Ruh qohumum Hüseyn Kürdoğlu ilə beş saatlıq
söhbət
Aramızda
on beş il yaş fərqi olsa da o, mənim dostum idi. Özü
də bu dostluğun təməlini özü qoymuşdu. İlk
tanışlığımızda (ancaq imzalarımız
çoxdanın tanışları idi): – “Ay Musa, sənin nə
pak ürəyin var, bu gündən sən mənim dostumsan” –
demişdi. Demişdi və ömrü boyu bu dostluqda öz tərəfindən
sabitqədəm olmuşdu.
Vallah ən çətini
budur ki, onun haqqında keçmiş zamanda danışmaq istəmirəm.
Öldüyü günü, ayı, ili birdəfəlik
unutmaq istəyirəm, elə unutmuşam da, o, mənim
üçün, onun ürəyinə bələd, şeirinə
bələd minlərlə oxucusu, qədir-qiymət bilən
az sayda qələm dostları üçün sağdır,
heç zaman ölməyəcək. Ruh adamları
ölmürlər, axı!
İstəyirəm mən
onun ruhu ilə baş-başa verim, çəkinib utanıb
sağlığında özünə demədiyim sözləri
ruhuna deyim. Cisim gəldi-gedər, ruh əbədidir. Əslində
onun heç indi də bizim tərifimizə, sözümüzə
ehtiyacı yoxdur, o, öz qiymətini bilən adam idi,
şeirinin, sözünün dəyəri özünə
hamıdan yaxşı məlum idi. Elə buna görə də
bu fani dünyada heç kəsdən tərif-zad ummadı,
umsaydı, bir çoxları kimi kimlərəsə üz
tutsaydı, hər kitabına, kitab nədir hər şeirinə,
hər misrasına ayrıca məqalələr həsr etdirərdi.
O, şeirə-sənətə
bir çoxları kimi gəlməmişdi! Minillik
şeirimizin dərin qatlarından süzülüb gəlmişdi.
Nizaminin, Nəsiminin, Füzulinin, Sarı
Aşığın, Vaqifin, Ələsgərin, Səməd
Vurğunun varisiydi. Sənət dünyasında ölməz
klassiklərimizdən halallıq almışdı. Onların
bağrından qopub gəlmişdi.
Bu cür gələnlərin
gedişi olmur. Elə ona görə də yaxın zaman kəsiyində
baş verən bir hadisəni – onun bu dünyadan tanrı
hökmüylə yox, öz hökmüylə gedişini –
cismən gedişini unutmuşam, bu cür insanlar ruh kimi gəldikləri
üçün getmirlər. Dünyada əbədi
qalırlar.
Hüseyn Kürdoğlu –
şeirimizin, sözümüzün bulaq təmizliyi, Kür
axarıydı, Həkəri coşqunluğunu, Araz
salğarını yaşadırdı özündə. Milli
poeziyamızın şah budaqlarından sayılırdı.
Hüseyn Kürdoğlu
dağ silsiləli çağdaş poeziyamızın ən
uca, ən görümlü zirvələrindən biriydi.
Biriydi yox ey, xalq ruhuna bələdliyi, söz, ifadə, təcnis
ustadlığı ilə, folklora, şifahi xalq ədəbiyyatına
yaxınlığı, doğmalığı nisbətində
sözə həssaslığı, söz üstündəki
zərgər naxışları – sözə qədərindən
artıq yaradıcı münasibətilə tək idi, yek
idi, yeganə idi desəm, fikrimi daha dəqiq ifadə etmiş
olardım. Qoy bu deyimim kimsənin xətrinə dəyməsin.
Məni o yandırır ki, bu sözləri ona vaxtında demədik,
o, zamanında öyülmədi,şeirlərindəki,
sözündəki dərin qatlar aşkarlanmadı,
doğru-dürüst qiymətini almadı.
Kürdoğlu sözü
ustad sözüydü, Tanrı istəyindən güc alan
sözüydü.
Tanrı sevgisidir hər ayə
bizə,
Haqqın kəlamıdır
sərmayə bizə.
Dünyanı yaradan dünya
mülkünü
Verir
nəsil-nəsil kirayə bizə!
Yox,
vallah amacım nə onun şeirlərini öyməkdi, nə
də təhlil etmək, get-gedə məqsədimdən, məramımdan
da uzaqlaşıram...
