
böyük söz ustadları Nizami, Sədi, Füzuli və
başqa janrlarda məhz alleqorik formadan məharətlə
istifadə edərək mənəvi
düşgünlüyü, hakim təbəqənin
zorakılığını böyük ustalıqla
açıb göstəmişlər.
Romanın ilk səhifələri
artıq oxucunu ciddi düşündürməyə sövq
edir.
“ – Qalxın, Gələn gəlir!!!
Bütün bəşəriyyət dik qalxdı. Qəbirlər
də dikəldi, baş daşları ilə üzbəüz
dayandı. Zaman da dikəlib dayanan kimi Gələn gəldi,
Yer kürəsi sətəlcəm olmuş adam kimi ölü
sükutuna büründü, bu sükut ağappaq idi, kəfənə
oxşayırdı. Bu ölü sükutu Gələndən
başqa kimsə dirildə bilməzdi və o da diriltdi:
– İnsan Adəm və Həvva
deyilən saatdan sizlərin dik qalxdığınız saata qədər
çox uzun bir yol keçib və sizin qiymət almaq
saatınız yetişib, qulaq asın...
– Sülh – iki.
– Müharibə – beş.
– Gözütoxluq – iki.
– Allahsızlıq – beş.
– Yalan – beş...
Sükut yenə
çabalaya-çabalaya öldü və Gələn bu
ölünü təzədən diriltdi.
– Bütün bunları əsas
götürərək qərara alıram:
– Bəşəriyyət
haqqında həbs-qətimkan tədbiri seçilsin və
haqqında cinayət işi qaldırılsın. Bu hökmdən
bir ay müddətində Allahdan yuxarı bir kimsə
tapsanız, quşların vasitəsilə ona şikayət edə
bilərsiniz”.
Necə də düşündürücü
bir səhnə.
Böyük Yaradanın,
yolunu və dinini azmış övladlarına verdiyi sərt
qiymət! İnsan övladı bu çirkablardan qurtula biləcəkmi,
şeytan adlandırılan, lakin əslində, insan nəfsinə
hakim kəsilən bu şər qüvvəni dəf edə
biləcəkmi?
Romanda əsas surət kimi
göstərilən Özünü Axtaran Adam insanlardan, cəmiyyətdən
qaçaraq çöllərə düşüb
uşaqlıq illərindəki saf və pak qəlbli əvvəlki
özünü illərdə axtarması müəllifin bədii
bir priyomu kimi qiymətləndirilməlidir. Onun bu
axtarışda ilk rast gəldiyi adam – Füsunkar isə
müasir həyatın hər cür bəd əməllərini
öz xislətində cəmləşdirən və
bütün bu naqisliklərin yaşandığı cəmiyyətdə
adi bir hal kimi qəbul edildiyini bildirir və Özünü
Axtaran Adama təlqin etməyə çalışır ki
“...Niyə palaza bürünüb elnən sürünmürsən?”
Özünü Axtaran Adam Füsunkarı və onun nəslini
bu ikiüzlülüyə görə təhqir edir.
Füsunkar onun və nəslinin şərəf və ləyaqətini
təhqir etdiyinə görə onu öldürəcəy ilə
hədələyir. Özünü Axtaran Adam
Füsunkarın daxili aləmini açdıqca onun pula hərisliyini
yəqin edib bu işi pul ilə yoluna qoymağı təklif
edir. Hər şeyin para ilə həll edildiyi cəmiyyətin
məhsulu olan Füsunkar onun və şəcarəsinin
qırx yeddi nəfər olduğunu və hər birinə min
dollar olmaqla qırx yeddi min dollarla bu işi xətm edə biləcəyini
deyir. Özünü Axtaran Adam bu qədər pulu
olmadığını bildirəndə Füsunkar alverə
başlayır.
“ – Yaxşı əlli faiz
keçərəm.
– ...Gücüm çatmaz
e... Min dollar düzəldə bilərəm...
– İki yüz də qoy
üstünə...
– Billah, mümkün deyil...
– Yaxşı, əlli də...
