Vaqif Bayatlı Odər sevgisi
Bu günün havasından, suyundandı, bilmirəm nədəndirsə, kimi dindirirsən, kimdənsə, nədənsə narazıdır. Biri dolanışığından, adi çörəkpulundan, başqası isə bahalı markalı maşınının olmaması və ya ən son model mebellə hələ evini bəzəməməsindən narazıdır. Hərənin özünə görə dünyadan narazılığı var. Yazarların da öz dərdi var bu narazılıqlar arasında. Onların dərdi digərlərindən daha çoxdu. Nədən ki, cümlə-aləmin də dərdini yazarlar çəkir. Vaqif Bayatlı Odər demiş:
Dünyaya baca kimidir şair qələmi,
Baca evin tüstüsünü,
Hisini çəkəntək
Şair qələmi də çəkər,
Çəkər ötürər canından
Dünya deyilən
Damlar damının dərdlərini.
Bəs mənim dərdim nədir, görəsən? Həssas insanlar kimi mənim də dünyadan narazılığım insanlar arasındakı qarşılıqlı anlaşma körpüsünün getdikcə üzülməsi, bir-birimizə inamın azalması, sayğısızlıq, aramızda sevgi bağının getdikcə nazilərək, bu hissin gündən-günə sanki “buxarlanıb” yoxa çıxmasıdır. Hətta qohumlar, doğmalar arasındakı sözlə ifadə edilməyəcək dərəcədə bir-birinə daxili bir məhəbbətlə bağlı olan tellərin tez-tez qırılması, yaxın-uzaq adamlar arasındakı ən adi bir məsələyə görə münasibətlərə birdəfəlik son qoyulması və başqa arzuolunmaz hallar günümüzdə çox adiləşib. Halbuki uca Allah yaratdığı bəndələrinin bir-birinə qaynayıb-qarışmağı, qəlbi təkəbbürdən, kindən uzaq tutmağı, başqalarına sayğı və sevgi ilə yanaşmağı buyurub. İstisna hal kimi yalnız insanı dinindən uzaqlaşdıran kəsdən üz çevirmək olar. Elə bu yerdə düşünürəm ki, “hamını hamıya sevdirmək” üçün gecə-gündüz çarpışan, hər an yazılarından gül qoxusu duyulan və dünya durduqca da duyulacaq (buna çox inanıram) bu gözəl qoxunu dünyamıza bəxş edən Vaqif Bayatlı Odər sevgisinə hər an, hər yerdə və hər birimizin ehtiyacı olduğunu dilə gətirməyin həmişə məqamı var. Rəhmətlik Akif Səməd də bir müsahibəsində deyirdi ki, indi ən çətin şey sevgidən yazmaqdı. Doğrudan da kim olur olsun, insan SEVGİdən uzaqlaşdıqca (bu sevgi sənin özün, Allahın, göyüzündür...) adiləşir, o qədər adiləşir ki, dopdolu qara buluda, kin boğçasına çevrilir. Necə ki, Vaqif müəllimin misralarında deyilir:
...Həm də bil, yer həqiqətləri əsl həqiqəti,
Əsl göyüzünü səndən gizlətmək üçündür.
Sənin bütün fəlakətlərin sənin özünün
Göyün bir hissəsi, göyün özü olduğunu
Duya bilməməyindən gəlir!
...və nəticədə insan dünyanın əsirinə çevrilir. Yəni insan qul olur bu dünyada, amma əfsus ki, bunun fərqində olmağa belə can atmır. Vaqif Bayatlı Odər çox gözəl bəyan edir ki, İlahi hamını həm qul, həm də sultan ola bilmək üçün yaradır. Yazıq o kəslərə, yaradılışın, Allahın əksinə gedib ancaq qul olmağın yolunu tuturlar. Başqa mənada isə şair söyləyir ki, qul olmaq elə sultan olmaqdır.
