Otuz bir ilin istisi

necə yaşaya bilərsən

arxanca bir baxan olmasa

 

Çingiz Bektaş

 

Mən ilk dəfə Türkiyəyə düz 31 il bundan əvvəl, 1979-cu ilin iyun ayında Əziz Nesinin dəvəti ilə getmişəm və Çingiz Bektaş ilə də elə o zaman İstanbulda tanış olmuşam, çox qısa bir müddətdən sonra – iki-üç gün ərzində – həmin tanışlıq bu günə qədər davam edən bir dostluğa çevrilib. Bura orasını da əlavə edim ki, söhbət adi 31 ildən getmir (hərçənd, bu rəqəmin özü də özlüyündə çox söz deyir!), bu 31 il müxtəlif epoxaları, coğrafiyanı, ideolocini ehtiva edir və mən indi, bu sətirləri yazarkən fikirləşirəm ki, həmin 31 ilin siyasi-ictimai mündəricatı zaman vahidi kimi onun sərhədlərinə necə sığışması dünyanın heyrətamiz işlərindən biridir.

O zaman Əziz Nesin İstanbulda Türk Yazarlar Sindikasının başqanı idi, mən isə dördüncü il idi ki, Azərbaycan Yazıçılar İttifaqının katibi işləyirdim və Türkiyəyə getmək, İstanbulda olmaq hətta mənim üçün – artıq dünyanın bir sıra ölkələrində, özü də yalnız “sosialist” yox, həm də “kapitalist” ölkələrində olmuş, ədəbiyyatda və ümumiyyətlə, cəmiyyətdə müəyyən çəkiyə malik cavan yazıçı üçün də nağılvari bir əhvalat idi.

Mən Əziz Nesini ilk dəfə 1968-ci ildə Bakıda görmüş və onunla tanış olmuşdum. O zaman Bakıda Asiya və Afrika ölkələri yazıçılarının konfransı keçirilirdi, Sovet İttifaqı ilə, konkret olaraq SSRİ Yazıçılar İttifaqı ilə isti münasibətdə olan Əziz Nesin də o konfransın iştirakçısı idi və mənim də aspirant çağlarım idi, yaxşı yadımdadır, Nizami adına Ədəbiyyat İnstitutundan Məmməd Cəfər müəllimlə, Əziz Mirəhmədovla, Yaşar Qarayev, Şamil Salmanov, Gülrux Əlibəyli, Arif Səfiyev, mənim kimi aspirant olan İntiqam Qasımzadə ilə (universiteti də onunla birlikdə qurtarmışdıq) birlikdə filarmoniyaya gəlirdik. Mənim üçün o müşavirədəki növbətçi söz-söhbətlərə qulaq asmaqdan çox, qonaqlarla, ilk növbədə də Əziz Nesinlə təmasda olmaq maraqlı idi.

İlyas Əfəndiyev Əziz Nesinin yaradıcılığını, xüsusən onun dramaturgiyasını yüksək qiymətləndirirdi və həmin konfrans günlərinin birində Əziz Nesini evə qonaq dəvət etmişdi. Türkiyəyə sidq-ürəkdən böyük ehtiram bəsləyən və əski türk ədəbiyyatını yaxşı mütaliə etmiş (Rəşad Nurinin ərəb əlifbası ilə nəşr olunmuş “Çalı quşu” romanı onun stolüstü kitablarından idi) nənəm, yəni İlyas Əfəndiyevin anası Bilqeyis xanım Əziz Nesinin şərəfinə möhtəşəm bir Qarabağ plovu (şeştiləngili cücə-plov!) bişirmişdi. İlyas Əfəndiyevin dostları Sultan Hacıbəyovun, Tofiq Kazımovun, professor Əmir Həbibzadənin, Nizami institutunda bizim ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri işləyən Məmməd Cəfər müəllimin, qapıbir qonşumuz Zeynal Xəlilin, eyni blokda yaşadığımız Bəxtiyar Vahabzadənin və Əliağa Kürçaylının da iştirak etdikləri o məclisin bütün təfərrüatı aradan bu qədər illər keçdikdən sonra da mənim gözlərimin qabağındadır və sonralar da mən Əziz Nesini dəfələrlə görməyimə baxmayaraq, o yadıma düşəndə, yaxud ondan söhbət gedəndə bizim evimizdəki həmin axşam duzlu-ağıllı söhbətləri, unikal yumor hissi ilə, şəxsiyyətinin intellektual miqyası və sanbalı ilə məclisi əlinə almış Əziz Nesini xatırlayıram.