Mən
onun ruhuna üz tutub, elə-belə dərdləşmək
istəyirəm. Söhbət eləmək keçir
könlümdən. İyirmi-otuz il bundan əvvəlki kimi...
Yadındamı
Kürdoğlu, sən, mən bir də Dədə Camal (fəlsəfə
elmləri doktoru, professor Camal Mustafayev) Akademiya bağında
rastlaşdıq, hər ikiniz vaxtınızın az
olduğunu desəniz də, saatlarla söhbət elədiniz. Mən
də o söhbətlərin içindəydim. Dünyəvi
biliklərdən, fəlsəfədən, ədəbiyyatdan,
şeirdən, sözdən gedirdi o söhbət. Siz
bir-birinizi kəşf elədiniz o söhbətdə. Dədə
Camal sənin doğrudan da söz sərrafı, ustad
olduğunun fərqinə vardı. Sən də Dədə
Camala vurulmuşdun. Nə qədər tələssən də,
ayrılmaq istəmirdin. Bədii söz, poetik söz öz fəlsəfi
dərkini tapmışdı o söhbətdə. Siz hər
ikiniz ara-sıra məni də o söhbətə qatmaq istəyirdiniz.
Bu əlbəttə, hər ikinizin böyüklüyündən
gəlirdi. Həmin gün, həmin an üçün mən
o söhbətə hazır deyildim, bəlkə heç indi də
hazır deyiləm.
O
söhbətdən sonra mən klassiklərimizi təzədən
oxumağa başladım. Şeirimin, sözümün
üstündə əsim-əsim əsdim. Çox oxuyub, az
yazmağa qərarlı oldum. Sonralar sən o söhbətdən
doğulan bir şeirini yazdın və Dədə Camala
ünvanladın. Sən elm, ürfan sahibiydin, Kürdoğlu,
adamlardan qaçmağın, öz hücrənə çəkilməyin,
beton divarlar arasında əsə-əsə ürəyində
çatdığın ocaq – elm, ürfan ocağıydı.
Sən bu ocaqda yana-yana pürkamal olurdun,
ustadlaşırdın!
Dağlara
üz tut, könül, bulaqlar gözünə var,
Sevdalı
günlərinin ot basmış izinə var.
Mən
adsız bir dağam ki, sinəmdə xəzinə var,
Qafildir
çağdaşlarım, hələ tapmamış məni.
Sən
düz deyirdin, Kürdoğlu, biz səni görmürdük,
başımız özümüzə
qarışmışdı öz ad-sanımıza, ordenimizə,
medalımıza hər on ildən bir keçirilən təntənəli
yubileylərimizə, nəyə, nələrə...
Biz
səni görə bilməzdik başı uca dağlar kimi
ağ, məğrur, mərd, həmişə şax, düz
sözünü deyən qoca Kürdoğlu! Sən o günlərdə
bu cür şeirlər yazırdın:
Şad
olaram əcəl məni uyutsa,
Yanğınımı
torpaq altda soyutsa,
Yer
üzünə min kərə də qayıtsa,
Mənim
ruhum mələr keçər dünyadan.
Sən
yazırdın ki:
Tanımadıq
yamanları,
Dişindən
qan damanları.
Tale
axır zamanları
Teyxaca
qara gətirib.
Göy
tutmaz bu qədər ahı,
Açılsın
fələk dərgahı.
“Allah”
deməkdən allahı,
Şairlər
zara gətirib.
Sən
əsl şairiydin, Tanrının, haqqın ətəyindən
yapışardın dar günündə. Hansı imkan
sahibininsə, hansı məmurunsa şəninə şeir
yazan şair deyildin.
Fəxri
ad, mükafat, fərdi təqaüd üçün
yuxarıları narahat eləyən şair deyildin. Səndən
ötrü bircə yuxarı vardı – Ulu Tanrı! O da sənin
üçün ulu sözdə, ölməz sözdə təcəlla
edirdi...
Sənin
sözdən qeyri dərdi-sərin, sözdən artıq
ağrı-acın yox idi. Sən elə
sağlığında ruha dönmüşdün. Göylərlə
yaşayırdın, yerlərlə cismani qayğılarla
işin yox idi. Bəlkə heç vaxtlı-vaxtında
yeyib-içmirdin də. Bu sözü deməyə də, səni,
əstəğfurullah, ilahiləşdirməyə də məni
bu şeirin vadar elədi. Qoy bu şeirdən sətirləri sənin
ruhuna da oxuyum:
Bazar
qan ağlayır deyə
Bu
qədər ah-zar eyləmə.
