Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış

 

(əvvəli ötən şənbə sayımızda)

 

Hörmətli oxucular, bu məqalədə Təhsil Nazirliyinin Amerika Birləşmiş Ştatları təşkilatları ilə təhsil sahəsində həyata keçirilən birgə layihə və proqramlar barədə fikirlərimi davam etdirəcəyəm.

ABŞ-ın Açıq Cəmiyyət İnstitutu dünyanın əksər ölkələrində proqram və layihələr həyata keçirir. Bu qeyri-hökumət təşkilatı Amerika maliyyəçisi və investoru Corc Soros tərəfindən 1979-cu ildə yaradılmışdır. Bu təşkilat hər ildə qeyri-kommersiya layihələrinə 300 milyon ABŞ dolları məbləğində vəsait sərf edir.

Açıq Cəmiyyət İnstitutu tərəfindən 1993-2003-cü illərdə Azərbaycanda təhsil sahəsində bir sıra layihələr həyata keçirilmişdir. Həmin layihələr çərçivəsində həyata keçirilmiş tədbirləri diqqətə çatdırmaq istəyirəm.

“Addım-addım” texnologiyasının tətbiqi layihəsi. Açıq Cəmiyyət İnstitutu tərəfindən təqdim edilmiş yeni pedaqoji texnologiya olan “Addım-addım” Layihəsi 1998-ci ildən məktəbəqədər təhsil sahəsində başlanmışdır. 1999-2000-ci tədris ilindən başlayaraq birinci siniflərdə tətbiq edilmişdir.

Layihənin ilk üç ili ərzində nəzərdə tutulan uşaq bağçaları və məktəblərdə seçilmiş otaqlarda təmir işləri aparılmış, otaqlar xüsusi mebel dəstləri, yazı və tədris ləvazimatları ilə təchiz olunmuş, valideynlər üçün xüsusi otaqlar yaradılmışdır.

Texnologiyanın məqsədi uşağı daim yeni biliklərə yiyələnməyə, müstəqil şəkildə öz biliyini artırmağa yönəltmək, onlarda tənqidi təfəkkürün, seçmə bacarığının, problemi qoymaq və həll etmək qabiliyyətinin formalaşdırılması, yaradıcılığa, fantaziya və ixtiraçılığa təşəbbüsün, insanlara, cəmiyyətə, təbiətə, ətraf mühitə qayğı və hörmət hisslərinin aşılanmasıdır. Texnologiyanın fəlsəfi əsasını uşağın özünə, tərbiyəçiyə, valideynlərinə, onu əhatə edən insanlara inam təşkil edir, düşünülmüş şəkildə yaradılan mühit özü onda tədqiqatçılığa, təşəbbüskarlığa və yaradıcılığa maraq oyadır.

Pedaqogika və psixologiyada, fəlsəfi elmdə son 20 ildə əldə olunmuş mütərəqqi ideyaları nəzəri əsas kimi götürən, hər bir uşağı yaradıcı şəxsiyyət kimi qəbul edən, ilk növbədə onun idrak qabiliyyətlərinin, məntiqi təfəkkürünün inkişafını nəzərdə tutan, akademik, bədii, etik, estetik və praktik biliklərin aşılanmasına yönəldilən “Addım-addım” texnologiyası ənənəvi tədris və tərbiyə metodikalarına nisbətən bir sıra üstünlüklərə malikdir.

Belə ki, ailə, məktəbəqədər müəssisə və cəmiyyətin birgə iştirakı nəzərə alınmaqla tərbiyəyə kompleks yanaşma tətbiq olunur, valideynlər tərəfindən uşaqların tərbiyəsinə maraq artır, onların pedaqoji prosesdə fəal iştirakı təmin olunur.

Uşaqların yaradılmış təlim mərkəzlərindən meyl və marağa uyğun səmərəli istifadə etməsi, onlara fikir və mülahizələrini sərbəst söyləmək imkanının verilməsi texnologiyanın üstün cəhətlərindəndir. Təlim mərkəzlərində iş uşaqların qarşılıqlı əlaqə və ünsiyyətinə, müstəqil əqli nəticə çıxarma və qərar qəbul etmə qabiliyyətlərinin inkişafına yönəldilmişdir. Mərkəzlərdə təlim mühitinin təşkili və tərtibat mühüm əhəmiyyət daşıyır. Buradakı bütün materiallar: didaktik vasitələr, avadanlıqlar, plakatlar, portretlər, incəsənət əsərləri, yazılar, uşaqların rəsmləri, əl işləri bilavasitə uşağın inkişafına zəmin yaradır.

