“Ömür yollarında
özümü görsəm...”
ŞAİR OQTAY RZANIN 75 İLLİYİNƏ
Mən bu gözəl insan, dəyərli ziyalı, ən başlıcası isə vətəndaş-şair
haqqında çoxdan
yazmaq istəyirdim. Söhbət çağdaş
Azərbaycan poeziyasının
dəyərli nümayəndələrindən
olan Oqtay Rza haqqında gedir. O Oqtay Rza ki, Tanrı
ona şair olmaq, xalqın adından danışmaq kimi şərəfli bir tale qismət edib.
Mən onun yaradıcılığı ilə
hələ lap çoxdan
Oqtay Rzanın
yaradıcılığı haqqında çox deyilib, çox yazılıb. Ən görkəmli söz adamları, tənqidçilər,
ədəbiyyatşünaslar bu barədə öz fikirlərini söyləyiblər. Onun yaradıcılığında mənim bir qələm əhli kimi ən çox
diqqətimi çəkən
onun rübailəridir.
Şairin “Rübai karvanı, dördlük çələngi” adlı
kitabı qarşımdadır.
Mən bu kitabı sətirbəsətir,
diqqətlə oxudum və bir daha
Oqtay müəllimi bir şair kimi
daha dərindən tanıdım. Oqtay Rzanın rübailəri onun yaradıcılığını
daha da rəngarəng
edib, onun yaradıcılığına bir
yenilik gətirib. Vətənə, torpağa
olan məhəbbəti,
insana olan münasibəti, fikirləri,
insan təbiətinin müərəkkəb fəlsəfi-
psixoloji ziddiyyətlərini,
ictimai-siyasi düşüncələri
yığcam, bir bəndlik şeirdə verə bilmək dediyim kimi, şox
məsuliyyətli bir işdir. Və düşünürəm ki,
Oqtay Rza bu vəzifənin öhdəsindən ləyaqətlə
gələrək gözəl
rübailər yaradıb:
Qaraçiçək, Qaraçinar,
Qarabağ,
Qapıcığın zirvəsində
qara bax!
Sinələrə dağ çəkməsin ayrılıq,
Kaş oyansın
qara tale, qara baxt!
Şair bu dörd misrada həm bizim gözəl yer adlarımızı göstərib,
oxucunun diqqətini Azərbaycan təbiətinin
gözəlliklərinə yönəldib, həm hamımızın qəlbimizdə
daim qanayan bir yara olan
Qarabağı bir daha bizlərə xatırladıb, həm o taylı-bu taylı vətənimizin sinəsinə
dağ çəkən
ayrılığı göstərməklə
şeirə ictimai-siyasi
bir məzmun gətirib və həm də, ən əsası isə, maraqlı cinas yaradıb. Oqtay müəllimin “Oxu”, “Üz” sözlərilə başlayan
rübailəri də
çox maraqlıdır.
Oxu tuşlayıbsan
düz ürəyimə,
Oxu, nəğmələrdən
düz, ürəyimə.
Oxud gözəlini
necə unudum?
Oxçayı döndərin
köz ürəyimə.
Və ya:
Üz, yaşıl
duyğular dənizində
üz,
Üz, bu dağların da laləsindən, üz!
Üzü saf məhəbbət işıqlandırır,
Üzüyü barmağa
taxma könülsüz!
Ümumiyyətlə, Oqtay Rzanın rübailəri elmi iş üçün
çox maraqlı mövzu ola bilər və zənnimcə, artıq çoxdan öz tədqiqatçısını gözləyir.
“Qədim
zamanlarda sərhədsiz
imiş, sərhədsiz
olacaq yenə bu dünya!” deyən şair daima narahatdır. Cəmiyyətdəki bütün
əyintilər onu həmişə düşündürür.
Bunlar bir yana, üstəlik zaman-zaman parçalanmış,
paralanmış Azərbaycanımızın
hər bir ağrı-acısı, kədəri
şairin elə öz dərdi, öz nisgilidir. “Vətən kəlməsidir
soyadın, qardaş!”
Bu bircə misrada çox dərin bir məna, böyük bir həqiqət var. Soyadımız
kimi Vətəni də qorumağı bacarmalıyıq! Rübainin
əsas qayəsi budur!