Gəl
məni bizar eyləmə,
Sən
Allah, qoy şeir yazım.
Dünya
bir gün düşər çəmə,
Divan
tutar ağlı kəmə.
Ət
tapılmır? – cəhənnəmə,
Sən
Allah, qoy şeir yazım.
Onsuz
da acıdır həyat
Qoy
düşünüm rahat-rahat,
Soyundur,
əynimi də sat,
Sən
Allah, qoy şeir yazım.
Sənsən
ömrümə yaraşıq,
Gülüşün
könlümə işıq,
Yağ
yoxsa da bircə qaşıq,
Sən
Allah, qoy şeir yazım.
Kürdoğlu,
sən öz kasıb komanda ululara layiq bir ömür
yaşadın. Halal, uca, müqəddəs, minnətsiz bir sənətkar
ömrü! Bu ömür bir günün, beş
günün, beş ilin, on ilin, hətta yüz ilin xırda
qayğılarına deyil, əbədiyyətə
hesablanmışdı. Uca Tanrıdan gəlirdi bu ömrün
irili-xırdalı çətinliklərlə müşayiət
olunan, enişli-yoxuşlu yolları da. Tanrıydı səni
qoca çağında, xəstə vaxtında Laçın
həsrəti ilə, Vətən yanğısıyla
göyüm-göyüm göynədən.
Sən
şəhid oldun, Vətən şəhidi, Torpaq şəhidi,
namus-qeyrət şəhidi! Yalançı, cismani
ağrılar səni bu yola sürükləyə bilməzdi!
Sən mənəvi ağrılarının qurbanı oldun. Sən
Vətənsiz an-an, saniyə-saniyə, ay-ay, il-il göynədin,
aylarln-illərin yaddaşına yaddaqalan, ağrılı,
göynəkli şeirlərinlə köçdün, şəhid
qardaşım. Günahsız şəhidlərin bihudə
qanına dözə bilmədin, Vətənin vətəndən
zorla aralanmış parası paraladı ürəyini:
Əzəldən
Arazboyu paralanmış Vətənin
İndi
də parasının parası qalmış bizə.
Yeddi
rəngin altısı yağmalanmış nə vaxtdan,
Dönüb
yas paltarına, qarası qalmış bizə.
Qarabağ
cənnətini röyamızda görürük,
O
möcüzə dağların harası qalmış bizə?!
Ay
haray, nə durmuşuq, gör nələr gedib əldən
Şəhidlər
məzarınca yarası qalmış bizə.
Sən
başqaları kimi sadəcə şeir yazmırdın ki,
ürəyini ilmə-ilmə sökür duyğularına
calaq eləyirdin, ilhamına yedirirdin qanlı-qanlı...
Ona
görə də şeirin canlı olurdu, qanlı olurdu,
çəkirdi, cəzb eləyirdi... Sözünün sərrastlığı,
şəkildən-şəkilə dəyişən ahənginin
ahənrübalığı da bir sənət sirridir,
möcü-zəyəbənzər bir yaşantıdır, ən
sadə deyimlə desək haqq vergisidir. Əslində haqq
vergisi sözü sənin poeziyanın boyuna
biçilmişdi.
Örnək
gətirəsi olsam, gərək indi stolumun üstündə olan
sənin sevimli qardaşın, mənim əziz dostum
Şirindil Alışanlının qədirbilənliklə nəşr
elədiyi “Yurduma qurbandır sözüm” kitabını
başdan-başa sənə bir də oxuyam. Bu, imkan xaricindədir.
Mən bu kitabı çağdaş poeziyamızın örnəyi,
uğuru, tutiyası, tutalcağı sayıram, şeirə-sözə
az da olsa hörməti qalan bütün oxucularımızı
bu kitabı tapmağa, oxumağa səsləyirəm.
