Elmə həsr edilən şərəfli ömür yolu

 

İQTİSAD ELMLƏRİ DOKTORU, PROFESSOR RAMİL ƏLIYEVİN 70 YAŞI TAMAM OLUR

 

Azərbaycanın əvəzsiz guşəsi olan Qarabağda dünyaya gələn tanınmış insanlardan biri də iqtisad elmləri doktoru, professor Ramil Bəylər oğlu Əliyevdir. Alim adını almaq üçün zəhmətə qatlaşmalı, çətin həyat yolu keçib, müdriklik zirvəsinə çatmalısan. Ərəb sözü olan “alim” anlayışının etimoloji mənası da bilikli, elmli deməkdir. Sadə sözün böyük mənası alimlik statusunun səviyyəsini bir daha təsdiqləyir. 70 il ərzində çoxçalarlı, məzmunlu, dolğun ömür yolu keçmiş R.Əliyevin bu adı, rəsmi statusu daşımağa tam haqqı var. Ramil müəllimin həyat yoluna nəzər salmaqla fikrimizi təsdiq etmək istərdik.

Əliyev Ramil Bəylər oğlu 1940-cı ilin qışında Füzuli rayonunun Saracıq kəndində əsilli, nəcabətli bir ailədə doğulub. O vaxt Fuzuli rayonunun ucqar dağ kəndlərinin, o cümlədən Saracığın müxtəlif problemləri, qayğıları vardı. Belə çətinliklər insanların, xüsusən də uşaqların həyatında özünəməxsus izlər qoyurdu. Müharibə dövrü və ondan sonrakı çətin illər kiçik Ramilin ömür payına düşsə də, oxumaq həvəsi onu tərk etmirdi. O, 1958-ci ildə qonşu Qaradağlı kənd orta məktəbini müvəffəqiyyətlə bitirir. Təhsilini ali məktəbdə davam etdirmək məqsədilə həmin ildə o vaxtkı K.Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun uçot-iqtisad fakültəsinə daxil olur. İnstitut illərində R.Əliyev biliyi, çalışqanlığı, dünyagörüşünün genişliyi, ünsiyyət yaratmaq bacarığı ilə seçilir. Çox keçmir ki, institut həyatı universitet illərilə əvəz olunur. 1959-cu ildə adıçəkilən institut ləğv edilir. Eyni adlı fakültə Azərbaycan Dövlət Universitetinə verilir. Müvəffəqiyyətlə ötən təhsil illərində R.Əliyev universitetin professor–müəllim heyətinin böyük rəğbətini qazanır. Universiteti 1963-cü ildə fərqlənmə diplomu ilə bitirən R.Əliyev təyinatla Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda kiçik elmi işçi vəzifəsində işləməyə göndərilir. 1963-1965-ci illərdə ordu sıralarında xidmət edən R.Əliyev həm də Ali Hərbi Partiya məktəbində müəllim işləyir. Hərbi xidmətdən qayıtdıqdan sonra Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmağa başlayır. Elə bu dövrdən Ramil müəllimin ömrünün elmin zirvələrinə gedən zəhmətli, qayğılı, məsuliyyətli dövrü başlayır. İnstitutda çalışdığı illərdə o, elmi axtarışlarında xeyli uğurlar qazanır, bunun müqabilində vəzifə pillələri ilə yüksəlməyə başlayır. 1969-1970-ci illərdə baş elmi işçi, 1970-1972-ci illərdə isə elmi katib işlədikdən sonra, 1972-1985-ci illərdə şöbə müdiri vəzifəsinə yüksəlir. R.Əliyev 1970-ci ildə namizədlik, 1978-ci ildə isə doktorluq dissertasiyası müdafiə etməklə Azərbaycanın iqtisadiyyat elminə, xüsusən də tətbiqi iqtisadiyyata öz zəngin töhfəsini verib.