– Azərbaycanda çox yeyirlər və çox da içirlər...- deyirdi, amma o axşam özü də əhli-məclisə qoşulub, qədəhləri axıra qədər içirdi.

Yeri düşmüşkən deyim ki, Türkiyəyə o ilk gedişim zamanı Əziz Nesinin SSRİ-yə səfərdən sonra mətbuat konfransında (basım toplantısında) ləzzətli bir cavabını mənə söylədilər.

Müxbir Əziz Nesindən soruşub:

– Əfəndim, Azərbaycanda ən çox nə gördünüz?

Əziz Nesin:

– Ən çox tavan gördüm!- deyib.

Yəni ki, başımızı arxaya tutub, qədəhləri axıracan içirdik...

Yadıma gəlir, sonralar mən bu söhbəti İlyas Əfəndiyevə danışanda, uğunub, getmişdi...

Ancaq deyəsən, xatirələr məni başqa səmtə çəkir...

Günlərin bir gözəl yaz günündə SSRİ Yazıçılar İttifaqının Türkiyə üzrə məsləhətçisi, Türkiyə – SSRİ, o cümlədən Azərbaycan ədəbi əlaqələrinin inkişafında və müasir türk nəsrinin rus dilinə tərcüməsi sahəsində o dövr – 70-80-ci illər kontekstində – müstəsna xidmətləri olan Vera Feonova Moskvadan mənə telefon açdı:

– Əziz Nesin səni və Muzanı Türkiyəyə dəvət edib!

Muza Pavlova gözəl rus şairi və Nazim Hikmətin rus dilinə əsas tərcüməçisi idi.

Ancaq Türkiyəyə dəvət olunmaq işin bir hissəsi idi, əsas isə bu səfərə nail olmaq idi və o zaman Azərbaycan Yazıçılar İttifaqının birinci katibi işləyən unudulmaz İmran Qasımovun və SSRİ Yazıçılar İttifaqının katibi, məşhur tənqidçi və ictimai xadim Vitali Ozerovun cidd-cəhdi, SSRİ Yazıçılar İttifaqı Xarici Komissiyasının sədri Aleksandr Kosorukovun (ona San Sanıç deyirdik) köməyi, o zaman bizim SSRİ Yazıçılar İttifaqındakı nümayəndəmiz olan Azər Mustafazadənin cəhdləri ilə, nəhayət ki, bu səfər baş tutdu. Muza Pavlova Vitali Ozerovun xanımı Meri Lazarevna Ozerova ilə rəfiqə idi (müdrik və savadlı, çox mədəni bir qadın olan Meri Lazarevna “Yunost” jurnalında nəsr şöbəsinin müdiri idi və “Yunost”un müəlliflərindən biri kimi mənim də onunla çox isti münasibətim yaranmışdı) və yenə də günlərin gözəl bir günündə, bu dəfə Muza Moskvadan mənə telefon açdı:

– Elçin, Türkiyəyə gedirik!

Muza Pavlovanın da Türkiyəyə ilk səfəri idi. Yəqin burası da oxucular üçün maraqlı olar ki, Muza Nazim Hikmətin tədqiqatçısı və dostu, Moskvada yaşayan məşhur azərbaycanlı türkşünas alim Əkbər Babayevin keçmiş xanımı idi və bütün ömrünü türkologiyaya həsr etmiş Əkbər, Muzadan fərqli olaraq, çox arzu etsə də, ömrünün sonuna kimi Türkiyəyə gedə bilmədi.

Və 1979-cu il iyunun 12-də Moskvadan İstanbula uçan “Tu-155” sevimli Türkiyə torpağında yerə endi.

1979-cu il iyunun 12-i həm də bizim Çingiz Bektaş ilə tanışlığımızın və dostluğumuzun ilk günüdür. Əziz Nesinlə, o zaman Sindikanın ikinci başqanı olan yazıçı Dəmirtac Ceyhunla (çox təəssüflər ki, o da bu yaxınlarda – 2009-cu ilin avqustunda vəfat etdi), görkəmli nasirlər Bəkir Yıldız və Tomris Uyarla, şair Aydın Hətiboğlu, kino prodüseri Arif Kəsginərlə bərabər Çingiz də bizi qarşılamaq üçün hava limanına gəlmişdi.