– Min dollar!!!”
Şərəf və ləyaqət
alveri sona yetir.
Özünü Axtaran Adam
yenə çöllərə düşüb
axtarışını davam etdirir. Bu dəfə o, boy-buxunu həddindən
böyük olan Pəzəvənglə rastlaşır.
Adının və atasının da adı Veyil olan bu adamla
söhbətdən bəlli olur ki, sakini olduğu və xəritəyə
düşməyən Qarışığıstan adlanan
ölkədə” qanunlar çox humanistdir, hər kəsə
xasiyyətinə görə ad qoyduğumuz kimi, xasiyyətinə
görə də şərait yaradırıq ki, öz
işini görə bilsin, biz bilirik ki, o, rüşvət
almasa yaşaya bilməz, ölər. Bir rüşvət nədir
ki, ona görə Yer üzünün əşrəfi insan
ölsün? Bizim qanunlar buna yol verməz”.
Ondan soruşanda ki, bu veyillənməkdə
məqsədin nədir? “...Səyyaham, Dünya səyahətinə
çıxmışam. Çox yerlərdə olmuşam, nə
biz tərəfdən yaxşı tərəf, nə də
bizim adamlardan yaxşısını görməmişəm”.
Görün, necə də
güclü sarkazm. Demək başqa “planetlərdə” məskunlaşmış
cəmiyyətlərdə də şeytan öz işini
görür.
Özünü axtaran Adamla
Cənnətməkandan, süd əmdiyi mələyin
döşünü dişdədiyinə görə qovulan
uşaqla söhbət də çox maraqlı keçir.
Allahı yuxusunda görmüş uşaq:
“ – Allah mənə dedi ki, bəndələr
yazdıqları kitablarda, çəkdikləri filmlərdə
Dünyanı çoxdan dağıdıblar. Bu ixtiyar isə
ancaq məndədi... Qoy onlar mənim işimə
qarışmasınlar..., bu məni qəzəbləndirir,
vaxtı gələndə özüm dağıdacam!!!” Bir də
mənə dedi ki: “...Adamlar qudurub! Adamlar itlərin işinə
qarışmasın! Mən qudurmağı itlərə
vermişəm!..”
Bu danılmaz bir həqiqətdir.
Öz halal zəhməti ilə, alın təri tökmədən
müxtəlif yollar və üsullarla zənginləşən
belə adamlar istədikləri ölkələrdə, kurort
yerlərində bahalı villalar tikdirir, onları bəzəkli
əşyalarla doldurur, itləri, pişikləri, hətta vəhşi
heyvanları və ilanları yedizdirib bəsləməkdən
həzz alırlar. Özü də bu qudurğanlıq, xeyli
sayda kasıb ölkələrin aclıq çəkən, səfalətdə
yaşayan milyonlarla insanların həyatı ilə paralel
baş verir.
Uşaq, Özünü
Axtaran Adama böyüklərin əməllərinə etiraz əlaməti
olaraq bildirir:
“ – Siz həmişə
demisiniz ki, uşaqlar bizim gələcəyimizdi. Bundan sonra belə
olmayacaq, uşaqlar sizin gələcəyiniz yox, bu
gününüz olacaq, Dünyanı uşaqlar idarə eləyəcək
– Allah belə istəyir...” Necə bir ülvi, pak, həm də
cəsarətli bir uşaq arzusu! Bu, müəllifin təxəyyülündən
doğan və Dünyanın idarə edilməsini təmiz əllərə
tapşırılmasını istədiyindən irəli gələn
bir arzudur.
Yazıçının evlərinin
qənşərində bitmiş sərv ağacı ilə
apardığı “söhbət” də çox
düşündürücü bir mövzuya həsr olunub.
“...Niyə bizi vaxtından əvvəl
öldürürsünüz... Siz bizi kəsib doğrayanda
torpağın nizamı pozulur, torpağın mənə verəcəyi
şirə qalır torpaqda, torpağın ürəyi
qalxır, xəstələnir, kişilikdən
düşür, başa düşürsüz?”
