Onunla vidalaşsaq da, birdəfəlik “Əlvida” demədik

 

Ölkəmizin ədəbiyyat aləmi, özü bunu hiss edib-etməməyindən asılı olmayaraq güclü bir yaradıcı insanını itirdi, sayı o qədər də çox olmayan parlaq ulduzlardan biri də qeybə çəkildi.

Tanınmış yazıçı Sabir Azəri son əsərini bitirməmiş həyatdan getdi. Onun ölümü təkcə yaxınları, dostları, tanışları üçün deyil, vaxtilə cərgələri heç az olmayan oxucular ordusu üçün böyük itkidir. O, heç vaxt yüksək yer tutmaq iddiasında olmamışdı, ambisiyalardan xali idi. Lakin ona layiq olduğu yeri verməyi bədxərclik hesab edənlər var idi. Özünə qarşı belə biganəliyə cavab kimi son illərdə o, ədəbi mühitdən uzaqlaşmışdı, dostlarının əhatəsi nəzərə alınmasa, bir növ guşənişin həyatı yaşayırdı. Həmkarları ilə az hallarda görüşən bu adam adi həssaslığın yoxluğu ucbatından yuvasından perikdirilmiş quşa bənzəyirdi. Yaradıcılıq uğurlarına göz yumanlar onu ədəbi fərqləndirmə vasitələrindən məhrum etsələr də, əsərlərini oxucu laqeydliyi kimi ağır hökmə məhkum etməyi bacarmırdılar.

Sabir Azəri belə münasibətdən elə də qeyzlənmirdi, anlayırdı ki, yaradıcılığı ilə ümumi axına qoşula bilmir. Bir tərəfdən bu onun müstəqilliyinin nişanəsi idisə, digər tərəfdən onun zəhmətinin qiymətləndirilməməsi kimi ağır bir cəza idi. O, yaxşı başa düşürdü ki, hər dövr öz qaydaları ilə yaşayır, kimlərisə əzizlədiyinə görə başqaları üçün ağuşunu qapalı saxlayır. Bəla orasındadır ki, çox vaxt bədii yaradıcılıq bağını alın tərilə əkib becərənlər ikincilərin sırasına daxil olmaqla, layiq olmadıqları və müəyyən ölçüdə mövcud olan izqoy həyatı sürməli olurlar. Saxta iri pyedestallar üzərinə qaldırılanlar hər cür nəvazişlə əhalə edildikləri halda, oxucu zövqünü dadlı nemətlərlə sevindirənlər bunun bircə atomu ilə də qarşılaşmırlar. Dağ çiçəklərinin gözəlilyinə qiymət verilmədiyi bir vaxtda, qanqal çiçəyinə xüsusi pərəstiş olunması təlqin edilir. Axırıncını özünə rəmz seçmiş şotlandları da bu sahədə ötüb keçmək istəyirik.

Sabir Azərini laqeydlik deyil, heç həyatın ən ağır sınaqları belə sındıra bilməmişdi. Hələ gəncliyində özünü bütöv şəxsiyyət kimi təsdiqləməyi bacarmışdı. Öz məsləkinə görə SSRİ rəhbərliyinə həcv xarakterli etirazını bildirdiyinə görə universitet tələbəsi DTK-nın ağır həmləsinə məruz qalaraq zindanlara atılmışdı. Lakin dustaqxana həyatı da onun mənəvi dünyasını uçurmağa müvəffəq olmamışdı, o, ruhən güclü olaraq qalmışdı.

Jurnalist təhsili alsa da, öz ixtisasına uyğun olaraq ədəbi mətbuatda çalışsa da, çox tezliklə qələmini nəsr janrında sınamağa başlamış və qısa müddətdə müəyyən populyarlıq qazanmışdı.

Ötən əsrin 70-80-ci illərində onun çox sayda roman, povest və hekayələri işıq üzü görmüşdü. Respublikada təşəkkül tapan kənd nəsrinin tanınmış müəlliflərindən birinə çevrilmişdi. Kənd nəsri sosialist kəndini tərənnüm edən bayağı əsərlərdən tam fərqli olmaqla, kənd adamının psixoloji aləmini tədqiq etmək vəzifəsini seçmişdi, patriatxallığın təbliğ edilməsindən də uzaq idi. Bu əsərlər Vergilinin “Bukolika”sındakı çoban nəğmələrinə də bənzəmirdi. Kənd problemlərinə dərin nüfuz etmək vasitəsi idi.