Mərkəzlərdə təlimin fərdiləşməsi tərbiyəçidən hər bir uşağın fərdi psixoloji, fizioloji, yaş xüsusiyyətlərini, meyl və maraqlarını bilməsini, bunlara uyğun müvafiq tapşırıqlar müəyyənləşdirilməsini tələb edir. Fəaliyyət mərkəzləri hər bir uşağın müvəffəqiyyət qazanmasına imkan yaradır. “Öyrənməyi öyrətmək” metodu üzrə işin təşkili məşğələlərin maraqlı keçməsinə, təlimi hər bir uşağın meyl, maraq, qabiliyyət və istedadına, inkişaf səviyyəsinə uyğun qurmağa zəmin yaradır, uşağa sərbəst seçmə imkanı verir.

Texnologiyada uşağın normal inkişaf sxeminin verilməsi, burada hər bir yaş dövrünə müvafiq olan hərəkət, komunikativ, koqnitiv, özünəxidmət vərdişlərinin, həmçinin fiziki, sosial, nitq, idrak, motorika sahəsində inkişaf göstəricilərinin öz əksini tapması müəllim və tərbiyəçilər üçün çox faydalıdır və təlimin inkişafetdirici aspektinin gücləndirilməsində mühüm rol oynayır. Bilavasitə təlim prosesində uşaqda güclü və müstəqil xarakter tərbiyəsinin forma, metod və üsullarının göstərilməsi təlim-tərbiyə prosesinin səmərəli təşkilinə şərait yaradır.

“Addım-addım” texnologiyasından istifadə uşağın təlim və tərbiyəsində faydalı olduğu kimi, tərbiyəçilərə və müəllimlərə də bilik və bacarıqlarını təkmilləşdirmək, fəaliyyətlərini əməkdaşlıq pedaqogikası prinsipi üzrə qurmaq imkanı verir, onlarda daim öz üzərində işləmək, elmi-metodik hazırlığını yüksəltmək zərurəti yaradır. Texnologiyanın tətbiqi uşaq bağçası, məktəb – ailə əlaqəsinin mütəşəkkil təşkilinə, valideynlərin pedaqoji prosesdə iştirakına daha əlverişli şərait yaradır, “tərbiyəçi-valideyn”, “müəllim-valideyn”, “valideyn-valideyn”, “uşaq-şagird-valideyn” münasibətlərinin səmərəli qurulmasına kömək edir, birgə fəaliyyət formalarını müəyyənləşdirir.

Mövcud məktəbəqədər tərbiyə prosesində məşğələlər ümumi şəkildə keçirildiyi, yəni bütün uşaqlar eyni zamanda bir fəaliyyətlə məşğul olduqları halda, “Addım-addım” texnologiyası hər bir uşağın öz arzusuna, meyl, maraq və qabiliyyətinə, sosial və emosional inkişaf səviyyəsinə uyğun olaraq kiçik qruplarda müxtəlif təlim mərkəzlərində məşğul olmasını təmin edir.

“Addım-addım” texnologiyası, həmçinin müasir dövrdə mütərəqqi ideyalar kimi irəli sürülmüş təhsilin demokratikləşdirilməsi, humanistləşdirilməsi, diferensiallaşdırılması, fərdiləşdirilməsi prinsipləri, uşaq hüquqlarının qorunması ideyaları ilə uzlaşır və təlim-tərbiyə prosesində müasir, o cümlədən interaktiv təlim metodlarının tətbiqini nəzərdə tutur.

Layihə ilkin mərhələdə Bakı şəhərinin 11, 105, 175, 257, Gəncə şəhər 15, Mingəçevir şəhər 10, 16 və Ağdaş şəhər 9 nömrəli uşaq bağçalarının 18 qrupunda eksperiment qaydasında tətbiq olunmuşdur.

1999-cu ildə Bakı şəhəri 111, 162, Sumqayıt şəhəri 30, Qusar şəhər 3 nömrəli, Təhsil Nazirliyinin lal-kar uşaqlar üçün ixtisaslaşmış uşaq bağçası, Şəki şəhər 9, Lənkəran rayonu Gərmətük kənd uşaq bağçası Layihəyə qoşulmuşdur.

2000-ci ildə daha 9 məktəbəqədər təhsil müəssisəsi (Bakı şəhəri 130, “Qərənfil”, Sumqayıt şəhər 11, Şamaxı şəhər 1, 2, Quba şəhər 13, Qax rayonu 19 nömrəli, İngiloy qəsəbə, Balakən rayonu İtitala qəsəbə uşaq bağçaları) yeni texnologiya ilə işləməyə başlamışlar.

