Göylərdən gələn gəlin
(Əvvəli
ötən saylarımızda)
Bir vaxtlar, dünyanın düz vaxtlarında, bəxtəvər çağlarında uca dağlar başında, Laçında, Şamkənddə bir gözəl vardı. Adı Səma idi. Evi, ailəsi, həyat yoldaşı, oğlu, qızı...
Qarabağ müharibəsi yüzlərlə, minlərlə ailə kimi, bu ailənin də tifaqını dağıtdı, evindən-eşiyindən didərgin saldı. Səma yaşyarımlıq körpəsi ilə girov düşdü.
Ancaq Həcər qeyrətli bu dağlar gözəli düşmən qarşısında əyilmədi, sınmadı, təslim olmadı. Mərd və ləyaqətli ölümü üstün tutdu.
“Göylərdən gələn gəlin” sənədli povesti bu girov gəlinin həyatından, faciəli taleyindən, o illərdə cəbhə bölgəsində baş verən hadisələrdən bəhs edir. Kitab kimi çapa hazırlanan “Göylərdən gələn gəlin” povestindən bir parçanı “525-ci qəzet”in oxucularına təqdim edirəm.
Müəllif
Bəlkə də, Səma, istər Xankəndində, xəstəxanada, istərsə də kamerada yatan zaman Əlinin hansı fiziki gücün, vaxtın və vəsaitin hesabına erməni Ediklə əlaqə saxladığını, onunla dəfələrlə hava telefonu ilə danışdığını bilmirmiş. O, bəlkə də Əlinin Moskvadan, məhz bacısı Səma üçün göndərdiyi qanın Moskvadan sonra Yerevana, oradan da Xankəndinə necə gəlib çıxdığını təsəvvür etmirmiş. Bəlkə də, o bu qədər ağır və əzablı işlərin nəyin bahasına başa gəldiyini bilsəydi – heç olmasa Rüfətin, özünü zavallı qızının girovluqdan azad olması yolunda fəda edən anasının xatirinə belə qənaətə – özünü intihar etmək qənaətinə gəlməzdi.
Hər halda, bunların hamısı mənim fərziyyələrimdi, düşüncələrimdi. Məsələ burasındadır ki, iyirmi dörd yaşlı girov gəlin, dünya gözəli Səma yəqin ki, mənim kimi düşünməyib.
Düşmən tərəfin tələb etdiyi pulu da beş-on günə toplamaq çətindi. Səma bu çətin işin geniş şəbəkəsini də yəqin ki, aydın təsəvvür etmirdi. Çətin və əzablı olsa da Sevda müəllimə “pul toplamaq” kompaniyasını belə xatırlayır.
– Düz dörd-beş ay bu işlə məşğul olduq. Minlərlə idarə və müəssisə, dost-tanış qapısını döydük. Yevlax, Gəncə və Mingəçeviri dolaşdıq. Arada bir milli əskinaslarımız dəyişildi. Belə olan halda işimiz xeyli çətinləşdi, həm də işin sürəti ləngiyirdi. Saatlarla, günlərlə valyuta mübadiləsi məntəqələrinin qarşısında dayanmışıq.
Qızılları boynuma-boğazıma taxmışdım. Kağız pulu, ABŞ dollarını isə yastığa doldurmuşdum. Hətta, bu qədər qızılı, daş-qaşı, rus pulunu, ABŞ dollarını üstümdə gəzdirməyə də qorxurdum. İçi pulla dolu yastığa söykənirdim. Kənardan bu mənzərəyə tamaşa edənlər də düşünürdülər ki, hə, bəxtəvər yumşaq yastığa söykənib dincəlir.
Danışıqlar aparılmışdı. Artıq tələb edilən pullar, qızıllar yığılmışdı. Səmanı azad etmək, dəyişdirmək üçün hətta erməni girovları da tapılmışdı. Əli hava telefonu ilə Səmanın özü ilə danışdı. Dedi ki, mühüm adamlarla əlaqə yaratmışam. Bu yaxınlarda görüşəcəyik. Telefon xəttinin o üzündə Səmanın qırıq-qırıq və zəif səsi eşidildi.
– Yox, qardaş, mən daha sizin üzünüzə çıxa bilmərəm... Mənim meyitimi alarsınız. Nurlanəni dəyişdirərsiniz.