Ömrün elm dünyasında yaşanan hər anı R.Əliyevə yeni–yeni uğurlar gətirib. Azərbaycanda, postsovet məkanında tədqiqatçı, tətbiqi iqtisadiyyat alimi kimi böyük nüfuz qazanmış alimin elm aləmindəki nailiyyətləri danılmazdır. İqtisad elminin bir sıra sahələrinin – iqtisadi təhlil nəzəriyyəsi, kapital qoyuluşu, əsas fondlardan istifadə, elmi-texniki tərəqqinin nailiyyətlərinin istehsala tətbiqi, rentabelliyin yüksəldilməsi ehtiyatları və s. bu kimi problematik iqtisadi məsələlərin bilicisi, mütəxəssisi sayılan alimin çoxlu sayda nəzəri-praktiki təklifləri, tövsiyələri respublikamızda, keçmiş sovetlər ölkəsinin neçə-neçə regionunda tətbiq olunub. Müasir dövrün sosial-iqtisadi problemləri tədqiqatçı alimi daha çox maraqlandırır. Onun sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi və maliyyələşdirilməsi yollarının müəyyənləşdirilməsi ilə bağlı apardığı tədqiqatlar praktiki baxımından mütəxəssislər tərəfindən yüksək dəyərləndirilib.

R.Əliyev iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə hazırlanmış neçə-neçə metodik vəsaitin, göstərişin, normativin, tövsiyənin müəllifidir. O, kollektiv hazırlanan elmi ədəbiyyatın müəlliflərindən biri kimi də tanınır. Alimin təşəbbüsü və birbaşa müəllifliyi ilə 1970-ci illərdə iki cildlik, 90 çap vərəqi həcmində “Kənd təsərrüfatının aparılması sistemi” kitabı nəşr edilib.

Ramil müəllimin tədqiqatçılıq, alimlik fəaliyyətinin coğrafiyası olduqca genişdir. O, elmi-tədqiqat institutunda işlədiyi dövrdə məşhur Timiryazev adına Kənd Təsərrüfatı Elmlər Akademiyası ilə müntəzəm və səmərəli əməkdaşlıq edib. Ötən əsrin 70-ci illərində respublikamızda kənd təsərrüfatının inkişafının beşilliklər üzrə tədqiqat materialları həmin Akademiyada monoqrafiya kimi dərc edilib. Alimin rəhbərliyi ilə hazırlanan tədqiqat materialları həmin dövrdə SSRİ-nin Dövlət Plan Komitəsi tərəfindən həm keçmiş ittifaqın, həm də Azərbaycanın gələcək inkişaf planına daxil edilib. R.Əliyevin bu işləri yüksək qiymətləndirilib. O, müxtəlif illərdə Moskvada təşkil olunmuş Elmi-texniki nailiyyətlər sərgisinin üç medalına, birinci və ikinci dərəcəli diplomlara layiq görülüb.

Ramil müəllim məhsuldar yaradıcılığı ilə fərqlənən alimdir. Onun 350-dən çox elmi əsəri, o cümlədən monoqrafiyaları, dərslik və dərs vəsaitləri və digər tədqiqat materialları çap edilib. Fərəhləndirici haldır ki, əsərlərinin yarısına qədəri ölkəmizdən kənarda nəşr olunub.

Alimin kadr hazırlığı sahəsindəki fəaliyyət coğrafiyası da çox genişdir. Keçmiş SSRİ-nin ayrı-ayrı yerlərində müxtəlif səviyyəli müdafiə şuralarının üzvü olmaqla R.Əliyev onlarla insanın elm yoluna çıxmasına yaşıl işıq yandıran hörmətli alimlərdən biridir. O, 1972-ci ildən 1995-ci ilə kimi Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasının iqtisadiyyat bölməsinin, Zaqafqaziya, Orta Asiya və Şimali Qafqaz regional ixtisaslaşdırılmış doktorluq şuralarının, eləcə də Azərbaycan Elmlər Akademiyasında, Azərbaycan Dövlət İqtisad İnstitutunda, Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda ixtisaslaşdırılmış doktorluq və namizədlik şuralarının üzvü olub. Hazırda respublikada iqtisadiyyat sahəsində fəaliyyət göstərən və birdəfəlik yaradılan dissertasiya şuralarının üzvü olmaqla gənc alimlərin formalaşması istiqamətində nəcib və qayğıkeş işini davam etdirir. Məhz belə yönümlü fəaliyyətin nəticəsidir ki, onun rəhbərliyilə 30-dan çox namizədlik və doktorluq dissertasiyası müdafiə olunub. Onlarla namizədlik və doktorluq işlərinə rəsmi opponentlik edib. O, hazırda bir neçə aspirant və dissertantın elmi rəhbəridir.

Alim tanınmış mütəxəssis kimi iqtisadiyyata dair bir sıra rəsmi sənədin, xüsusən də Milli Məclisin qəbul etdiyi müvafiq qanun layihələrinin hazırlanmasında əməyini əsirgəməyib.