2001-si ildə Layihəyə Cəlilabad şəhər 2, Masallı şəhər 2, Xaçmaz şəhər 4, Sumqayıt şəhər 20, Balakən şəhər 2, Naxçıvan şəhər 6, 7, 10, Astara şəhər 1, Lənkəran şəhər 15, Xızı şəhər mərkəzi uşaq bağçası qoşulmuş, əvvəlki illərdə seçilmiş Bakı şəhəri 175, 257, Mingəçevir şəhər 10, 16, Qusar şəhər 3 nömrəli, Lənkəran rayonu Gərmətük qəsəbə uşaq bağçalarında isə daha 2 qrupda yeni texnologiyanın tətbiqinə başlanmışdır.

Beləliklə, “Addım-addım” texnologiyası ümumilikdə ölkənin 17 bölgəsində 37 uşaq bağçasının 115 qrupunda tətbiq edilmişdir.

1998-2001-ci illərdə uşaq bağçalarının tərbiyəçiləri və müdirləri üçün, eləcə də rayon təhsil şöbələrinin məsləhətçiləri, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun və Təhsil Nazirliyinin nümayəndələri üçün beynəlxalq məsləhətçilər cəlb edilməklə 16 treninq keçirilmiş, 500-dən artıq tərbiyəçi və məktəbəqədər təhsil üzrə digər mütəxəssislər bu treninqlərdə iştirak etmişdir.

Yeni texnologiyanın daha səmərəli tətbiqi məqsədilə Layihə çərçivəsində təcrübə mübadiləsinə geniş yer ayrılmışdır. Belə ki, Bakı şəhər 257, 105, Sumqayıt şəhər 40, Ağdaş şəhər 9, Mingəçevir şəhər 16, 10 nömrəli uşaq bağçalarının müdir və tərbiyəçiləri Tbilisi şəhərində (1999-cu il), Gəncə şəhər 15 nömrəli uşaq bağçasının nümayəndələri Budapeştdə (1999-cu il) təlim seminarlarında iştirak etmişlər.

Bakı şəhər 257, Mingəçevir şəhər 16 nömrəli uşaq bağçasının tərbiyəçiləri, eləcə də həmin müəssisələrin nəzdindəki treninq mərkəzlərinin trenerləri Ukraynada təcrübə mübadiləsində iştirak etmişlər (oktyabr 2001-ci il).

Təhsil Nazirliyinin nümayəndə heyəti Beynəlxalq “Addım-addım” Assosiasiyasının Baş Assambleyasının işində iştirak etmək və Latviyada Layihə üzrə təcrübə ilə tanışlıq məqsədilə Riqaya ezam olunmuşdur (dekabr, 2001-ci il).

Layihə çərçivəsində həyata keçirilən əhəmiyyətli tədbirlərdən biri də uşaq bağçalarının tərbiyəçiləri üçün aşağıdakı metodik və köməkçi ədəbiyyatın Azərbaycan dilinə tərcümə edilməsi və nəşri olmuşdur:

–Uşaqlara istiqamətləndirilmiş təlimin təşkili.

–Uşaq fəallığına istiqamətləndirilmiş riyazi və ümumelmi yaradıcı materiallar.

–Təhsil və demokratiya mədəniyyəti: erkən yaş dövründə uşaqların inkişafı təcrübəsi.

–Ailələr və erkən yaş dövründə uşaqların təhsili.

–Oyun təlim üsulu kimi.

–Körpələrə istiqamətləndirilmiş təlimin təşkili.

Varislik gözlənilməklə 1999-2000-ci tədris ilində Təhsil Nazirliyinin razılığına əsasən “Addım-addım” texnologiyası ümumtəhsil məktəblərinin I siniflərində tətbiq edilməyə başlanmışdır. Bunun üçün Bakı şəhəri 10, 74, 153, 269 və Sumqayıt şəhəri 11 nömrəli məktəb pilot məktəblər kimi müəyyənləşdirilmişdir.

2000-2001-si tədris ilində Layihə Bakı şəhər 246, 272, 83, Gəncə şəhər 22, Mingəçevir şəhər 15, 6, Şamaxı şəhər 2, Ağdaş şəhər 2, Şəki şəhər 12, Qusar şəhər 6 nömrəli, Lənkaran rayonu Gərmətük qəsəbə məktəblərində tətbiq edilməklə onun əhatə dairəsi daha da genişləndirilmişdir. Eyni zamanda 1999-2000-ci dərs ilində layihənin tətbiq edildiyi məktəblərin hər birində əlavə iki sinif də yeni texnologiya ilə işləməyə başlamışdır.