Oqtay Rza elinə-obasına bağlı
olan bir şairdir. Bəlkə də geoloq-alim kimi Azərbaycanın hər yerini, dərəsini-dağını qarış-qarış gəzdiyindəndir
ki, bütün yaradıcılığında Azərbaycanın gözəlliklərini,
faydalı münbit torpağını canlandırır
oxucunun gözü qarşısında. Ən
maraqlısı da budur ki, yer,
kənd, çay və s.adlarını şeirə gətirməklə,
həm də tarixi kökümüzü
bir daha bizlərə təlqin edir. Məsələn, Qaraməryəm, Qaranohur, Qaradağ, Qarabağ, Qarabulaq, Qaraçay, Qaragöl, Qarayazı, Qaragilə, Qara üzüm, Qara xal və s. “Qara”sözüylə başlayan
misraları cəmi bir neçə rübaisində işlətməklə,
sanki Azərbaycanın
bütün gözəlliklərini
bu misralara köçürür, gözümüz
önündə əsl
mənzərə yaradır
şair.
Qaragölün sularında
üzmüşəm,
İşıqlını heyran-heyran
süzmüşəm.
Qarayazı meşəsində
quş vuran
Bir ovçudan
həmişəlik küsmüşəm.
Oqtay Rza burada həm təbiəti təsvir edir, həm də bu təbiətə
qıyan nankorlara öz etirazını bildirir. Bu, doğma vətəninin hər qarışını sevən,
təbiətin korlanmasına
qarşı biganə
qala bilməyən bir insan kimi
şairin həm də böyüklüyüdür!
“Hər qaya elə bil, xəyala
dalıb, Qobustan havası köksümə
dolub” – deyən şairin vətən, torpaq sevgisi hər zaman ürəyindən qələminə
süzülür və
gözəl, səmimi
misralara çevrilir.
“Layla da azalıb ana südü tək”-deyən
şair hər zaman ulu keçmişimizi,
milli ənənələrimizi
qorumağa çağırır.
Oqtay Rza həm də o şairlərdəndir ki, onun şəxsiyyəti ilə yaradıcılığı
bir-birini tamamlayır.
Onun 75 illiyi münasibətilə, doğulduğu
Salyan torpağında
keçirilən tədbirlərə
mən də dəvətli idim. Şair İlyas Tapdıq, tənqidçi
Vaqif Yusifli, yazıçı Elçin
Hüseynbəyli, şairə
Fərqanə və başqalarının da qatıldığı bu tədbir rayon icra hakimiyyətinin dəstəyi
ilə yüksək səviyyədə təşkil
olunmuşdu. Bir cəhət mənim xüsusilə diqqətimi
çəkdi: Muğan
camaatının, uşaqdan
tutmuş böyüyə,
ağsaqqala qədər,
Oqtay müəllimə
olan sevgisini, məhəbbətini, hörmətini
gördüm; xalqın
hörmətini. Bu, çox
böyük qiymətdir.
Yazıçıya ən
böyük qiyməti
elə xalq özü verir! Həmin tədbirlərdə
şair haqqında çox yüksək fikirlər söylənildi.
Oqtay Rza bir şair kimi,
bir insan kmi gözümdə bir daha ucaldı.
Əslində, əlli
ildən çoxdu ki, Azərbaycan ədəbiyyatında “külüng
çalan”, yüzlərlə
şeirləri ilə
oxucu qəlbini ovsunlaya bilən Oqtay Rzanın bu gün ummağa,
bir şair kimi dəyər verilməyə, yüksək
adlara layiq görülməyə haqqı
var! Ən azı ona görə
ki, o şairdir və yarım əsrdən çoxdur ki, Azərbaycan ədəbiyyatına və
elminə xidmət edir.
Dünya adlı
bu karvan yolunda ömrünün
75-ci ilini yola salan ağsaqqal bir şair görürük
Oqtay Rzanın simasında. O şair ki, bu karvan
yolunda dayanıb gedən illərinin arxasınca baxır.. Bu illərin ağrı-acısı
da çox olub, sevinci-fərəhi də. Vaxtilə dərs dediyi tələbələri bu
gün elmlər namizədi, elmlər doktoru, professordurlar... Yazdığı cild-cild kitabları, xalq arasındakı yüksək
hörməti, ailəsi,
övladları, nəvələri...
Bütün bunlar Oqtay Rzanın həyatda ən böyük qazancıdır.
Anadan olduğum
gün təzələnər,
Ömür yollarında
özümü görsəm...
– deyən
75 yaşlı Oqtay Rza, heç şübhəsiz, məna
ilə dolu ömür yollarında özünü dəyərli
bir insan və sözün əsl mənasında Şair kimi görməyə, bu mənzərəyə ürəkdolusu
sevinməyə layiq olan yaradıcı şəxsiyyətdir.
Südabə SƏRVİ
525-ci qəzet.- 2010.- 5 fevral.- S.7.