Sabir Azəri hələ də üzərində elan olunmamış tabu saxlanılan bəy obrazını ilk dəfə milli ədəbiyyata yenidən gətirərək, əslində, sonralar dəbə düşən bu qayda üçün yol açmışdı. Lakin zaman hətta həyat tərzini dəyişdirməyə məcbur olmuş bəyə qarşı da öz amansızlığından əl çəkmir. Romanda yazıçı həm də dövrün mürəkkəb ziddiyyətlərini tam çılpaqlığı ilə açıb göstərməyi bacarır. Zamanın bu zümrə barədə verdiyi hökm axıra qədər yerinə yetirilməli idi.

Sabir Azərinin əsərlərində fövqəltəbii qabiliyyətlərə malik olan qəhrəmanlar yoxdur, əksinə o, sadə, bir qədər də özünü təsdiq edə bilməyən, bədbəxt insanların taleyini qələmə almağı sevirdi. Cəmiyyətin inkar edib həyatın dibinə atdığı insanların nəcib xüsusiyyətlərini təsvir etməklə onları az qala canlı bütlərə çevirən dahiləri təqlid etmədən, o, real həyatda qarşılaşdığı insanların daxili aləmini öyrənməyə, açıqlamağa can atırdı. Belələri onları əhatə edib, boğan dar barama qılafından xilas olma yollarını arayıb axtarır və haray çəkirdilər ki, yol dalana dirənmişdir, bu divar uçurulmasa irəliyə doğru bir addım da atmaq mümkün olmayacaqdır. Şekspir dühasının məhsulu olan HamletBu səltənətdə nəsə çürümüşdür” deyirdisə, Sabir Azərinin fağır qəhrəmanı real sosializmin bütövlükdə çürümədə olduğunu anlamağa başlayır.

Onu fərqləndirən cəhətlərdən biri təkcə yaradıcılığında deyil, həyatda da müqəddəs saydığı dəyərlərə sitayiş etməsi idi. Millətinə, xalqına ürəkdən bağlı olan bir insan idi. Vətənə sədaqəti, bağlılığı anaya olan münasibətdən də üstün hesab edirdi, axı uşaqla ananı birləşdirən göbəkbağı kəsildiyi halda, insanı Vətənlə birləşdirən həqiqi və ülvi hissləri kəsmək mümkün deyildir.

Bir ovçu kimi də respublikanın ərazisinə yaxşı bələd olduğundan o, təbiət vurğunu idi, ölkəmizin faunası barədə onun biliyinə, müşahidələrinə yalnız qibtə etmək olardı. Böyük rus yazıçısı A.P.Çexovun sözlərini təkrar edərək deyirdi ki, “Vətənin havası da ən sağlam havadır”. Təbiət hadisələrini elə vurğunluqla danışırdı ki, onun nitqindəki həqiqət uydurmalardan belə möcüzəli görünürdü. Onun ovçu hekayələri isə bu janrın ən uğurlu nümunələri hesab edilə bilər. Ümumiyyətlə isə, o, sözçülükdən uzaq adam idi, yazıçı əməyini sözün bir aləti hesab etsə də, bu materiala olduqca qənaətlə yanaşırdı. Bəzilərinin yaradıcılığında indi dəbə düşmüşmantra kimi səslənən çoxsaylı isimlərin, sifətlərin, feillərin təkrarından yaranan və ədəbi hədik dadı verən yazıları heç cür bəyənmirdi.

O, həm də ləyaqətli vətəndaş idi. Millətin taleyinə aid olan məsələlər onun üçün sakral əhəmiyyət daşıyırdı. Tufanlardan qorxmayan bu insan vətəndaşlıq mövqeyini hər şeydən uca tuturdu, onu korporativ mənafelərə qurban vermək istəyənlərlə heç cür razılaşmırdı.

Sabir Azəri bizi cismən tərk etsə də, əsərləri ilə, şəxsiyyəti barədəki şirin xatirələri ilə bizim aramızda qalmaqda davam edir. Horatsinin sözləri ilə desək, o, sağlığında “öz əli ilə özünə heykəl qoymuşdu” və bu heykəli uçurub dağıtmağa böyük zaman məsafəsi lazım gələcəkdir. Ona görə də bu nəcib insanı son mənzilinə yola salarkən ona bütünlüklə “əlvida” demirik, axı onun sakitlik bilməyən ruhu bizdən uzaqlaşmayacaqdır, sehrli işığı ilə onu tanıyanların qəlbini nurlandıracaqdır. Lakin onun epitafiyasında yəqin ki, özü və həyatı kimi sadə sözlər yazılacaqdır, axı böyüklüyün özüpatetikaya ehtiyac duymur.

 

 

Telman ORUCOV

 

525-ci qəzet.- 2010.- 4 fevral.- S.4.