2001-2002-ci tədris ilində Layihəyə Naxçıvan şəhər 7 və 8, Astara şəhər 5, Balakən şəhər 1, Lənkaran şəhər 4 nömrəli, Gərmətük qəsəbə məktəbi, Masallı şəhər 3, Cəlilabad şəhər 8, Zaqatala şəhər 3, Xaçmaz şəhər 7, Quba şəhər 1 nömrəli, Qırmızı qəsəbə məktəbi, Qax şəhər 5 nömrəli, Qaxingiloy qəsəbə məktəbi, Şəki şəhər Fizika – riyaziyyat və humanitar təmayüllü lisey, Şamaxı şəhər 2 və 5, Xızı mərkəzi şəhər məktəbi, Bakı şəhər 245, 189, 199, 175, 190, 191, 214 nömrəli məktəblər, 2 nömrəli internat məktəbi cəlb olunmuş, eləcə də “Addım-addım” texnologiyası əvvəlki illərdə layihəyə qoşulmuş məktəblərin hər birində daha 2 sinfi də əhatə etmişdir.

Beləliklə Layihə ölkənin 17 regionunda 47 ümumtəhsil məktəbinin 79 ibtidai sinifində tətbiq olunmuşdur.

Seçilmiş məktəblərin direktor və müəllimləri üçün Layihə çərçivəsində 12 treninq keçirilmişdir. ABŞ-dan olan ekspertlərin iştirakı ilə 1999-cu ilin avqustunda Şəkidə, 2000-ci ilin avqustunda Şamaxıda, Ukraynadan olan ekspertlərin iştirakı ilə 2000-ci ilin fevralında Bakıda, 2001-ci ilin avqustunda Şamaxıda belə treninqlər təşkil edilmişdir. 1998-2003-cü illərdə 600-dən artıq ibtidai sinif müəllimi, məktəb direktoru, məsləhətçi və metodist yeni təlim üsulları üzrə müxtəlif treninqlərdə iştirak etmişlər.

Təcrübə mübadiləsi məqsədilə layihənin tətbiq edildiyi məktəblərin müəllimləri bir sıra xarici ölkələrdə olmuşlar. Belə ki, Bakı şəhər 153 nömrəli məktəbin müəllimləri Tbilisi şəhərində (noyabr 1999-cu il), Bakı şəhər 269 nömrəli məktəbin müəllimləri Budapeşt şəhərində (1999-cu il), Sumqayıt şəhər 11 nömrəli məktəbin və BPKİYH İnstitutunun nümayəndələri Vaşinqtonda (aprel – may 2000-ci il), Bakı şəhər 153, Lənkəran şəhər 4, Sumqayıt şəhər 11 nömrəli məktəblərin nümayəndələri Kiyevdə (oktyabr 2001-si il) təcrübə ilə tanış olmuşlar.

Layihə çərçivəsində ibtidai sinif müəllimləri üçün ‘’Uşaqlara istiqamətləndirilmiş sinif otaqlarının yaradılması’’, “Riyaziyyat, savad və yazı üzrə müxtəlif çətinlik səviyyəsi olan testlər” adlı metodik vəsaitlər Azərbaycan dilinə tərcümə olunmuş və nəşr edilmişdir.

“Addım-addım” texnologiyasının tətbiqi layihəsinin ən mühüm istiqamətlərindən biri də ölkə üzrə treninq mərkəzləri şəbəkəsinin yaradılması olmuşdur. Layihə çərçivəsində tərbiyəçilərin və müəlimlərin davamlı təkmilləşdirilməsi məqsədilə ölkənin 9 regionunda (Mingəçevir şəhəri 16 nömrəli uşaq bağçası, Şamaxı şəhər 5 nömrəli orta məktəb, Şəki şəhər 12 nömrəli orta məktəb, Naxçıvan şəhər 10 nömrəli uşaq bağçası, Quba şəhər 13 nömrəli uşaq bağçası, Lənkəran şəhər 4 nömrəli orta məktəb, Sumqayıt şəhər 11 nömrəli orta məktəb, Gəncə şəhər 22 nömrəli orta məktəb, Qax şəhər 5 nömrəli orta məktəb, Bakı şəhər 153 nömrəli orta məktəb) məktəbəqədər və ümumi təhsil müəssisələrində treninq mərkəzləri yaradılmış və fəaliyyəti təşkil edilmişdir.

