Sözün 75 yaşlı
çinarı – Azərbaycan Yazıçılar Birliyi
1932-ci ildə qurulan Azərbaycan Yazıçılar Birliyi (AYB) bu il bir sıra milli, beynəlxalq tədbirlərlə yaradılmasının 75-ci ilini qeyd etdi. İstanbuldan Türkiyə Yazarlar Birliyinin sədri Ənvər Ərcan, əvvəlki sədrlər Ataol Bəhramoğlu və Çingiz Bektaş, AYB-nin İstanbul təmsilçisi İrfan Çiftçi, Elif Şafak, Yasəmin Bayer, Ankaradan TÜDAV qurucusu Yəhya Akengin, Avrasiya Yazarlar Birliyindən Yaqub Deliömeroğlu, Əli Akbaş, İmdad Avşar, İzmirdən Fikrət Türkmən, Ayşe Atay, Nedim Bakırcının dəvət edildiyi və ədəbiyyatın diqqət mərkəzində olduğu genişmiqyaslı bu tədbir Sovetlər Birliyinin dağılmasından sonra həm beynəlxalq iştirakçılar, həm də tamaşaçılar tərəfindən Sözün yenidən dirilməsi kimi dəyərləndirildi. Digər tərəfdən bu tədbirlərdə ədəbi şəxsiyyətlər 1980-ci illərdən bəri dost olduqları məşhur şair Oljas Süleymanov, Cavad Heyət və Anarı görəndə Çingiz Aytmatovun öz aralarında olmamasının hüznünü yaşadılar.
2009-cu ilin yaz aylarında başlayan və il boyu sürən tədbirlər silsiləsi 14-17 dekabrda “Sərhədsiz Söz” III Beynəlxalq Yazarlar Forumu adlı beynəlxalq konfrans, beynəlxalq şeir festivalı və bir sıra proqramlarla Bakıda tamamlandı. 70 ildən artıq şəhərin mərkəzində – klassik Azərbaycan şairi Xaqaninin adını daşıyan prospektdəki 25 nömrəli tarixi binada yerləşən Yazıçılar Birliyi əsaslı təmir-bərpa işlərindən sonra bu tədbirləri keçirmək üçün tam hazır hala gətirilmişdi. Azərbaycan prezidentinin sərəncamı ilə təmir olunan təkcə Birliyin binası deyil, bu siyahıda dünyada həm arxitekturası, həm də içərisindəki eksponatların zənginliyi ilə bənzərsiz olan Nizami adına Ədəbiyyat Muzeyi və Miniatür Kitablar Muzeyi də gəlir.
Türkiyə, Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Macarıstan, Estoniya, Litva, Rumıniya, Bolqarıstan, Gürcüstan, İsrail, Makedoniya, İngiltərə, Polşa, Serbiya, Slovakiya, Yaponiya, Cənubi Azərbaycan, Fransa, Almaniya və Hollandiyadan təxminən 80 şair və yazıçıdan ibarət tanınmış qonaqlar heyətinin, Azərbaycan yazarlarının və sənətsevərlərinin qatıldığı 75 illik yubileyi AYB beynəlxalq miqyaslı mərasim kimi qeyd etdi.
1991-ci ildə Sovetlər Birliyi dağıldıqdan sonra postsovet ölkələrinə bütün vəhşəti ilə girən kapitalizm və populyar mədəniyyət bu ölkələrdə vaxtilə bəlkə sovet ideologiyasının cihazları olaraq qurulmuş, ancaq zamanla bu ölkələrin milli mədəniyyətlərinin əsl ünsürləri halına gəlmiş bütün mədəni təşkilatlarına sözdə “açıq cəmiyyət”in silahlarıyla çox sıx hücumlar təşkil etdi. Bu hücumların çoxu da müvəffəqiyyətli alındı. Halbuki təhsil, mədəniyyət, sənət kimi post modern zamanların vandalizmindən və qloballaşmanın tələlərindən qurtarılması lazım olan sahələr, klassik və qədim zamanlardan miras qalan qiymətsiz dəyərlərdir. Sovetlər Birliyi dövründə bir çox mədəni təşkilatlar və ənənələr ərsəyə gəlib. Ancaq bu ölkələrdə qloballaşma və postmodern adı ilə bu təşkilatları tamamilə yox etmə isterikasıyla qurumlar da yaradıldı. Sovetlər Birliyinin əslində kapitalist Qərb modernizminə qarşı fərqli bir modernizm çıxarmaq məqsədilə təşkilatlandırdığı Yazıçılar və Bəstəkarlar Birliyi, Opera, Kino, Teatr qurumları və başqa klassikləşmiş mədəniyyət təşkilatları “fanclub”lara sanki məğlub olmuş duruma gətirildi. Bunların nəticəsində də bir zamanlar görkəmli səhnələrdə alqışladığımız virtuozları faciəli həyata alışmış avara çalğıçılar, sərxoş sənətkarlar kimi küçələrdə gördük...