Əli telefonda bacısının dediklərindən narahat olsa da, son məqamda ümid edirdi ki, Səma belə addım atmaz – özünə qəsd etməz.
Səmanın kamera yoldaşlarının söylədiklərinə görə, hətta milliyyətcə erməni olan tibbi persanal da çaşıb qalmışdı: dəfələrlə ona deyiblər ki, sən gözəl-göyçək xanımsan, müəlliməsən, niyə özünə belə zülm edirsən, verilən xörəkləri yemirsən, günü-gündən də solursan.
Ətrafdakılar da gec-tez Səmanın özünə qəsd edəcəyini duymuşdular. Ona görə də kamerada qazanı, çayniki, çəngəl və bıçağı gizlətmişdilər.
Səma yata bilmirdi. Bir tərəfdən bədənindəki güllə yerləri, bir tərəfdən cərrahiyyə əməliyyatı, bir tərəfdən də həsrət, intiqam, fəryad... Bu gecə isə daha uzun oldu. Kameradakıların hamısı yaralı idi. Ona görə də çox vaxt səhəri dirigözlü açırdılar. İndi isə deyəsən hamısı yatmışdı. Bir daha yəqin etmək üçün azacıq dikəldi. Heç kim tərpənmirdi. Yalnız dəhlizdə gəzişən yekəpər erməni nəzarətçisinin addım səsləri eşidilirdi.
Gecikmək
olmazdı. Günlərlə, həftələrlə beynində
qurduğu, hazırladığı və dəqiqləşdirdiyi
dəhşətli planı icra etmək üçün
lazım olan həlledici an gəlib çatmışdı. Tərəddüd
etmədən sol qolunu burdu. Ağzını açıb biləyini
yaxınlaşdırdı, dişlərini venasına
keçirib var-gücü ilə sıxdı. Ancaq qan
çıxmadı. Bir də... bir də... Hirsindən,
gücsüzlüyündən, acizliyindən ağlamaq istədi.
Gecikmək isə... girovlardan kimsə oyana bilərdi. Bir də
ki, səhərə az qalırdı. Əlacı-səbri
tükəndi. Qəfildən ağlına bir fikir gəldi. Əlini
saçına apardı. İki
sancaq çıxartdı. Bu, onun son ümidi, son silahı idi.
Ağrı hiss etmirdi.
Bütün fikri, diqqəti sol biləyində, şah
damarının üstündəydi. Qan çıxan kimi
sevindi. Bilirdi ki, 24 il yaşadığı bu həyatla
vidalaşmağa çox az qalıb. Xəfifcə
gülümsündü. Çünki şah damarından
çıxan qan onu bu dəhşətli kameradan, səhər-axşam
sorğu-suala tutan yekəpər ermənidən, bir də bu
bivəfa dünyanın namərd gərdişindən xilas edəcəkdi...
Rahatlandı, dincəldi,
sakitləşdi. Başı yastıq əvəzi qoyulmuş
pal-paltarın üstünə düşdü. Bir
anlığa, bircə anlığa gözləri önündən
doğma Laçın dağları,
doğulub-böyüdüyü Şamkənd, girov
düşdükləri sonuncu an, güllə
yağışı və bir də qonşu kamerada
saxlanılan yaşyarımlıq körpəsi Nurlanə
keçdi. Qan isə axırdı...
Mayor Edik hava telefonu ilə
növbəti danışıqların birində Əli ilə
əlaqəyə girmək belə istəmir. Əli Edik tərəfindən
belə kəskin hərəkətin səbəbini bilmək
istəyir.
– Daha səninlə
danışmaq istəmirəm. Ötən gecə bacın
baş sancağı ilə şah damarını kəsib,
intihar edib. Mən bu oyundan çıxıram.
Bu dəhşətli xəbər
– faciə hamını sarsıtdı.
ƏLİNİN QORXULU SƏFƏRLƏRİ
Səma özünə qəsd
edəndən sonra Əlinin Ediklə əlaqəyə girmək
cəhdlərinin hamısı boşa çıxdı. Yenidən
Seyid Əhəd işə qarışdı. O, Əliyə
erməni zabitiylə əlaqə yaratmaqda kömək etdi.