Seyran müəllim sərv
ağacının doğru olan bu şikayətinin təbiətə
necə ziyan gətirdiyini ürək ağrısı ilə
təsdiqləyir və bunun hansı nəticələrə gətirib
çıxaracağını göstərir:
“Yer kürəsi enerjisinin
böyük bir hissəsini də ağaclara ötürür
və bu ötürmə bir şəhərin altını
üstünə çevirir, darmadağın edir, adamlar
qırılır. Yer kürəsinin tükənməz
enerjisinin ünvanı səhv düşəndə belə
faciələrə gətirib çıxarır, ona görə
də ağacı qırmaq, çayın səmtini dəyişmək,
dağı partlatmaq – əlqərəz, dəbdə olan bir
cümlə ilə desək, ana təbiətə qalib gəlmək
olmaz, çünki biz hər dəfə ana təbiətə
qalib gəldikdə ona məğlub oluruq, özü də bu
məğlubiyyət çox acınacaqlı olur”.
Romanın son fəsilləri
daha təsirli, dramatik və ibrətamiz səhnələri
özündə təcəssüm etdirir. Gələnin (oxu
Allahın) qərarı ilə bəşəriyyətə və
insanlığa qənim kəsilən şərxislətli kəslər
cəhənnəmə göndərilirlər. Yer üzündə
səkkiz yüz altmış iki milyon adam aclıq çəkir.
Onların payını həzm-rabedən keçirən bu kəslər
indi yeraltı, çirkab üfunətli, havasız bir dəhlizlə
dizüstə cəhənnəmin isti guşəsinə
doğru xeyli yol gedib dəhlizin tam ortasına
çatırlar. Əldən düşərək onlar
deyinirlər: “...Deyirlər cəhənnəmin yolu
yaxındı, yüz illərdi gedirik, ancaq yolu heç
yarılamamışıq da...” Bu vaxt qəribə bir at
skeleti üstündə boy-buxunlu bir adam skeleti sıra ilə
gedən bu kəsləri saxlayıb: “...Geri qayıdın,
yollar bağlıdı!” əmrini verir. Beləliklə bu
sıra illərlə, qərinələrlə cəhənnəmə
yol gedir, belə çıxır ki, cəhənnəm də
bu şər əməlli insanları qəbul etməkdən
imtina edir.
Çox maraq kəsb edən
səhnələrdən biri də dəhlizdə cəhənnəmə
gedən yolda Hitlerin, Leninin, Stalinin və... Qorbaçovun
çarmıxa çəkilmiş heykəllərinin təkrarolunmaz
sənət əsərləri kimi sakinlərin
tamaşasına verilməsidir. Qorbaçovun çarmıxa
çəkilmiş heykəlinin altında
yazılmışdı: “yenidənqurma, Alma-ata, Tiflis, Vilnus,
20 Yanvar – Bakı və proses poşol... Nobel
mükafatçısı”. Müəllif çox haqlı
olaraq belə bir haşiyə edir: “...ancaq heykəlini niyə,
elə özü sağ-salamatdı, özünü
çarmıxa çəkmək lazımdı”. Bu sözlər
necə də, indi, qanlı 20 Yanvar hadisələrinin 20
illiyində məntiqli səslənir. Sonrakı fəsildə
öz alleqorik üslubu seçimindən daha
düşündürücü səhnələr təsvir
edilib. Elə romanın adı da burada cərəyan edən
hadisələrdən və məziyyətlərdən
götürülüb. Hadisələr, Birləşmiş
Millətlər Təşkilatının maliyyə dəstəyi
ilə salınan və saxlanılan, dünyanın
bütün ölkələrində acından ölüb
burada basdırılan çox böyük bir qəbiristanlıqda
baş verir. Qəbiristanlıqda böyük hazırlıq
işləri aparılır; burada acından ölənlərin
şərəfinə ucaldılmış abidənin
açılışına hazırlıq işləri
görülür. Dünya ölkələrinin prezidentləri
bura gəlib bu təntənəli mərasimdə iştirak
etməli, abidənin açılışında nitq söyləməlidirlər.