Sənin
şeirlərində nəinki sözlər, kəlmələr,
hətta hərflər, səslər də bir-birinə
doğma idi, sən sözləri, kəlmələri ürəyinin
odunda-közündə əridirdin, bir-birinə
qatırdın. Onlar qələmindən axanda odlu olurdu, hərarətli
olurdu, ürəklərə bir mərhəmlik, istilik bəxş
edirdi.
Mən
bu şeirləri həyəcansız oxuya bilmirəm.
Özümdən xəbərsiz göz yaşlarım
axır, süzülür. Sözün gücünü,
nüvəsini, bax, bu dönəmdə axtarmaq, bu göz
yaşlarında aramaq gərəkdir.
Sən
bizim el butalı, gül butalı şairimiz idin.
Öydüyün, oxşadığın, oduna pərvanə
olduğun elə-günə yaxşı tanıda bilmədik
səni. Ortalıqda çox əngəllər alt-üst
vurdu, qamçı çəkdi, at oynatdı.
Pərvanə
qəbridi çıraq kölgəsi,
Bülbül
məkanıdır budaq kölgəsi.
Yanaram,
kölgəni çəksən başımdan
Düşsə
də üstünə min dağ kölgəsi –
deyirdin.
Vallah sən söz qalanı elə həssas, elə
ustalıqla ucaltmısan ki, üstünə heç bir
dağın kölgəsi düşə bilməz. Əsl
şeirin, ürəkdən qopan, ilahidən gələn
şeirin təkcə məkanı var, zamanı yoxdu. Sözə
can verəndə, yəni canından kəsib sözün
ömrünə calayanda söz canlı olur, diri olur, lap
üstündən əsrlər ötsə də. Sənin
şeirlərin, bax, belə şeirlərdəndi, mənim ruh
qardaşım:
Dolama
yolları kəsə gəlmişəm,
Bir
acı xəbərə, səsə gəlmişəm.
Kəsiblər
qayada bitən palıdı
Eşidib,
dağlara yasa gəlmişəm.
Yolunu
görmədim hamar dünyanın,
Ovcuna
göz yaşı damar dünyanın.
Qələmim
iynədir, sətirlərim sap,
Cırıq
köynəyini yamar dünyanın.
Hə,
əziz Kürdoğlu bir görüşümüz də
heç yadımdan çıxmır, o görüşdə
sənin bütün şairlərimizi (əlbəttə,
söz əsl şairlərdən gedir) birər-birər
oxumağının, oxumaq nədir bilməyinin,
yaşantılarını birbaş ürəyinə
köçürməyinin şahidi oldum. Sənin qonşun –
qələm dostum, gözəl şairimiz İsa
İsmayılzadənin yas mərasiminə getmişdim. Sən
həyətdə idman paltarında özün öz əllərinlə
əkib-becərdiyin bağçada beli əlinə dayaq verib
mən tərəfə boylanırdın: – “Hə, Musa, bu da
növbəti bir görüş, görürsənmi odu
keçirib, külü ilə oynayıram, – dedin, –
Laçın kimi bir bağı talanmışın indi burda
bağça salmaq istəməsi sənə gülməli
görünmürmü?!”
Mən
onda sənə ürək-dirək verdim. Laçının
– əsir torpağımızın tezliklə
alınacağını, azad olunacağını dedim. Sən
eləcə belə söykənimli vəziyyətdə
üzümə diqqətlə baxıb dedin: – “Musa, İsanın
çadırından təzəcə çıxıb bura gəlmişəm.
Bir culoy ağlamışam da. İsa yaman tez getdi.
Yaxşı şairləri dövran tez götürür
aradan. Torpaqların qayıtmağına mənim də
böyük inamım var. Əgər o inam olmasa, bax, bu qoca
Kürdoğlunun canı üçün, bircə gün də
yaşamaram!”
O
inamdan əlini kim üzdü, kimlər üzdü,
Kürdoğlu? Bəlkə indi mənə deyəsən, təkcə
mənə...
Məni
o yandırır ki, bu boyda dağı olan, dünyanın, vətənin,
torpağın dərdini çəkən böyük
şair öz sərvətli yurdunda çörək dərdi
çəkənlərin də dərdini çəkirdi:
Bir
parça çörəkdən yana atəşlərə
yandıq,
Dünya
bizi xar eylədi, dövrandan usandıq,
Dağ
çayları tək sərsəri sellərlə bulandıq
–
Bir
parça çörəkdən yana.