“O biri
bacı-qardaşlarımla müqayisədə Səma ilə
münasibətim fərqliydi. Məni yaman çox istəyirdi,
yazıq bacı. Gör, sənin taleyin necə acı oldu. Səni
sağ və salamat almaq istəyirdim, indi meyitini almağa
çalışıram”.
Əli girov zamanı
özünü intihar etmiş bacısının meyitini almaq
üçün Ergidən Qarakənd tərəfə gedirdi.
O, Ediklə Qarakənd tərəfdə, erməni mövqelərində
görüşməliydi. 29 iyul, 1993-cü il. O, Azərbaycan
MTN-nin ona verilmiş xüsusi arayışının köməkliyi
ilə bizim postları keçdi. Ağdam-Füzuli yolunun
solundakı nar bağının yanından da ötdü.
Qarakəndə çatar-çatmaz o əlindəki ağ
bayrağı, silahını erməni hərbçilərinə
verdi.
“Əsgərə getməmişdən
qabaq atam mənə bir at almışdı. Atı minməkdə,
çapmaqda Səma mənə kömək edirdi. Bir dəfə
necə oldusa, dayçadan yıxıldım. Bədənim əzildi.
Atam mənə xətər yetməsin deyə dayçanı
satmaq fikrinə düşmüşdü. Səmanın
xatirini dünyalar qədər istəyirdi. Səma məsələyə
qarışdı. Atam bu fikrindən əl çəkdi”.
– Erməni hərbçiləri
öz aralarında nəsə danışdılar. Onlardan biri
məndən soruşdu: “Mayor Ediki tanıyırsan?”. “Hə”,
– dedim. Çünki Seyid Əhəd erməni zabitinin zahiri əlamətlərini
qabaqcadan mənə söyləmişdi. Amma əslində mən
Ediki tanımırdım, onu ömrümdə görməmişdim.
Məni sarı “UAZ”da dərin bir dərəyə gətirdilər.
Dərədə çoxlu hərbçi vardı. Bir nəfər
mənə yaxınlaşdı və əl verdi. Hətta, məni
qucaqladı da. Sən demə, elə bu adam dəfələrlə
hava telefonu ilə danışdığım Edikmiş.
Onunla bacımın meyitinin
haradan, necə alınması detalları haqda
danışdıq. O, mənə qabaqkı şərtlərini
yenidən xatırlatdı. Rus pulu, ABŞ dolları,
qızılları. Söhbət əsnasında məlum oldu
ki, Edikin tapşırığı ilə Səmanın meyiti
haradasa torpağa basdırılıb və onun alınması
yaxın gələcəyin işidi.
“Hərbi qulluqdan
qayıdandan sonra Səbinə onun haqda mənə qəribə-qəribə
əhvalatlar danışırdı. Sən demə, orduda
qulluq etdiyim iki il müddətində o, mənim otağıma
heç kəsi buraxmayıb. Hətta, əsgərə getməzdən
qabaq maqnitofonun düyməsini necə basmışamsa, gələnə
qədər o vəziyyətdə də qalıb. Otaqda nəyi,
harada qoymuşamsa, onlar da həmin qaydada... İki il müddətində
heç birinə əl vurulmayıb”.
22 avqust, 1993-cü il. Əli,
Sevda müəllimə, Arif həmin gün Füzulinin su
qovşağı istiqamətindəydilər. Əli bu isti
havada, erməni hərbi birləşmələrinin
bütün cəbhə boyu uğurlu əməliyyat
apardığı bir vaxtda bacısının meyitini
alacaqdı. Ediklə belə danışmışdılar. Əks
tərəfdə heç kəs görünmürdü.
Sonralar məlum oldu ki,
qabağa, düşmən tərəfə ancaq və ancaq Əli
gedə bilər. Başqa heç kəs. Onsuz da Əlinin Səma
girov düşəndən bəri gecəsi-gündüzü
yoxdu, həyatından bezmişdi, ölümündən
qorxmurdu. Diqqətlə Əlinin üz-gözünə
baxsaydın, onu tanımazdın. Gün qabağında,
çöllərdə olduğundan sifəti də dəyişilmiş,
sifəti gülləsi atılmış gilizə, od
üstündə yanmış pula bənzəyirdi. O,
hansı yolla, necə Yuxarı Yağlıvəndə,
hansı nəqliyyat vasitəsiylə gəlmişdi, heç
nə yadında deyil. Beyni, düşüncəsi yalnız
bir məqsədə – Səmanın meyitini almağa yönəlmişdi.