Çingiz Bektaş Türkiyədə müasir çağın görkəmli arxitektoru, şairi və sənətşünasıdır, ancaq elə o zaman – o uzaq 79-cu ildə də Çingiz artıq tanınmış bir yaradıcı şəxs idi. Memar Sinanın haqqında zəngin faktologiyaya malik böyük elmi monoqrafiyası nəşr olunmuşdu, şeirləri xüsusən intellektual türk gəncliyi arasında geniş yayılmışdı, Fazil Hüsnü Dağlarca kimi türk poeziyasının canlı klassiki bu şeirləri yüksək qiymətləndirmişdi, memar kimi, hələ o vaxt yalnız elə Almaniyada dörd böyük müsabiqənin qalibi olmuş və mükafat almışdı, Türkiyə memarlıq tarixini dərindən mənimsəmişdi və ən əsası isə bu memarlıq tarixini sevmişdi.

Məni ilk dəfə Aya-Sofiyaya aparan da Çingiz oldu və Çingiz bu böyük bəşəri abidənin tarixini, memarlıq xüsusiyyətlərini o qədər dərin bilgi və sevgi ilə söyləyirdi ki, elə bil o, bu abidənin hər bir daşını, mozaikasının hər bir parçasını tanıyırdı; mən heyrət və daxili bir fərəh içində fikirləşirdim ki, yəqin elə belədir.

Mən yuxarıda yazdım ki, Çingiz arxitektordur, sənətşünasdır, ancaq şəxsən mənim üçün o ilk növbədə müasir dövrümüzün görkəmli postmodernist şairlərindən biridir və həmin nadir sənətkarlardandir ki, şəxsiyyəti ilə yaradıcılığı arasında çox üzvi bir harmoniya, vəhdət var: onun şəxsiyyəti nə qədər incə, zərif, müdrikdirsə, yaradıcılığı da bir o qədər akvarel içindədir, fikri çılpaq söyləməkdən, bədii sözü birbaşa, müstəqim deməkdən uzaqdır.

 

boynu əyri günəbaxan

yapışıb

batan günəşin

yaxasından

yol boyu

yarpaqlar

toz yorğunu

hüzün tutmuş

bir ovuc su

şumlanmış tarla

doğmaq istəyir

 

Yüngülcə azərbaycanlaşdırdığım bu şeiri mən Çingizin 2006-cı ildə İstanbulda nəşr olunmuş və mənə bağışladığı “Dün Bugün” kitabından götürmüşəm. Bu şeiri (və Çingizin bir çox başqa şeirlərini) həsrət yaradıb: boynu əyri günəbaxanın daimi günəş həsrəti, yol boyu tozdan yorulmuş o yarpaqların külək həsrəti, hüzün içində olan o bir ovuc suyun torpağı canladırmaq həsrəti, doğmaq istəyən torpağın doğuş həsrəti.

Eyni zamanda, bu şeirin içində, toxumunda bir ümid var: o torpaq doğacaq, o külək də əsəcək, hətta o günəş də daimi işıq saçacaq, daha heç zaman axşamlar batıb o boynu əyri günəbaxanı həsrətdə saxlamayacaq və yəqin elə buna görə də Çingiz şeirin adını “Ümid” qoyub.

Olsun ki, bu misralarda kimsə yapon xokkularının, tankalarının təsirini hiss etsin, ancaq mənim üçün bu misralar postmodernist mahiyyətli, yəni indiki halda əvvəli və sonu olmayan, başlanğıcsız və axırsız hisslər aləminə söykənən bədii təxəyyülün bəhrəsi, həyata, dünyaya, yaşayışa sənətkarın yalnız özünün, tamam fərdi baxışının və bu zaman gördüklərinin yalnız özünə məxsus olan hisslər vasitəsilə fəlsəfi təsnifatûnûn ifadəsidir.

 

 

ELÇİN

 

525-ci qəzet.- 2010.- 6 fevral.- S.20-21.