Sənin
dost dediyin, balaca qardaş saydığın Musa Ələkbərli
də səndən xəbərsiz eyni dərdi çəkir,
eyni ağrını yaşayırdı həmin keçid
dövründə:
Yeni
ilin hədiyyəsi ehtiyac,
Bu
həyatın nə amansız üzü var.
Beş-on
kartof, beş-üç soğan, bir az yağ...
Köhnə
ilin hələ evdə izi var.
Köçümü
köçə qoşmuram, vallah. Elə şeirlərini və
bu şeirlərdə ömrünün-gününün elə
səhifələrini oxuya bildim ki, bizim ən yaxın dost, ən
doğma qardaş olduğumuzu mənə
gözyaşlarım dedi. Vətən, torpaq
yanğısını öz ürəyimdə
tapdığım üçündür ki, dəryana baş
vurmuşam, üzüb sahilə çıxa bilmirəm.
Sən
sevdalı kişiydin, Kürdoğlu! Saysız-hesabsız sevgi
şeirlərin, minillik mənəvi sərvətlərimizin ən
qiymətli nümunələri kimi tarixdə qalacaq, tarixləşəcək.
Deyəsən,
səni yoruram artıq. Deyirsən, ay Musa, məni tərifləməyəmi
çağırırdın? Bəlkə sənə yad idim,
bəlkə mənim xasiyyətimə, təvazökarlığıma
bələdliyin yox idi? Yaxşı tanıyırdınsa onda
bu nə söhbətdi eləyirsən?!”
Bir
dərd ki, dindirir məni,
Ucaldır,
endirir məni.
Ölüncə
yandırır məni –
Ona
sevda deyirəm.
Bir
dəfə də...
Eh,
nə bu “bir dəfə”lər tükənəndi, nə mənim
sənin ruhunla söhbətim...
Qələm
dostun, eloğlun Ağa Laçınlı ilə mənim bir
xahişimə getmişdin imkan, hökm yiyəsi bir
eloğlunun yanına. Ağa Laçınlı haqqında
yazdığım xatirədə bunu bütün təfərrüatı
ilə açıqladığım üçün burda
açıb-ağartmıram. Həmin adamın: – “Musa Gədəbəyli,
siz Laçınlı... Bu xahişi belə ötkəmliklə,
canıyananlıqla eləməyinizi başa düşə
bilmirəm”. Onda sən əlini o kişinin başına vurub
dedin: – “Sənin bu başın haqqı, bu Hüseynin canı
üçün, Musa mənim ən yaxın qohumumdu”. O
kişi də bu anda inanıb mənalı-mənalı
gülümsündü və o işi düzəltdi. Biz
şad-xürrəm onun otağından çölə
çıxanda Ağanı gülmək tutdu:
– Ə
Hüseyn, o boyda kişinin canını niyə yalandan
peçatlatdın, birdən xəbər tutar, eşidər,
bilər.
Onda
sən özünəməxsus təbəssümlə dilləndin:
– “Ağa əziz canın üçün düz demişəm,
Musa elə sənin də qohumundur, təmiz, saf qəlbi, pak
ruhu ilə! Musa ilə min ilin qohumuyam. Ə, bə nədən
ötrü gəlmişik, o, şair, ruh adamı, bizimlə
qohum olmasaydı, burda – o kişinin yanında nə işimiz
vardı?!”
Hə,
Qoca Kürdoğlu, ruhumun doğması-əzizi, mənim
könül, ürək qohumum, artıq dan yeri ağarır,
səninlə söhbətin vaxtı-vədəsi sona yetir.
Tanrı dərgahında görüşənədək, əziz
qardaş!
“Dan
yeri ağarır” dedim... Sən bütün şeirlərini həmin
vaxtlarda yazırdın, ürək, könül nəğmələrini
səhər havasına kökləyir, dünyanın duru
vaxtına, təmizliyə, saflığa oxuyurdun.
Sən
haqq aşığıydın Kürdoğlu, əsl haqq
aşığı!
Həmişə
dan yeri şeir yazıram,
Xeyir
şairiyəm, xeyir yazıram.
Sanma
ki, zülm ilə söz axtarıram,
Sübhün
mələkləri deyir, yazıram.
Musa ƏLƏKBƏRLİ
525ci qəzet.- 2010.- 10 fevral.- S.7.