Bir də Yağlıvənd kəndinin sarı təpələri,
üzü aşağı axıb gedən Köndələn
çayı, süni göl yadında qalmışdı.
Burada məlum oldu ki, o Tuğ kəndinə, Tuğ kəndinin
müsəlman qəbiristanlığına gedəcəkdi.
Artıq Yağlıvənd, Kovşad və Zərgər kəndləri
arxada qalmışdı.
Hə, Əlinin bu hərəkəti,
addımı real baxımdan heç bir çərçivəyə
sığışmırdı: bu günlərdə
basdırılmış on bir azərbaycanlının qəbiri
içindən Əli məhz Səmanın, doğma
bacısının qəbrini müəyyənləşdirməli,
onu qazmalı və çıxartmalıydı. Belə məqamda
insana nə qədər dözüm, iradə lazımdı.
İgidliklə yanaşı, soyuqqanlılıq. Məsələ
burasındadır ki, o bu əməliyyatları məhz onun ailəsini,
kəndini, nəhayət sevimli bacısını girov
götürən, sonralar da məhv edən erməni əsgərlərinin
müşayiəti, hırıltısı altında həyata
keçirməliydi. Əlinin qarşısında insan
ağlının dərk edə bilməyəcəyi məsələ,
tapşırıq dayanmışdı: onun
qarşısında torpağı təzəcə
qazılmış on bir azərbaycanlı qəbri vardı. Səmanın
qəbri hansıdı? Bilmirdi. Qəbirlərin kimlərə,
qadınamı, kişiyəmi, uşağamı mənsub
olduğu məlum deyildi. Tuğ kənd qəbiristanlığında
onları biri-birindən fərqləndirən, seçən əlamət
yoxdu. Bacısı girov düşəndən üzü bəri
– bu altı ay müddətində Əli heç sözün
düzü, özünün kim olduğunu, necə
yatdığını, nə yediyini də bilmirdi. Bu insan
özünü, bədənini hiss etmirdi. Huşu
itmişdimi, bilinmirdi. Havalanmışdımı, yox. Qorxu,
hürkü hiss edirdimi? Qətiyyən, yox! Əgər o
qorxunun, ölümün nə olduğunu dərk etsəydi,
anlasaydı, neçə vaxt bundan əvvəl Qarakəndə
– qan çanağına, başdan ayağa silahlanmış
erməni hərbçilərinin görüşünə
getməzdi. Nə olsun Ediklə, hava telefonu ilə
danışmışdılar, görüşmək barəsində
razılığa gəlmişdilər, erməni zabitinin bu məsələdə
maddi marağı vardı: hə, nə olsun? Verilən
sözü ermənilərin dəfələrlə pozduğu
hallar məgər azmı olub? Dəfələrlə, on dəfə,
min dəfə.
...Əli sıra ilə təzəcə
qazılmış on bir qəbirdən
üçüncüsünün qarşısında
dayandı. Niyə, nə səbəbə? Qarabağ
müharibəsində baş verən hadisələr,
döyüşlər, atışmalar o qədər
dolaşıq, nizamsızdı ki, hətta Əli düşmən
mövqelərinə sırıqlısının altında,
sinəsində “Makarov” tipli tapança, dörd ədəd əl
qumbarası da keçirmişdi. Nə Edikin, nə də təzəcə
qazılmış qəbirlərdən on-on beş addım kənarda
dayanan, deyib-gülən, hərdən də Əliyə
söz atan, ona sarı baxıb şit-şit gülən cavan
erməni əsgərlərinin də bundan xəbərləri
yoxdu.
Hisslərin,
qarmaqarışıq düşüncə və
duyğuların içində itib-batan Əli
üçüncü qəbirin qabağında dayandı və
başladı minaaxtaranların gödək saplı beli ilə
onu qazmağa. O, beli yumşaq torpağa tez-tez vururdu, qəbiri
sürətlə qazırdı. Əslində heç qəbirüstü,
tökmə torpaq yaxşı bərkidilməmişdi,
çox asan qazılırdı.