Treninq mərkəzlərinin yaradılması zamanı bir sıra amillər nəzərə alınmışdır:

–Layihənin ölkədə daha geniş yayılması üçün ən yaxşı uşaq bağçaları və məktəblərdə yerləşdirilməsi;

–pedaqoji profili ali və orta ixtisas təhsili müəssisələrinə, müəllimləri təkmilləşdirmə institutlarına yaxın olması;

–treninq mərkəzlərində Layihə üzrə çalışan ən təcrübəli tərbiyəçi və müəllimlər cəlb edilməklə trenerlərin/təlimatçıların/metodistlərin hazırlanması və komandaların formalaşdırılması;

–Layihəni tətbiq etmək istəyən tərbiyəçi və müəllimlər üçün mərkəzlərdə treninqlərin keçirilməsi imkanları;

–gələcəkdə yeni texnologiyanı tətbiq etmək istəyən tərbiyəçi və müəllimlər üçün Layihəni müşahidə etmək, metodologiyalar əldə etmək, treninqlərdə iştirak etmək imkanı yaradılması;

–treninq mərkəzlərinin təmiri, ofis və treninq avadanlığı ilə, eləcə də iki il müddətinə treninq mərkəzinin koordinatorunun əmək haqqı ilə təmin edilməsi.

Treninq mərkəzlərinin fəaliyyətinin daha səmərəli təşkil edilməsi məqsədilə ən qabaqcıl və yaradıcı tərbiyəçi, müəllim, metodist və direktorlar sırasından seçilmiş trenerlər üçün beynəlxalq məsləhətçilər cəlb edilməklə 2000-2002-ci illərdə 3 xüsusi treninq keçirilmişdir.

“Addım-addım” texnologiyasının məktəbəqədər və ümumi təhsil müəssisələrində tətbiqi ilə yanaşı, bu texnologiyanın müəllim hazırlığı kurikulumlarına daxil edilməsi və ali məktəb müəllimlərinin bu sahədə bacarıqlarının artırılması sahəsində də bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Müəllimlər İnstitutu, Gəncə Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti və bir sıra orta ixtisas məktəblərinin müəllimləri üçün ABŞ mütəxəssislərinin iştirakı ilə 1999-2002-ci illərdə müvafiq treninqlər keçirilmişdir.

Layihənin inkişaf strategiyasının ən mühüm istiqamətlərindən biri də resurs mərkəzləri şəbəkəsinin yaradılması olmuşdur. Ölkənin 5 regionunda resurs mərkəzləri yaradılmış və 2002-ci ildən fəaliyyətə başlamışdır (Azərbaycan Müəllimlər İnstitutu, Lənkəran Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Şəki Pedaqoji Texnikumu, Azərbaycan Dövlət Pedaqoji Kolleci). Bu resurs mərkəzləri Layihəyə cəlb olunmuş uşaq bağçaları və ümumtəhsil məktəbələrinin təcrübəsini öyrənmək və təcrübə mübadiləsi aparmaq funksiyasını yerinə yetirmişdir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Pedaqoji Kolleci, Azərbaycan Müəllimlər İnstitutu, BPKİYH İnstitutunun əməkdaşları, resurs mərkəzlərinin koordinatorları 2000-2001-ci illərdə təcrübə mübadiləsi məqsədilə Bişkek, Kiyev və Riqa şəhərlərində təlim seminarlarında iştirak etmişlər.

Ali və orta ixtisas təhsili müəssisələri üçün ‘’Fərdiləşdirilmiş təhsil’’, ‘’Oyun vasitəsilə təlim’’, ‘’Ailə ilə məktəbin əməkdaşlığı’’, ‘’Müşahidələr vasitəsilə uşaqların öyrənilməsi’’, “Uşağa istiqamətləndirilmiş təlim’’, ‘’Kiçik yaşlı uşaqların təhsili sahəsində tətbiqi tədqiqatlar’’ adlı vəsaitlər Azərbaycan dilinə tərcümə olunmuş və nəşr edilmişdir.

“Addım-Addım” texnologiyasının tətbiqi Layihəsinin 1998-2003-ci illərdə həyata keçirilməsinə Açıq Cəmiyyət İnstitutu tərəfindən ümumilikdə 2,3 milyon ABŞ dolları məbləğində vəsait sərf edilmişdir.

Akademik təqaüdçülər Proqramı (ATP). Proqram 2004-cü ildə Açıq Cəmiyyət İnstitutunun “Ali təhsilə dəstək proqramı” çərçivəsində Şərqi Avropa, keçmiş sovetlər birliyi ölkələrində həyata keçirilməyə başlanmışdır. Proqramın məqsədi ölkələrdə ali təhsil sahəsində islahatlar prosesinə dəstək, akademik şəbəkənin yerli, regional və qlobal şəkildə qurulmasına yardım göstərməkdir. Proqram:

–seçilmiş universitetlərin kafedralarında islahatların həyata keçirilməsinə yardım göstərir;

–xaricdə təhsillərini başa vurub vətənlərinə geri dönmüş gənc və ümidverici müəllimləri ali təhsil müəssisələrinə cəlb edir və onların peşəkarlıq səviyyəsinin yüksəldilməsini təmin edir;

–Qərb ölkələrinin aparıcı universitetlərindən professorları ali təhsildə gedən islahatlara yardımçı olmağa cəlb edir, hər il professorları bir neçə dəfə ali məktəblərə 5-7 günlük işgüzar səfərə dəvət edir.