1996-cı ildən Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü olan alim son 40 ildə respublikamızda, həmçinin Rusiyada, Belarusda, Ukraynada, Qazaxıstanda, Özbəkistanda, Gürcüstanda, Moldovada, baltikyanı respublikalarda, Polşada, Çexoslovakiyada keçirilən 100-dən artıq konfrans və simpoziumlarda fəal iştirak etməklə yanaşı, belə yüksək yığıncaqların əksəriyyətində çıxışlar edib.

Böyük alimin tədqiqatçılığı, elmi axtarışları uğurlu pedaqoji fəaliyyəti ilə daha da zənginləşib. 1985-ci ildən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda (1999-cu ildən Dövlət İqtisad Universiteti adlanır) dosent kimi müəllimlik fəaliyyətinə başlayan alimin bir başqa potensialı üzə çıxır. Tezliklə tələbələr, professor-müəllim heyəti arasında nüfuz qazanan R.Əliyev işlədiyi kollektivin sevimlisinə çevrilir. O, 1987-ci ildə işlədiyi institutun “İqtisadi təhlil” kafedrasının müdiri seçilir. Yeni mühit, müəllimlik fəaliyyəti alimin məsuliyyətini, işgüzarlığını, qayğıkeşliyini artırmaqla yanaşı onun üçün daha da doğmalaşır. O, 1999-cu ildə işlədiyi kafedranın professoru adına layiq görülür. Peşəkar tədqiqatçının adına yeni yüksək bir titul da əlavə olunur.

Ramil müəllim nəinki təkcə alim, professor, pedaqoq kimi, həm də dəyərli insan, əvəzsiz şəxsiyyət kimi də fərqlənir. O, layiqli ailə başçısıdır. Həyat yoldaşı Dilarə xanım Babayeva da iqtisadçıdır. Elmlər namizədi D.Babayeva Azərbaycan Dövlət Pedaqoji Universitetində “İqtisadi və sosial fənlər” kafedrasında dosent vəzifəsində çalışmaqla xeyli vaxtdır ki, gənclərin iqtisadi təhsil almasında fəal iştirak edir.

Ramil müəllim “baba” adını qazanması ilə daha çox fəxr edir. Onun üçün ən yüksək status baba olmaqdır. Buna görə layiqli övladlarını – qızlarını, nəvələri Məryəmi, Yusifi, Miladini hər şeydən əziz hesab edir.

Ramil müəllim xoş anlara sevinən, ağır günlərdə əl tutan insandır. Məclislərdəki çıxışlarına qulaq asdıqda onun zənginliyinin, müdrikliyinin, alicənablığının, erudisiyasının şahidi olursan. Alimlik adını yüksək tutan Ramil müəllim ensiklopedik məlumatlara malik insandır. Onun ədəbiyyat, incəsənət, musiqi, fəlsəfə və tarixlə bağlı söhbətləri adamı heyran edir.

Yüksək əqidəyə, böyük əxlaqa malik olan R.Əliyev alimliyi ilə ucalığı, mübarizliyi, dönməzliyi, müəllimliyi ilə xeyirxahlığı, qayğıkeşliyi, dözümlülüyü fəth edib. Bu məqamda professorun yaxın dostu, görkəmli iqtisadçı alim, akademik Ziyad Səmədzadənin 5 il əvvəl, Ramil Əliyevin 65 illiyi münasibəti ilə yazdığı məqalədən bir neçə sətiri yada salmaq istərdim: “Ramil müəllim harada olmasından asılı olmayaraq istədiyi dövrdə haqq-ədalət ölçüsü və dözümlülüyü ilə seçilir. Onu tanıyanlar professorun ali məqsəd uğrunda axıra qədər mübarizə aparmaq qabiliyyətini, tərəf müqabiliylə məntiq və ağılın gücünə güvənərək mübahisə etmək bacarığını, uğurundan öyünməmək keyfiyyətini, hazırcavab olmasını yüksək qiymətləndirirlər”.

Azərbaycanın, nəslinin, el-obasının hörmətini qazanmış, adını ucaltmış Ramil Əliyev 7 onillik ömür yolunu məğrurluqla xatırlayır. 70 il bəşər tarixi üçün bir an olsa da, insan ömrü üçün az sayılmır. Mənalı keçən hər il bir əsrə bərabərdir, Ramil müəllim! Arzu edirik ki, 80 illik yubileyinizi daha böyük uğurlarla qeyd edəsiniz.

 

 

Vaqif ƏZİZOĞLU

 

525-ci qəzet.- 2010.- 5 fevral.- S.4.