– Torpağı qazdıqca
nisbətən aşağı qatlara – qəbirin içinə,
dərinliyinə düşürdüm. Bellə
qazdığım torpağı hər dəfə yuxarı,
qəbirin yan-yörəsinə atanda, qan-tər basanda cavan erməni
əsgərlərinin mənə tərəf baxıb
güldüklərini, o cür müqəddəs hərəkətlərimi
məsxərəyə qoyduqlarını görürdüm. Hər
ehtimala qarşı “Makarov” tipli tapançadan, əl
qumbaralarından atəş açmağa hazırdım. Erməni
hərbçiləri tərəfindən məqsədimə
mane olacaq tük qədər təhlükə hiss etsəydim
– düşündüklərimi həyata keçirəcəkdim.
Neçə dəqiqə
idi ki, Əli qəbir qazırdı. Minaaxtaranların qısa
saplı beli birdən tabuta toxundu. O, dərhal dayandı. Nəfəsi
kəsildi. Əlindəcə bel dondu, qurudu. Hələ, Əli
Qarakənddə olarkən Edik Səmanın tabutunun zahiri
elementlərini, nişanələrini ona söyləmişdi.
“Deməli, qəbri düz qazmışam. Bu Səmadı,
bacım Səma”.
– Tabutun üstünü,
üst qapağını açdım. İlahi, bu Səma
idi. Yaş, qəhər məni boğdu. Acı göz
yaşlarım, üz-gözümü, kipriklərimi
islatdı. Axır ki, ay Səma, səni girovluqdan azad etməyim
yaxınlaşıb.
Yaşlı erməni zabiti mənim
qan-tər içində olduğumu,
ağladığımı,
hıçqırığımı bayaqdan bəri müşayiət
edirdi...
...Düşmən hərbçilərinin
köməyiylə Əli bacısının tabutunu neytral
zonaya, oradan isə təhlükəsiz mövqelərə
apardı. Burada Əlinin sağ və salamat gəlişini, Səmanın
tabutunu Sevda müəllimə, Aydın kişi, Arif – bir
sözlə, bütün Azərbaycan gözləyirdi. Sevda
müəllimənin – ananın qızının tabutu
üstünə sərilərək
hıçqırıqları, harayı, naləsi
dağları, dərələri lərzəyə
salmışdı. Ana fəryadı Beyləqanda, Bərdədə,
hətta Bakıda belə eşidilirdi.
Səma yenidən,
böyük bir izdihamla Bərdənin Əyricə kənd qəbiristanlığında
torpağa tapşırıldı. Az bir vaxtdan sonra onun
göylərdə dolaşan ruhunun
nigarançılığına da son qoyuldu:
yaşyarımlıq Nurlanə girovluqdan azad edildi.
...Hazırda Sevda xanım
qızı Səbinə və iki nəvəsi ilə birlikdə
Bakıda, Dövlət İdarəçiliyi Akademiyasının
1 saylı yataqxanasında yaşayır. Oğlanları Əli
və Anar isə Bərdə rayonunun Əyricə kəndində
məskunlaşmışlar. Aydın müəllim
böyük faciəyə, ağır dərdə, sonsuz
iztirablara tab gətirə bilmədi, dünyasını dəyişdi.
Sevda xanımın ürəyi sözünə baxmır, bir
tərəfdən də ağır şəkər. “Məni
yaşadan, nakam balamın övladlarını – Rüfəti,
Nurlanəni bir tərəfə çıxartmaq arzusudur...” –
deyir.
Rüfət İnşaat və
Memarlıq institutunun ikinci kurs tələbəsidir. Nurlanə
Bakının Nərimanov rayonundakı kor və zəif
görənlər üçün respublika orta internat məktəbində
oxuyur. Müəllimlərin dediyinə görə qeyri-adi
istedadı var. Gözəl şeirlər yazır.