Budur, qəbiristanlıq rəhbərliyi canfəşanlıqla
hazırlıq işlərini başa
çatdırmaqdadır;
“...Sizcə bu nə həngamədi
belə, nə təntənədi?
– Bəşəriyyətin
gözünə kül üfürürlər!”
Özünü Axtaran
Adamın bu sözlərində həqiqətən indiki
dövlət başçılarının dəst-xətti
görünür. Məsələn, humanitar yardım adı
ilə göstərdikləri köməyin əvəzində
öz məkrli siyasətlərini, çox vaxtsa iqtisadi
maraqlarını gözləyirlər.
Birdən qəbiristanlıqla
göy üzünün arasında qara bir pərdə peyda
oldu. Dünyada nə qədər qara rəngli quş varsa
hamısı uçub bura gəlmişdi. İlahi bir qüvvə
ilə onların bir hissəsi abidəyə və
kürsüyə tərəf şığıyıb hər
ikisini zəbt etdilər. Abidənin və kürsünün
ağappaq kəfəni qapqara oldu. Quşların
ağırlığından abidənin də,
kürsünün də kəfəni dözməyib
üzüaşağı sürüşdü. Quşlar
öz bacardıqları kimi “lenti kəsib” abidəni
açıq elan elədilər. Onlar prezidentlərin
“işini” xeyli yüngülləşdirdilər və bundan
sonra uçub getdilər. Artıq prezidentlər gəlmiş
və bu qeyri-adi qəbiristanlığa təşrif
buyurmuşdular. Onlar belə qərara gəldilər ki,
dövlət başçıları əlifba sırası
ilə kürsüyə düzülsünlər və
çox vaxt almamaq üçün hamısının
adından ABŞ prezidenti çıxış etsin.
“Kürsüdə yüksək
səviyyədə sıralanmış dövlət
başçılarının belə düzümü tam yəhudi
əlifbasını xatırladırdı”.
Lakin nə ABŞ
prezidentinin, nə də başqa dövlət
başçılarının xəbəri yox idi ki, bu
kürsünü ucaldan qədim Misir ehramlarını tikənlərin
törəmələrindəndir. Onların xəbəri yox
idi ki, kürsüdə yalan danışmaq olmaz, yalan
danışan, diri ikən özünə ölüm
hökmünü qazanır.
Seyran müəllim,
insanların Yer kürəsinə, cəmiyyətlərə,
özlərinə etdikləri pis əməllərinə
görə Böyük Yaradanın ağır cəzası
ilə mütləq üzləşməli olduqlarını
göstərməklə Onun öz yaratdıqlarına rəhminin
də hüdudsuz olduğuna inanır.
“...Bəşəriyyətin
nəhəng gövdəsini kəsib nəhəng
kötüyünü Allahın qənşərinə
qoymuşdular. Bu kötüyün diametri qırx min kilometr
olardı. Ağac kötüyündən fərqli olaraq,
buradakı dairələrin arası bir illə deyil, milyon illərlə
hesablanırdı. Allah ilahi bir hövsələ ilə
kötüyü şəhadət barmağı ilə yonub
qırıntılarını aləmə
üfürürdü. Bu saysız-hesabsız dairələrin
mərkəzində kiçik bir dairə vardı – bu dairə
bəşəriyyətin bir yaşını göstərirdi.
Allah bu dairəyə
çatanda alın tərini sildi, üzünə təbəssüm
qondu. Kötük uzunluqda olan bu zoğ ağac şitilinə
oxşayırdı. Allah ağac şitilinə oxşayan bu
zoğu Yer kürəsinə basdırdı, üstünü
torpaqlayıb bir ovuc su tökdü və öz dərgahına
çəkildi...”