Bu yazını qələmə almaqda məqsədim Sovet dövrünü incələyib analiz etməkdən daha çox yaddaşımızı yoxlamaq, AYB-nin hələ güclənərək yaşamasının, 75-ci ilində sanki hər baxımdan yenidən doğulmasının gerçəkliyinə və əhəmiyyətinə diqqət çəkməkdir. Azərbaycan Yazıçılar Birliyinin bu qədər möhkəm dayana bilməsinin səbəbi XIX əsrdə dövrün ən əhəmiyyətli neft mərkəzi olan Bakının sanki bugünün Hongkongu kimi cazibə mərkəzi olmasıdır. Asiyanın (Şərqin) ən əhəmiyyətli müasirləşmə mərkəzi olduğundan mətbuat başda olmaqla müasir sənətlərin kökləri 1900-cü ilin əvvəllərinə qədər gedib çıxır.
Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra qoyulan mədəni sərmayələriylə həm bu tarixi istinadlarına sahib çıxıb, həm də müasir mədəni siması olan bir ölkə olaraq yenidən şəkilləndirilib. Sözün ucuzlaşdığı, mədəniyyət sənaye içində boğulduğu dövrümüzdə belə bir yazar təşkilatının varlığı, təbii ki, onun təşkilati köklərinin möhkəmliyi qədər, ona indi də sahib çıxanların müvəffəqiyyətilə bağlıdır.
1990-91-ci illərdə xalqın yüzlərlə qurban verərək səsini yüksəltdiyi məşhur Azadlıq meydanına toplaşanlara AYB-nin seçmə simaları liderlik edib. Türkiyə ictimai rəyi bu hadisələrin səs-küyü içində Azərbaycan türkcəsini onun bütün incəliklərindən istifadə edən Anarın dəqiq və kəskin mesaj və ifadələriylə tanıyıb. Qərarlı ifadələriylə mülayim görünüşlü mübarizə adamı olaraq tanınan dünya şöhrətli yazıçı Anar 1991-ci ildən bəri 22 il müddətində böyük bir fədakarlıqla AYB-yə rəhbərlik işini çiyinlərində daşıyıb. Anarın dünyadakı şöhrətini, ədəbi gücünü, gəldiyi ailə mühitindən və bütün əlaqələrindən qaynaqlanan nüfuz və prestijini bu təşkilat üçün illərdir necə qalxan etdiyinin ən yaxın şahidlərindən biriyəm. Son iyirmi il ərzində gedib-gəldiyim Bakıda Yazıçılar Birliyini bir küncə sıxışdırmaq, köhnə binasını ona qəbir etmək istəyində olanları çox gördüm... Anarın soyuq, isitmə sistemi işləməyən otaqda Fikrət Qoca, Vaqif Səmədoğlu, Arif Əmrahoğlu kimi bir neçə inanılmış dostuyla sanki şərəf qarovulunda durmasına çox şahid oldum. Amma çox şükür, son illərdə ölkənin Ramiz Rövşən, Afaq Məsud, Kamal Abdulla, Çingiz Abdullayev kimi bütün məşhur yazıçıları vəziyyətin vahiməli həddə çatdığını görüb bu təşkilata dəstək verdilər. Azərbaycanın yeni ədəbi nəslinin müdrik, həqiqətən missiya sahibi kimi məşhur və çox sevilən təmsilçisi Rəşad Məcid müstəqillikdən sonrakı yeni dövrdə yetişən, köhnə rejimin əleyhinə çıxan gənc yazıçılarla AYB arasında körpü quraraq sözügedən qurumu onlar üçün yenidən cazibə mərkəzi halına gətirdi. O, həm yazıçı-jurnalist imkanları, həm də şəxsiyyəti ilə, baş redaktoru olduğu, ölkənin elitar və intellektual qəzeti sayılan “525-ci qəzet”dən gənc yazarların enerjisini AYB-yə köçürmək üçün bir körpü kimi istifadə etdi.