Yaddaşı heyrətamiz dərəcədə
güclüdür. Sevda xanım indiyə kimi çox yerlərə
gedib, çox ünvanlara üz tutub, nəvəsinin gözlərinə
əlac tapmaq üçün çox qapılar
açıb. Ümidlə qarşılanan vaxtlar, konkret
kömək göstərilən vaxtlar da çox olub. Buz kimi
etinasız münasibətlərin də şahidi olub. Hər
halda, xeyirxah insanlar inamını, ümidini qırmayıb. Elə
bunun nəticəsidir ki, indiyə kimi Nurlanə Türkiyədə
və Moskvada müalicə kursu keçib. Ancaq hələlik
istənilən nəticə yoxdur – görməsi cəmi on
faiz bərpa olunub. Həkimlərin rəyinə görə,
Nurlanənin yeganə nicat yolu Almaniyadadır.
Səbinə Kərimova da
taleyini bacısının balalarına bağlayıb.
– Bacım olduğuna görə
demirəm, ancaq, həqiqət ondan ibarətdir ki, Səmanın
qeyri-adi qəhrəmanlığının, əsl türk
qızlarına məxsus ləyaqət və qeyrətinin,
düşmən qarşısında əyilməzliyinin bənzərini
yalnız nağıllarda, dastanlarda oxumuşuq. Fəxr edirəm
ki, belə bir əfsanəvi insanın bacısıyam. Ən
böyük təsəllim Rüfətin və Nurlanənin
böyümələri, təhsil almaları, analarına layiq
övlad kimi yaşamalarıdır.
Həyatın hər
üzünü görən, ağır dərd və məşəqqətlərlə
üzləşən bu insanlarla görüşmək,
söhbət etmək olduqca ağırdır. Nə kimdənsə
narazılıq edir, nə də şikayətlənirlər.
Bu insanlar bir vaxtlar qoynunda yaşadıqları Laçın
dağları kimi uca, təmiz və vüqarlıdırlar.
Ancaq hər halda uzun söhbət
və müşahidələrdən sonra hiss edirsən ki,
onların qayğıya, mərhəmətə, diqqətə
nə qədər ehtiyacları var.
Yeri gəlmişkən, bəzi
məqamlara toxunmağı lazım bilirik. Dediyimiz kimi, Kərimovlar
ailəsi Bakıda, yataqxanada məskunlaşıblar. Hər
gün Nurlanəni Nərimanov rayonundakı
ixtisaslaşdırılmış məktəbə aparıb
gətirmək lazımdır. Üstəlik, Sevda xanım xəstədir,
dərd və həsrət onu üzüb. Bizimlə söhbətində
bildirdi ki, onların yaşadıqları yataqxana binası
plana düşüb, söküləcəkdir. Əgər
belə olarsa bu ailənin gələcək taleyi necə
olacaq? Doğrudanmı, bu ailəyə Bakıda ucaldılan
binalardan heç olmasa bir otaq ayırmaq olmaz?
Həcər qeyrətli Azərbaycan
qızının qeyri-adi qəhrəmanlığı, namus və
şücaəti daha böyük səviyyələrdə
qeyd edilməyə, təbliğ olunmağa, öyrənilməyə
layiq deyilmi? Axı, Səma öz vaxtsız ölümü ilə
gələcək nəsillərə silinməz-pozulmaz bir
örnək olduğunu sübut etdi.
Sevda xanımla
axırıncı görüşümüz Bərdə
rayonunun Əyricə kəndində – şəhid balası Səma
Kərimovanın adını daşıyan Laçın rayon
məktəbində oldu. Həyatın sərt
sınaqlarından, olub-keçənlərdən, insan iradəsindən,
dözümündən danışdıq. Birdən elə
bil Sevda xanımın kədərlə kölgələnən
gözlərinə işıq gəldi, çöhrəsi
açıldı:
– Hərdən
öz-özümə düşünürəm ki, nə
yaxşı ki, anadan olanda balama Səma adını
qoymuşuq. Axı, Səma həmişə bizimlədir,
başımızın üstündədir.
Bu, qəlbi həsrət və
həyəcanla çırpınan bir ananın son təsəllisi
idimi, ya nəydi demək çətindir. Ancaq mən dərhal
başımı qaldırıb göyün üzünə
baxdım: Səma aydın, təmiz və gözəl idi...
Ziyəddin SULTANOV
525-ci qəzet.- 2010.- 5 fevral.- S.6.