Proqram artıq 5-ci ildir ki, Bakı Dövlət Universitetində həyata keçirilir. Əməkdaşlığın nəticəsi kimi artıq üçüncü ildir ki, Bakı Dövlət Universitetində Sosial iş üzrə magistr və ikinci ildir ki, Sosial İş üzrə bakalavr proqramları üzrə kadr hazırlanır. Sosial İş üzrə hər iki proqramın işlənilməsində ABŞ və Avropa ölkələrinin aparıcı universitetlərində təhsil almış və Proqram tərəfindən BDU-da tədrisə cəlb olunmuş müəllimlər yaxından iştirak edirlər. Həmin müəllimlər Sosial iş üzrə standartların hazırlanmasına yardımçı olmuşlar. Həmçinin 2008-2009-cu tədris ilində BDU-da Beynəlxalq İnsan Hüquqları üzrə Magistr proqramı yaradılmışdır. Bu proqramın tədris dili ingilis dilindədir və tədris planının beynəlxalq standartlara uyğun tərtib olunmasına xarici professor və yerli kadrlar böyük əmək sərf etmişlər.

ATP Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər; Beynəlxalq hüquq, Sosial elmlər və psixologiya fakültələri, İqtisadi kibernetika kafedrası ilə səmərəli əməkadaşlıq etmişdir. 2009-2010-cu tədris ilində Beynəlxalq hüquq kafedrası və Sosial elmlər və psixologiya fakültəsi ilə iş aparılır. Bu kafedra və fakültələrdə xarici ölkələrin aparıcı universitetlərində təhsil almış və beynəlxalq standartlara uyğun tədris apara bilən müəllimlər çalışırlar. Həmin müəllimlər hər il müsabiqə yolu ilə seçilirlər.

Son 5 il ərzində xaricdə təhsil almış 26 nəfər azərbaycanlı gənc, xaricdən 6 professor ATP-nin maliyyə dəstəyilə BDU-nun müxtəlif kafedralarında beynəlxalq standartlara uyğun tədris aparmışlar. Növbəti illərdə ATP Azərbaycanda fəaliyyətini genişləndirməyi planlaşdırır.

2004-cü ilin aprelindən Açıq Cəmiyyət İnstitutu bazasında “Müasir Təhsilə və Tədrisə Yardım Mərkəzi” ictimai birliyi təsis edilmişdir. Əvvəllər Açıq Cəmiyyət İnstitutunun, sonralar isə Mərkəzin fəaliyyətinin təşkilində və təhsil sahəsində proqram və layihələrin həyata keçirilməsində Elmina Kazımzadə, Ülviyyə Mikayılova, Elnarə Qənizadə, Bahar Kərimova, İradə Məmmədovanın xüsusi xidmətləri qeyd edilməlidir.

Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə Müasir Təhsilə və Tədrisə Yardım Mərkəzi tərəfindən Təhsil Nazirliyi ilə birgə bir sıra layihələr həyata keçirilməkdədir.

Məktəb liderliyinin inkişafı layihəsi. Layihə 2008-ci ildən həyata keçirilir. Layihənin əsas məqsədi məktəb liderliyini inkişaf etdirməklə təhsildə hesabatverməni və şəffaflığı inkişaf etdirməkdir. Layihə çərçivəsində bir sıra fəaliyyətlər – məktəb liderliyinin inkişafı mövzusunda təlimlər, mübadilə proqramı, məktəb səfərləri və sair həyata keçirilmişdir. Prosesdə həm yerli, həm də beynəlxalq ekspertlərlə əməkdaşlıq edilir. Belə ki, təlim proqramları əsasən ABŞ-ın Cənubi Konnektikut Dövlət Universitetinin Məktəb Liderliyi Fakültəsinin professoru Ketrin Magno tərəfindən aparılır. Eyni zamanda təlimlər zamanı uğurlu fəaliyyətləri ilə seçilən məktəb direktorları təqdimatlarla çıxış edirlər. Amerika Birləşmiş Ştatları və Avropada təhsilin idarə edilməsi və liderlik, ictimai siyasət üzrə magistr dərəcəsi almış 4 gənc azərbaycanlı mütəxəssis də təlim proqramlarına cəlb edilmişdir.