Hərdən bilirsinizmi nə düşünürəm? Deyirəm, hələ dünyanın fani olduğunu, bu gün var, sabah yox olduğunu bilə-bilə dünyanı qan çanağına çevirən, Allahın yerinin-yurdunun, sərvətinin üstündə qırğınlar törədib günahsız qanlar axıdan insana, görəsən, sonsuza qədər yaşamaq imkanı verilsəydi, dünyada daş daş üstündə qalardımı?
Sonra da özümə cavab verirəm ki, hər şeyin doğrusunu Allah özü bilir. Vaqif müəllim adamların nəfsi, dünya malı əlində belə aciz qalmasını seyr etdikcə təəssüflənir, amma başqa yazarlar kimi dünyanı, adamları qarğıyıb söyməklə oxucunu havasız, dar bir məngənəyə sıxışdırmır, əksinə insana sevgi ilə üz tutur və söyləyir ki: “...Mən əvvəl-axır Sizi Güladama-Göyadamına çevirəcəyəm, giladamlar”.
Məncə, sənətin, ədəbiyyatın gücü də elə bu SEVGİdədir. Bundandır ki, Vaqif müəllimin 2008-ci ildə çap edilən “Yupyumru bir eşq ilə” adlı kitabından sonra yüzlərlə şeir kitabının çap edilməsinə baxmayaraq, bu ilin yekununda da ən maraqlı, dəyərli nəşrlərlə bağlı sorğularda dönə-dönə məhz bu kitabın adı çəkilir. Məlumdur ki, buna səbəb nə kitabın siz deyən reklamı, nə də başqa bir məsələdir. Buna qalsa, mənzərə tamam başqa cürə alınardı. Sadəcə bu şerlər torpağa su hopan kimi oxucunun könlünə hopur, qəlbini dindirir, onu yaşamağa, sevməyə, bir sözlə İNSAN olmağa çağırır.
Qəmə ancaq qəmtək baxma,
Qəmtək baxanlar yıxılır,
Bir qəm yüzünü yıxır,
Qəm əydikcə üzünü-
Göz yaşı kipriyini,
Kipriyi gözünü yıxır.
Doğrudan da, bu belədir. İnsan gərək dünyanın, olub-keçənlərin əlində aciz qalmasın. Sözün həqiqi mənasında bu böyük şairin şeirləri ilahi bir həqiqətdən, haqdan doğulur, ona görə də özünü doğruldur və heç bir “külək”dən, “kələk”dən yıxılmaq qorxusu olmur.
Mənim neçə illərdi, yəni, onun indi söyləyəcəyim bu şeirini oxuyan andan hələ belə sevdiyim şeir olmayıb. Vaqif müəllim yeni kitabında həmin şeiri, yəqin ki, zərurət bilərək, yenidən işləyib, daha da mənalandırıb...
Şeirin adı belədir: “Ancaq eşqdən bir dünyaya doğru”
Sevdim Allaha bənzədim,
Öldüm, sevgimi bəzədim,
Mən səni
min il gözlədim,
Sevdim keçdim təzə minə.
Kim sevmirsə,
demək gülmür,
Sevib gül olmayıb hələ,
Bəlkə Allah görmür
onu,
Bəlkə doğulmayıb hələ.
Ancaq eşqdən
bir dünyayçün
Ölümü də sevib ötdüm,
Ölümüm də döndü gülə,
Hər iki dünya! Mən getdim
Xoşca qalın!
Gülə-gülə!
İstərdim ki, bu yazını oxuyan və oxumayan hər kəsə Vaqif Bayatlı Odər sevgisindən bir pay düşsün. Bir də niyə axı bizim onun kimi sevməyə ürəyimiz və başqalarının da bir-birinə ancaq məhəbbət bağışlamasına çalışan, hər an buna can atan gözəl dünyamız olmasın? Düşünməyə dəyməzmi?..
Mina RƏŞİD
525-ci qəzet.- 2010.- 6 fevral.- S.21.