Romanın sonunun nikbin notlarla
bitməsi əbəs deyil. Yuxarıda qeyd etdiyimiz kimi Seyran Səxavət
Böyük Yaradanın sonsuz mərhəmətinə inam gətirir,
inanır ki, bir gün gələcək, Yer üzü Allahın
ilkin yaratdığı saf qəlbli, təmiz vicdanlı,
ürəyində ülvi məhəbbət və sevgi gəzdirən
insanların beşiyi olacaq.
Budur, Allahın əkdiyi o
zoğ becərdi. Günəş öz
şüalarını qara buludların arasından bu yerə
– Cənnətməkana tuşlayıb burada yeni
yaratdığı ağaclardan, quşlardan və
uşaqlardan işığını əsirgəmirdi. “Adam”
sözü də çürüyüb torpağa
qarışmışdı. İndi “adam” yerinə uşaq,
“adamlar” əvəzinə uşaqlar deyirdilər.
“Cənnətməkanda bir
milyarda yaxın uşaqdan təxminən əlli mini
qalmışdı. Allahın əmri ilə hərə öz
ölkəsində peyda olmuşdu. Mələyin
döşünü dişləyən uşağı
göylər əfv etmişdi. İndi o uşaq Amerikanın
prezidenti idi... Bir neçə saatdan sonra Cənnətməkanda
dünyanın dövlət başçılarının
zirvə toplantısı öz işinə başlayacaqdı.
Tədbirin səhərisi günü çox maraqlı
yarış keçiriləcəkdi. Zirvə
toplantısında iştirak edən bütün dövlət
başçıları üç təkərli velosiped
yarışında öz qüvvələrini
sınayacaqdılar”.
Sonda isə Yeni
Dünyanın böyük qələbəsi!
“... Dünya
şeytanlarının altı gün davam edən zirvə
toplantısından sonra altı sözdən ibarət bəyanat
qəbul edildi.
– Uşaqların
böyüməsini gözləməkdən başqa çarəmiz
yoxdur!
Şeytanların xəbəri
yox idi ki, bu uşaqlar heç vaxt böyüməyəcəklər.
Dünya uşaqlara
qalmışdı. Mübarəkdir!”
Seyran Səxavət
dünyada baş alıb gedən haqsızlıqları, sosial
ədalətsizliyi, kapitalın hökm sürdüyü bu
ölkələrdə hakimi-mütləqlərin adamı
öz istəklərinə uğyun şəkildə
söküb təzədən yığdıqlarının
şahidi kimi insan xislətinə hopmuş bu naqisliklərin
kökünü arayır və tapır. İnsanı hər
cür alçaq sifətə sürükləyən onun nəfsidir.
Paxıllıq, ikiüzlülük, yaltaqlıq, yalan, haram,
zor, cinayət, terror, müharibə-bütün bunlar nəfsin
törəmələridir. Allah, öz bəndələrinə
göndərdiyi səmavi kitablarında da – Tövratda,
İncildə və Qurani-Kərimdə insanları şeytana
məğlub olmamaları üçün güclü iradəyə
malik olub nəfsi cilovlamağı və ona qalib gəlməyi
təlqin edir.
Görkəmli
yazıçı Seyran Səxavətin “Yəhudi əlifbası”
romanını böyük maraqla oxuyub aldığım
bütün təəssüratların məzmunu kimi bildirmək
istəyirəm ki, bu əsər həqiqətən
çağdaş Azərbaycan ədəbiyyatında bir hadisədir,
bədii realizmin bariz nümunəsidir.
Mən bu romanın təhlilini
aldığım təəssüratlarla bağlı
bacardığım səviyyədə vermişəm, əgər
dünyanın müəllif baxan tərəfindən
görünən həqiqətlərinin çözülməsində
xətalara yol vermişəmsə məni
bağışlamasını rica edirəm. Və əlbəttə
ki, bir oxucusu kimi mən Seyran müəllimə
ömrünün müdrik çağında ona
cansağlığı, yazıçı məhsuldarlığını
saxlamağı və yeni-yeni əsərləri ilə daha
geniş oxucu auditoriyası fəth etməyi arzulayıram.
Akif MUXTAROV
525-ci qəzet.- 2010.- 4 fevral.- S.7.