Məktəb idarəetməsi və maliyyələşməsi: təcrübə və siyasət layihəsi. Layihənin məqsədi məktəbin səmərəli maliyyələşməsi və demokratik idarə edilməsi prosesini gücləndirmək, bu məqsədlə Azərbaycanda məktəb idarəetməsi və maliyyələşməsinə dair modellərin tədqiqi, bu sahədə tövsiyələrin hazırlanması və ictimaiyyətin maarifləndirilməsi kampaniyasının təşkilidir.

Layihə çərçivəsində “Azərbaycanda məktəb maliyyələşməsinin yeni modeli” mövzusunda tədqiqat aparılmışdır. Məqsəd Təhsil Sektorunun İnkişafı Layihəsi (TSİL) çərçivəsində şagirdbaşına maliyyələşmə pilot layihəsinə cəlb olunmuş rayonların məktəblərində maliyyələşdirmə və idarəetmənin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatların icra vəziyyətinin araşdırılması, təsirlərinin (nəticələrinin) qiymətləndirilməsidir. Sorğuda Ucar, İsmayıllı rayonları və Şirvan şəhərinin 59 pilot məktəbinin direktoru, məktəb şurasının üzvü olan müəllimlər (150 nəfər), valideynlər (150 nəfər), şagirdlər (150 nəfər) iştirak etmişdir. Bundan əlavə məktəb şurasının sədri (40 nəfər), mühasib (40 nəfər), rayon təhsil şöbəsinin müdirləri (3 nəfər), rayon maliyyə şöbəsinin müdirləri (3 nəfər), yerli icra hakimiyyətinin nümayəndələri (3 nəfər), yerli bələdiyyə orqanının üzvləri (3 nəfər), digər maraqlı tərəflərdən (5 nəfər) dərinləşdirilmiş müsahibələr götürülmüşdür. Tədqiqata dair sorğu və dərinləşdirilmiş müsahibələr “SİQMA” İnkişaf və Beynəlxalq Əməkdaşlıq Tədqiqatları Mərkəzi tərəfindən aparılmışdır.

Həmçinin layihənin ekspert qrupu tərəfindən mövcud maliyyə modelinin təhlili aparılmışdır. Təhlil ümumi təhsil sisteminin mövcud maliyyələşmə sisteminin ümumi prinsiplərini, mexanizmlərini, eləcə də maliyyənin idarəedilməsində müxtəlif tərəflərin iştirak imkanlarını əhatə etmişdir.

Layihə çərçivəsində pilot məktəblərdə yeni modelin tətbiqinə dair məlumatın birbaşa yerlərdən alınması məqsədilə bölgələrə səfər edilmiş, məktəb şurası sədrləri, üzvləri, məktəb direktorları, mühasiblər, eləcə də rayon təhsil şöbəsinin rəhbərliyi ilə yeni modelin tətbiqi və meydana çıxan maneələrlə bağlı müzakirələr aparılmışdır.

Pilot layihəsinə cəlb edilmiş rayon məktbələrində çalışan mühasiblər (59 nəfər) üçün şagirdbaşına maliyyələşdirmə düstrunun tətbiqinə dair Milli Büdcə Qrupu ilə əməkdaşlıq çərçivəsində təlimlər keçirilmişdir. Mühasiblərin ehtiyacları nəzərə alınaraq “Məktəb büdcə bələdçisi” adlı təlimat kitabı hazırlanmışdır. Layihə çərçivəsində “Məktəb ehtiyaclarına əsaslanmış maliyyə formulası” kitabı nəşr olunmuş, layihənin tərəfdaşları arasında yayılmışdır.

İctimai maarifləndirmə komponenti layihənin əsas istiqamətlərindən biri olmuş və layihə müddətində media vasitəsilə mütəmadi olaraq ictimaiyyətin məlumatlandırılması həyata keçirilmişdir. Bu məqsədlə İTV “Açıq dərs” proqramında, eləcə də radiolarda “Məktəb maliyyəsi və idarə olunması” mövzusunda xüsusi proqram təşkil olunmuşdur.

Təhsil Siyasəti Forumu (TSF) layihəsi. Layihə 2004-cü ildən həyata keçirilməyə başlanmışdır. Layihənin məqsədi maraqlı tərəflərin, xüsusilə icma, media şəbəkəsi vasitəsilə təhsil məsələlərinə dair ictimaiyyəti məlumatlandırmaq, təhsilə dair qərarların qəbul edilməsinə vətəndaş cəmiyyətini cəlb etməkdir.

TSF layihəsi, əsasən, üç strateji istiqaməti əhatə etmişdir: a)monitorinq/araşdırmalar; b)araşdırmaların nəticələrinin ictimaiyyət arasında yayılması; c)əməkdaşlıq və effektiv kommunikasiya vasitələrinin inkişaf etdiriliməsi.