İndi daha yaxından tanımağa imkan tapdığım Qismət Rüstəmov, Zərdüşt Şəfizadə, Cavid Zeynallı, Rəbiqə Nazimqızı, Günel Eminli, Vüsal Nuru, Elvin Bakiroğlu və digər gənc şairlər, yazarlar artıq AYB-də fəaliyyət göstərirlər. Bu gənclər uzun mənzumələriylə Ənvər Ərcanı yoran, “bunun qısası yoxmu” dedirdən Şoloxov nəsli deyil. Böyükləri kimi dünya ədəbiyyatını yalnız rus mədəniyyətinin senzurası və təhdidləri altında qavramırlar, türk şeirini də yalnız Nazım Hikmet, Fazıl Hüsnü, Necip Fazıl və Tofiq Fikrətdən ibarət hesab etmirlər. İsmət Xüsusidən Haydar Ergülenə, Lalə Müldürdən Turqut Uyara və bizlərə qədər müasir türk şeirinə yaxşı bələddirlər. Bu səbəbdən bu yeni nəsil haradasa bizim qədər İstanbuldan dünyaya baxa bilir. 23 yaşında ən gənc şair olaraq şeir gecəsinə qatılan və Ataol Bəhramoğlunu “militan” günlərinə aparan Qismətin timsalında dərin və yüksək dəbli yeni bir gənc Azərbaycan şeiri gəlir meydana. Azərbaycan dövləti 1997-ci ildən mərhum Heydər Əliyevin qərarıyla yazarlara, gəncləri də əhatə edərək, köməyini əsirgəmir, hər il 20 gənc və 50 yaşlı yazara 200-300 manat məbləğində təqaüd verilir. Son illərdə AYB özüylə yaşıd həftəlik “Ədəbiyyat qəzeti” ilə bərabər, 11 davamlı nəşri, kitab nəşriyyatı, Yazarlar Poliklinikası, S.Vurğun adına Yaradıcılıq Evi və 1350 üzvüylə əvvəlki yaxşı günlərinə təkrar qovuşmuş vəziyyətdə fəaliyyətini davam etdirir. AYB-nin Moskva və İstanbul daxil olmaqla dünyada 15 nümayəndəliyi fəal şəkildə çalışır. Keçən il oktyabrda, Moskvada Rusiyanın dünyada ən əhəmiyyətli ədəbi jurnalı hesab olunan “Drujba Narodov”un AYB-nin 75-ci ildönümü münasibətilə tamamilə Azərbaycan ədəbiyyatına həsr olunan xüsusi buraxılışı işıq üzü görüb. Buraxılışda bütün Azərbaycan ədəbiyyatına sanki Nobel mükafatı almış kimi əhəmiyyət verildiyini gördüm... Hiss edənlər üçün yad bir duyğu deyil, amma çox təəssüf ki, türk ziyalıları Orxan Pamuk Nobel alanda bircə dəfə belə bir “oh” deyib içinin yağını əritmədilər. Sonra yenə hər kəs içindəkini tökə bilərdi. İndi yubileyi münasibətiləmi Sovetlər dövründə türk ədəbiyyatına əhəmiyyət verməyən “Drujba Narodov” jurnalı Azərbaycan ədəbiyyatına sonuna qədər qucaq açıb? Bunun gerçək səbəbi görəsən Rusiyadakı çölləşmə prosesimi, Rusiya ədəbiyyatın türk ədəbiyyatı qarşısında geri çəkilməsimi, yoxsa Azərbaycan ədəbiyyatının xüsusi inkişafıdırmı? Üzərində düşünülməyə dəyən bir mövzudur. Hətta bunu önümüzdəki aylarda – ehtimal ki, bu ilin martında AYB-nin İstanbulda reallaşacaq növbəti tədbirində də yada sala bilərik.
İrfan ÇİFTÇİ
525-ci qəzet.-2010.- 6 fevral.- S.14.