Ötən müddət ərzində “Fərdi müəllimlik” (2005 və 2009-cu illər), “Valideynlərin məktəbə qeyri-formal ödənişləri”, “Ali təhsildə korrupsiya: səbəb və nəticə”, “Müəllim peşəsinin tədqiqi” mövzularında genişmiqyaslı tədqiqatlar və monitorinqlər aparılmışdır.

Layihə çərçivəsində beynəlxalq əməkdaşlıq istiqamətində ciddi təşəbbüslər həyata keçirilmiş, UNESCO-un Beynəlxalq Təhsil Planlaşdırılması İnstitutu ilə birgə tədqiqatın Azərbaycan dilində nəşrinə nail olmuşdur. Həmçinin layihə çərçivəsində təhsil sahəsində ixtisaslaşmış beynəlxalq, regional və yerli QHT şəbəkələri ilə fəal əməkdaşlıq edilmiş, o cümlədən QHT-lərin anti-korrupsiya fəaliyyətinə dair yerli şəbəkə, AzPAC (Avropa Şurası) layihəsi, təhsil siyasəti mərkəzləri şəbəkəsi (NEPC), UNESCO-nin Beynəlxalq Təhsil Planlaşdırılması İnstitutu ilə birgə tədbirlər həyata keçirilmişdir.

TSF layihəsi üzrə mütəmadi şəkildə mətbuat konfransları, dəyirmi masalar, seminarlar keçirilmiş, mətbuatın üçün açıqlamalar hazırlanmışdır. Həmçinin “Təhsil və media” adlı jurnalist qrupu yaradılmış və onlarla əməkdaşlıq təmin edilmişdir. Bu qrupun əsas məqsədi təhsil problemlərinin mətbuatda daha geniş və yaradıcı işıqlandırılması olmuşdur. Həmçinin jurnalistlərın təhsil sahəsində ixtisaslaşması üçün təlim və seminarlar təşkil olunmuşdur. Təlimlərdə Bakı və regionlar da daxil olmaqla 20 media təmsilçisi iştirak etmişdir. Təlimlərdən sonra da jurnalistlərlə əlaqə davam etdirilmiş, həyata keçirilən tədqiqatlar, eləcə də jurnalist peşəkarlığıının artırılması məqsədilə keçirilən digər tədbirlər barəsində məlumatlar verilmişdir. Layihənin icrası müddətində 24 mətbuat konfransı keçirilmiş və bununla da təhsil prosesində iştirak etməkdə maraqlı olan auditoriya (mətbuat nümayəndələri, qərarqəbuledicilər, QHT təmsilçiləri, icma üzvləri, təhsil ictimaiyyəti, beynəlxalq təşkilatların təmsilçiləri) formalaşmışdır. Bundan əlavə hər il İctimai Televiziyanın “Açıq dərs” verilişi 2 proqramını layihənin nəticələrinin əsasında qurmuşdur.

Qeyd etmək yerinə düşər ki, TSF çərçivəsində “Təhsil haqqında” qanun layihəsinin ictimai müzakirələri keçirilmiş, təkliflər hazırlanmış, onların bir qismi qəbul edilən sənəddə öz əksini tapmışdır.

Eyni zamanda Layihə çərçivəsində 2008-ci ilin yayında “Məktəb maliyyələşməsi: şəffaflıq və cavabdehlik”, 2009-cu ildə isə “Təhsildə qiymətləndirmə strategiyasının inkişafı” mövzularında “yay məktəb”i təşkil edilmişdir. Bunlarla yanaşı, “Korrupsion məktəblər, korrupsion universitetlər nə etməli?”, “Gizli bazarda təhsil: fərdi müəllimlik”, “Antikorrupsiya tədrisi metodologiyası”, “Valideynlərin müvəkillik fəaliyyəti üçün təlimatlar”, “Təhsil terminlərinin izahlı lüğəti”, “Təhsildə şəffaflıq”, “Məktəb ehtiyaclarına əsaslanmış maliyyə formulası” vəsaitləri, o cümlədən multi-media vəsaitləri çap olunmuşdur.

Müasir Tədrisə və Təhsilə Yardım Mərkəzi “Məcburi köçkün şagirdlərin təhsilinin keyfiyyətinin yaxşılaşdırılması”, “Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilə cəlb olunması” layihələrinin həyata keçirilməsində iştirak etmişdir.

 

 

(ardı var)

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri,

fizika-riyaziyyat  elmləri doktoru,

professor

 

525-ci qəzet.- 2010.- 6 fevral.- S.10-11.